Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmışdır.
05 may 1999-cu il Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmişdir.
Nazir S.HəsənovaNazir M.Mərdanov (Qeydiyyat № 142)
Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar
1. Ümumi müddəalar
Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçiləri tutduqları vəzifə ilə yanaşı öz ixtisaslarına uyğun olaraq işlədikləri müəssisələrdə və ya əsas iş vaxtı istisna olmaqla başqa təlim-tərbiyə müəssisələrində müvafiq qaydada əvəzçilik, əvəzetmə (müvəqqəti əvəzetmə), saathesabı dərs yükü (pedaqoji iş) apara bilərlər.
Normalar üzrə dərs ilinin əvvəlində tarifləşmə siyahısına daxil edilməklə təhsil, təlim-tərbiyə müəssisəsinin yuxarıda göstərilən işçiləri tərəfindən tədris edilən dərslərin əmək haqqı ştatda olan müəllimlər üçün mövcud olan qaydalara uyğun ödənilir.
Əsas iş yerində saathesabı tədris edilən dərslərin hər saatının dəyəri dərsi tədris edən şəxsin təhsili və pedaqoji stajı əsasında müəyyənləşdirilən aylıq əmək haqqı stavkasına uyğun hesablanıb ödənilir.
Başqa təlim-tərbiyə müəssisələrində saathesabı tədris edilən dərslərin saatının dəyəri isə müvafiq qaydada təsdiq olunmuş saathesabı əməyin ödənilməsi məbləğləri əsasında verilir.
2. Məktəbəqədər müəssisələr və uşaq evləri üzrə
Bütün tipdən olan məktəbəqədər müəssisələrin və uşaq evlərinin müdirləri (direktorları) onların təlim-tərbiyə üzrə müavinləri tutduqları vəzifə üzrə tam maaş almaqla yanaşı, işlədikləri müəssisədə əvəzçilik qaydası ilə aylıq iş vaxtı normasının yarısından çox olmamaqla pedaqoji iş (tərbiyəçi, xüsusi hazırlığı olarsa, musiqi rəhbəri) apara bilərlər. Bundan əlavə, xüsusi hazırlığı olan müdirlər işlədikləri müəssisədə xəstəliyə və digər başqa səbəblərə görə işə çıxmayan müəllim-loqopedi, müəllim-defektoloqu yarım stavkadan çox olmamaq şərti ilə əvəz edə bilərlər.
Məktəbəqədər müəssisələrin, uşaq evlərinin müdirləri (direktorları) tabe olduqları yuxarı təşkilatın razılığı ilə yaxınlıqda olan təhsil müəssisələrində ixtisasları üzrə həftədə 6 saata (ildə 240 saata) qədər saathesabı dərs apara bilərlər.
3. Bütün tipdən olan ümumtəhsil məktəbləri, litseylər, gimnaziyalar, peşə məktəbləri və peşə litseyləri üzrə
Bütün tipdən olan ümumtəhsil məktəblərinin (internat məktəbləri daxil olmaqla), litseylərin, gimnaziyaların, peşə məktəbi və peşə litseylərinin direktorları, onların müavinləri əsas iş üzrə müvafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs apara bilərlər, bundan əlavə müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri ehtiyac yarandığı hallarda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı əsasında əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (tədris ili ərzində 240 saata) qədər də dərs apara bilərlər.
Ümumtəhsil məktəblərinin, litseylərin, gimnaziyaların, peşə məktəbləri və peşə litseylərinin rəhbər işçilərindən 0,5 ştat vəzifə maaşı alanları işlədikləri təhsil müəssisələrində ixtisasları üzrə tarifləşmə siyahısına salınmaqla həftədə 18 saata (ildə 720 saata) qədər dərs apara bilərlər. Bundan əlavə müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri ehtiyac yarandığı hallarda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı əsasında əmək haqqı saat hesabı ödənilməklə həftədə 6 saata (tədris ili ərzində 240 saata) qədər də dərs apara bilərlər.
