AzTehsil.com


H/N sənədlər
16 iyun 2016
13 255


AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI



AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI»NIN TƏSDİQ EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI
 
Azərbaycan Respublikasının Təhsil sahəsində İslahat Proqramı və Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) arasında bağlanmış kredit sazişi çərçivəsində həyata keçirilən Təhsil Sektorunun İnkişaf Layihəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti 
 
QƏRARA ALIR:
 
1. "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
A.Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 13 yanvar 2009-cu il № 9
 
 AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI
 
1. Giriş
 
Hazırda Azərbaycan Respublikasında bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də köklü islahatlar həyata keçirilir. Bu islahatların əsas məqsədi cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla, təhsilin keyfiyyətini yüksəltmək və onun inkişafını təmin etməkdir. Bununla əlaqədar təhsilin keyfiyyətini şərtləndirən amillərə, ilk növbədə təhsilin məzmununa, müəllim hazırlığına və qiymətləndirmə sistemlərinə yenidən baxılması zərurəti yaranmışdır.
Yeni qiymətləndirmə sisteminin hazırlanması Təhsil Sektorunun İnkişafı layihəsində prioritet istiqamətlərdən biri kimi müəyyən olunmuşdur. Təlim və tədris prosesinin təkmilləşdirilməsi, ölkə üzrə şagirdlərin nailiyyətləri barədə obyektiv məlumatların əldə edilməsi, habelə dövlət təhsil standartlarının monitorinqinin həyata keçirilməsi üçün müasir qiymətləndirmə mexanizmlərinin yaradılması mühüm vəzifə kimi irəli sürülür. Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici şagirdin təlim nəticələri olduğundan, həmin nəticələrin obyektiv qiymətləndirilməsi də keyfiyyəti üzə çıxaran ən etibarlı mənbə hesab olunur.
Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası (bundan sonra - Konsepsiya) ölkədə yaxın illər ərzində təhsildə qiymətləndirmə məsələləri ilə bağlı tədbirləri idarə etmək üçün nəzərdə tutulmuşdur. Sənədin əsas məzmunu qiymətləndirmə fəaliyyətinin qanuniliyini təmin edən prinsiplərin müəyyənləşdirilməsinə, bu fəaliyyətin aparıcı istiqamətlərinin təyin edilməsinə, qiymətləndirmə tədbirlərini həyata keçirən qurumların sosial statusunun gücləndirilməsinə, qiymətləndirmədən təlim və tədrisin ehtiyaclarını ödəmək üçün istifadə edilməsinə yönəldilmişdir. Bu sənəd çərçivə sənədi kimi, Azərbaycan Respublikasının Təhsil Qanununun, Azərbaycan Respublikasının Təhsil sahəsində İslahat Proqramının tələblərinə və dövlətin təhsil siyasətinə, qiymətləndirmənin müasir dünya standartlarına uyğun hazırlanmışdır və yeni qiymətləndirmə sisteminin prinsipləri üçün baza rolunu oynayır. Sənəddə məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmənin əsas prinsipləri və fəaliyyət sahələri şərh edilir. Konsepsiyada qiymətləndirmə növlərinin hər birinin etibarlılığını və effektivliyini təmin etmək üçün dəqiq qaydalar və əsasnamələr formasında əlavə sənədlərin hazırlanması da nəzərdə tutulur.
Konsepsiya Azərbaycanda ümumi təhsilin müasirləşdirilməsi və yeniləşdirilməsi məqsədi ilə hazırlanmış milli kurrikulum çərçivə sənədi ilə bilavasitə əlaqəlidir və onun tərkib hissəsini təşkil edir. Qiymətləndirmə mexanizmlərinin və vasitələrinin yaradılması təhsilin məzmun standartları və fənn kurrikulumları hazırlandıqdan sonra növbəti mərhələlər hesab olunur.
 
1.2. Müasir dövrdə qiymətləndirmə fəaliyyətinə qoyulan tələblər
 
Yeni qiymətləndirmə sistemi aşağıdakıları təmin edir:
təhsildə müsbət dəyişikliklərin aparılması üçün mühüm vasitə rolunun yerinə yetirilməsini; təhsilin keyfiyyəti üçün əsas göstərici olan "şagirdin təlim nəticələri" haqqında etibarlı məlumat verilməsini; qiymətləndirmə vasitəsilə şagirdin bilik və bacarıqları haqqında kifayət qədər məlumat əldə edildikdən sonra fənn kurrikulumlarında və dərsliklərdə müvafiq dəyişikliklərin aparılmasını; təhsildə olan bəzi neqativ hallara qarşı mübarizə vasitəsi funksiyasını; qiymətləndirmədə yeni yanaşmaların yaddaşa əsaslanan qiymətləndirmənin əksinə olaraq, məntiqi təfəkkür vərdişlərinin inkişafına xidmət etməsini.
 
1.3. Şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində mövcud olan problemlər
 
Hazırkı qiymətləndirmə sisteminin təhlili zamanı aşkara çıxarılan problem və nöqsanları aşağıdakı kimi qruplaşdırmaq olar:
dəqiq müəyyənləşdirilmiş qiymətləndirmə standartlarının olmaması səbəbindən qiymətləndirmə prinsiplərinin pozulması;
qiymətləndirmə üsul və vasitələrinin keyfiyyətlərinin təsvir olunmaması, onların əsas xüsusiyyətlərinin və meyarlarının dəqiqləşdirilməməsi;
qiymətləndirmə vasitələrinin texniki keyfiyyətlərinə diqqət yetirilməməsi və qeyri-standart vasitələrdən istifadə olunması;
qiymətləndirməyə və onun üsullarına müxtəlif yanaşmaların mövcudluğu şəraitində dəqiqləşdirmələrin vaxtaşırı aparılmaması;
nailiyyətlərin qiymətləndirilməsi prosesində şagird fəaliyyətinin nəticələrinin obyektiv əsaslandırılmaması;
müasir qiymətləndirmə metodlarından istifadə təcrübəsinin məhdudluğu, mütəxəssislərin bu sahədə hazırlıq səviyyəsinin aşağı olması;
tədris proqramlarını hazırlayan və qiymətləndirmə fəaliyyəti ilə məşğul olan mütəxəssislər arasında qarşılıqlı əlaqənin yaradılmaması;
inzibati prosedurların qeyri-şəffaflığı, qiymətləndirmə fəaliyyətinin qanuniliyinə zəmanətin verilməməsi;
qiymətləndirmə nəticələrinin təhlilinin aparılmaması və müvafiq hesabatların hazırlanmaması.
Bu problemlərin uzun müddət həll edilməməsi Azərbaycanın təhsil sistemindəki qiymətləndirmə mexanizmində aşağıdakı xarakterik çatışmazlıqların yaranması ilə nəticələnmişdir:
mövcud qiymətləndirmə mexanizmi təlim prosesinin ehtiyaclarına kifayətedici səviyyədə yönəlmir, onun tərkib hissəsinə çevrilmir və keyfiyyətinin yüksəldilməsinə xidmət etmir;
bu mexanizm subyektiv xarakter daşıyır, şagirdi, bir qayda olaraq, əzbərləməyə və əksər şagirdləri qiymət almaq xatirinə oxumağa təhrik edir;
təlim prosesində yalnız formal biliklər qiymətləndirilir, çox hallarda məqsəd qiymət yazmaqla məhdudlaşır, şagirdlərə özünüqiymətləndirmə imkanı verilmir;
tədris zamanı müəllim qiymətləndirmə vasitəsilə şagirdlərlə səmərəli əks-əlaqə yarada bilmir;
mövcud qiymətləndirmə üsullarının məhdudluğu yeni təlim texnologiyalarının səmərəli tətbiqinə imkan vermir.
 
