Universitetlərimiz daha çox tələbə cəlb etməklə məşğuldur - İRAD
"Elm və təhsil naziri Emin Əmrullayevin son açıqlaması ilə əlaqədar əlavə şərhə ehtiyac qalmır… Hesab edirəm ki, son dərəcə vacib və aktual bir məsələnin nazir tərəfindən gündəmə gətirilməsi, universitetlərin elmi-tədqiqat institutları ilə birgə əməkdaşlığının elmi tədqiqatlar yaradılması işinin fəallaşmasına təsirsiz ötüşməyəcək. Nazir bu açıqlamasında demək olar ki, universitet və elmi tədqiqat institutlarının əlaqəli şəkildə fəaliyyət göstərməməsindən tutmuş, tədqiqatların maliyələşməsi mexanizmi və struktur məsələlərinə qədər bütün sahələrə toxunub”.
Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov Emin Əmrullayevin universitetlərin elmi tədqiqat işləri ilə bağlı passivliyi barədə səsləndirdiyi iradlara münasibət bildirərkən deyib.
Ekspert təəssüflə qeyd edib ki, universitetlər digər vəzifə funksiyalarını bir kənara qoyub, əsasən daha çox tələbə cəlb etməklə məşğuldur:
“Nazirin toxunduğu ən vacib məqamlardan biri isə universitetlərin daha çox tələbə cəlb etməyə istiqamətlənməsi ilə əlaqədardır. Halbuki, “Təhsil haqqında” Qanuna əsasən, universitet – ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəхəssislər hazırlığını, əlavə təhsil prоqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan çохprоfilli aparıcı ali təhsil müəssisəsidir. Bəli, nə qədər təəssüfedici fakt olsa da, universitetlərimiz digər vəzifə funksiyalarını bir kənara qoyub, əsasən daha çox tələbə cəlb etməklə məşğuldurlar”.
N.İsrafilov universitetlərimizin tədqiqat sahəsindəki geriliyini Massaçusets Texnologiya İnstitututun (MIT) təcrübəsinə istinad etməklə göstərib:
“Dünyanın bir çox aparıcı universitetlərinin elmi-tədqiqat mərkəzlərinin istehsalata təqdim etdikləri yüzlərlə ixtiraların, elmi kəşflərin şahidi oluruq. Yəqin ki, təhsillə sıx əlaqəli olanların bir çoxu bilməmiş olmaz ki, Massaçusets Texnologiya İnstitututuna ənənəyə görə institut deyilir, əslində Massaçusets Texnologiya İnstitutu böyük bir universitetdir. "Kompüter texnologiyalarının mərkəzi" adlandırılan bu ali təhsil ocağı elm və texnologiya, robot texnikası və süni intellekt sahələri üzrə dünya lideridir. İnstitutun Fizika fakültəsi 8 Nobel, Kimya kafedrasının əməkdaşları 3 Nobel, bioloqları genetika, immunologiya, onkologiya, molekulyar biologiya sahəsində əldə etdikləri uğurlara görə 6 Nobel mükafatı qazanıb. Humanitar, ictimai elmlər, incəsənət, iqtisadiyyat sahələri üzrə bu ali təhsil ocağı 5 Nobel mükafatına layiq görülüb. Bu vaxta qədər Massaçusets Texnologiya İnstitutunun məzunları, müəllimləri və araşdırmaçıları arasında 98 Nobel mükafatı laureatı olub.
"Təhsilsiz elm, elmsiz təhsil ola bilməz” müddəası artıq bir aksiomaya çevrilib. Təqdirəlayiq haldır ki, tədqiqatyönümlü universitet olmağı hədəfləyən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu istiqamətdə müəyyən işlər görülüb və görülməkdədir.
“Qida təhlükəsizliyi laboratoriyası”, “Ekonofizika Tədqiqat Mərkəzi”, “Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzi” və “Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi”nin yaradılması barədə qərar qəbul edilməsi, aparılan tədqiqat işlərinin səmərəliliyinin artırılması məqsədilə Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin müstəqil struktur bölmə kimi fəaliyyət göstərməsi, tədqiqat mərkəzlərinin apardığı elmi-tədqiqat işlərinin nəticələrinin beynəlxalq səviyyəli jurnallarda çap olunma intensivliyinin və sayının artırılması, dünyanın bir sıra universitetlərinin müvafiq təşkilatları ilə elmi əməkdaşlığın genişləndirilməsi, universitetdə təhsil alan gənclərin tədqiqat mərkəzlərinə cəlb edilməsi və digər innovasiyalar buna misal ola bilər. Təəssüf ki, bu kimi innovativ irəliləyişlərə heç də bütün universitetlərimizdə təsadüf etmirik.
Arzu edək ki, bu kimi müzakirələrdən sonra universitetlərin fəallığı bir az da artacaq, tədqiqat institutları ilə birgə əməkdaşlığı daha da genişlənəcək, bu istiqamətdə yeni-yeni layihələr yaranacaq”.