AzTehsil.com


Direktor
16 may 2016
10 702


Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...



Məktəb direktoru necə olmalıdır?
Avstraliyada məktəb direktorunun peşə standartı
Müasir məktəb direktoru necə olmalıdır? Dünyanın ən yaxşı təhsil sistemlərindən olan Avstraliyada hazırlanmış məktəb direktorunun peşə standartı bu suala cavab tapmağa kömək edərdi. Oxuculara da maraqlı olacağını düşünərək məktəb direktorunun peşə standartının Avstraliya təcrübəsini onların diqqətinə çatdırırıq.
Avstraliyada məktəb direktorunun peşə standartı onun fəaliyyətinə dair 5 sahə və 3 əsas istiqaməti özündə cəmləşdirən inteqrasiya olunmuş modeli əks etdirir. Oxuculara çatdırmaq maraqlı olardı ki, məktəb direktorunun fəaliyyəti 2 böyük sahəyə ayrılır, buraya özündə müəyyən missiyaları, məqsədləri, məktəbin dəyərlərini təcəssüm etdirən məktəbə rəhbərlik (liderlik) və məktəbin cari fəaliyyətinin təşkilini nəzərdə tutan menecment (müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, müxtəlif resurslardan istifadə, valideynlər və ictimaiyyətlə iş) daxildir.
Giriş. Avstraliyada məktəb direktorunun peşə standartı bu ölkənin təhsil sistemi işçiləri və mütəxəssisləri ilə məsləhətləşmələrdən sonra Təhsilin İdarə Olunması İnstitutu tərəfindən təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi və idarəetmənin yaxşılaşdırılması məqsədi ilə işlənib hazırlanıb. Bu institut Avstraliya hökuməti tərəfindən maliyyələşdirilir. Standart müəyyən edir ki, direktorlar öz işlərində uğur əldə etməyin vacibliyini başa düşməli və buna nail olmağı bacarmalıdırlar. Standart 2011-ci ilin fevral-may aylarında ölkənin ümumtəhsil müəssisələrində sınaqdan keçirilib. Sınaq gedişində standartın səmərəliliyi, faydası, dəyəri yoxlanılıb və əldə olunan nəticələr son variantda nəzərə alınıb. Bu ümummilli standartın məzmunu regionlarda mövcud olmuş əvvəlki 50 standartın modelini nəzərə alır. Yeni standart ölkənin bütün regionlarında və məktəblərində istifadə üçün əsas hesab olunur.
Standartın məqsədi. Standart məktəb direktorunun rolunun müəyyən olunması, ölkədə vahid yanaşmanın tətbiqi, məktəbdə direktorun işinin əks etdirilməsi və şagirdlərin uğur səviyyəsinin yüksəldilməsi məqsədilə məktəbin keyfiyyətli idarə olunması funksiyasının müəyyən edilməsi üçün hazırlanıb. Sənəd peşəkar direktorların məktəb həyatına cəlb olunmasının dəstəklənməsi və onların peşəkarlığının artırılması aləti kimi çıxış edir. Bu dərin məzmunlu standartdır, o, özündə tədris prosesinin idarə olunmasında istifadə oluna biləcək aşağıdakı informasiyaları cəmləşdirir:
- peşəkarlığın artırılmasının əsası kimi;
- öz işinin nəticələrinin təhlili, korrektə olunması və peşəkar inkişafa rəhbərlik üzrə;
- özünün və digər insanların idarə olunmasına rəhbərlik.
Standartın gücü onun peşəkar cəmiyyət tərəfindən tanınması ilə bağlıdır. Standart direktora öz işinin və peşəkar inkişafının təhlilini aparmağa imkan verir.
Məktəb direktorunun aparıcı rolu. XXI əsrdə məktəb direktorunun rolu cəmiyyətimizdə ən vacib rollardan biridir. Direktor gələcəyin yaradılmasında iştirak edir. Uşaq və yeniyetmələrin inkişafı, onların uğurlu şagird, özünəinamlı yaradıcı şəxsiyyət və fəal məlumatlı vətəndaş kimi formalaşmasında məsuliyyət onun üzərinə düşür.
Direktorlar inanmalıdırlar ki, təhsil bu gün və gələcəkdə cəmiyyətin və insanların həyatını dəyişə bilər.
Direktorlar məktəblərdə tədris prosesində aparıcı mövqelərdə durur. Onlar təhsil ideyasını inkişaf etdirmək üçün şagirdləri, müəllim və valideynləri öz arxasınca aparırlar.
