AzTehsil.com
RU


Qabaqcıl təcrübə
19 may 2016
16 070


Təlim prinsiplərinin səciyyəsi və vəhdəti



Təlim prinsiplərinin səciyyəsi və vəhdətiTəlim prinsiplərinin səciyyəsi və vəhdəti
Təlimin həyatla əlaqələndirilməsi prinsipi. Bu prinsip təlimi təkcə məktəb divarları arasında və ancaq kitab üzrə deyil, həyatla sıx əlaqəli şəkildə qurmağı nəzərdə tutur. Məktəb insanı həyata hazırlamalıdır. Təlimi həyatla əlaqələndirmədən bu vəzifəni yerinə yetirmək olmaz. Təlimin həyatla və əməklə əlaqələndirilməsi həm təlimə, həm də əməyə şüurlu xarakter verir, fənnə marağı artırır.
Bu prinsip bir neçə istiqamətdə tətbiq edilir:
- təlimin məzmununun həyatla, cəmiyyət quruculuğu təcrübəsi ilə əlaqələndirilməsi;
- öyrənilən biliyin şagirdlərin şəxsi təcrübəsi və müşahidələri ilə, oyun və digər fəaliyyət növləri ilə əlaqələndirilməsi;
- nəzəri biliklərin müxtəlif növ praktik işlərə tətbiq edilməsi;
- təlimin əmək və istehsalatla əlaqələndirilməsi.
Təlimin təhsilverici, tərbiyəedici və inkişafetdirici prinsipi. Bu prinsip təlimdə öyrətmə, tərbiyə və inkişaf vəzifələrini vəhdətdə həyata keçirməyi nəzərdə tutur. Təlim qüvvətli tərbiyə vasitəsidir. K.D.Uşinski təlimi tərbiyənin olduqca qüdrətli üzvü hesab edir və deyirdi ki, bu üzvdən məhrum olan müəllim uşaqlar üzərində ən gerçək təsir vasitəsini itirmiş olur.
Bu prinsip bir neçə istiqamətdə özünü göstərir:
- şagirdlərdə elmi dünyagörüşü və ideya inamı formalaşdırmaq;
- yüksək mənəvi keyfiyyətlər (vətənpərvərlik, humanizm, xeyirxahlıq, düzlük, doğruçuluq və b.) aşılamaq;
- təlim prosesində şagirdlərdə nəcib hisslər (yoldaşlıq, dostluq, milli iftixar, borc və məsuliyyət hissi və s.) formalaşdırmaq;
- şəxsiyyətin psixi proseslərini, zehni qabiliyyətlərini inkişaf etdirmək. Təlim özlüyündə tərbiyə və inkişaf vəzifələrini yerinə yetirə bilməz. Bu məqsədlə müəllim təlim prosesini xüsusi istiqamətləndirməlidir. Hər bir konkret dərsdə təlim, tərbiyə və inkişafetdirici vəzifələri kompleks planlaşdırıb həyata keçirmək lazımdır.
Təlimdə elmilik prinsipi. Bu prinsip təlimdə şagirdləri elmi biliklərlə, elmi dünyagörüşü ilə silahlandırmağı nəzərdə tutur. Təlim elə qurulmalıdır ki, şagirdlər cisim və hadisələrin zahiri, müşahidə olunan əlamətlərindən tədricən daxili xüsusiyyətlərinə, yəni hadisədən mahiyyətə keçə bilsinlər.
Elmilik prinsipi zehni qüvvə və qabiliyyətləri inkişaf etdirməkdə, təbiət və cəmiyyət hadisələrinə elmi baxışlar aşılamaqda, elmi biliklərə maraq və tələbat yaratmaqda böyük əhəmiyyətə malikdir.
Elmilik prinsipi bir neçə cəhətdə özünü göstərir:
- ətraf aləm haqqında düzgün təsəvvürlər formalaşdırmaq, şagirdləri müşahidəçiliyə alışdırmaq;
- qazanılmış təsəvvürləri, faktiki materialları ümumiləşdirmək əsasında nəticələr çıxartdırmaq;
- nəzəri biliklərin, anlayış və qanunların şüurlu başa düşülməsinə, onların əsasında duran həyat hadisələrinin dərk edilməsinə nail olmaq;
- fənlərarası əlaqə yaratmaq yolu ilə dünyaya bitkin baxış, elmi dünyagörüşü formalaşdırmaq;
- şagirdləri tədricən elmi idraka yaxınlaşdırmaq: müstəqil problemlər qoyub, onların həlli yollarını tapmağa istiqamətləndirmək.
