AzTehsil.com


Pedoqojitəcrübə
16 may 2016
5 971


Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I hissə



 Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir      I hissə
Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir
                                               I hissə


Azərbaycanda təhsilin demokratik, humanist prinsiplər əsasında inkişaf etdirilməsi məzmunun, texnologiyaların və idarəolunma sisteminin yenidən qurulmasını, bu sistemin cəmiyyətin ehtiyac və tələbatlarına uyğunlaşdırılmasını prioritet istiqamət kimi tələb edir. Bu gün həmin istiqamətdə görülən işlər, ilk növbədə təhsilin idarəolunması sistemində dəyişikliklərin aparılmasını həlledici amillərdən biri kimi qarşıya qoyur.  Təhsilin idarə olunmasında elmi-pedaqoji əsaslara istinad edilməsi, idarəçilik fəaliyyətinin hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi, keyfiyyətin monitorinqi prinsipləri əsasında qurulması, təhsildə olan bütün fəaliyyətlərin inkişafyönümlü xarakterdə olması onun keyfiyyət göstəricilərinin ardıcıl izlənməsini, keyfiyyətin gözlənilən nəticələrin reallaşdırılması səviyyəsi ilə müəyyənləşdirilməsini zəruri edir.
Azərbaycan məktəbinin, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, intellekt məktəbinə çevrilməsi, nailiyyətlərin düşüncə, təfəkkür səviyyəsinə görə qiymətləndirilməsi, onun yeni təhsil texnologiyaları əsasında qurulmasını və inkişaf etdirilməsini, mövcud metodik işin təşkili sisteminin təşkilati-struktur baxımından yeniləşdirilməsinə ehtiyac olduğunu aydın göstərir.
Pedaqoji kadrlarla aparılan metodik işin istiqamətləndirilməsi, onların ixtisasının artırılması və yenidən hazırlanması, təlim-tərbiyə işlərinin keyfiyyətinin yaxşılaşdırılması və yeni pedaqoji texnologiyaların öyrənilməsi və tətbiqi sahəsində məktəb və metodbirləşmə rəhbərlərinin təlimatlandırılması, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi, gənc müəllimlərlə işin təşkili və digər sahələr üzrə metodik xidmətin təşkilində rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) metodik kabinetləri mühüm rol oynayır.
Son illərdə bir sıra rayon (şəhər)  təhsil şöbələrinin (idarələrinin) metodik kabinetlərinin işində fəallıq hiss olunsa da, ümumilikdə onların fəaliyyəti günün tələblərindən geri qalır. Müşahidələr göstərir ki, metodik kabinetlər tərəfindən pedaqoji işçilərə metodik kömək göstərilməsi heç də həmişə kifayət qədər sistemli şəkildə təşkil edilmir. Bunun əsas səbəblərindən biri xidmət göstərənlər arasında (təhsil şöbəsi, metodik kabinet, məktəb) möhkəm əlaqənin olmaması ilə bağlıdır. Bu gün pedaqoji kollektivlərə göstərilən metodik xidmət, demək olar ki, günün tələbləri ilə ayaqlaşa bilmir. Pedaqoji elmlər sahəsində baş verən yeniliklər, ölkədə gedən köklü təhsil islahatları metodik xidmətin təşkilinin məzmunu və formasının təkmilləşdirilməsini tələb edir.
Metodik xidmət nədir? Bu, hər bir müəllimin ixtisasının və peşə ustalığının artırılması, pedaqoji kollektivin yaradıcı potensialının inkişafı və onun yüksəldilməsi istiqamətinə yönəldilmiş qarşılıqlı tədbirlər sistemidir. Pedaqoji elmin nailiyyətləri və pedaqoji prosesdə yaranan qabaqcıl pedaqoji təcrübənin təhlili metodik işin əsasını təşkil edir.