Direktorlar bütün şagirdlərin yaxşı təhsil nəticələri almasını təmin etmək üçün vətəndaşların geniş əhatə dairəsi ilə əməkdaşlıq edirlər. Onlar məharətlə müəllimlər arasında əməkdaşlıq mühiti yaradır və dəstəkləyirlər.
Direktorlar yaradıcı və innovativ həllərin axtarışında həmkarları ilə əməkdaşlıq etməyi, bütün şagirdlərin keyfiyyətli nəticələr əldə etməsi üçün mürəkkəb, qeyri-müəyyən, problemli situasiyalarda işləməyi bacarmalıdırlar.
Standart həm də direktorların öz işlərində səmərəli nəticələrə nail olmaları üçün nələri bilməli, dərk etməli və yerinə yetirməli olması kimi tələbləri müəyyənləşdirir. Bu isə direktorlardan aşağıdakı sahələrdə böyük fədakarlıq tələb edir:
- Bütün səviyyələrdə müxtəlif yaşlı şagirdlərin təlim nailiyyətlərinin yüksəldilməsi;
- Hamı üçün bərabər və yüksək keyfiyyətli təhsil şəraitinin təmin edilməsi;
- Keyfiyyətli tədrisə imkan yaradan şəraitin yaradılması;
- Təhsil sahəsində dövlət siyasətinin və cəmiyyətin gözləntilərinin həyata keçirilməsi;
- Yerli, ümummilli və beynəlxalq səviyyədə XXI əsrin təhsil sisteminin təkmilləşdirilməsində iştirak etmək.
Standartın özəyi olan direktor üçün tələblər aşağıdakı prinsiplərə əsaslanır:
-Direktor öz işində təhsil prosesinə yanaşmaların və Avstraliya məktəblərinin müxtəlifliyini nəzərə almalıdır.
- Liderlərin qabiliyyət və bacarıqları ixtisaslar üzrə iş təcrübəsinin toplanması ilə inkişaf edir.
- Direktorun məktəbə rəhbərlik üzrə öz missiyasını həyata keçirmək sahəsində funksiyaları bütün əməkdaşlar arasında bölünməlidir. Məktəb qarşısında duran məqsədlərə nail olmaq üçün bütün işlər təhsil ocağının kollektivinin iştirakı ilə direktorun rəhbərliyi altında görülməlidir.
- Demək olar ki, bütün uğurlu liderlər eyni idarəetmə sxemindən istifadə edirlər. Məktəbə rəhbərlik işində effektivliyə nail olunmasının müxtəlif yolları təhsil dərəcələri və şəxsi keyfiyyətlərin müxtəlifliyi ilə izah olunur.
Direktorın iş şəraiti. Məktəb direktoru mürəkkəb, dəyişkən, tam problemli şəraitdə müasir məktəbə rəhbərlik etməklə və daima gələcəkdə təhsil sahəsinə irəli sürüləcək tələbləri diqqətdə saxlamaqla işləyir.
Yerli ictimaiyyətin və hər bir məktəbin iş şəraitinin unikallığı. Bütün məktəblər konkret sosial və coğrafi şəraitdə, yerli əhalinin mədəniyyəti, tarixi, mentaliteti, dəyərləri nəzərə alınmaqla, bütün şagirdlər üçün uğurlu bərabər təhsil imkanlarının təmin olunması ilə işləyir.
Avstraliya: hamı üçün təhsil. Direktorlar yerli əhalinin ənənəvi hüquqlarının, inanc və mədəniyyətinin öyrənilməsi və öyrədilməsi məqsədilə məktəbin təhsil birliyinin üzvləri ilə birgə işləməyə borcludur. Avstraliyada istər yerli əhalinin, istərsə də multikonfessiyalar və polimədəniyyətlərin yaşadığı regionlarda, iri şəhərlərdə, kənd yerlərində, uzaq rayonlarda bütün şagirdlər yaradıcı, təhsilli, fəal və özünəinamlı vətəndaşlar kimi yetişmək üçün təhsil almaq hüququna malikdirlər. Bu hüquqlara, eləcə də sağlamlıq imkanları məhdud olan şagirdlər və risk qrupuna aid uşaqlar da malikdir.
Qloballaşma: İqtisadiyyat və cəmiyyət. Müasir, sürətlə dəyişən dünyada bütün insanlar daha çox bir-biri ilə bağlı və bir-birindən asılı vəziyyətdə olurlar. Təhsil XXI əsrdə uğurlu vətəndaş olmaq üçün bütün insanlarda bilik, anlama, bacarıq və dəyərlərin formalaşmasında əsas və vacib yer tutur. Bir-biri ilə əlaqəli yerli, ümummilli və beynəlxalq şərait - bu, məktəb direktorlarının işlədiyi kontekstdir.