Elmilik prinsipi təlimin təşkilinə bir sıra tələblər verir. O, təlimin bütün sahələrində - həm onun məzmununda (proqram və dərsliklərdə) və metodlarında, həm də şagirdlərin təlim fəaliyyətinin təşkilində gözlənilməlidir.
Təlim metodları, xüsusən müəllimin şərhi, müsahibəsi, şagirdlərin müstəqil fəaliyyəti elmiliyə əsaslanmalıdır.
Təlimdə sistematiklik və ardıcıllıq prinsipi. Bu prinsip təlimdə elmin sistemini mühafizə etməyi, bilik və bacarıqların mənimsənilməsində müəyyən ardıcıllıq gözləməyi nəzərdə tutur. Sistematiklik elmin öz məntiqindən irəli gəlir: elm biliklər sistemi deməkdir. Belə sistem yoxdursa, elm də yoxdur; sadəcə müəyyən təsəvvürlər, məlumatlar vardır. Odur ki, bilikləri ciddi sistemdə öyrətmək lazımdır.
K.D.Uşinski sistemsiz başı qarmaqarışıq anbara bənzədirdi; burada lazımi anda anbar sahibinin özü də heç bir şey tapa bilmir.
Təlimdə sistematiklik prinsipi bir neçə cəhətdə özünü göstərir:
- təhsilin məzmununun (proqram və dərsliklərin) ciddi sistemdə qurulması;
- bilik və bacarıqların ciddi sistemdə, məntiqi ardıcıllıqda təqdim olunması (şagirdlərin şüurunda biliklərin sistemli olması);
- öyrənilən biliklərin əlaqələndirilməsi (yeni biliklərin məlum biliklərlə əlaqəli şəkildə mənimsədilməsi);
- şagirdlərin sistemləşdirmə işinə cəlb edilməsi (müxtəlif fənlər üzrə fakt və hadisələrin müəyyən əlamətlərə görə sistemə salınması);
- bütün təlim prosesinin sistemli əsasda təşkili.
Sistematiklik prinsipi təlim prosesinə rəhbərlikdə müəyyən tələblər irəli sürür. Hər fənn üzrə biliklər ciddi sistemdə öyrədilməlidir. Müəllimin şərhində sistem və ardıcıllıq gözlənilməli, yeni keçilən mövzular plan əsasında öyrədilməlidir. Şagirdə verilən suallarda, çalışmalarda, təkrarlarda da müəyyən sistem gözlənilməlidir. Bir sözlə, sistematiklik bütün təlim prosesinə nüfuz etməlidir.
Təlimdə əyanilik prinsipi. Bu prinsip təlimi mücərrəd sözlər üzərində deyil, uşaq tərəfindən, bilavasitə qavranılan konkret şeylər və hadisələr üzərində qurmağı nəzərdə tutur. Əyanilik prinsipi idrak prosesinin öz təbiətindən irəli gəlir: idrak prosesi canlı müşahidədən - fakt və hadisələrin qavranmasından başlanır. Ətraf aləm haqqında təsəvvürlərimiz nə qədər dolğun və dürüst olarsa, bu əsasda yaranan anlayış və qanunlar da daha şüurlu mənimsənilər.
Bu cəhət mənimsəmə prosesində əyaniliyin böyük rolunu yaxşı göstərir. Y.A.Komenski əyaniliyi təlimdə "qızıl qayda" adlandıraraq, ona geniş yer verməyi lazım bilirdi.
Əyanilik öyrənilən mövzunu tez, asan və şüurlu mənimsəməyə, möhkəm yadda saxlamağa, habelə şagirdləri fəallaşdırmağa kömək edir. Əyanilik konkretdən mücərrədə keçməkdə - ümumiləşdirmə bacarığının inkişafında mühüm rol oynayır.
Əyanilik müxtəlif vasitələrlə həyata keçirilir: a) təbii (natural) əyanilik: təbii halda əşya və proseslərin nümayiş etdirilməsi; b) təsviri əyanilik: əşyanın şəkli, maketi, diafilm, kino, televiziyadan istifadə; c) sxematik əyanilik: sxem, cədvəl, diaqram və s. üzrə iş; ç) obrazlı əyanilik: şagirdlərin şəxsi təcrübəsi, təsəvvürləri, müəllimin sözü, ədəbiyyat və incəsənət vasitəsilə canlı obrazlar, təsəvvürlər yaratmaq; d) simvolik əyanilik: qlobus, xəritə və s. üzrə iş.
Əyanilikdən mənimsəmənin bütün pillələrində - yeni mövzunun mənimsənilməsi, möhkəmləndirilməsi və tətbiqi zamanı istifadə edilə bilər. Lakin əyaniliyi universallaşdırmaq olmaz: əyanilikdən həmişə yox, zəruri hallarda keçilən mövzu üzrə şagirdlərin təsəvvürü olmadıqda və ya çox zəif olduqda istifadə etmək faydalıdır.
Təlimdə şüurluluq, fəallıq və müstəqillik prinsipi. Bu prinsip təlim prosesində şagirdlərin fəaliyyətini - mənimsəmənin xarakterini, onların təlimə münasibətini əks etdirir: hər bir şagird təlimə şüurlu, fəal və müstəqil surətdə yanaşmalıdır.
Təlimdə şüurluluq və fəallıq formalizmə, əzbərçiliyə qarşı mübarizədə böyük əhəmiyyət kəsb edir. Formalizm, əzbərçilik beyni şikəst edir, fikir süstlüyü doğurur, zehni inkişafa mane olur.
Şüurlu mənimsəmənin bir neçə əlaməti vardır: biliyin başa düşülməsi, düzgün (həm də insanın öz sözləri ilə) ifadə olunması, onun tətbiqi, yeni fakt və misalların tapılması, biliyin yoxlanması və səhvlərin düzəldilməsi.
Bu əlamətlər həm şagirdin, həm də müəllimin fəaliyyətində öz əksini tapmalıdır.
Şüurluluq fəallıqla sıx bağlıdır: təlimə şüurlu yanaşan şagird həm də fəal olur. Fəallıq qarşıda duran təlim vəzifələrinin uğurlu icrası üçün şagirdin səy göstərməsində ifadə olunur. Fəallığın daxili (zehni) və zahiri (əməli) cəhətləri ayırd edilir.
Bu prinsip təlimin təşkilinə müəyyən tələblər irəli sürür. Müəllim şagirdlərin fəallığı, şüurluluğu və müstəqilliyi üçün əlverişli şərait yaratmalı, şagirdlərin fəallıq və müstəqilliyini stimullaşdırmalı, onları müxtəlif növ müstəqil işlərə - zehni və əməli xarakterli məsələlərin, problemlərin həllinə geniş cəlb etməlidir.
Təlimin optimal təşkili prinsipi. Bu prinsip məqsəddən və konkret şəraitdən çıxış edərək, ən münasib (optimal) təlim variantı seçib tətbiq etməklə mümkün olan yüksək nəticəyə nail olmağı nəzərdə tutur.
Təlimin optimal təşkili müxtəlif vasitələrlə həyata keçirilir:
- təlimin (dərsin) qarşısında duran vəzifələrin (təhsil, tərbiyə və inkişaf) kompleks müəyyən edilməsi;
- təlimin optimal məzmununun müəyyən edilməsi;
- təlimin (dərsin) məqsəd və məzmunundan çıxış edərək optimal vasitə, metod və formaların seçilib tətbiq edilməsi;
- nəticələrin optimallıq baxımından təhlil edilib düzgün qiymətləndirilməsi.
Müəllim pedaqoji nəzəriyyəyə və qabaqcıl təcrübəyə yiyələnməklə təlimin optimal təşkilinə nail ola bilər.
Təlimdə müvafiqlik prinsipi. Bu prinsip təlimi şagirdlərin gücünə, yaş və anlama səviyyəsinə uyğun qurmağı nəzərdə tutur. Bunsuz elmi biliyi lazımi dərəcədə mənimsətmək olmaz. Təlim gücə uyğun olmadıqda şagirddə özünə inamsızlıq baş qaldırır, müəllimin zəhməti, səyi hədər gedir.
Təlimin müvafiqlik prinsipinə iki cür baxış mövcuddur. Birinci baxışa görə, təlim uşağın səviyyəsinə tam uyğun olmalı, ikinci baxışa görə isə təlim uşağın inkişafından irəli getməli və onu öz arxasınca aparmalıdır. İkinci mövqe inkişafetdirici təlim baxımından daha yararlıdır.
Müvafiqlik prinsipi bir neçə qaydada həyata keçirilir: a) asandan çətinə; b) məlumdan məchula (məchulu məlum əsasında öyrətmək); c) ümumidən xüsusiyə (obyekt haqda ümumi təsəvvür verdikdən sonra onun xüsusi hallarına keçmək); ç) sadədən mürəkkəbə (sadə məsələlərdən tədricən mürəkkəbə keçmək).
Müvafiqlik prinsipi təlimin təşkilinə bir sıra tələblər verir: müəllim şagirdlərin yaş və anlama xüsusiyyətlərindən çıxış edərək materialın həcmini, çətinlik dərəcəsini, təlimin vasitə və metodlarını tənzim etməlidir.
Təlimdə fərdi yanaşma prinsipi. Bu prinsip təlimdə şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almağı, hər kəsin inkişafı üçün əlverişli şərait yaratmağı və təlimdə uğurlu fərdi cığırını tapmağı tələb edir.
Təlimdə fərdi yanaşmanın vacibliyi onunla bağlıdır ki, sinifdəki şagirdlərin qüvvə və imkanları eyni deyildir. Bəziləri materialı tez qavrayıb möhkəm yadda saxlaya bildikləri halda, başqaları gec öyrənir, tez də unudurlar.
Təlimdə fərdi fərqlər müxtəlif sahələrdə özünü göstərir:
- zehni proseslərin cərəyan-etmə xarakteri (şagirdin təfəkkürünün, hafizəsinin, diqqətinin və s. xüsusiyyətləri);
- bilik və bacarıqların səviyyəsi (tamlığı, dərinliyi);
- şagirdin işgüzarlığı (səyi, iş tempi, işin asan və ya çətinliyi, diqqətliliyi, yorğunluğu);
- zehni və əməli müstəqilliyin səviyyəsi;
- təlimə münasibəti (müsbət, biganə, mənfi);
- iradi inkişaf səviyyəsi (yüksək, orta, aşağı) və s.
Bu göstəricilər üzrə hər bir şagirdin fərdi xüsusiyyətlərindən çıxış edərək müəllim təlimdə fərdi yanaşmanı həyata keçirir.
Müəllim təlim prosesində şagirdlərin fərdi xüsusiyyətlərini öyrənməli, hər bir uşaq üçün konkret təlim-tərbiyə vəzifələri müəyyən etməli, hər kəsə fərdi yanaşma vasitələri, fərdi pedaqoji təsirlər sistemi tapıb tətbiq etməyə çalışmalıdır.
Təlim üçün zəruri şəraitin yaradılması prinsipi. Bu prinsip təlim üçün lazımi şərait yaratmaqla onun səmərəsini yüksəltməyi nəzərdə tutur. Qeyri-normal şəraitdə cərəyan edən təlimdə yüksək nəticə əldə etmək mümkün deyildir. Məsələn, sinif otağının temperaturu normadan artıq isti və ya soyuq olduqda şagirdlərin iş qabiliyyətinə mənfi təsir göstərir.
Təlim üçün zəruri şərait dedikdə dörd qrup şərait nəzərdə tutulur:
- tədris-maddi şərait (təlimin müvafiq dərslik və dərs vəsaitləri ilə, əyani və texniki vasitələrlə, təlim avadanlıqları ilə təmin edilməsi);
- gigiyenik şərait (sinif otaqlarının, tədris avadanlıqlarının zəruri gigiyenik tələblərə uyğun qurulması - sinif otağının sahəsi, hava tutumu, temperaturu, partaların uşaqların boyuna uyğunluğu və s.);
- mənəvi-psixoloji şərait (məktəbdə sağlam mənəvi-psixoloji iqlim yaradılması, müəllim-şagird münasibətlərində humanizm, demokratik üslub gözlənilməsi, pedaqoji etikaya əməl edilməsi);
- təlimdə estetik şərait (məktəbin və sinfin estetik tərtibi, müəllimin gözəl danışığı, estetik tələblərə uyğun davranışı, geyimi, münasibət estetikası).
Müəllim təlim prosesində zəruri şərait yaratmağa və bu əsasda təlim-tərbiyə vəzifələrinin həllinə nail olmalıdır.
Bilik və bacarıqların möhkəmləndirilməsi prinsipi. Bu prinsip təlimdə şagirdlərə əsaslı biliklər verməyi, onların hafizədə uzun müddət saxlanmasını təmin etməyi nəzərdə tutur. Bunun fizioloji mexanizmini beyin qabığında biliklərin dərin iz salması prosesi təşkil edir: bilik izləri nə qədər dərin olarsa, öyrənilən material bir o qədər möhkəm yadda qalar.
Bilik və bacarıqların möhkəmliyi təlimin səmərəsinin mühüm şərtidir: əgər öyrənilən bilik tez unudulursa, təlimdə irəli getmək, əvvəlki biliklərə əsaslanan yeni bilikləri mənimsəmək mümkün olmaz. Y.A.Komenski biliyi möhkəmlətmək qeydinə qalmayan müəllimin işini xəlbirlə su daşımağa bənzədirdi. K.D.Uşinski isə belə müəllimi yükü arabada pis bağlamış, lakin atları qovaraq mənzil başına tez çatmağa çalışan kefli arabaçıya bənzədirdi. Bilikləri möhkəmlətməyən müəllim, belə arabaçı kimi, ilin sonuna şagirdlərin boş başı ilə gəlib çatar.
Bilik və bacarıqların möhkəmliyi təlim prosesinin bütün gedişi ilə təmin olunur. Burada üç amil xüsusi rol oynayır:
a) biliklərin ilkin mənimsədilməsinin düzgün təşkili, bu zaman əyanilik, fəallıq və şüurluluğun təmin edilməsi: yeni materialın qavranılması nə qədər aydın və şüurlu olarsa, bu zaman şagird nə qədər çox fəallıq və müstəqillik göstərərsə, biliklər bir o qədər möhkəm yadda qalar;
b) nəzəri biliklərin həyata və çalışmalara tətbiqi: öyrənilən biliklər həyatda, təcrübədə, əməli işdə, çalışmalarda tətbiq edildikdə uzun müddət yadda qalır. Tətbiq edilməyən biliklər beyində "ölü yük"ə çevrilir və tez unudulur;
c) biliyin təkrarı möhkəmlətmə vasitəsidir: o, unutmanın qarşısını alır, şagirdin öz qüvvəsinə inamının artmasına kömək göstərir. Biliyin ilk izləri tez silinməyə meylli olduğu üçün ilk vaxtlar (mövzu keçiləndən sonrakı həftə ərzində) təkrara da çox diqqət yetirmək lazım gəlir. Hər bir mövzunun öyrənilməsini əvvəlki biliklərlə əlaqələndirmək, yeni keçilən və əvvəlki qaydaları birlikdə tətbiq etmək təkrara və möhkəmlətməyə kömək edir. Təkrar zamanı təfəkkürə istinad etmək, yaradıcı müstəqil işə geniş yer vermək səmərəlidir.
Müəllim möhkəmlətmənin vacibliyini nəzərə alaraq, təlimdə müxtəlif vasitələri əlaqələndirməyə, bilik və bacarıqları möhkəmlətməyə nail olmalıdır.
Nəzərdən keçirilən təlim prinsipləri real təlim prosesində qarşılıqlı vəhdətdə tətbiq olunur və bir-birini şərtləndirir. Belə ki, təlimin həyatla əlaqələndirilməsi, sistematiklik, əyanilik prinsipləri biliyin şüurluğu, möhkəmliyi və şagirdlərin fəallığı üçün əlverişli zəmin yaradır. Eləcə də biliklərin möhkəmləndirilməsi prinsipini öz növbəsində yalnız əyanilik, sistematiklik, şüurluluq və fəallıq prinsiplərinə istinad edildikdə təmin edilə bilər. Digər prinsiplər də bir-biri ilə sıx bağlıdır. Odur ki, hər hansı prinsipə laqeyd münasibət bəsləmək digər prinsiplərin də təsir gücünü zəiflədə bilər. Deməli, bütün prinsipləri həmişə müəyyən sistem və vəhdətdə tətbiq etmək lazımdır. Yalnız bu əsasda təlimi səmərəli qurmaq, bilik və bacarıqların yüksək keyfiyyətini təmin etmək olar.



Загрузка...