Uzun illər metodik kabinetlər tərəfindən metodik işin təşkili əmrlərin, sərəncamların, metodik göstərişlərin məcburi şəkildə yerinə yetirilməsi ilə məhdudlaşmışdır. Metodik kabinetin əməkdaşları çox az hallarda vəzifə funksiyalarını yerinə yetirmiş, əksər vaxtlarda müəyyən mənada inspektorların işini təkrar etmişlər. Ona görə də metodik xidmətin strukturunun günün tələblərinə uyğun olaraq yenidən qurulması zərurəti yaranmışdır. Hazırda ölkəmizdə təhsil sahəsində islahatların aparıldığı, innovasiyaların, təcrübi-eksperimental fəaliyyətin intensiv şəkildə artdığı bir vaxtda metodik kabinetlərin mövcud iş sistemi təhsildə gedən sürətli dəyişikliklərlə ayaqlaşa bilmir. Ona görə də bir çox inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etməklə respublikamızda da metodik xidmətin daha əlverişli, səmərəli, təhsil sisteminin işçiləri tərəfindən qəbul edilə bilən modelini yaratmaq artıq vaxtı çatmış məsələlərdən biridir. Heç də təsadüfi deyildir ki, bu məsələ təhsil naziri cənab Misir Mərdanovun təşəbbüsü ilə nazirlikdə müzakirə olunmuşdur. İşçi qrupu yaradılaraq respublikanın rayon (şəhər) təhsil şöbələrinin metodik kabinetlərinin mövcud fəaliyyəti təqdim edilən sənədlər əsasında öyrənilmiş, hazırlanmış arayış kollegiya iclasında müzakirə edilərək müvafiq qərar qəbul olunmuşdur.
Təhsil naziri, professor Misir Mərdanovun "Azərbaycan müəllimi" qəzetinin 23 iyul 2010-cu il tarixli nömrəsində "Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış" adlı məqaləsində təhsil sistemində metodik xidmətin təşkili vəziyyəti və onun yaxşılaşdırılmasına dair həyata keçiriləcək tədbirlər ətraflı şəkildə şərh edilmişdir.
Bu məqalədə biz yalnız metodik kabinetin fəaliyyətinin planlaşdırılması və metodik xidmətin təşkilinin bəzi formalarını yığcam şəkildə şərh etməyə çalışmışıq.
Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) metodik kabinetlərinin vəzifələri, onların görəcəyi işlər Təhsil Nazirliyinin 01.02.2002-ci il tarixli, 111 nömrəli əmri ilə təsdiq edilmiş "Rayon (şəhər) təhsil şöbəsinin metodik kabineti haqqında Əsasnamə"də öz əksini tapmışdır.
Əsasnamədə göstərildiyi kimi, vəzifələr çoxdur və onların yerinə yetirilməsi xeyli dərəcədə metodik kabinetlərin işinin düzgün planlaşdırılmasından asılıdır. Dəqiq, müasir tələblərə cavab verən fəaliyyət planı olmadan həmin vəzifələri yerinə yetirmək mümkün deyildir.
Metodik kabinetin fəaliyyət planı tərtib edilərkən elmlik, konkretlilik, yığcamlıq, demokratiklik prinsiplərini nəzərə almaq lazımdır. Lakin aparılan müşahidələr və sənədlərin təhlili göstərdi ki, bəzi rayon (şəhər) təhsil şöbələrinin metodik kabinetlərinin fəaliyyət planlarında nəzərdə tutulan məsələlər o qədər də aktuallıq kəsb etmir, günün tələbləri ilə səsləşmir. Plana daxil edilən tədbirlər üzrə gözlənilən nəticələr əvvəlcədən müəyyənləşdirilmir. Bəzi rayon (şəhər) metodik kabinetlərinin fəaliyyət planlarında metodik işin məzmunu və təşkili, pedaqoji kadrların ixtisasının artırılması sahəsində görüləcək işlər, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və yayılması, gənc müəllimlərlə aparılan işin məzmunu, dayaq məntəqələrinin fəaliyyətinin səmərəli təşkili və fənn  kurikulumlarının tətbiqi ilə bağlı məsələlərə kifayət qədər yer verilmir. Əksər fəaliyyət planlarının bölmələri düzgün müəyyənləşdirilmir. Bütün bunları nəzərə alaraq, kollegiyanın qərarında nəzərdə tutulduğu kimi, metodik kabinetlərin əməkdaşlarına kömək məqsədilə illik fəaliyyət planının tərtibi prinsiplərini, nəzərdə tutulan tədbirlərin qısa məzmununu, habelə metodik kabinetlərin fəaliyyətində əsas yerlərdən birini tutan və daha çox əhəmiyyət kəsb edən metodbirləşmələrin işinin təşkili, gənc müəllimlərlə aparılan işin məzmunu, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi məsələlərini  yığcam şəkildə şərh etməyə çalışmışıq. Fəaliyyət planının bölmələri təxminidir. Yerli şəraitdən, işin xüsusiyyətlərindən  asılı olaraq planın bölmələrində və hər bölməyə aid işin məzmununda müvafiq dəyişiklik edilə bilər. 
Metodik kabinetin illik fəaliyyət planını aşağıda göstərilən bölmələr üzrə tərtib edilməsi tövsiyə olunur: 
 