Avstraliyada məktəb direktorunun peşə standartı. Standartda direktorun gündəlik işinin (menecment) təşkili və məktəbə rəhbərliyi (liderliyi) üzrə verilən tələblər təsbit edilib. Standart bütün liderlərin ümumi keyfiyyətlərə malik olduğunu əks etdirən, özünü məktəb direktorunun fəaliyyətinə verilən 3 tələb kimi formulə olunmuş inteqrasiya modelidir.
Məktəb direktorları öz peşəkar fəaliyyətinin 5 sahəsində bu tələblərə istinad etməlidir.
Standartda məktəb direktorunun işləməli olduğu mürəkkəb, dəyişkən şərait, eləcə də onun gündəlik praktik fəaliyyətdə üzləşdiyi müxtəlif situasiyalar nəzərə alınıb. Məktəb direktorları standartda əks olunmuş modelə əsasən zəif və güclü tərəflərini müəyyən etmək üçün öz bilik, bacarıq, idarəetmə keyfiyyətləri və təcrübələrini müqayisə edə bilərlər. Bu hamı üçün məhz vahid sənəd, ümumu standartdır, çünki o, əslində direktorun qarşısında duran məqsəd və vəzifələri bütün mürəkkəbliyi ilə ümumiləşdirir. Standartın tələbləri iş şəraiti və təcrübəsindən asılı olmayaraq bütün direktorlara tətbiq oluna bilər.
Məktəb direktorlarını standartın konkret aspektləri, onların iş şəraiti, ixtisas və iş təcrübəsi üzrə fərqləndirmək mümkün olacaq.
Standart liderə (direktor) qarşı üç tələb irəli sürür:
* Onların təhsilin dəyər və məqsədlərini dərk etmələri;
* Peşəkar biliklərinin yüksək səviyyəsi;
* Şəxsi keyfiyyətlər, sosial bacarıq və şəxsiyyətlərarası ünsiyyət vərdişləri.
Bu tələblər beş əsas peşəkar sahədə həyata keçirilir:
* Tədris prosesinə rəhbərlik;
* Özünün və tabeliyində olanların peşəkar inkişafı;
* İnnovasiyaların tətbiqi və liderlik məktəbinin təkmilləşdirilməsi;
* Məktəbin idarə olunmasında liderlik;
* Məktəbin idarə olunması işinə ictimaiyyətin cəlb olunması.
Məktəb direktorunun peşə standartı - inteqrasiya olunmuş model. Məktəb idarəçiliyinin yüksək səviyyəsi. Standartda məktəb rəhbərliyinə olan tələblərin ayrıca yazılmasına baxmayaraq, onların qarşılıqlı surətdə bir-biri ilə bağlı olduğunu, bir-birindən asılı olduğunu və eyni dərəcədə vacib olduğunu qeyd etmək lazımdır. Onların necə tətbiq olunması isə məktəb direktorunun konkret iş şəraitindən asılıdır. Rəhbərlərə qarşı tələblər bütün peşəkar sahələrdə mövcuddur. Onlar arasında fərq iş şəraiti və kontekstdən asılıdır. Məktəb direktoru vəzifəsini tutmaq istəyən, eləcə də fəaliyyət göstərən direktorlar üçün vahid standartda əksini tapmış tələblərin praktikada necə tətbiq olunmasını özləri üçün müəyyən etmək zərurəti mövcuddur.
Məktəb direktoruna qarşı 3 başlıca tələb. Direktor məktəbə rəhbərliyi (lider olmaq) və menecmenti (məktəbin gündəlik həyatı ilə məşğul olmaq) həyata keçirməlidir. Rəhbərliyin (liderlik) həyata keçirilməsi məktəb qarşısında duran bütün hədəflərin direktor tərəfindən aydın başa düşülməsi, problemlərin aşkarlanması və onların həlli, innovasiyaların tətbiqi və məsuliyyəti öz üzərinə götürmək deməkdir. Menecment ortaya çıxan problemlərin sayını azaltmağa imkan verən sistemli yanaşmanı, təhsil xidmətlərinin göstərilməsində proqnozlaşdırmanı və davamlılığı nəzərdə tutur.
Direktor aşağıdakılar əsasında məktəbə rəhbərliyi və menecmenti həyata keçirir:
- Dəyər və məqsədlərin anlaşılması;
- Tədris proseslərini dərindən anlaması və bilməsi;
- Şəxsi keyfiyyətlər, sosial bacarıqlar və şəxsiyyətlərarası ünsiyyət vərdişləri.
Bütün bunlar məktəb rəhbərinə qarşı üç əsas tələbi təşkil edir.