1.4. Konsepsiyanın yaradılması üçün zəruri səbəblər
 
Azərbaycanda nəzərdə tutulan təhsil və qiymətləndirmə siyasəti ümummilli maraqları əks etdirməklə yanaşı, əsaslı islahatyönümlü tədbirlərin həyata keçirilməsi zərurətini şərtləndirir. XX əsrin sonlarında dünyada gedən siyasi, iqtisadi və sosial dəyişikliklər bilavasitə aşağıdakı konkret məqsədlərin reallaşdırılmasını tələb edir:
- idarəetmənin daha demokratik üsullarına keçilməsi;
- ölkədə açıq vətəndaş cəmiyyətinin qurulması;
- inkişaf etmiş ölkələrlə səmərəli əməkdaşlığın təmin edilməsi;
- beynəlxalq bazar münasibətlərinin və iqtisadi rəqabət şəraitinin yaradılması;
- milli özünəqayıdış hisslərinin aşılanması.
Hazırda bir çox ölkələrin təhsil sistemlərində yeni qiymətləndirmə modellərinin qurulması, şagirdlərin təhsil nailiyyətlərinin uçotunun aparılması və təhsil pillələri üzrə buraxılış imtahanlarının təşkili ilə bağlı genişmiqyaslı islahatlar aparılır. Bunların əsas xarakterik xüsusiyyətləri aşağıdakı kimi səciyyələndirilir:
qiymətləndirmə və təhsil siyasətində müasir yanaşmaların tətbiqi və inkişaf etdirilməsi, bununla əlaqədar vaxtı keçmiş mövcud üsullardan imtina edilməsi;
imtahanların ədalətli və şəffaf keçirilməsi istiqamətində daha mütərəqqi üsulların seçilməsi;
yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi üzrə təhsil sistemi çərçivəsində müvafiq təşkilatların yaradılması;
yeni qiymətləndirmə sisteminin təşəkkülünə təhsil islahatlarının tərkib hissəsi, prioritet sahəsi kimi baxılması və onun müasir kurrikulumların hazırlanması siyasəti ilə əlaqəli kontekstdə nəzərdə tutulması.
Qiymətləndirmə Konsepsiyasının hazırlanması bu məqsədləri reallaşdırmaq istiqamətində aşağıdakı fəaliyyətlərin həyata keçirilməsinə xidmət edir:
qiymətləndirməyə və imtahan sistemlərinə yenidən baxmaqla, kurrikulumlarda mütərəqqi dəyişikliklərin zəruriliyinin əsaslandırılması, sınaqdan çıxmış mexanizmlər vasitəsilə cəmiyyətdə müasir baxışların, mədəni dəyərlərin, yeni hüquq və vəzifələrin formalaşdırılması;
yüksək rəqabət və bazar münasibətləri şəraitində milli mütəxəssislərin yetişdirilməsi üçün kurrikuluma yeni fənlərin və peşələrin daxil edilməsi, tədris proqramlarında əsas diqqətin praktik vərdişlərin aşılanmasına və problemlərin həllinə yönəldilməsi, bütün şagirdlər tərəfindən minimum standartların mənimsənilməsi;
təhsil sisteminin səmərəli fəaliyyətini təmin edən məktəbdaxili qiymətləndirmə sisteminin yaradılması məqsədi ilə müasir məzmun standartlarına cavab verən yüksək keyfiyyətli qiymətləndirmə vasitələrinin hazırlanması, təhsil pillələri üzrə buraxılış imtahanları üçün müvafiq prosedurların daha ədalətli və şəffaf tətbiq edilməsi və bu məsələlərin tənzimlənməsi üçün normativ hüquqi bazanın yaradılması;
təhsilin keyfiyyətinin idarə edilməsi, onun təşkilinin səmərəliliyinin artırılması və təsir dairəsinin genişləndirilməsi istiqamətində hökumətə və digər strukturlara kömək edən milli qiymətləndirmə sisteminin yaradılması, beynəlxalq qiymətləndirmə və müqayisəedilmə tədqiqatlarında ölkənin iştirakının təmin edilməsi.
 
1.5. Şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin vəzifələri
 
Qiymətləndirmə sistemindəki islahatlar təhsildə müsbət dəyişikliklərin aparılması üçün mühüm vasitə olduğundan, yeni qiymətləndirmə sisteminin yaradılması prosesinin kurrikulum və müəllim hazırlığı sahəsində aparılan islahatlarla sıx əlaqəli şəkildə həyata keçirilməsi, dərslik və təlim materiallarının yaradılmasına yeni yanaşmaların formalaşdırılması ciddi vəzifələrdən hesab olunur. Bu istiqamətdə görülən işlər vasitəsilə aşağıdakıların reallaşdırılması nəzərdə tutulur:
ölkədə kurrikulum hazırlanmasını və qiymətləndirmə fəaliyyətini bir-biri ilə əlaqələndirən tam milli sistemin yaradılması;
qiymətləndirmədən təlim və tədrisin ehtiyaclarını ödəmək üçün istifadə edilməsi;
təhsilin keyfiyyəti haqqında obyektiv məlumatları əldə etmək məqsədi ilə səmərəli idarəetmə üçün məktəbdaxili və milli qiymətləndirmə sistemlərinin yaradılması, ölkənin beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakının təmin edilməsi.
Bu məqsədlərə nail olunması üçün aşağıdakı strateji fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir:
şagird nailiyyətlərinin qiymətləndirilməsi fəaliyyətinin uzunmüddətli strategiyasının, məktəbdaxili və milli qiymətləndirmə konsepsiyalarının işlənib hazırlanması;
məktəbdaxili və milli qiymətləndirmənin, habelə yeni imtahan sisteminin yaradılması, şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq proqramlarda ölkənin iştirakının təmin edilməsi;
şagird nailiyyətlərinin qiymətləndirilməsi tədbirlərinin səmərəli təşkili üçün təlimatların, metodiki vəsaitlə­rin, idarəetmə və maddi-tex­niki təchizat planının hazırlanması;
kurrikulum islahatı çərçivəsində müvafiq qiymətləndirmə üsullarının və vasitələrinin yaradılması üzrə mütəxəssislərin hazırlanması, bu üsul və vasitələrin istifadəsi istiqamətində müəllimlərin təliminin təşkili;
qiymətləndirmə nəticələrinin təhlilinin aparılması, hesabatların hazırlanması və ölkədə təhsilin keyfiyyətinin qiymətləndirilməsi sisteminin qurulması.
 