Sıra №-si Fəaliyyət istiqamətləri Məqsəd İcra vaxtı İcraçı İcraya cəlb olunanlar Gözlənilən nəticə
 
  • Giriş (ötən dərs ilinin təhlili və növbəti tədris ili üçün metodik kabinetin fəaliyyət istiqamətləri);
  • Təşkilati-pedaqoji tədbirlər;
  • Metodik diaqnostika və yeni təlim texnologiyalarının tətbiqi;
  • Metodik işin məzmunu və təşkili;
  • Pedaqoji kadrların ixtisasının artırılması üzrə işin təşkili və məzmunu;
  • Fənn kurikulumlarının tətbiqi üzrə işin təşkili;
  • Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi;
  • İstedadlı şagirdlərlə işin təşkili;
  • Məktəbəqədər təhsil müəssisələri ilə işin məzmunu;
  • Metodik şuranın işinin təşkili.
Fəaliyyət planının "Ötən dərs ilinin yekununun təhlili" bölməsində icra edilmiş işləri aşağıdakı istiqamətlər üzrə ardıcıllıqla göstərmək məqsədəuyğundur (ilin yekununa dair hesabatı da bu ardıcıllıqla hazırlamaq olar):
təhsil işçilərinin sentyabr konfransı, qəbul edilmiş qərarlar, rəy və təkliflər; təhsil müəssisələrində pedaqoji kadrlarla aparılan metodik işin məzmunu; pedaqoji kadrların ixtisasının artırılması sahəsində görülən işlər; təlimin yeni məzmunu, müasir pedaqoji texnologiyaların öyrənilməsi və innovasiyaların tətbiqi ilə əlaqədar həyata keçirilən tədbirlər; fənlərin tədrisi keyfiyyətinin və şagirdlərin bilik səviyyələrinin monitorinqi, onun təhlili, fənlərin dövlət standartları səviyyəsində tədrisinə nail olmaq üçün aparılmış təşkilati-pedaqoji işlər; təhsil müəssisələrində psixoloji xidmətin təşkili, istedadlı şagirdlərin aşkara çıxarılması və onların yaradıcılıq potensialının inkişaf etdirilməsi üzrə işin təşkili ilə əlaqədar təhsil müəssisələrinə göstərilən metodik kömək; rayonun (şəhərin) təhsil müəssisələrinin və pedaqoji heyətin fəaliyyətinin təşkili ilə əlaqədar keçirilən tədbirlər; qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və yayılması; pedaqoji işçilərin innovativ layihə və proqramlar çərçivəsində təlim kurslarına cəlb edilməsi, onların Kurikulum Mərkəzi ilə əlaqələri; elan olunmuş "Ekologiya ili" çərçivəsində təhsil müəssisələrinə göstərilən metodik kömək; məzunların ali məktəblərə qəbulunun nəticələrinin təhlili; "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrində təhsil müəssisələrinin iştirakı və nəticələr; bilik yarışları, olimpiadalar, inşa və rəsm müsabiqələri və s. Təhlilin sonunda Təhsil Nazirliyinin müvafiq tövsiyələri və normativ-hüquqi sənədləri nəzərə alınmaqla yeni tədris ili üçün rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) metodik kabinetinin fəaliyyət planı hazırlanır.
Planın "Təşkilati-pedaqoji tədbirlər" bölməsində təhsil işçilərinin sentyabr konfransının plenar və bölmə iclaslarına hazırlıq və onların keçirilməsi, metodik kabinetin  illik fəaliyyət planının müzakirə və təsdiq edilməsi, təhsil müəssisələrinə metodik köməyin təşkili, yeni dərslik və dərs vəsaitləri, didaktik materiallara dair "Məlumat bankı"nın zənginləşdirilməsi; metodik kabinetin nəzdində qabaqcıl, yaradıcı və novator müəllimlərdən ibarət "Yaradıcı müəllimlər birliyi" yaradılması, müəllimlərin innovasiya fəaliyyətinə dair qabaqcıl təcrübənin işıqlandırılması üçün məcmuənin nəşri istiqamətində tədbirlərin həyata keçirilməsi; metodkabinetin nəzdində "qabaqcıl təcrübə", "yeni metodik ədəbiyyatlar" başlığı altında guşələrin yaradılması, təhsil müəssisələrində metodik işin davam etdirilməsi və s. tədbirlər qeyd olunur.
"Metodik diaqnostika və yeni təlim texnologiyalarının tətbiqi" bölməsinə aşağıdakı tədbirləri daxil etmək olar: metodik diaqnostikaya dair texnoloji qrafiklərin təkmilləşdirilməsi; təhsil müəssisələrindən diaqnostik məlumatların toplanması və onların təhlili; təlim prosesində İKT-nin imkanlarından istifadənin mövcud vəziyyətinin monitorinqi; elektron dərsliklərdən istifadənin vəziyyəti və s.
Planın "Metodik işin təşkili və məzmunu", "Pedaqoji kadrların ixtisasının artırılması" bölmələrinə ibtidai sinif və fənn metodbirləşmələrinin işinin təşkili, dayaq məntəqələrinin fəaliyyətinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər, gənc müəllimlərlə aparılan işin forma və məzmunu, açıq dərslərin təşkili, sifariş-təklif əsasında pedaqoji işçilərin ixtisasının artırılması istiqamətində həyata keçirilən tədbirlər, fəal təlim metodlarının tətbiqinə dair seminar və praktik məşğələlərin keçirilməsi və s. tədbirləri daxil etmək olar.