1. Dəyər və məqsədləri anlama. Direktor öz məktəbində tədris proseslərinin məqsədli inkişafına rəhbərlik edir. O, demokratik dəyərləri, ədalət prinsipini, etik davranış normalarını, fasiləsiz təhsilin vəzifələrini əldə əsas tutaraq özünü böyüməkdə olan nəslin təlim-tərbiyəsinə həsr edir. Məktəb direktoru təhsil prosesinin müxtəlif iştirakçıları arasında lider, vasitəçidir və yerli ictimaiyyətin maraqlarına xidmət edir. Bu özünü direktorun məktəbdə həyata keçirdiyi strateji məqsədlərdə, məktəb mədəniyyəti, ənənələri və müsbət ab-havada göstərir. Direktor məktəbdə tədrisin yüksək səviyyədə dəstəklənməsinə nəzarət edir və məktəb həyatında qarşılıqlı hörmət mühitinin yaradılmasına xidmət edir.
- Məktəb direktoru özünün peşəkar fəaliyyətində ömürboyu təhsil prinsipini dəstəkləyir, şagirdlər, müəllimlər, valideynlər və ictimaiyyət ilə birlikdə qarşılıqlı olaraq onun həyata keçməsinə çalışır.
- Məktəb direktoru təhsil prosesinin bütün iştirakçılarının təhsilin yüksək keyfiyyətinə can atması üçün şagirdlər, müəllimlər, valideynlər və ictimaiyyət arasında motivasiyanın yüksəlməsinə çalışır.
- Məktəb direktoru yüksək mənəvi, əxlaqi davranış nümayiş etdirməlidir. O, məktəb həyatının təşkilində yüksək etik dəyərləri rəhbər tutur. O, özündə fəal vətəndaş mövqeyini əks etdirən demokratik dəyərlərə əsaslanır.
2. Tədris proseslərini dərindən anlamaq və bilmək. Məktəb direktorları müasir idarəetmə nəzəriyyəsi və praktikası ilə yaxşı tanışdır və rəhbərlik etdikləri məktəblərin işinin yaxşılaşdırılması üçün öz biliklərini tətbiq edirlər.
Məktəb direktorları müasir elmi-pedaqoji tədqiqatlar, o cümlədən təhsilin məzmunu və metodları, şagird nailiyyətlərinin qiymətləndirilməsi və hesabatlılıq sahəsində sərbəst surətdə baş çıxarırlar.
Onlar təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətləri, istər federal, istərsə də ştatlar üzrə qanunvericiliyin əsas müddəaları barədə yaxşı məlumatlıdırlar. Onlar uşaqların sağlamlığı və təhlükəsizliyi, insan resurslarının idarə edilməsi, maliyyə və hesabatlılıq, ümumiyyətlə, yerli əhalinin və cəmiyyətin tələbatına dair qanunvericiliyin və dövlət siyasətinin tələbləri kimi problemlərin əhəmiyyətini başa düşürlər.
- Direktorlar uşaqların inkişafi və tədrisi üzrə pedaqoji elmin müasir nailiyyətlərindən xəbərdar olmalı və məktəbin şagirdlərinin tələbatına uyğun olaraq tədqiqatların nəticələrini necə tətbiq etməyi bilməlidirlər. Buradan da məktəbin nailiyyətlərinin artırılması üçün təhsil ocağının idarəçiliyində dəyişikliklər edilməsi zərurəti ortaya çıxır.
- Məktəb direktorları öz məktəblərində tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsil siyasətində baş verən dəyişikliklər, həmçinin ətraf mühitin mühafizəsi və sosial siyasətdəki tendensiyalarla bağlı bilikləri öz məktəblərində tətbiq edirlər. Öz işlərində direktorlar məktəb şuraları, idarəedici şuralar və başqa qurumlara istinad edirlər.
- Direktorlar təhsil ocağının gündəlik işinin və strateji idarəetmənin təmin olunması üçün məktəbin təşkili və rəhbərliyi prinsipi üzrə öz biliklərini tətbiq edir.
3. Şəxsi keyfiyyətlər, sosial bacarıqlar və şəxsiyyətlərarası ünsiyyət vərdişləri. Bu tələb özündə emosional keyfiyyətləri, məktəb həyatının təşkili və kollektivə rəhbərlikdə özünə əminliyi əks etdirir. Direktorlar mütəmadi olaraq öz kollektivinin fəaliyyətini yoxlayır, situasiyadan asılı olaraq məktəbin idarəetmə üslubunda lazımi dəyişikliklər edirlər. Öz nüfuzundan, sosial bacarıqlarından istifadə etməklə onlar münaqişələri daha səmərəli həll etməyə çalışırlar. Onlar məktəb kollektivində etimad mühiti, tədris prosesində müəllimlər və şagirdlər arasında müsbət ab-hava yaratmağa qabildirlər.
- Direktor həm şəxsən, həm də həmkarlarının iştirakı ilə yaranmış problemi dəqiq müəyyən edə və onun müsbət həlli yollarını tapa bilər. Direktorlar onların müdaxiləsinin nə zaman tələb olunduğunu başa düşür və mümkün informasiyaların köməyi ilə öz qərarlarını qəbul etməyi və əməkdaşlarının nəzərinə çatdırmağı bacarırlar.
- Direktorlar səmərəli ünsiyyət qurmağı, təhsil birliyinin üzvlərini də əməkdaşlığa inandırmağı və buna cəlb etməyi bacarır. Onlar həmkarlarının fikirlərini dinləməyi, onları istiqamətləndirməyi, mübahisəli vəziyyətə birmənalı qiymət verməyi, əks-əlaqəni təmin etməyi bacarırlar.
- Direktorlar işləməli olduqları sosial, siyasi və yerli şəraiti nəzərə alırlar. Onlar daim öz kommunikativ vərdiş və inandırmaq bacarıqlarını təkmilləşdirirlər.
Məktəb direktorunun 5 fəaliyyət sahəsi. Məktəbə rəhbərliklə bağlı tələblərlə yanaşı, bütün liderlər üçün ümumi olan, məktəb direktorlarının spesifik işilə əlaqəli 5 peşəkar fəaliyyət sahəsi mövcuddur:
1. Tədris prosesinə rəhbərlik.
2. Peşəkar inkişaf (kollektiv üzvlərinin və özünün).
3. Məktəbin təkmilləşdirilməsində liderlik və innovasiyaların tətbiqi.
4. Məktəbin işinin təşkilində liderlik.
5. Öz işinə ictimaiyyətin cəlb olunması.
Fəaliyyətin bu növləri planlaşdırma və onun yerinə yetirilməsi, iş gedişində vəziyyətin təhlili və zərurət yarandığı təqdirdə planın korrektə edilməsi yolu ilə həyata keçirilir. Peşəkar fəaliyyətin idarəetmə modeli dövri xarakter daşıyır. Əgər bir mərhələ başa çatırsa, o yenidən (planlaşdırma, vəziyyətin təhlili və dəyişikliklər planının korrektəsi) təkrarlanır.
Planın tərtibi və onun reallaşdırılması. Konkret vəziyyətin qiymətləndirilməsi, planın işlənib hazırlanması, ehtiyatların bölüşdürülməsi, məktəbin dəyər və məqsədlərinə uyğun olaraq planın həyata keçirilməsi.
Nəticələrin təhlili. Məlumatların toplanması və təhlili, qərarların qəbul edilməsi.
Planın korrektə edilməsi. Planın necə həyata keçirilməsinin qiymətləndirilməsi, qərarların qəbulu prosedurunda və ya planda lazımi dəyişikliklərin edilməsi.
Məktəb direktoru planlaşdırma, planın həyata keçirilməsi, nəticələrin təhlili və planda düzəlişlərin aparılmasında kollektivin üzvləri ilə sıx əməkdaşlıq edir.
1. Tədris prosesinə rəhbərlik. Direktor öz məktəbində müsbət ab-hava yaradır və tədrisin effektiv üsullarının axtarışında məktəb kollektivinə kömək edir ki, bu da məktəbdən sonra təhsillərini davam etdirməyi planlaşdıran şagirdlərin həvəsini artırır. Direktorun vəzifəsi - effektiv tədris mədəniyyətini inkişaf etdirmək, tədrisin keyfiyyətinə rəhbərlik etmək, həmçinin şagirdlərin inkişafını və yüksək müvəffəqiyyət səviyyəsini təmin etməkdir. O, birgə planlaşdırma, eləcə də tədris nəticələrinin təhlili və onlara nəzarət yolu ilə təhsil prosesinin bütün iştirakçıları üçün ən yüksək gözləntilər həddi müəyyən edir.
Direktor məktəbin özünüidarəçiliyində şagirdlərin fəal iştirakını təşviq edərək onların davranışları və davamiyyəti üçün yüksək tələblər müəyyən edir.
Planın tərtib edilməsi və onun reallaşdırılması. Strateji planlaşdırmada tədris prosesini birinci yerdə qoymaq; əmin olmaq ki, çeşidli və çevik təlim proqramları tədrisə yaradıcı yanaşmalar və səmərəli təlim mühiti ilə dəstəklənir. Təlim prosesində strateji planlaşdırmanı həyata keçirmək. Məktəbi təkcə şagirdlər üçün deyil, eləcə də onların ailələri və yerli icma üçün təhsil mərkəzinə çevirmək üçün təhsilə bərabər çıxış imkanlarını təmin edən təhsil strategiyalarının işlənib hazırlanması.
