.Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29.04.2015-ci il tarixli 511 nömrəli əmri ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın
müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI
2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi
2.1. Müəssisələrdə işləyən müəllimlər arasında dərs bölgüsü "Dövlət ümumi təhsil
müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan
müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" Azərbaycan
Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhsil müəssisələrinin pedaqoji
işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” 24.11.2010-cu il tarixli
215 nömrəli Qərarına uyğun aparılmaqla vakant yerlər müəssisə rəhbərliyi tərəfindən
müəyyənləşdirilir.
2.2. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik 1 (bir)
stavka dərs yükü 12 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkadan çox
olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 12 saatdan az olarsa, həmin saatlar ilk
növbədə müəssisənin müəllimləri arasında, müəyyənləşdirilmiş yuxarı hədd
gözlənilməklə bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin
ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 12 saatadək
olduğu halda digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim
dəvət olunması məsələsinə baxılır, bu mümkün olmadıqda həmin dərs saatları vakant
hesab olunur və müsabiqəyə çıxarılması üçün təqdim edilir.
2.3. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilmiş müəllimlərin
dərs bölgüsü aparılarkən müəssisələrdə işləyən müəllim üçün həftəlik 1 (bir) stavka dərs
yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkadan çox olmamalıdır)
müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə
müəssisənin müəllimləri arasında, müəyyənləşdirilmiş yuxarı hədd gözlənilməklə
bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris
planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda digər
müəssisələrdən əvəzçiliklə müəllim dəvət olunması məsələsinə baxılır, bu mümkün
olmadıqda həmin dərs saatları vakant hesab olunur və müsabiqəyə çıxarılması üçün
təqdim edilir.
2.4. Çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək müqaviləsinin müddəti
Azərbaycan Respublikasının Əmək Məcələsinin 10-1-ci maddəsi və Nazirliyin
15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar
(son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi; elmi dərəcə və ya
elmi adının olması; dövlət təltifi ilə təltif edilməsi; attestasiyadan 2 dəfə
müvəffəqiyyətlə keçməsi; "Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olması; müəssisədə
ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda;
səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda; işlədiyi kollektivdə və cəmiyyətdə
nüfuza malik olması) gözlənilməklə müəssisə rəhbəri tərəfindən hər dəfə 1 il olmaqla 5
ildən çox olmayaraq uzadıla bilər.
2.5. Çalışmanın yaş hədinə çatmış işçilərlə əmək müqaviləsinin 5 ildən artıq
müddətə uzadılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2011-ci il
tarixli 180 nömrəli Qərarı ilə müəyyənləşdirilmiş meyarlar gözlənilməklə tabelik üzrə
idarəetmə orqanının razılığı əsasında müəssisə rəhbəri tərəfindən həyata keçirilir.
2.6. Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə
cədvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir. Sosial məzuniyyətdə olan
müəllimin yerinə müddətli əmək müqaviləsi ilə işə götürülən işçilərə həmin dərs yükü
verilir və tarifləşmə cədvəlində qeyd edilir. Müddətli əmək müqaviləsi bağlanmış işçi ilə
əmək müqaviləsi sosial məzuniyyətdə olan müəllim işə qayıtdığı gündən ləğv edilir.
2.7. Ümumi təhsil müəssisələrinin ibtidai siniflərində müəllimlərin iki sinif
komplektində dərs aparmasına yol verilmir. Zəruri ehtiyac olduqda təhsil
müəssisələrinin təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin iki sinif komplektində
dərs aparmasına təhsili idarəetmə orqanı tərəfindən razılıq verilir.
2.8. İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət
dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir. İbtidai sinif
müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin ixtisas müəllimləri tərəfindən
tədrisinə icazə verilir. İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar
tərəfindən tədris edilir. Kadr olmadığı halda, informatika fənni ibtidai sinif müəllimi
tərəfindən tədris oluna bilər.
2.9. Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən
müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə
məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit
saxlanılır.