Planın "Fənn kurikulumlarının tətbiqi üzrə işin təşkili" bölməsinə aşağıdakı tədbirlərin daxil edilməsi məqsədəuyğundur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyasının (Milli Kurikulum) təsdiq edilməsi haqqında" 30 sentyabr 2006-cı il tarixli, 233 nömrəli qərarının və Təhsil Nazirliyinin əmrlərinin icrası ilə əlaqədar tədbirlər; ümumtəhsil məktəblərinin ibtidai siniflərində fənn kurikulumlarının tətbiqi vəziyyətinin monitorinqi; fənn kurikulumlarının tətbiqi ilə əlaqədar dərslik müəllifləri ilə görüşlərin təşkili; ibtidai sinif müəllimlərinin treninqlərə cəlb edilməsi; fənn kurikulumlarının tətbiqi ilə bağlı təhsil müəssisələrinə göstərilən metodik kömək; proqram layihələrinin müzakirəsi, rəy və təkliflərin öyrənilməsi, ümumiləşdirilməsi, Kurikulum Mərkəzinə göndərilməsi və s.
"Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi" bölməsində bu istiqamətdə işlərin aparılması, qabaqcıl pedaqoji təcrübəni, təhsil müəssisələri və müəllimlərin fəaliyyətini əks etdirən məlumat bankının yaradılması, Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" mükafatlarının təsis edilməsi haqqında" 04 sentyabr 2007-ci il tarixli, 2373 nömrəli Sərəncamına əsasən hər il keçirilən  müsabiqələrdə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" adına layiq görülmüş məktəb və müəllimlərin qabaqcıl iş təcrübəsinin öyrənilməsi qeyd edilir. Pedaqoji mühazirələr, elmi-praktik konfranslar, sərgilər, bülletenlər və mətbuat vasitəsilə qabaqcıl təcrübənin, yeniliklərin yayılması ilə bağlı tədbirləri də bu bölməyə daxil etmək olar.
Fəaliyyət planının "İstedadlı şagirdlərlə iş" bölməsində Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının (2006-2010-cu illər)" icrası ilə bağlı Təhsil Nazirliyinin Fəaliyyət planına uyğun olaraq tədbirlərin həyata keçirilməsi, müəyyən edilmiş vaxtlarda təhsil müəssisələrində test yoxlamalarının, müsabiqələrin, müxtəlif bilik yarışlarının keçirilməsi, məktəblilərin fənn olimpiadalarına hazırlıq üzrə tədbirlər, olimpiadalara hazırlıq mərkəzlərinin yaradılması, yay və qış təlim-istirahət düşərgələrinə göndərilən istedadlı şagirdlərin müəyyənləşdirilməsi, istedadlı uşaq və gənclərin iştirakı ilə bilik və idman yarışlarının, kiçik olimpiadaların, müsabiqələrin keçirilməsi ilə əlaqədar illik qrafiklərin hazırlanması və s. tədbirlər qeyd edilir.
"Məktəbəqədər təhsil müəssisələri ilə işin təşkili" bölməsinə aşağıdakı məsələləri daxil etmək olar: məktəbəqədər təhsil müəssisələrində yaş qrupları üzrə proqram materiallarının yerinə yetirilməsi vəziyyətinin monitorinqi; beşyaşlıların məktəb təliminə hazırlığı ilə bağlı həmin təhsil müəssisələrinin məktəblərlə əlaqəsinin genişləndirilməsinə dair tədbirlər; məktəbəqədər müəssisələrdə metodik kabinetlərin işinin təşkili və s.
Planın "Metodik şuranın işinin təşkili bölməsində" metodik şuranın iş planının təsdiqi, "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyasının (Milli Kurikulum) təsdiq edilməsi haqqında" respublika Nazirlər Kabinetinin qərarının icrası və "Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması Qaydaları"nın tətbiqi ilə əlaqədar Təhsil Nazirliyinin əmrlərinə müvafiq olaraq tədbirlərin müəyyənləşdirilməsi, istedadlı uşaqların aşkar edilməsi və fənn olimpiadalarının birinci mərhələsinə hazırlıq işlərinin görülməsi, ümumi orta və tam orta təhsil üzrə imtahanlara hazırlıqla bağlı tədbirlər; təhsil işçilərinin yanvar bölmə iclaslarının keçirilməsi və onun nəticələrinin təhlili, pedaqoji kadrların ixtisasının artırılması vəziyyəti, dayaq məntəqələrində aparılan işin təşkili, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması vəziyyətinin təhlili, il ərzində keçirilən müsabiqə və bilik yarışlarının nəticələrinin müzakirəsi və s. tədbirləri qeyd etmək olar.
Metodik kabinetlərin illik fəaliyyət planının tərtibi ilə bağlı göstərilən bölmələr və tövsiyə edilən tədbirlər təxminidir. Yerli şəraitdən və işin xüsusiyyətlərindən asılı olaraq planda zəruri dəyişiklik etmək olar.
Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) metodik kabinetlərinin fəaliyyət istiqamətləri, qeyd etdiyimiz kimi, Əsasnamədə ətraflı şəkildə öz əksini tapmışdır. Həmin vəzifələr içərisində metodbirləşmələrin, gənc müəllimlərlə işin təşkili, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqinin  təmin edilməsi məsələləri üzərində bir qədər ətraflı dayanmağı faydalı hesab edirik.
Ardı var.....
 