Nəticələrin təhlili. Hər bir uşağın inkişafını təmin etmək üçün məlumatlar, normativ baza və müşahidənin istifadə olunduğu effektiv tədris metodları və qiymətləndirməni tətbiq etmək. Bütün məktəb çərçivəsində hər bir şagirdin müvəffəqiyyət dərəcəsinə görə ardıcıl və fasiləsiz nəzarəti təmin etmək.
Planın korrektə edilməsi. Təhsilin bütün səviyyələrində vicdanlı münasibəti qeyd etmək və bütün vicdansız yanaşma ilə mübarizə aparmaq. Tədris prosesinə düzəlişlər gətirən və uşaqların müvəffəqiyyət səviyyəsinə reaksiya bildirən müəllimlərin səmərəli işini dəstəkləmək. Direktor məsuliyyətin bölüşdürülməsi strategiyasının tətbiqinə imkan yaradır ki, bu da bütün şagirdlərə fəal olmağa və təhsildə öz imkanlarını maksimum açmağa imkan verir.
2. Peşəkar inkişaf (kollektiv üzvlərinin və özünün). Direktor tədris prosesinin yaxşılaşdırılmasını hədəf götürən peşəkar birliyin yaradılması üzrə həmkarları ilə birgə işləyir. Kollektivə rəhbərlik etməklə daim ixtisasın artırılması və əks -əlaqənin qurulmasına xidmət göstərir, yüksək peşəkarlıq standartları əldə etmələri və liderlik keyfiyyətlərinin inkişafında bütün müəllimlərə dəstək göstərir. Direktor öz qabiliyyətlərini maksimum inkişaf etdirmələrində müəllimlərə dəstək göstərir, onların hər birinə qarşı eyni dərəcədə ədalətlidir və onlara hörmətlə yanaşır. O, səmərəli liderlik keyfiyyətləri nümayiş etdirir, daim özünütəhsillə məşğul olur, bütün çətinlikləri ilə şəxsi və rəhbərlik keyfiyyətlərinə olan tələblərə uyğun olmaq üçün öz sağlamlığının qeydinə qalır.
Planın tərtibi və onun reallaşdırılması. Kollektiv üzvlərinin fəaliyyətini səmərəli planlaşdırmaq, bölmək və qiymətləndirmək, öz funksiya və vəzifələrinin yerinə yetirilməsini dəqiq ifadə etmək və yoxlamaq. Effektiv strategiya və pedaqoji kollektivin ixtisasartırma və peşəkar inkişafı prosedurunu tətbiq və nəzarət etmək. Öz qarşısında şəxsi vəzifələr qoymaq və onların həyata keçirilməsinə görə məsuliyyət daşımaq.
İşin gedişi və nəticələrin təhlili. Müəllimlərin fəaliyyətini təhlil etmək və qiymətləndirmək, işdə daha yüksək nəticələr qazanmaq məqsədilə rəhbərlik sistemi yaratmaq. Öz işlərinin nəticələrini mütəmadi təhlil etmək. Kollektiv üzvlərinin fərdi fəaliyyətinə qoyulan tələblərin aydın şəkildə ifadə edilməsinə, başa düşülən olmasına və qəbuluna nail olmaq.
Planın korrektə edilməsi. Bütün kollektivin və ayrı-ayrı müəllimlərin nailiyyətlərini qeyd etmək.
Kollektiv üzvlərinin liderlik keyfiyyətlərini inkişaf etdirməklə kreativlik təzahürlərinin və etimad mühitinin yaradılmasına xidmət göstərmək, məqsədli qruplar və əməkdaşlıq mühiti formalaşdırmaqla məktəbin qarşısına qoyduğu məqsədlərə çatmaq və pedaqoqların peşə inkişafına nail olmaq. İstedadları aşkara çıxarmaq, qarşıya qoyulmuş vəzifələrin və problemlərin həllində müxtəlif yanaşmaları dəstəkləmək. Məktəb kollektivi üzvlərinin fəaliyyətinin qənaətbəxş olduğu halda müvafiq tədbirlər görmək.
3. Məktəbin təkmilləşdirilməsində liderlik və innovasiyaların tətbiqi. Direktor məktəbdə tədris prosesinin inkişafı və yaxşılaşdırılması üzrə aydın planların yaradılması zamanı həmkarları ilə vəziyyətin təhlilinə əsaslanan sıx əməkdaşlıq edir. O dərk edir ki, onun işinin ən vacib hissəsi - məqsədlərə nail olmaq və məktəbin strateji planının həyata keçirilməsi üçün innovasiyaların tətbiqi və dəyişikliklər etməkdir.