1.6. Şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas xüsusiyyətləri
 
Fənlər üzrə məzmun standartlarının müəyyən edilməsində əsas məqsəd həmin standartların şagird tərəfindən mənimsənilməsi istiqamətində hədəflərin təyin edilməsidir.         Qəbul edilmiş standartlara uyğun bilik və bacarıqlara nail olmaq üçün şagirdin fəaliyyəti fasiləsiz stimullaşdırılmalı, onların daha yüksək səviyyəli standartları mənimsəməsi üçün müvafiq şərait yaradılmalıdır. Optimal vəziyyətdə heç bir şagirdin tədris ili boyunca geri qalmasına imkan verilməməli, əksinə, hər bir şagirdin nailiyyəti diqqət mərkəzində olmalıdır. Bu baxımdan şagird nailiyyətlərinin qiymətləndirilməsi davamlı, dinamik və rəsmi olmayan prosesdir. Bu prosesdə müəllimlərin şagirdlər üzərində müşahidəsi, şagirdlərin sinif işlərini və ev tapşırıqlarını yerinə yetirmələri, yazılı və şifahi cavabları vacibdir.
Düzgün həyata keçirilmiş qiymətləndirmənin nəticələri müəllimin fəaliyyəti, bu fəaliyyətin şagirdlərin tələbatına nə dərəcədə cavab verməsi, habelə kurrikulumda, planlaşdırmada və dərsliklərdə müvafiq dəyişikliklərin aparılması zərurəti haqqında qərar qəbul etməyə şərait yaradır.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi şagirdin biliklərə yiyələnmək, onlardan istifadə etmək, nəticə çıxarmaq bacarıqları haqqında məlumatların toplanması prosesi kimi qəbul edilir və aşağıdakı məqsədlərə xidmət edir:
- şagirdin nailiyyətinin (və ya geriləmələrinin) izlənilməsi (monitorinqi);
- təlim prosesində qərarların qəbulu;
- şagirdin təlim nəticələrinin qiymətləndirilməsi;
- kurrikulumun qiymətləndirilməsi.
Qiymətləndirmə və təlim proseslərinə təhsilin qarşılıqlı əlaqədə olan iki tərəfi kimi baxılır. Sistemli proses olan qiymətləndirmə təlim nəticələri ilə maraqlı tərəflər arasında səmərəli əks-əlaqə vasitəsi kimi aşağıdakı komponentləri əhatə etməklə qurulur:
qiymətləndirmə məlumatları. Bunlara şagirdlərin nailiyyətlərini və təlimə münasibətlərini, müəllimin hazırlıq səviyyəsini, fənn kurrikulumlarının xarakterik cəhətlərini, təlim resurslarının bölgüsünü əks etdirən məlumatlar və fəaliyyətlərin icra mexanizmləri daxildir;
məlumatların toplanması. Bu proses testlərin keçirilməsi, şagird tapşırıqlarının yoxlanılması, sinifdə müsahibələrin aparılması, fənn kurrikulumlarının icra keyfiyyətinin, şagirdlərin və müəllimlərin fəaliyyətlərinin müşahidəsi, qiymət cədvəlləri və digər məktəb sənədlərinin təhlil edilməsi kimi üsullarla həyata keçirilir;
qiymətləndirmə nəticələri. Həmin nəticələrdən tədris prosesinin planlaşdırılması və istiqamətləndirilməsi, qiymət ballarının hesablanması, müqayisələrin aparılması, təhsil sənədlərinin və lisenziyaların verilməsi, təhsilin bir pilləsindən digərinə keçilməsi, pedaqoji nəzəriyyələrin formalaşdırılması, təhsil siyasətinin qurulması və onun təsirliliyinin monitorinqinin aparılması, təlim resurslarının bölgüsü, kurrikulumun və tədrisin keyfiyyətinin dəyərləndirilməsi zamanı istifadə olunur, eləcə də geniş ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır;
qiymətləndirmə standartları. Bu standartlar təhsilin keyfiyyətini qiymətləndirmək üçün əsas meyarları təyin edir, şagird nailiyyətlərinin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi üçün istifadə olunan qiymətləndirmə üsulları və vasitələrinin keyfiyyətini təsvir edir, qiymətvermə prosesinin qanuniliyinə zəmanət verir;
şagird nailiyyətlərinin qiymətləndirilməsində əsas prinsiplər.
Bütün növ qiymətləndirmələrin aparılmasında aşağıdakı prinsiplərə riayət olunur:
məqsədəuyğunluq. Nəzərdə tutulmuş məqsədlə qiymətləndirmə arasında uzlaşma təmin olunur. Qiymətləndirmə əvvəlcədən planlaşdırılır, onun xidmət edəcəyi məqsədlər müəyyənləşdirilir, şagird haqqında toplanılan zəruri məlumatların mahiyyəti, texniki keyfiyyəti və əsas xüsusiyyətləri göstərilir, məlumatların toplanılması və təhlili üsulları seçilir, veriləcək qərarın mahiyyəti təsvir edilir. Qiymətləndirmənin nəticələri müəyyən olunmuş məqsədləri əks etdirir. Qəbul edilmiş qərarlar və toplanılmış məlumatlar arasında əlaqələrin şəffaflığı təmin edilir. Qiymətləndirmə prosedurları daxilən ardıcıl qurulur və vəhdət təşkil edir;
nailiyyətlərin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi. Müvafiq indikatorlar vasitəsilə təhsil imkanları haqqında aşağıdakı məlumatlar toplanır: sinifdaxili indikatorlar vasitəsilə - müəllimin peşəkarlıq səviyyəsi, təlimin məzmunu, irəliləyişlərin, qiymətləndirmələrin koordinasiya səviyyəsi, təlim üçün ayrılmış vaxt, şagirdin tələblərini ödəyən resurslar və tədris vasitələrinin keyfiyyəti;
bilavasitə təhsil sistemi ilə bağlı indikatorlar vasitəsilə - dövlət standartları, tədris proqramları, adambaşına düşən təhsil xərcləri;
digər indikatorlar vasitəsilə - məişət problemləri ilə bağlı məsələlər;
toplanılmış məlumatların keyfiyyətcə müvafiqliyinin və etibarlılığının təmin edilməsi (validlik və relevantlıq). Məlumatların keyfiyyəti qəbul edilmiş qərar və fəaliyyətlərin münasibliyinə təminat verir. Qiymətləndirmə məqsədləri real seçilir və ölçülə bilən xüsusiyyətlər qiymətləndirilir. Şagirdin nailiyyətləri ona yaradılmış imkan daxilində müəyyən sahədə yerinə yetirdiyi konkret tapşırığın səviyyəsinə görə qiymətləndirilir.
Qiymətləndirmə məqsədləri və nəzərdə tutulmuş müvafiq məlumatlar müxtəlif vaxtlarda istifadə edildikdə belə, eyni qərar verməyə imkan yaradır və kifayət qədər dayanıqlıdır;
qiymətləndirmədə şəffaflıq, ədalətlilik, qarşılıqlı razılaşma və əməkdaşlıq. Məlumatların toplanılması prosesi, müəllimin istifadə etdiyi qiymətləndirmə meyarları və hətta onun özünün peşəkarlıq səviyyəsi şəffafdır və qiymətləndirmə tapşırıqlarında şablonların, fərziyyələrin, şagirdlərin diqqətini yayındıran digər məsələlərin istifadəsinə yol verilmir. Onlar şagirdlərin maraqlarına və imkanlarına görə müxtəlif kontekstlərdə (etnik xüsusiyyətlər nəzərə alınmamaq şərtilə) qurulur. Sağlamlıq imkanları məhdud uşaqlar üçün qiymətləndirmə tapşırıqları müvafiq qaydada uyğunlaşdırılır. Qiymət mükəmməl və düşünülmüş, məqsədəmüvafiq, tədris proqramlarına və digər normativ sənədlərə müvafiq verilir;
təlim fəaliyyətində qiymətləndirmə nəticələrinin inkişafetdirici rolunun təmin edilməsi. Nəticələr əsasında sinifdaxili fəaliyyətlər təşkil edilir, kurrikulumun hazırlanması və idarə edilməsi (təhsilin məzmun münasibliyinin tənzimlənməsi, məzmunda şagird maraqlarının təmin edilməsi, arzuolunan təlim nəticələrinin mənimsənilməsi üçün fəaliyyətlərin və seçilmiş tapşırıqların səmərəliliyi, onların şagird bacarıqlarının inkişafında əhəmiyyətinin təmin edilməsi) həyata keçirilir. Şagird tədqiqatçılığının inkişaf etdirilməsi, onun idrak qabiliyyətlərinin qiymətləndirilməsi (müəyyən qanunauyğunluğun başa düşüldüyünü əks etdirən hissəni seçmək və ya sorğu keçirmək bacarığı, qavramanın təsdiqini əks etdirən şifahi, yazılı və ya təsviri tapşırıq nümunəsini yerinə yetirmək bacarığı, yerinə yetirilən tapşırıq nümunəsində tənqidi təhlil aparmaq bacarığı, digər şagirdlərin yerinə yetirdiyi tapşırıq nümunələrində səmərəli tənqidi təhlil aparmaq bacarığı) aparılır.
Müəllim tərəfindən qiymətləndirmə meyarları əsasında müəyyən təlim mərhələsinin əvvəlində və sonunda şagirdin tədris proqramının mənimsənilməsi üzrə irəliləyiş səviyyəsi və digər nailiyyətləri barədə hesabatlar verilir.
 
1.7. Əsas qiymətləndirmə növləri
 
Məzmun standartlarının mənimsənilməsi istiqamətində əsasən aşağıdakı qiymətləndirmə növlərindən istifadə olunur və onların hər biri qeyd edilən müvafiq məsələlərə aydınlıq gətirmək məqsədi daşıyır:
ilkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə). Şagirdlər əsas bilik və bacarıqlara müəyyən dərəcədə malikdirlərmi? Şagirdlər tədris edilmiş materialın hansı hissəsini bilirlər?irəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə). Standartların mənimsənilməsinə doğru şagirdlər kifayət qədər irəliləyə bilirlərmi?yekun (summativ) qiymətləndirmə. Şagirdlər verilmiş standart və ya standartlar qrupunda müəyyən edilmiş məqsədlərə nail olublarmı?
Qiymətləndirmənin bu növləri şagirdləri hər bir fənnin məzmun standartlarında göstərilən əsas bilik və bacarıqların əldə edilməsinə yönəlmiş fəaliyyət istiqamətləri ilə təmin edirlər;
ilkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə) şagirdin biliyini müəyyən edir və təlimin düzgün qurulmasında müəllimə köməklik göstərir. Təlim prosesində düzgün istiqamətləndirilmiş şagird öyrənilmiş materialın təkrarına vaxt itirmir, həmçinin onun üçün başa düşülməyən və ya tanış olmayan material qalmır. İlkin səviyyə qiymətləndirməsinin sualları bir-biri ilə elə əlaqələndirilib tənzimlənməlidir ki, onların bəziləri şagirdin hansı biliklərə malik olduğunu, digərləri isə yeni materialı mənimsəmiş şagirdləri müəyyən etsin. Əgər ilkin səviyyə qiymətləndirilməsi şagirdlərin sinifdəki fəaliyyətini müqayisə etmək və ya sonrakı inkişafını qiymətləndirmək üçün ilkin məlumat bazasını yaratmaq məqsədi ilə istifadə olunursa, onda bu suallar əsas psixometrik tələblərə cavab verməlidir;
şagird irəliləyişlərinin monitorinqi (formativ qiymətləndirmə) vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsi həyata keçirilir, alternativ üsul və mənbələrdən istifadə və ya şagirdin daha irəliyə addım atması üçün ona əlavə impulsun verilməsi barədə ehtiyaclar müəyyənləşdirilir.
Qəbul edilmiş standartların reallaşmasına istiqamətlənən irəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə) sinifdə hər bir şagirdin inkişafının hərəkətverici amilinə, təlimin həlledici komponentinə çevrilir. Müəllim yalnız belə monitorinq vasitəsilə tədris prosesini tənzimləyir, bütün şagirdlərin irəliləyişlərini təmin edir, eyni zamanda uğur qazana bilməyən şagirdlərin ehtiyaclarını öyrənərək, onlara əlavə köməklik göstərir. Bu mənada şagirdlərin faktiki fəaliyyətinin nəticələri müəllim üçün real indikatorlara çevrilir.
Monitorinqlər müəyyən anlayışların mənimsənildiyini müşahidə etməklə və ev tapşırıqlarını nəzərdən keçirməklə, yaxud daha formal qiymətləndirmə tipindən istifadə etməklə aparıla bilər. Monitorinqlərin hansı formada aparılmasından asılı olmayaraq, onlar müntəzəm xarakter daşımalıdır. Bundan əlavə, hər altı həftədən gec olmayaraq, şagirdlərin standartlar üzrə nailiyyətlərinin daha ümumi monitorinqi təşkil edilməlidir.
Növbəti mərhələdə monitorinq şagirdlərin əldə etdiyi nailiyyətlərin mövcud standartlara uyğunluğunu öyrənmək məqsədi ilə aparılır. Bu prosesdə toplanmış məlumatlar tədris prosesinin tənzimlənməsində mühüm əhəmiyyətə malikdir. Həmin məlumatlar əsasında müəllim aşağıdakı suallara cavab axtarır və müəyyən nəticəyə gəlir:
- Mən irəli getməliyəm, yoxsa hansısa bir hissəyə daha çox vaxt sərf etməliyəm?
- Şagirdlər öyrəndiklərini sərbəst tətbiq edə biləcəklərmi, yoxsa əlavə tədris aparılmasına ehtiyac vardır?
- Planlaşdırılmış tədrisi bir neçə şagird üçün və ya hamı üçün sürətləndirilmiş formada apara bilərəmmi?
- Əgər belədirsə, bunun üçün ən yaxşı yol hansıdır?
İlkin səviyyənin qiymətləndirilməsi ilə oxşar xüsusiyyətləri olan yekun (summativ) qiymətləndirmə standart və ya standartlar qrupunda müəyyən edilmiş məqsədlərə şagirdlərin hansı səviyyədə nail olduqlarını aydınlaşdırır. Yekun (summativ) qiymətləndirmə aşağıdakı suallara cavab verir:
Şagird materialı mənimsəyə bilirmi?
Bildiklərini tətbiq edə bilirmi?
Daha irəli getmək üçün lazımi səviyyədədirmi?
Yekun (summativ) qiymətləndirmə standartların mənimsənilməsi istiqamətində şagirdlərin əldə etdiyi irəliləyişləri dəyərləndirir. Bu qiymətləndirmə növü mövzunun, bəhs və bölmənin, yaxud da tədris ilinin sonunda eyni qaydada həyata keçirilir. Yekun (summativ) qiymətləndirmənin ən mühüm cəhəti şagirdlərin mənimsədiklərini tətbiqetmə qabiliyyətinə nə dərəcədə malik olduqlarını aşkara çıxarmaqdır.
Yekun (summativ) qiymətləndirmənin bu xüsusiyyəti müəllimlərin testyönümlü tədrislə bağlı narahatlığını aradan qaldırır. Yekun qiymətləndirmə fənnin məzmun standartlarının tərtibi üçün aparıcı rol oynamır, əksinə qiymətləndirmənin bu standartlar əsasında aparılmasını təmin edir. Bundan əlavə, yekun qiymətləndirmə əldə olunan bilikləri tam əks etdirmir, lakin o, mənimsəmə səviyyəsinin etibarlı və adekvat göstəricisidir.

1.8. Qiymətləndirmə standartlarının və qiymətləndirmə vasitələrinin hazırlanması
 
Hər bir fənn kurrikulumunda məzmun standartları və onların mənimsənilməsi üçün istifadə edilən strategiyalarla yanaşı, nail olunmuş təlim nəticələrinin, əldə edilmiş bilik və bacarıqların qiymətləndirilməsi məqsədi ilə müvafiq qiymətləndirmə standartlarının nümunələrindən də istifadə olunur.
Məzmun standartları inteqrativ təlim nəticələri olub, şagirdin müvafiq bilik, bacarıq və dəyərlərə nail olmaqla səviyyəcə dəyişməsini təmin edir.
Qiymətləndirmə standartları məzmun standartlarının hansı səviyyədə reallaşdığını yoxlamaqla, baş vermiş dəyişikliklərin dərəcəsini müəyyən edir.
Qiymətləndirmə standartlarının təyin edilməsində imtahana əsaslanan metod vasitəsilə bütün maraqlı tərəflərin razılığı əsasında müvafiq siniflər üzrə milli səviyyədə yekun qiymətləndirmə (imtahan) keçirilir, nəticələr təhlil olunmaqla, standartlar təyin edilir. Məsələn:
minimum - şagirdlərin 90-100 faizi tərəfindən nail olunan standartlar;
yüksək - şagirdlərin ən yaxşı halda 30 faizi tərəfindən nail olunan standartlar.
Qiymətləndirmə standartlarının təyin edilməsində kurrikulumyönümlü metoda daha çox üstünlük verilir. Bu metoda görə:
qiymətləndirmə standartları milli kurrikulumda əks olunmuş nailiyyətlərə (nəticələrə) uyğun hazırlanır və faktiki olaraq şagirdlərin nəyi bacardıqlarına dair ölçmələrə deyil, mütəxəssis mühakimələrinə əsaslanır.
bütün məktəblərin, müəllimlərin təmsil olunduğu təşkilatların və digər maraqlı tərəflərin müzakirələri əsasında standartlara düzəlişlər edilir və arzuolunan nailiyyət səviyyələrinə dair ortaq fikir yaranır.
Qiymətləndirmə standartları 4 səviyyə üzrə qiymətləndirmə sxemləri şəklində hazırlanır. Qiymətləndirmə sxemləri xüsusi növ qiymətləndirmə şkalasıdır və iki əsas sualı əhatə edir:
1. Mən nəyi qiymətləndirməliyəm (obyekt, məzmun, aspektlər, tərəflər, xüsusiyyətlər)?
2. Aşağı, orta və yuxarı nailiyyət səviyyələrinin xüsusiyyətlərini necə müəyyənləşdirmək olar?
1-ci səviyyə ən aşağı, 4-cü səviyyə isə ən yüksək səviyyəni əks etdirir. 1-ci səviyyə və 2-ci səviyyə əksər şagirdlər, 3-cü səviyyə və xüsusilə 4-cü səviyyə isə daha istedadlı şagirdlər üçün nəzərdə tutulur.
Qiymətləndirmə sxemləri qiymətləndirmənin daha ədalətli, obyektiv, etibarlı və ardıcıl həyata keçirilməsinə imkan verir, tədrisin səmərəliliyi ilə bağlı müəllimləri faydalı məlumatlarla təmin edir və tələb edir ki, hər bir müəllim müvafiq şərtlər üzrə öz meyarlarını müəyyənləşdirsin. Qiymətləndirmə sxemləri şagirdin işini qiymətləndirmək üçün müəllimin sərf etdiyi vaxtı azaldır, keyfiyyət səviyyələri vasitəsilə müxtəlif qabiliyyətə malik şagirdlərin təhsil aldığı sinifləri nəzərə almağa şərait yaradır.
Qiymətləndirmə sxemləri fəaliyyətin qiymətləndirilməsi zamanı istifadə edilən meyarlarla bağlı şagirdlərin məlumatlandırılmasını, onların işinin necə qiymətləndiriləcəyini və onlardan nələrin tələb olunduğunu aydın şəkildə göstərməklə, konkret məqsəd və tələbləri (meyarları) müəyyən edir. Bu sxemlər şagird işlərinin keyfiyyətini daha yaxşı qiymətləndirməklə, təlim prosesində irəliləyişlərin qiymətləndirilməsi üçün çərçivə təyin edir, işlərin keyfiyyəti ilə bağlı əks tərəfə məlumat verilməsini təmin edir. Qiymətləndirmə sxemləri mahiyyət etibarı ilə iki növə ayrılır.
Holistik qiymətləndirmə sxemləri şagirdin işi ilə bağlı ümumi təəssürat yaradır və əksər hallarda fəaliyyət səviyyələrini əks etdirən 4-5 ballıq şkalaya əsaslanır. Bu növ sxemlər sürətli qiymətləndirmə aparmaqla, şagird nailiyyətləri üzrə ümumi mənzərəni təsvir edir.
Analitik qiymətləndirmə sxemləri şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini təyin edir. Qiymətləndirmədə, əsasən, 4-5 ballıq şkaladan istifadə edilir. Bu zaman şagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilməklə, onların nailiyyətləri haqqında daha ətraflı informasiya verilir, lakin qiymətləndirmə üçün daha çox vaxt tələb olunur.
Qiymətləndirmə sxemlərinin elementlərinə qiymətləndiriləcək əsas sahələr, nailiyyətin müxtəlif səviyyələrini dəyərləndirmək üçün qiymətləndirmə şkalası, nailiyyət səviyyəsini təsvir edən söz və ya rəqəm (səviyyə üzrə etiket), nailiyyət səviyyəsini daha müfəssəl təsvir edən söz və ya ifadə (səviyyə deskriptoru), hər bir nailiyyət səviyyəsi üzrə diqqət yetirilən məsələlərə aid konkret nümunələr (səviyyə indikatorları), nail olunması nəzərdə tutulan nəticə (standart) daxildir.
Şagirdlərin məzmun standartlarına nə dərəcədə nail olduqlarını ölçmək və qazanılmış bacarıqlar üzrə yekun (summativ) qiymətləndirmələr aparmaq üçün qiymətləndirmə vasitələrinin (testlərin) hazırlanması aşağıdakı ardıcıllıqla aparılır:
qiymətləndirmə vasitələrinin (testlərin) hazırlanması prosesində testlərin məqsədəuyğunluğu (məhz "nəzərdə tutulanı" qiymətləndirməsi) və etibarlılığı (real məlumatlara əsaslanması);
səmərəlilik üçün hər sinif üzrə nisbətən az (<10) və nisbətən çox (>10) məzmun standartına malik olan iki fənn qrupunun müəyyənləşdirilməsi;
yekun (summativ) testlərdə bütün standartların reprezentativ (təmsiledici) seçiminin təmin edilməsi;
yekun (summativ) testlərdə bütün səviyyələr üzrə də reprezentativ seçimin təmin edilməsi (1-ci səviyyə üzrə suallar 20%, 2-ci səviyyə üzrə suallar 30%, 3-cü səviyyə üzrə suallar 30%, 4-cü səviyyə üzrə suallar 20%).
 
2. Məktəbdaxili qiymətləndirmənin mahiyyəti və məzmunu
 
Yuxarıda göstərilən qiymətləndirmə növlərinə və qiymətləndirmə vasitələrinə əsaslanan məktəbdaxili qiymətləndirmə aşağıdakı əsas komponentləri əhatə edir:
şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqi;
şagird fəaliyyətinin təlim standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (kurrikulum üzrə qiymətləndirmə);
ümumtəhsil pillələri üzrə yekun qiymətləndirmənin (buraxılış imtahanlarının) aparılması.

2.1. Şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqi sistemi
 
Şagird nailiyyətləri və irəliləyişlərinin monitorinqi formativ qiymətləndirmə məqsədləri üçün məktəb səviyyəsində müəllimlər və məktəb rəhbərləri tərəfindən aşağıdakı mərhələlərlə həyata keçirilir:
formativlər, bəhslər və bölmələr üzrə yekun (kiçik summativ) qiymətləndirmə:
mövcud qiymətləndirmə normalarını və şifahi sorğular əsasında aparılan cari qiymətlərləndirmə qaydalarını təkmilləşdirmək məqsədi ilə həyata keçirilir;
şagirdin ayrı-ayrı mövzu və bəhslərin mənimsənilməsi ilə bağlı fəaliyyəti barədə məlumat toplamaq məqsədi ilə müəllim tərəfindən müntəzəm, davamlı olaraq müşahidə və monitorinqlər vasitəsilə aparılır;
mövzular və fəaliyyət tapşırıqları üzrə əvvəlcədən hazırlanmış qiymətləndirmə sxemlərindən və digər diskriptiv (təsviri) qiymətləndirmə üsullarından istifadə olunmaqla, şagirdin fəaliyyətini təsvir edir;
hər altı həftədən gec olmayaraq, tədris olunan mövzular üzrə müəllim tərəfindən hazırlanmış testlər və standartlaşdırılmış prosedurlar vasitəsilə şagird nailiyyətlərinin kiçik summativ (bəhslər üzrə yekun) qiymətləndirilməsini nəzərdə tutur;
yarımillər üzrə yekun (böyük summativ) qiymətləndirmə:
yarımillər üzrə mövcud qiymətləndirmələri təkmilləşdirmək məqsədi ilə ümumi monitorinqlərin davamı kimi müəllimlər və məktəb rəhbərləri tərəfindən həyata keçirilir;
yarımil ərzində keçilən tədris materialının mənimsənilməsi barədə şagirdlərə və valideynlərə ümumi məlumat vermək məqsədi ilə aparılır;
qiymətləndirmə vasitələri (eyni çətinlik dərəcəli və müxtəlif variantlı testlər, yardımçı tədris materialları) nümunələrə və müvafiq təlimatlara əsasən müəllimlər tərəfindən hazırlanır, məktəbin rəhbərliyi tərəfindən təsdiq edilir;
nəzarətçi və yoxlayıcılar cəlb edilməklə, dekabr və may aylarının sonuncu həftəsində xüsusi cədvəl əsasında aparılır;
nəticələri təhlil olunur, hesabat verilir, tədris və təlim prosesinin təkmilləşdirilməsində ondan istifadə edilir.

2.2. Kurrikulum üzrə qiymətləndirmə  
(şagird fəaliyyətinin təlim standartlarına uyğunluğunun müəyyənləşdirilməsi)
 
Kurrikulum üzrə qiymətləndirmə şagirdin təlim nəticələrinin məzmun standartlarına uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə aparılır. Qiymətləndirmənin bu növü Milli Kurrikulum çərçivəsi kontekstində hazırlanmış məzmun standartları və fənn kurrikulumları ilə yaxından əlaqəlidir.
Kurrikulum üzrə daxili qiymətləndirmə dərs ilinin sonunda hər bir sinifdə şagirdin fəaliyyətinin milli standartlara uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə müəllimlər tərəfindən aparılır.
Kurrikulum üzrə xarici qiymətləndirmə şagirdin fəaliyyətinin milli standartlara uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə tam standartlaşdırılmış formada, ibtidai (4-cü sinfin sonunda), əsas (9-cu sinfin sonunda) və orta (11-ci sinfin sonunda) təhsil pillələrinin sonunda müəllim və məktəb rəhbərləri tərəfindən aparılır (II yarımil üzrə yekun qiymətləndirmə ilə birləşdirmək olar).
Kurrikulum üzrə qiymətləndirmə vasitəsilə hər ilin sonunda şagirdin fərdi nailiyyətləri ölçülür, təlim-tədris prosesinin hədəfləri təyin olunur və bu hədəflərə doğru irəliləyişlər qiymətləndirilir, məktəblərin, siniflərin və şagirdlərin fəaliyyətləri arasında müqayisələr aparılır. Kurrikulum üzrə imtahanların əhəmiyyətinin və etibarlılığının artırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bütün sinifləri əhatə edən təhsil standartlarına əsaslanmış testlər toplusunun və standartlaşdırılmış imtahanlar sisteminin yaradılması, müvafiq təlimatların hazırlanması nəzərdə tutulur.
 
2.3. Buraxılış imtahanları (ümumtəhsil pillələri üzrə yekun qiymətləndirmə)
 
Buraxılış imtahanları təhsil pillələri üzrə (9 və 11-ci siniflər) testlər vasitəsilə mərkəzləşdirilmiş qaydada aparılır, nəticələri xüsusi prosedurlar və texniki vasitələr tətbiq edilməklə, Azərbaycan Respublikasının Təhsil Nazirliyində qiymətləndirilir, məzunlara şəhadətnamə və attestatların verilməsi təmin edilir.
Bu məqsədlə aşağıdakılar nəzərdə tutulmuşdur:
9-cu sinif buraxılış imtahanlarının nəticələri əsasında orta təhsil (10 və 11-ci siniflər) pilləsinin profillər üzrə təşkil edilməsi;
9-cu və 11-ci sinif buraxılış imtahanlarının iki əsas - Ana dili və riyaziyyat fənləri üzrə müvafiq sayda sualları əhatə edən testlər vasitəsilə aparılması;
yekun imtahanına Azərbaycan tarixi, coğrafiya, fizika, kimya, biologiya və xarici dil fənləri daxildir. Bu imtahanların hansı formatda, nə vaxt və harada keçirilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qərar qəbul edilməsi;
imtahanların maksimum təhlükəsizliyin təmin olunduğu şəraitdə keçirilməsi, şagirdlərin nəticələrinin qısa müddətdə optik qurğu və xüsusi kompüter proqramları tətbiq olunmaqla yoxlanılması, təhlil edilməsi, internet və digər vasitələrlə ictimaiyyətə çatdırılması.
 
3. Milli qiymətləndirmənin mahiyyəti və məzmunu
 
Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün müəyyən tədris dövrünün sonunda mütəmadi olaraq həyata keçirilən və şagird nailiyyətlərinin qiymətləndirilməsini təmin edən sistemdir. Xüsusi təmsiledici seçim etməklə, 4-cü və 9-cu sinif şagirdləri arasında obyektiv testlər, sorğu vərəqələri və müvafiq təlimatlar vasitəsilə bir qayda olaraq, 4-5 ildən bir aparılır və əldə olunan nəticələr kurrikulumun, təlim-tədris prosesinin keyfiyyətinin, təhsildə aparılan digər dəyişikliklərin dəyərləndirilməsinə, təhsilin keyfiyyətinə nəzarətin daha səmərəli həyata keçirilməsinə xidmət edir. Təlimin aparıldığı şərait tədris praktikası və təhsil prosesində iştirak edən tərəflərin münasibətində baş verən dəyişikliklər, həmçinin şagird nailiyyətlərinə təsir edən digər amillər barədə əlavə məlumatların əldə edilməsinə imkan verir.
 
3.1. Milli qiymətləndirmənin məqsədləri
 
Milli qiymətləndirmənin məqsədləri aşağıdakılardır:
şagirdlərin təlim nəticələrində zəif və güclü tərəfləri aşkar etməklə, ümumi mənimsəmə səviyyəsini və onun dinamikasını müəyyənləşdirmək;
şagirdlərin təlim nəticələrinə təsir edən mümkün amilləri təsvir etmək və nəticələr arasındakı fərqləri müqayisə etmək üçün şagirdlərin, onların ailələrinin, təhsil müəssisələri və tədris prosesinin xüsusiyyətlərini öyrənmək;
ölkədə təhsil siyasətini müəyyənləşdirmək üçün təhsilin vəziyyəti haqqında müvafiq məlumat toplamaq, öyrənilməsi və müzakirəsi tələb olunan problemləri və təhsilin inkişafının prioritet istiqamətlərini təyin etmək;
şagirdin təlim nəticələrinin və irəliləyişlərinin dəyərləndirilməsi vasitəsilə təhsilin dövlət standartlarının monitorinqini aparmaq, təhsil sisteminin məqsədlərinin müvafiqliyini və səmərəliliyini tənzimləmək, sistemin təsir dairəsini genişləndirmək;
təhsil siyasətini müəyyən edənlərin cavabdehlik səviyyəsini artırmaq.
ölkədə təhsilin məzmunu üzrə əsas prioritetlərin ictimaiyyət tərəfindən geniş müzakirəsini təşkil etmək.
 
3.2. Milli qiymətləndirmə üzrə təlimatların məqsədi və strukturu
 
Təhsil siyasəti ilə bağlı qəbul edilmiş qərarların təhsilin keyfiyyətinə uzunmüddətli təsirlərini nəzərə alaraq, onların həqiqi və etibarlı məlumatlara istinad edilməsi diqqət mərkəzində saxlanılır. Milli qiymətləndirmə vasitəsilə əldə edilən həmin məlumatların etibarlılığını təmin etmək üçün nəzərdə tutulmuş prosedurların yüksək keyfiyyətlə planlaşdırılması, qiymətləndirmə mərhələlərinin tam standartlaşdırılması, həmçinin cəlb olunmuş mütəxəssislərin vəzifələrinin tənzimlənməsi müvafiq təlimatlara uyğun olaraq həyata keçirilir.
Milli qiymətləndirmə üzrə təlimatların strukturu ölkə səviyyəsində şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə fəaliyyətləri əks etdirən standartlardan və onların icrası məqsədi ilə seçilmiş üsulları təsvir edən prosedurlardan ibarətdir.
Təlimatlar hazırlanarkən Azərbaycanda həyata keçirilmiş sınaq qiymətləndirmələr zamanı qazanılmış təcrübədən və qiymətləndirmə üzrə qəbul edilmiş bəzi beynəlxalq standartlardan istifadə olunmuşdur.
Təlimatlar aşağıdakı sahələr üzrə hazırlanır:
- planlaşdırma və idarəetmə;
- vasitələrin (alətlərin) hazırlanması;
- məlumatın toplanılması;
- məlumatın işlənilməsi və təhlili;
- nəticələrin ictimaiyyətə çatdırılması.
Bu çərçivə sənədində göstərilən sahələrin qısa icmalı aşağıda verilmişdir:
milli qiymətləndirmənin planlaşdırılması və idarə olunması
- müəyyən fənn/bölmə üzrə milli qiymətləndirmənin planı;
- seçimlərin aparılması planı;
- məlumatların toplanılması üçün metodların seçilməsi;
- məlumatların toplanılması üçün müvafiq planın hazırlanması;
- təhlilin aparılması və nəticələrin nəşr etdirilməsi üzrə plan;
-vasitələrin (alətlərin) hazırlanması
- tədqiqatın konseptual çərçivəsinin hazırlanması;
- vasitələrin (alətlərin) xüsusiyyətlərinin (spesifikasiyasının) hazırlanması (sorğular, siyahılar);
- test məsələlərinin hazırlanması;
- testin ümumi tərtibatı;
- test kitabçalarının tərtibatı;
- sorğuların hazırlanması;
- vasitələrin qrafiki və texniki redaktəsi;
- vasitələrin çap etdirilməsi;
- tədqiqatın aparılması üçün təlimatların hazırlanması;
məlumatların toplanılması
- məktəblər üzrə məlumat bazasının tərtib edilməsi;
- təmsiledici seçimlərin aparılması;
- məktəblərin məlumatlandırılması;
- məlumatları toplayacaq işçilərin seçilməsi və təlimatlandırılması;
- testin və sorğunun keçirilməsi;
- məlumatların toplanması prosesinin keyfiyyət təminatı;
məlumatların işlənməsi və təhlili
- testlərin qiymətləndirilməsi (yoxlanılması);
- məlumatların sənədlərə daxil edilməsi;
- məlumatların dəqiqləşdirilməsi və təhlili;
- tərkib elementlərinin və şkalaların dəqiqləşdirilməsi;
nəticələrin ictimaiyyətə çatdırılması
- nəticələrin təqdim edilməsi;
- sualların açıqlanması;
- nəticələrin yayılması;
- texniki hesabatın yazılması və sənədləşdirmənin aparılması.
Milli qiymətləndirmə sisteminin geniş planı üçün təlimatlar nəzərdə tutulmuş tədbirin əsas məqsədini, bu tədbirin əhatə etdiyi standartları, bu standartlara nail olmaq üçün istifadə olunan prosesləri və onların icra prosedurlarını təsvir etməklə hazırlanır.

 
4. Beynəlxalq qiymətləndirmənin mahiyyəti və məzmunu
 
Beynəlxalq qiymətləndirmə ilə bağlı qeyd etmək lazımdır ki, artıq bu sahədə konkret tədbirlərə başlanılmışdır. Azərbaycan Respublikası Təhsil Sektorunun İslahatı Layihəsi çərçivəsində PISA-2006 Proqramında iştirak edir.
Beynəlxalq qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi funksiyalarını yerinə yetirir. Burada müqayisəetmə tədqiqatları, monitorinqlər vasitəsilə aparılır, ölkədə təhsilin vəziyyəti haqqında məlumat əldə etmək, həlli tələb olunan daha əhəmiyyətli problemləri üzə çıxarmaq, onları araşdırmaq, nəticələri xarici ölkələrlə müqayisə etmək imkanı yaradılır. Bu qiymətləndirmə şagirdlərin qazanılmış bacarıqlardan istifadəetmə imkanlarının qiymətləndirilməsinə yönəldilmişdir, üç ildən bir həyata keçirilir, iştirakçı ölkələrin şagirdlərinin nəticələri arasındakı fərqləri izah edən amilləri (şagirdlərin və onların ailələrinin, təhsil müəssisələri və tədris prosesinin xüsusiyyətlərini) öyrənməyə, riyazi savadlılıq, oxu savadı, təbiət elmləri savadlılığı və əlavə olaraq müxtəlif tipli problemləri həlletmə bacarıqlarını qiymətləndirməyə xidmət edir.
 
4.1. Beynəlxalq qiymətləndirmə Proqramının əsas məqsədləri
 
Beynəlxalq qiymətləndirmə proqramının məqsədləri aşağıdakılardır:
ölkədə təhsilin vəziyyəti haqqında müvafiq məlumat əldə etmək, beynəlxalq səviyyəli müqayisələr aparmaq, öyrənilməsi və müzakirəsi tələb olunan problemləri, təhsilin inkişafının prioritet istiqamətlərini təyin etmək;
şagirdlərin nəticələrinə təsir edən mümkün amilləri təsvir etmək, nəticələr arasındakı fərqləri təyin etmək üçün şagirdlərin, onların ailələrinin, təhsil müəssisələri və tədris prosesinin xüsusiyyətlərini öyrənmək;
təhsilin məzmununun müəyyənləşdirilməsi və nəticəyönümlü yeni kurrikulumun hazırlanması üçün əsas təlim məqsədlərini təyin etmək, kompetensiyalara əsaslanan yanaşmanın məqsədəuyğunluğu istiqamətində tədqiqatlar aparmaq, gözlənilən və nail olunan təlim nəticələrini müqayisə etmək;
pedaqoji ölçmə nəzəriyyəsinin gündəlik təcrübədə istifadə olunan nəzəri və praktiki məsələlərini öyrənmək;
müasir qiymətləndirmə vasitələrinin hazırlanmasını, nəticələrin təhlili üsullarını və hesabatlar hazırlanması qaydalarını öyrənmək;
ölkədə təhsilin keyfiyyətinin qiymətləndirilməsi sisteminin qurulması istiqamətində ümumi orta təhsilin məzmunu üzrə əsas prioritetlərin ictimaiyyət tərəfindən geniş müzakirəsini təşkil etmək.
 