Məhərrəm SƏFƏROV,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin baş məsləhətçisi,
respublikanın əməkdar müəllimi



Загрузка...
Həmçinin oxuyun:
Məktəb direktorunun əmək funsiyaları...

Məktəb direktorunun əmək funsiyaları...

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

Kimya laborantı təlimatı məktəb kimya müəllimləri və laborantları üçün işlənib hazırlanmışdır

Kimya laborantı təlimatı məktəb kimya müəllimləri və laborantları üçün işlənib hazırlanmışdır

"Təhsil Qanunu"na aid testlər və cavabları

"Təhsil Qanunu"na aid testlər və cavabları

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri

“Bilikli müəllimlər daha yüksək əməkhaqqı əldə etməlidir”

“Bilikli müəllimlər daha yüksək əməkhaqqı əldə etməlidir”

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

İş vaxtının anlayışı və növləri

İş vaxtının anlayışı və növləri

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri  oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Sinif rəhbərləri oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Əmək münasibətləri - Əmək mübahisələri

Əmək münasibətləri - Əmək mübahisələri

İclası necə təşkil etməli və onu necə uğurla idarə etməli.....

İclası necə təşkil etməli və onu necə uğurla idarə etməli.....

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

T Ö V S İ Y Ə L Ə R - Ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair

T Ö V S İ Y Ə L Ə R - Ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair