AzTehsil.com


Müəllim
23 may 2016
23 548


Müasir müəllim necə olmalıdır ?



Müasir müəllim necə olmalıdır ?MÜASIR MÜƏLLIM  NECƏ OLMALIDIR?
Müstəqil Azərbaycan təhsil sisteminin beynəlxalq sistemə inteqrasiyası üçün bu sahədə çoxlu dəyişikliklər, islahatlar gedir. inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yeni əsrdə cəmiyyətin və insanların inkişafı üçün yaradıcı, müstəqil düşünən və inkişaf edən şəxsiyyət formalaşmalı, yetişdirilməlidir. indi hər birimiz bilirik ki, Azərbaycan təhsilinin qarşısında duran ən əsas məsələlərdən biri yüksək mədəniyyətli, mütərəqqi dünyagörüşlü, insan hüquqları və azadlıqlarına hörmət etməklə müstəqil və yaradıcı düşünmə qabiliyyətinə malik, vətənpərvər şəxsiyyət yetişdirməkdir. Təhsil sisteminin qarşısında duran bu məsələnin həlli üçün ilk növbədə müəllim özü keyfiyyətcə dəyişməli, «reproduktor» rolundan imtina etməli və yeni bir rolu – biliklərin əldə edilməsi yolunda bələdçi rolunu qəbul etməlidir. Deməli, müəllim təlimin yeni texnologiyasını bilməli, yeni proqram və dərsliklərdən istifadə etməli, ən başlıcası isə hörmətli nazirimizin dediyi kimi «müəllim öz pedaqoji fəaliyyəti dövründə mütəmadi olaraq metodiki və professional» səviyyəsini yüksəltməli, elmi-nəzəri biliklərini artırmalıdır.Fərəhli haldır ki, 2003-2004-cü dərs ilinin «Təhsil sistemində müasir yanaşmaların təşəkkülü ili» elan edilməsi müxtəlif təhsil ocaqlarında təlimin yeni üsullarından istifadə edilməsinə səbəb olmuş, dərsə və müəllimə verilən tələblər kökündən dəyişmişdir. Müasir dərsə verilən tələblərdən çox yazılır, lakin müəllimin pedaqoji fəaliyyətinə tələblər, müəllimin pedaqoji fəaliyyətini qurmağın yolları isə nisbətən az işıqlandırılır. Beləliklə, müasir müəllim necə olmalıdır? Bu sualın cavabı müəllimlərin bir növ fəaliyyət planına daxil olaraq, özlərinə tənqidi yanaşmağa, özünü təhsilə istiqamətləndirməyə kömək edir. Dərs deyən hər bir müəllim öz fəaliyyətini üç aspektdən qurmalıdır. Bu, təşkilati, təlim və tərbiyəvi fəaliyyətdir. Gözəl alınan hər bir dərs, əlbəttə, müəllimdən asılıdır. Müəllimin bu sahədə təşkilati fəaliyyəti birinci yerdə durur. I Təşkilati fəaliyyətdə ilk öncə, müəllim keçəcəyi dərsin «ssenarisini» – icmalını yazmalıdır. Bu proses hər dərs üçün olduğu üçün «gündəlik» adlanır. Dərsi hansı sualla keçəcəyini mövzuya görə qurmalı və nəticəni əvvəlcədən görməyi bacarmalıdır. Belə ki, bir həqiqətdir ki, fəal təlim üsullarını bütün mövzular üçün eyni qaydada tətbiq etmək lazımi nəticəni vermir. Odur ki, mövzuya uyğun metod seçməkdə də müəllim səriştəli bir təşkilatçı olmalıdır. Müəllimin təşkilati fəaliyyətinə daxil olan xüsusiyyətlərdən biri də dərsdə əyanilik prinsipinin tətbiqidir. Bəs əyani vasitələri haradan almalı? Uzun illərin təcrübəsi göstərir ki, hər bir mövzuya əyani vəsait təşkil etmək olar. Bir çox müəllimlər mövzuların bəzən şəkilsiz, tablosuz olmasından gileylənirlər, əyani vəsaitin olmamasından narazılıq edirlər. Amma gəlin, etiraf edək ki, mövzulara diqqət yetirsək, sxem, cədvəl, müqayisə xarakterli diaqramlar tərtib etmək olar. İstənilən mövzunun daha yaxşı mənimsənilməsi üçün əyanilik vacibdir. Müəllimin təşkilati fəaliyyətinə dərsdə əməkdaşlıq şəraitinin yaradılması da daxildir. ġagird müəllim üçün «robort» deyil, o, dərs prosesinin bərabər hüquqlu iştirakçısıdır. Müəllim onu subyekt kimi sərbəst düşüncə tərzi olan, nəticə etibarı ilə şəxsiyyət kimi qəbul etməlidir. Elə mövzuların keçirilməsi zamanı çoxlu üsul tətbiq etmək üçün «dərsimizi hansı üsulla keçək?» sualını şagirdlərə vermək olar. Testlərin hazırlanması, məsələlərin tərtibi, qiymətləndirmə, laboratoriya işlərinin aparılması, əyani vəsaitlərin seçilməsi və təşkili, diaqram, cədvəl və sxemlərin qurulması müəllim-şagird əməkdaşlığının nəticəsi ola bilər. ġagirdlərin idarəçiliyi, əlbəttə çox böyük təsirə malikdir. Belə ki, bu müəllim-şagird əməkdaşlığının nəticəsi olub, şagirdlərin hərtərəfli inkişafına, özünə inam yaranmasına, şagirdlər tərəfindən müəllim sənətinin yüksək səviyyədə qiymətləndirilməsinə gətirib çıxarır. Müəllimin təşkilati fəaliyyətlərindən biri də dərs prosesində vaxtdan səmərəli istifadə etməsidir. Bu sahədə bəzən iki kateqoriya müəllimə rəst gəlirik. Birinci kateqoriyadan olanlar vaxtdan səmərəli istifadə edərək 45 dəqiqə müddətində tədris prosesinin bütün tələblərini yerinə yetirir, ikinci kateqoriyaya aid olan müəllimlər isə 45 dəqiqənin çatışmamasını proqram materialının çox olması ilə əsaslandırırlar. Müəllimin təşkilati fəaliyyətinə onun nitqinin aydın, sözləri dəqiq, fikrini səlist ifadə etmək bacarığı da daxildir. Dinlənilən dərslər göstərir ki, müəllim nitqinin aydınlığı, fikrini ifadə etmək qabiliyyətinin yüksəkliyi vaxta qənaət etməklə, şagirdlərin daha asan qavramasına, onların da nitqinin düzgün formalaşmasına gətirib çıxarır. II Müəllimin təlim fəaliyyətinə ilk növbədə onun dərsdə elmilik prinsipini həyata keçirməsi daxildir. Müəllimin yüksək bilik nümayiş etdirməsi şagirdin diqqətində olur, o, müəlliminə daha çox inanır və ondan öyrənir. Müəllimin mövzunu dərindən bilməsi onun təlim və təşkilati fəaliyyətini özündə birləşdirir. Belə ki, təlim metodlarını daha düzgün seçir. Əgər müəllim çətin mövzunu şagirdə dərslikdəki sözləri təkrar edərək başa salmağa çalışırsa, nəticə necə olar? Çox güman ki, şagirdlərin az bir qismi onu başa düşər, digər çox hissəsi isə yox. Təcrübəli, savadlı müəllimlər çətin və mürəkkəb mövzuları, mövzuda olan terminlərin izahatını verərək, 118 sadə misallarla şagirdlərin – (ilk növbədə zəif) başa düşəcəyi tərzdə izah edirlər. Elə müəllimi şagirdə sevdirən qabiliyyətinə malik olmasıdır. Müəllimin təlim fəaliyyətinə daxil olan şərtlərdən biri də yeni dərsi sinifdə mənimsətməkdir. Bu isə müəllimdə «öyrənməyi öyrətmək» qabiliyyətinin olmasının göstəricisi hesab olunur. Öyrənməyi öyrətməyinyolları haqqında dövri mətbuatda tez-tez yazılara rast gəlirik. Zənnimcə, şagird yeni mövzunu sinifdə öyrənirsə, deməli, müəllimin təlim fəaliyyəti yüksək qiymətləndirilə bilər. Bəzən şagirdlər mövzuda aparıcı ideyanı, nəyi bilmək tələbini təyin edə bilmirlər və müəllim öz «bələdçi» rolunu oynayaraq şagirdə istiqamət verir. Cədvəllər, sxemlər, diaqramlardan istifadə dərsin planını qurmaq, şagird təfəkkürünün inkiçafı üçün motivasiya yerinə düşür. Nəticə etibarı ilə dərs yeni mövzunun sinifdə öyrənilməsilə başa düşülür. Müəllimin təlim fəaliyyətinə daxil olan xüsusiyyətlərdən biri də dərs prosesində inkişafetdirici təlimdən istifadə olunmasıdır. Belə ki, şagirdin tənqidi, məntiqi və yaradıcı təfəkkürünün inkişafı bunun sayəsində sürətlənir, o bir şəxsiyyət kimi formalaşır. Bu isə təhsil sisteminin biz müəllimlərin qarşısında qoyduğu əsas məsələlərdən biridir. Müəllimin təlim fəaliyyətinin tərkib hissələrindən biri də onun tədris zamanı fənlərarası əlaqədən istifadə etməsidir. İndi çox böyük müvəffəqiyyətlə blok dərslər qurulur, inteqrativ üsuldan istifadə olunur. Məsələn, biologiya dərslərilə kimyanın, tarixlə coğrafiyanın, fizika ilə riyaziyyatın blokundan, təbiət və humanitar elmlərin tədrisində riyaziyyatdan istifadə edilir. Deməli, biologiya, coğrafiya, kimya müəllimləri yüksək riyazi qabiliyyətə malik olmalıdırlar. Müəllimin təlim fəaliyyətinin tərkib hissələrindən biri də şagird biliyinin qiymətləndirilməsidir. Belə ki, Azərbaycan müəllimlərinin XII qurultayında hörmətli nazirimiz cənab M. Mərdanov öz məruzəsində demişdir: «şagird biliyinə verilən qiymət həm də müəllim fəaliyyətinin nəticəsi kimi qəbul olunmalıdır. Hər bir qiymət eyni zamanda övladının təhsilinə valideynin münasibətini, habelə təhsil prosesinin təşkilində məktəb rəhbərlərinin peşəkarlıq səviyyəsini əks etdirir. » Bu sözlər müəllimlərin qiymətləndirmənin demokratikliyi, şagird biliyinin dərinliyi, tamlığı, möhkəmliyi, dəqiqliyi, şüurluluğu, sistemliliyininə diqqət yetirmələrinə məsuliyyətlə yanaşmalarını tələb edir. Demokratiklik prinsipinin gözlənilməsində çox vaxt şagirdlərin özlərindən istifadə olunur (Məsələn: ekspert qrupunun yaradılması, qiymətləndirmə meyarlarını sinifdə asmaq üçün cədvəlin təşkili və s.). Müəllimin təlim fəaliyyətinin tərkib hissələrindən biri də istedadlı şagirdlərin aşkar edilməsindəki fəaliyyətidir. İstedadlı şagirdlərin aşkar edilməsində dərsin imkanları böyükdür. Tədris prosesində «aktiv şagird» qruplarını yaratmaq mümkün olur. Riyaziyyatı yaxşı bilən xüsusi qabiliyyətli şagirdləri «riyaziyyatçılar», tədbirlərin təşkilində fəallığı ilə seçilənləri «təşkilatçı qrup», «təbiəti sevənlər», «kimyaçılar», «gənc texniklər» və s… kimi qruplar yaratmaq olar. Fənn olimpiadalarına hazırlıq qrupu, şagird elmi cəmiyyətinin yaradılmasını həyata keçirilməsi müəllimin dərs prosesində «kəşf» etdiyi şagirdlərdən – istedadlardan ibarət olur. İstedadlı şagirdlərlə işin təşkili müəllimin özünün də yaradıcılığından xəbər verir. III Müəllimin tərbiyəvi fəaliyyəti çox mühüm əhəmiyyət kəsb edir. Buraya ilk növbədə şagirdlərdə vətənpərvərlik tərbiyəsinin inkişafı daxildir. Dövlət rəmzləri və atributlarının öyrədilməsi tədris etdiyi fənnin növündən asılı olmayaraq hər bir müəllimin borcudur. Bir halda ki, söhbət şəxsiyyət formalaşdırmaqdan gedir, vətənpərvərlik tərbiyəsi öndə durur. Əbədiyaşar, ümummilli liderimiz cənab Heydər Əliyev deyərdi ki, «Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətənə, torpağa, millətə sədaqət, vətən yolunda, şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliği etməkdir. Ola bilər ki, gənc nəsil əla oxumasın, lakin o, vətənini sevməyi, torpağını qorumağı bilməli, hər an buna hazır olmalıdır, bütövlükdə yaxşı vətəndaş kimi yetişməlidir». Bu sözlər hər bir azərbaycanlı üçün qanun kimi qəbul edilməlidir. Onun həyata keçirilməsi isə müəllimin, tərbiyəçinin özünün vətənpərvərliyinin yüksəkliyindən, şagirdi vətəni sevməyə ruhlandırmasından asılıdır. şagirdlərə işğal olunmuş torpaqlarımızın azad edilməsi, Vətənimizin ərazi bütövlüyünün qorunması istiqamətində tərbiyə aşılanmalıdır. Müəllimin tərbiyəvi fəaliyyətinin tərkib hissələrindən biri də şagirdlərdə hüquq tərbiyəsini inkişaf etdirməsidir. Belə ki, ümummilli liderimiz Heydər Əliyev hələ 24 avqust 1998-ci il tarixli «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə fərman imzalamışdı. Qanunun həm müəllim, həm də şagird tərəfindən düzgün öyrənilməsi məqsədi qarşıya qoyulmalıdır. Müəllim təlim prosesində şagirdlərə uşaq hüquqlarının mahiyyəti və məzmunu, şagirdin öz hüquqlarından necə istifadə etmələrini izah edib, başa salmalıdır. şagird şəxsiyyətinin formalaşmasında uşaq hüquqları müddəalarının böyük əhəmiyyəti var. Məhz müəllimin şagird şəxsiyyətinə qayğı ilə yanaşması şagirdlərin diqqətindən yayınmır. Belə olduqda şagirdlərin öz davranışlarında müəllimə xüsusi hörmət və məhəbbəti təzahür edir. Müşahidələr göstərir ki, müəllim sözdə şagirdin hüquqlarını müdafiə edirsə, lakin işdə buna əməl etmirsə, şagird saxta münasibətə inana bilmir. Qanunun öyrədilməsi məktəblərdə «debatlar qrupu»nun fəaliyyətilə, «məktəb bələdiyyəsi»nin yaradılması ilə də həyata keçirilə bilər. Aparıcı yenə də müəllimdir. Müəllimin tərbiyəvi fəaliyyətinin tərkib hissələrindən biri də şagirdlərdə ekoloji tərbiyənin inkişaf etdirilməsidir. Ekoloji tərbiyənin inkişafı son dərəcə vacib məsələ olub və yalnız təbiət fənlərini tədris edən müəllimlərin deyil, bütün müəllimlərin fəaliyyətlərində xüsusi yer tutur. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 27 yanvar 2003-cü il tarixli fərmanı ilə «Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında» qanun qüvvəyə minmişdir. Qanunun 4-cü maddəsində «Orta təhsil sistemində ekoloji biliklərin tədrisinin icbariliyi» haqqında qeyd edilmişdir. Buna əsasən hər bir Azərbaycan vətəndaşı ekoloji təhsilə malik olmalıdır. Bu tərbiyə və təhsilin həyata keçirilməsi isə 4 tərkib hissədən ibarətdir: təbiəti öyrənmək, təbiəti sevmək, təbliğ etmək və təbiəti qorumaq. Akademik Budaq Budaqovun bu tövsiyəsi biz müəllimlər tərəfindən şagirdlərə çatdırılmalıdır. Ekoloji tərbiyənin kökü ailədən başlayır, məktəbəqədər müəssisələrdə davam etdirilir, məktəbdə isə geni.ləndirilir və inkişaf etdirilir. şagirdlərdə ekoloji tərbiyəni inkişaf etdirmək üçün müəllim özü Azərbaycan təbiətini gözəl bilməli, onun vurğunu olmalıdır. Ətraf mühiti çirkləndirən amilləri şagirdlərə başa salmalı, eyni zamanda, onu qorumaq sahəsində dövlətin, məktəbin, şagirdin vəzifələrini açıqlamalıdır – ekoloji tərbiyəsinin inkişafından asılı olaraq bizim gələcəyimiz – şagirdlərimiz sabahkı cəmiyyət qurucularıdır. Deməli, onların sağlamlığının əsasını ətraf mühitin mühafizəsi işinin yüksək dərəcədə olması təşkil edir. Müəllimin tərbiyəvi fəaliyətinin tərkib hissələrindən biri də şagirdlərin mənəvi tərbiyəsidir. Xalqımıza məxsus milli-mənəvi dəyərlərin qorunması sahəsində şagirdlərin tərbiyələndirilməsi, onlara nizam-intizam, şagird davranışı, geyim, müəllim-şagird-valideyn münasibətlərində mövqeyi, böyüklərə hörmət, kiçiklərə qayğı prinsiplərinə riayət etməsi və sair kimi vərdişləri aşılamaq son dərəcə vacibdir. Ümummilli liderimiz Heydər Əliyev öz çıxışlarından birində demişdir: «Biz çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi, milli ənənələri əsasında tərbiyə edilsinlər». Milli adət və və ənənələrimizə hörmət etmək, onu qoruyub saxlamaq, milli musiqimizin, şifahi xalq ədəbiyyatımızın incilərini bilmək, Azərbaycanın görkəmli şəxsiyyətlərini tanımaq, qədim tarixi abidə və əraziləri öyrənmək ruhunda şagirdləri tərbiyə etmək müəllimin borcudur. Müəllim öz geyimi, davranışı, nəzakəti, yüksək intellekti ilə şagirdə şəxsi nümunə olmalıdır. Belə olduqda şagird müəlliminə oxşamağa çalışır, müəllimi ideallaşdırır. Müəllim etikası yüksəkdirsə, müəllimdə ətrafdakı əşyalara düzgün qiymət vermək, gözəllikləri görmək qabiliyyəti yüksəkdirsə, bu, mütləq şagirdə təsir edir, onun seçimi, etik və estetik tərbiyəsi inkişaf edir. Məktəbdə keçirilən sinifdənxaric tədbirlər şagirdlərin bu sahədə inkişafına çox təsir göstərir. Bütün bu yuxarıda göstərilənlər müasir müəllimdə cəmlənməli keyfiyyətlərdir. Müəllimə ən düzgün qiyməti şagird verir. Gəlin düşünək…




Загрузка...