4.2. Beynəlxalq qiymətləndirmə proqramı üzrə həyata keçiriləcək əsas tədbirlər
 
Beynəlxalq qiymətləndirmənin həyata keçirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər aşağıdakılardır:
qiymətləndirmə tədqiqatı üçün təlimatların, test və sorğu vərəqələrinin hazırlanması;
ölkə üzrə bütün məktəblərin siyahısının hazırlanması, məktəblərin və şagirdlərin seçimi qaydalarının təyin edilməsi;
keçirilən tədqiqat nəticəsində əlavə olunmuş məlumatların qiymətləndirməni həyata keçirən təşkilata göndərilməsini təmin etmək;
nəticələrin qiymətləndirən təşkilat tərəfindən təhlil edilməsi, müvafiq hesabatların hazırlanması və ictimaiyyətə çatdırılması.
Tədqiqatın qiymətləndirilməsi vasitələri xarici beynəlxalq ekspertlərin və iştirakçı ölkələrin aparıcı mütəxəssislərinin interaktiv birgə fəaliyyəti prosesində yaradılır. Riyazi savadlılığı, oxu savadını, təbiət elmləri üzrə savadlılığı və problemləri həll etmək bacarığını yoxlamaq üçün kompleks şəkildə qurulmuş tapşırıqlar işlənib hazırlanır. Hər bir tapşırıq müəyyən problemi şərh edən ayrıca mətndən və müxtəlif çətinlik dərəcəsi olan bir neçə sualdan ibarət olur. Tapşırıqların yerinə yetirilməsi nəticələrinə görə şagirdlərin mətndəki situasiya ilə bağlı problemləri dərketmə və onları həlletmə qabiliyyətləri qiymətləndirilir.
 
5. Qiymətləndirmə islahatından gözlənilən nəticələr
 
Qeyd olunduğu kimi, yeni Qiymətləndirmə Konsepsiyası xüsusilə məktəbdaxili qiymətləndirmə sahəsində yeni Milli Kurrikulum çərçivəsi ilə sıx şəkildə əlaqəlidir. Yeni Kurrikulum və yeni təyin edilmiş standartlar olmadan şagirdlərin kurrikulum üzrə fəaliyyətini qiymətləndirmək üçün tələb olunan vasitələri (alətləri) hazırlamaq mümkün olmayacaqdır. Odur ki, qiymətləndirmə fəaliyyəti nəticəsində əldə edilən məlumatların həqiqi və etibarlı olmasını təmin etmək üçün fənn kurrikulumlarını hazırlayan və qiymətləndirməni tərtib edən tərəflərin birgə fəaliyyəti təşkil edilməlidir.
Həmçinin, qeyd etmək lazımdır ki, müəllim hazırlığı ilə bağlı ciddi islahatlar və geniş proqramlar həyata keçirmədən nə standartlar və kurrikulum, nə də qiymətləndirmə sahəsində arzuolunan nəticələr gözləmək olmaz. Kurrikulumu hazırlayan tərəflər, müəllim hazırlığı ilə bağlı qurumlar və qiymətləndirmə mütəxəssisləri arasında sıx əməkdaşlığın olması Azərbaycan Respublikasının ümumi təhsilində uğurlu islahatların aparılması üçün ilkin şərtdir.
Konsepsiya sənədinin və bu sənəd əsasında hazırlanacaq mərhələli İnkişaf Proqramının həyata keçirilməsi nəticəsində aşağıdakı nailiyyətlərin əldə edilməsi gözlənilir:
təhsildə qiymətləndirmə, imtahanların keçirilməsi sistemində islahat aparılması üçün uzunmüddətli strategiya işlənib hazırlanacaq, bu sahədə yeni mexanizmlər yaradılacaq, onların fəaliyyətləri vahid mövqedən koordinasiya olunacaq;
təhsil sistemində məktəbdaxili və milli qiymətləndirmələrin keçirilməsi metodologiyası, qiymətləndirmə standartları və vasitələrinin yaradılması, tətbiq edilməsi üçün müvafiq təlimatlar hazırlanacaq və bu fəaliyyət kurrikulum islahatı ilə əlaqələndiriləcək;
şagird nailiyyətlərinin qiymətləndirilməsinin yeni sistemi yaradılacaq, təhsil sistemində yeni monitorinq xidməti təşkil ediləcək, ümumtəhsil pilləsindən professional pilləyə keçiddə mərkəzləşdirilmiş buraxılış imtahanının keçirilməsi təmin olunacaq;
milli qiymətləndirmə üçün təhsil pillələrinə müvafiq vahid normativ tələbləri, attestasiya prosedurlarını nəzərdə tutan təlimatlar hazırlanacaq;
milli qiymətləndirmədə şagirdlər tərəfindən nail olunmuş təlim nəticələrinin dəyərləndirilməsi vasitəsilə təhsilin dövlət standartlarının monitorinqi aparılacaq;
təhsilin məzmununun müəyyənləşdirilməsi və nəticəyönümlü yeni kurrikulumun hazırlanması üçün əsas təlim nəticələri təyin olunacaq, kompetensiyalara əsaslanan yanaşmanın məqsədəuyğunluğu istiqamətində tədqiqatlar aparılacaq;
milli qiymətləndirmənin həyata keçirilməsi və idarə olunmasının monitorinqi aparılacaq, nəticələr təhlil olunacaq və məntiqi əsaslandırılacaq hesabatvermə prosedurları əsasında nümunəvi hesabatlar, əks-əlaqə sistemləri hazırlanacaq;
qiymətləndirməni həyata keçirmək məqsədi ilə müəllimlərin ixtisasartırma və maarifləndirilməsi işləri təşkil ediləcək və müvafiq hesabatlar hazırlanacaq;
beynəlxalq qiymətləndirmə üzrə normativ tələblər, attestasiya prosedurları, təlimatlar əsasında ölkədə şagirdlərin beynəlxalq qiymətləndirilməsi proqramı və digər proqramlar həyata keçiriləcək, qiymətləndirmə sahəsində fəaliyyət göstərən ölkədaxili və beynəlxalq qurumlarla əlaqələr yaradılacaq və məlumat mübadiləsi təmin ediləcəkdir.



Загрузка...
Həmçinin oxuyun:
Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

Təhsilin məzmunu

Təhsilin məzmunu

Diaqnostik Qiymətləndirmə  ilə bağlı xəbər var

Diaqnostik Qiymətləndirmə ilə bağlı xəbər var

Kurikuluma dair 25 maraqlı TEST

Kurikuluma dair 25 maraqlı TEST

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Azərbaycanda təhsil sistemi və təhsil sahəsində dövlət siyasətinin prinsipləri

Azərbaycanda təhsil sistemi və təhsil sahəsində dövlət siyasətinin prinsipləri

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir      I hissə

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I hissə

FƏAL- INTERAKTIV DƏRSLƏRDƏ KOLB MODELİNİN TƏTBİQİ

FƏAL- INTERAKTIV DƏRSLƏRDƏ KOLB MODELİNİN TƏTBİQİ

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Direktor olmaq istəyənlər üçün !!! İDARƏETMƏ QƏRARLARININ MAHİYYƏTİ VƏ TƏSNİFATI...

Direktor olmaq istəyənlər üçün !!! İDARƏETMƏ QƏRARLARININ MAHİYYƏTİ VƏ TƏSNİFATI...

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM

Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.