Tam vəzifə maaşı alan ümumtəhsil məktəblərinin, litsey və gimnaziyaların, peşə məktəbi və peşə litseylərinin rəhbər işçiləri tabe olduqları yuxarı təşkilatın razılığı ilə yaxınlıqdakı təhsil müəssisəsində həftədə 6 saata (ildə 240 saata) qədər, 0,5 vəzifə maaşı alanlar isə həftədə 12 saata (ildə 480 saata) qədər ixtisasları üzrə dərs apara bilərlər.
Ümumtəhsil məktəblərində, litsey və gimnaziyalarda, peşə məktəbi və peşə litseylərində inzibati-təsərrüfat, tədris-köməkçi tərkibdən olan işçilərə, metodistlərə, psixoloqlara, uşaq birliyi rəhbərlərinə tam vəzifə maaşı almaqla işlədikləri təhsil müəssisələrində ixtisasları üzrə 12 saata (ildə 480 saata) qədər, 0,5 ştat üzrə vəzifə maaşı alanlara isə həftədə 18 saata (ildə 720 saata) qədər dərs verilə bilər.
Həmin işçilər əsas iş yerlərində tam vəzifə maaşı almaqla yanaşı, başqa təhsil müəssisələrində həftədə 6 saata (ildə 240 saata), 0,5 ştat üzrə vəzifə maaşı alanlar isə həftədə 12 saata (ildə 480 saata) qədər ixtisasları üzrə dərs apara bilərlər. Tədris edilən dərslərin əmək haqqı müvafiq qaydalara uyğun olaraq əvəzçilik və ya saat hesabı ödənilir.
Ümumtəhsil məktəblərində, litsey və gimnaziyalarda, peşə məktəbi və peşə litseylərində, hərbi rəhbərin hərbi hazırlıq üzrə həftədə 8 saata (ildə 360 saata) qədər tədris etdikləri dərs saatlarının əmək haqqı onların vəzifə maaşına daxil edilir və həmin saatlar üçün əlavə haqq ödənilmir. Hərbi rəhbərlərə haqqı vəzifə maaşına daxil olan saatlardan əlavə taarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs yükü verilə bilər. Bu dərs yükü ibtidai hərbi hazırlıq və ya başqa fənn üzrə (hərbi rəhbərin ixtisasından asılı olaraq) verilə bilər. Bundan əlavə zəruri ehtiyac yaranarsa, hərbi rəhbərə əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (ildə 240 saata) qədər əlavə dərs verilə bilər.
Hərbi rəhbərlər başqa tədris müəssisəsində saathesabı qaydasında həftədə 6 saata (ildə 240 saata) qədər dərs apara bilərlər.
Peşə məktəbləri və peşə litseylərində bədən tərbiyəsi rəhbərlərinin həftədə 6 saat (ildə 240 saat) bədən tərbiyəsi üzrə tədris etdikləri dərs saatlarının əmək haqqı onların vəzifə maaşına daxil edilir və həmin saatlar üçün əlavə haqq ödənilmir.
Peşə məktəbləri və peşə litseylərində bədən tərbiyəsi rəhbərlərinə haqqı vəzifə maaşına daxil olan saatlardan əlavə tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs yükü verilə bilər. Bu dərs yükü bədən tərbiyəsi və ya başqa fənn üzrə (bədən tərbiyəsi rəhbərinin ixtisasından asılı olaraq) verilə bilər. Bundan əlavə zəruri ehtiyac yaranarsa, bədən tərbiyəsi rəhbərinə əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (ildə 240 saata) qədər dərs verilə bilər.
Bədən tərbiyəsi rəhbərləri başqa təhsil müəssisələrində həftədə 6 saata (ildə 240 saata) qədər dərs apara bilərlər.
Ümumtəhsil məktəblərində, litsey, gimnaziyalarda, peşə məktəbləri və peşə litseylərində kənardan dərs deməyə cəlb edilən mütəxəssislər və təhsil müəssisəsinin özündə çalışan qeyri-pedaqoji işçilər il ərzində 120 saatdan az olmayaraq dərs tədris edərlərsə, həmin dərs saatlarının tədris edildiyi aylar onlar üçün pedaqoji staj sayılır.
4. Məktəbdənkənar müəssisələr üzrə
Məktəbdənkənar müəssisələrin direktorları (müdirləri), onların müavinləri, şöbə (bölmə) müdirləri, metodistləri və digər mütəxəssisləri tutduqları vəzifə üzrə tam maaş almaqla işlədikləri müəssisədə tarifləşmə siyahısına daxil edilməklə həftədə 12 saata (il ərzində 480 saata) qədər dərnək məşğələləri (dərs yükü) apara bilərlər.
Məktəbdənkənar müəssisələrin işçilərindən 0,5 ştat üzrə vəzifə maaşı alanlara tarifləşmə siyahısına daxil edilməklə həftədə 18 saata (ildə 720 saata) qədər dərnək məşğələləri (dərs yükü) verilə bilər.
Məktəbdənkənar müəssisələrin rəhbəri, şöbə (bölmə) müdirləri, metodistləri və digər mütəxəssisləri əsas iş yerində tam vəzifə maaşı almaqla başqa təlim-tərbiyə müəssisələrində həftədə 6 saata (ildə 240 saata) qədər dərs (dərnək məşğələləri) apara bilərlər. Əsas iş yerində 0,5 ştat üzrə vəzifə maaşı alanlar isə başqa təlim-tərbiyə müəssisələrində həftədə 18 saata (ildə 720 saata) qədər dərs yükü (dərnək məşğələləri) apara bilərlər.
Kənardan dərnək məşğələləri (dərs) aparmağa cəlb edilən mütəxəssislərin və məktəbəqədər müəssisələrin qeyri-pedaqoji işçiləri il ərzində 180 saatdan az olmayaraq dərnək məşğələləri apararlarsa, həmin saatların tədris edildiyi aylar onlar üçün pedaqoji staj sayılır.
5. Orta ixtisas məktəbləri (kollec, texnikumlar) və onlara bərabər tutulan təhsil müəssisələri üzrə
Orta ixtisas məktəblərinin (kollec və texnikumların) direktorları (rəisləri), onların müavinləri inzibati-təsərrüfat və tədris-köməkçi tərkibdən olan işçilər, şöbə müdirləri, metodistlər və digər mütəxəssislər ştat üzrə tutduqları vəzifənin maaşını tam almaqla işlədikləri təhsil müəssisəsində tarifləşmə siyahısına salınmaqla ixtisasları üzrə həftədə 6 saata (il ərzində 240 saata) qədər dərs apara bilərlər. Bundan əlavə zəruri ehtiyac yarandıqda onlara əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (il ərzində 240 saata) qədər də dərs verilə bilər.
Orta ixtisas məktəblərinin (kollec və texnikumların) yuxarıda göstərilən işçilərindən tutduqları vəzifəyə görə 0,5 ştat üzrə vəzifə maaşı alanları həmin təhsil müəssisəsində tarifləşmə siyahısına salınmaqla 12 saata (ildə 480 saata) qədər ixtisasları üzrə dərs apara bilərlər. Bundan əlavə zəruri ehtiyac yarandıqda onlara əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (ildə 240 saata) qədər verilə bilər.
Orta ixtisas məktəblərinin rəhbər, inzibati-təsərrüfat, tədris köməkçi və digər mütəxəssisləri əsas iş yerlərində tam vəzifə maaşı almaqla yanaşı, başqa təhsil müəssisəsində həftədə 6 saata (ildə 240 saata) qədər, 0,5 ştat üzrə vəzifə maaşı alanlar isə həftədə 12 saata (ildə 240 saata) qədər dərs apara bilərlər. Rəhbər işçilərin tam vəzifə maaşı alanları başqa təhsil müəssisəsində dərs aparmaları üçün tabe olduğu yuxarı təşkilatın razılığı alınmalıdır.
Orta ixtisas məktəblərində hərbi rəhbərlərin hərbi hazırlıq üzrə həftədə 8 saata (ildə 360 saata) qədər hərbi hazırlıq üzrə tədris etdikləri dərs saatlarının əmək haqqı onların vəzifə maaşına daxil edilir və həmin saatlar üçün əlavə haqq ödənilmir. Hərbi rəhbərlərə haqqı vəzifə maaşına daxil olan saatlardan əlavə tarifləşmə siyahısına salınmaqla həftədə 6 saata (ildə 240 saata) qədər dərs yükü verilə bilər. Bu dərs yükü ibtidai hərbi hazırlıq və ya başqa fənn üzrə (hərbi rəhbərin ixtisasından asılı olaraq) verilə bilər. Bundan əlavə hərbi rəhbərə zəruri ehtiyac yarandıqda həmin tədris müəssisəsində əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (ildə 240 saata) qədər də dərs verilə bilər.
Hərbi rəhbərləri başqa təhsil müəssisələrində həftədə 6 saata (ildə 240 saata) qədər dərs apara bilərlər.
Orta ixtisas məktəblərində bədən tərbiyəsi rəhbərinin həftədə 6 saat (ildə 240 saat) bədən tərbiyəsi üzrə tədris etdiyi dərslərin əmək haqqı onun vəzifə maaşına daxil edilir və həmin saatlar üçün əlavə haqq ödənilmir. Bədən tərbiyəsi rəhbərinə haqqı vəzifə maaşına daxil edilən saatlardan əlavə tarifləşmə siyahısına salınmaqla həftədə 6 saata (ildə 240 saata) qədər bədən tərbiyəsi və ya başqa fənn üzrə (bədən tərbiyəsi rəhbərinin ixtisasından asılı olaraq) dərs verilə bilər. Bundan əlavə bədən tərbiyəsi rəhbərinə zəruri ehtiyac yarandıqda həmin təhsil müəssisəsində əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (ildə 240 saata) qədər də dərs verilə bilər.
Bədən tərbiyəsi rəhbərləri başqa təhsil müəssisəsində 240 saata qədər dərs apara bilər.
Orta ixtisas məktəblərində kənardan dərs deməyə cəlb edilən mütəxəssislər və orta ixtisas məktəbinin ştatda olan qeyri-pedaqoji işçiləri il ərzində 120 saatdan az olmayaraq dərs tədris edərlərsə, həmin dərs saatlarının tədris edildiyi aylar onlar üçün pedaqoji staj sayılır.
6. Ali Təhsil Müəssisələri üzrə
Ali məktəbin rektor və prorektorları tutduqları vəzifə üzrə tam maaş almaqla müvafiq kafedralarda 240 saata qədər dərs apara bilərlər. Bundan əlavə zəruri ehtiyac yarandığı hallarda Ali məktəbin tabe olduğu Nazirliyin razılığı ilə əmək haqqı saathesabı ödənilməklə ildə 240 saata qədər də dərs tədris edə bilərlər.
Ali məktəbin ştatında maaşı almaqla işləyən inzibati-təsərrüfat, tədris-köməkçi tərkibdən olan işçilərə, şöbə (bölmə), laboratoriya müdirlərinə, elmi işçilərə, metodistlərə və s. il ərzində 240 saata qədər ixtisasları üzrə dərs verilə bilər. Bundan əlavə zəruri ehtiyac yarandıqda əmək haqqı saathesabı ödənilməklə onlara ildə 240 saata qədər də dərs verilə bilər. Həmin işçilər tutduqları vəzifə üzrə 0,5 ştat vəzifə maaşı aldıqları halda, onlara bir stavkaya qədər dərs verilə bilər. Bundan əlavə zəruri ehtiyac yarandıqda əmək haqqı saathesabı ödənilməklə ildə 240 saata qədər də dərs verilə bilər.
Ali məktəbin inzibati-təsərrüfat, tədris-köməkçi və digər mütəxəssisləri əsas iş yerində tam vəzifə maaşı almaqla yanaşı, başqa təhsil müəssisəsində 240 saata qədər dərs apara bilərlər.
Ali məktəblərə kənardan dərs deməyə cəlb edilən yüksək ixtisaslı mütəxəssislərə tədris ili ərzində 480 saata qədər dərs verə bilər. Bunun 240 saatının əmək haqqı saathesabı qaydasında ödənilir.
Ali təhsil müəssisələrində kənardan dərs deməyə cəlb edilən mütəxəssislər və ali məktəbin qeyri-pedaqoji işçiləri il ərzində 180 saatdan az olmayaraq dərs tədris edərlərsə, həmin dərslərin tədris edildiyi aylar onlar üçün pedaqoji staj hesab edilir.
Ali məktəblərdə hazırlanan ixtisasların xüsusiyyətindən asılı olaraq kənardan dərs deməyə cəlb edilən mütəxəssislərə tədris planı üzrə ümumi dərs yükünün 20 faizinə qədərini vermək olar. Müstəsna hallarda Təhsil Nazirliyinin razılığı əsasında kənardan dərs deməyə cəlb edilən mütəxəssislərə tədris planı üzrə ümumi dərs yükünün 30 faizə qədəri verilə bilər.
7. İxtisasartırma və müəllimləri təkmilləşdirmə institutları üzrə
İxtisasartırma və müəllimləri təkmilləşdirmə institutlarında rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi tərkibdən olan işçilər və digər mütəxəssislər tutduqları vəzifə üzrə tam maaş almaqla işlədikləri tədris müəssisələrində və ya ümumtəhsil məktəblərində, litsey, gimnaziyalarda, peşə məktəbi və peşə litseylərində il ərzində 480 saata qədər ixtisasları üzrə dərs apara bilərlər. Bu dərs yükünün 240 saatının əmək haqqı əsas dərs kimi, qalan 240 saatın əmək haqqı isə saathesabı qaydası ilə ödənilir. Göstərilən işçilər 0,5 ştat üzrə vəzifə maaşı aldıqları halda həmin təhsil müəssisələrində ildə 720 saata qədər dərs tədris edə bilərlər. Bnun 480 saatı əsas dərs kimi 240 saatı isə saathesabı qaydasında ödənilir.
İxtisasartırma və müəllimləri təkmilləşdirmə institutunun mütəxəssisləri əsas iş yerlərində tam vəzifə maaşı almaqla yanaşı ali və ya orta ixtisas təhsili müəssisələrində ildə 240 saata qədər dərs tədris edə bilərlər. Tutduqları vəzifə üzrə 0,5 ştat maaş alanlar isə ali və ya orta ixtisas məktəblərində bir stavkaya qədər dərs tədris edə bilərlər.
İxtisasartırma və müəllimləri təkmilləşdirmə institutlarında dərs deməyə cəlb edilən mütəxəssislər və institutun qeyri-pedaqoji işçiləri il ərzində 180 saatdan az olmayaraq dərs tədris edərlərsə, həmin dərs saatlarının tədris edildiyi aylar onlar üçün pedaqoji staj sayılır.
8. Təhsili idarəetmə orqanları və metodiki mərkəzlər (kabinetlər) üzrə
Təhsil Nazirliyində, təhsil idarələri və təhsil şöbələrində, metodiki mərkəzlərdə (kabinetlərdə) çalışan rəhbər işçilər və mütəxəssislər müvafiq təhsil müəssisələrində dərs apara bilərlər.
Təhsil idarə və şöbələrindəki mütəxəssislər, metodiki mərkəzlərin (kabinetlərin) metodistləri əsas iş yerlərində tam vəzifə maaşı almaqla ümumtəhsil və peşə təhsili məktəblərində tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər ixtisasları üzrə dərs tədris edə bilərlər. Ştat üzrə 0,5 vəzifə maaşı alanlar isə göstərilən təhsil müəssisələrində həftədə 18 saata (il ərzində 720) qədər dərs tədris edə bilərlər.
Təhsil idarə və şöbələrinin mütəxəssisləri, metodiki mərkəzlərin (kabinetlərin) metodistləri ali və ya orta ixtisas məktəblərində il ərzində 240 saata qədər ixtisasları üzrə dərs apara bilərlər. Bu dərslərin tədris üzrə əmək haqqı əvəzçilik və ya saathesabı qaydasında ödənilə bilər.
Təhsil Nazirliyinin mütəxəssisləri ümumtəhsil və peşə məktəblərində, orta ixtisas və ali məktəblərdə təkmilləşdirmə institutlarında tədris ili ərzində müvafiq qaydada 240 saata qədər ixtisasları üzrə dərs apara bilərlər.
«Azərbaycan Respublikası Nazirliklərinin, Dövlət Komitələrinin və başqa Mərkəzi İcra hakimiyyəti orqanlarının normativ-hüquqi Aktlarının Bülleteni»ndə dərc edilmişdir (1999-cu il, № 2, səh. 80) («VneshExpertService» LLC).