Planın tərtib olunması və reallaşdırılması. Müxtəlif tədqiqatların nəticələrinə əsaslanaraq məktəb kollektivi ilə birlikdə təhsil ocağının işini təkmilləşdirmək. Həmkarlarının köməyinə arxalanaraq, dəyişən tələbləri və məktəbin gözləntilərini nəzərə almaqla innovasiyaların tətbiqini və vaxtı çatmış dəyişikliklərin aparılmasını təmin etmək; məqsədlərə nail olunmasının səmərəliliyinin yüksəldilməsi üçün layihələrdən istifadə etmək. Yeni texnologiyaların tədris prosesinə tətbiqində strateji rolu öz üzərinə götürmək.
Nəticələrin təhlili. İnnovasiyaların effektivliyini və edilən dəyişikliklərin səmərəliliyini aşkara çıxarmaq üçün tətbiq olunan strategiyaların təhlilinin yüksək səviyyəsini təmin etmək. Məktəbin gələcəyi ilə bağlı bütün gözləntilərin bütün kollektiv tərəfindən eyni şəkildə anlaşılması, dəstəklənməsi və həyata keçirilməsinə nail olmaq.
Planın korrektə edilməsi. Həmkarlarını öz planlarına cəlb etmək, onların yaradıcı yanaşmasını, innovasiyalara can atmasını, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi üçün yeni texnologiyalar və innovasiyaların tətbiqini dəstəkləmək. Strateji planlaşdırma, yaradıcı yanaşma və problemlərin həlli prinsiplərindən yararlanmaqla məktəb həyatının daim yaxşılaşdırılmasında şəxsən maraqlı olduğunu nümayiş etdirmək. Öz fəaliyyətində başçılıq etdiyi məktəbin vəziyyəti və inkişaf perspektivlərini nəzərə alan rəhbərlik üslubuna düzgün riayət olunması.
4. Məktəbin işinin təşkilində liderlik. Məktəbin resurslarının səmərəli istifadə olunması, müəllim heyətinin isə öz işində çətinlik hiss etməməsi, effektiv və təhlükəsiz iş şəraitinin, həmçinin maliyyə vəsaitlərindən səmərəli istifadənin təmin olunması üçün direktor məktəbin qiymətləndirilməsinin bir sıra metod və texnologiyalarından istifadə edir. Bu isə özündə məktəb kollektivinin üzvlərinə bir sıra səlahiyyətlərin verilməsi və onların fəaliyyəti üzərində ciddi nəzarətin həyata keçirilməsini cəmləşdirir.
Direktor əməkdaşlarının fəaliyyətinin şəffaflığına olan tələblərin onlar tərəfindən anlayışla qarşılanmasına nail olmalıdır. O, məktəb şurası, idarəedici şura, valideynlər və ictimaiyyətlə effektiv əməkdaşlığa əsaslanaraq məktəb həyatını daha uğurlu etməyə çalışır. Direktor məktəb işinin təşkilində səmərəli peşəkar yanaşmalardan istifadə edir. Bu isə özündə məktəb kollektivinin üzvlərinə bir sıra səlahiyyətlərin verilməsi və onların fəaliyyəti üzərində ciddi nəzarətin həyata keçirilməsini cəmləşdirir.
Planın tərtib edilməsi və onun reallaşdırılması. Məktəb şurası və idarəetmə orqanları tərəfindən təsdiq edilmiş proqram çərçivəsində tədris prosesinin səmərəliliyini dəstəkləmək üçün zəruri olan maliyyə vəsaitlərini xərcləmək. Ayrılmış büdcənin məktəbin prioritetlərinin dəstəklənməsi üçün istifadə olunmasına nail olmaq. Məktəbin dəyərlərini əks etdirən və qanunvericiliyin tələblərinə müvafiq olaraq sistemin və idarəetmə prosesinin effektivliyinə uyğun olaraq təşkilati struktur yaratmaq.
Nəticələrin təhlili. Məktəb siyasətinin və strateji planların büdcə çərçivəsində reallaşdırılması üçün resurslardan isifadə işinin və əməkdaşların fəaliyyətinin effektivliyini qiymətləndirmək və nəzarət etmək. Bütün mövcud resursların keyfiyyətini daim nəzarətdə saxlamaq. Şagird nailiyyətlərinin və tədris prosesinin keyfiyyətinin artırılması üçün resurslardan istifadənin səmərəliliyini qiymətləndirmək.
Planın korrektə edilməsi. Məktəbin qarşısında qoyduğu prioritetlərə və təhsil hədəflərinə nail olmaq üçün təhsil ocağının insani, maddi və tədris resurslarını səmərəli idarə etmək.
Müəllimləri məktəbə cəlb etmək və onları dəstəkləmək, təhsil ocağı qarşısında duran məqsədlərə çatmaq üçün müəllimlərin dərs yükünü onlar arasında bölmək.
5. Öz işinə ictimaiyyətin cəlb olunması. Direktor inklüzivlik prinsiplərinə əsaslanır, yerli ictimaiyyətin və təhsil sisteminin imkanlarının müxtəlifliyi və zənginliyini nəzərə alan yüksək gözləntilər mədəniyyətini yaradır. O, şagirdlərlə, onların ailələri və yerli ictimaiyyətlə müsbət əməkdaşlığı inkişaf etdirir.
Direktor şagirdlərin sağlamlığı və onların intellektual, mədəni, mənəvi, sosial inkişafı üçün diqqət və qarşılıqlı hörmət mühiti yaradır, uşaqların məktəbəqədər yaş dövründən başlayaraq yetkinlik dövrünə qədər fasiləsiz təhsil prinsipini dəstəkləyir. Direktor Avstraliya xalqının polimədəni təbiətini nəzərə alır. Direktor yerli əhalinin nümayəndələrinin başa düşülməsinə kömək edir. O, məktəbin şagirdlərinin bütün dil və mədəni resurslarının zənginliyi və rəngarəngliyini tanıyır və istifadə edir. O öz həyatında mürəkkəb problemlərlə üzləşən şagirdlərin və onların ailələrinin tələbatlarını bilir və onları dəstəkləyir.
Planın tərtibi və reallaşdırılması. Təhsil imkanlarının təmin olunması (aztəminatlı ailələrdən olan uşaqlar da daxil) üçün təhsil strategiyaları hazırlamaq. Valideynlər, ictimaiyyət və biznes nümayəndələri, dövlət orqanları ilə əməkdaşlıq etməklə tədris prosesini təkmilləşdirmək. Bu əlaqələrin reallaşdırılması üçün müvafiq strukturlar yaratmaq.
Nəticələrin təhlili. Təlim prosesinin ictimaiyyətlə bağlı olduğunu inandırmaq, yerli cəmiyyət üzvlərinin məktəblilərin təhsilində iştirakını təmin etmək. Tədrisin keyfiyyətinin yüksəldilməsi məsələləri ilə əlaqədar ictimaiyyət nümayəndələri və şagirdlərin ailələri ilə fəal əlaqə qurmaq.
Planın korrektə olunması. Məktəblilərin şəxsi inkişafı və müvəffəqiyyət səviyyəsinin yüksəldilməsi məqsədilə şagirdlərin ailələri ilə effektiv əməkdaşlıq mühitini yaratmaq və dəstəkləmək. Digər məktəblərlə əməkdaşlıq etmək və onların direktorları ilə təcrübə mübadiləsi aparmaqla təhsil sisteminin inkişafına xidmət göstərmək. Uşaq və gəncliyin müdafiəsi ilə məşğul olan müvafiq dövlət orqanları ilə fəal əməkdaşlıq etmək.
"Uçitelskaya qazeta"dan
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"



Загрузка...
Həmçinin oxuyun:
Məktəb direktorunun əmək funsiyaları...

Məktəb direktorunun əmək funsiyaları...

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir      I hissə

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I hissə

Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

“Bilikli müəllimlər daha yüksək əməkhaqqı əldə etməlidir”

“Bilikli müəllimlər daha yüksək əməkhaqqı əldə etməlidir”

Kimya laborantı təlimatı məktəb kimya müəllimləri və laborantları üçün işlənib hazırlanmışdır

Kimya laborantı təlimatı məktəb kimya müəllimləri və laborantları üçün işlənib hazırlanmışdır

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

"Təhsil Qanunu"na aid testlər və cavabları

"Təhsil Qanunu"na aid testlər və cavabları

Direktor olmaq istəyənlər .......Liderlik nədir  ?

Direktor olmaq istəyənlər .......Liderlik nədir ?

Sinif rəhbərləri  oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Sinif rəhbərləri oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

İclası necə təşkil etməli və onu necə uğurla idarə etməli.....

İclası necə təşkil etməli və onu necə uğurla idarə etməli.....

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

MÜDİRLƏ LİDER ARASINDA 10 FƏRQ--DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN

MÜDİRLƏ LİDER ARASINDA 10 FƏRQ--DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar