İNNOVATİV UNİVERSİTETLƏR
Bu məqalə 10 il əvvəl "Azərbaycan müəllimi" qəzetində dərc edilmişdi. Amma məzmunun aktuallığı onu bir daha gündəmə gətirdi.
Bu gün biz artıq İnformasiya Cəmiyyətinin (İC) üzvüyük desək, yəqin ki, səhv etmərik. İC-nin xarakterik xüsusiyyəti informasiya texnologiyalarının (İT) insan həyatının bütün sahələrinə nüfuzu, informasiya sənayesi və biliklərin intensiv inkişaf etməsidir.
İC İKT-nin inkişafı nəticəsində formalaşan yeni tip cəmiyyətdir, buna biliklər cəmiyyəti də deyilir. Burada insanın rifahının əsas şərti bilik, informasiya və onların səmərəli tətbiqidir. İC zaman, məkan və siyasi sərhədləri aşaraq informasiya mübadiləsinə imkan verir. Bu cəmiyyətdə həyat keyfiyyətinin bütün parametrlər üzrə yüksəlməsi üçün elmə əsaslanan mühüm ictimai qərarlar qəbul edilir. İnformasiya Cəmiyyəti müxtəlif mədəniyyətlərin qarşılıqlı inikasına, hər bir toplumun özünütəsdiqinə də imkan verir. İC-də kapital və işçi qüvvəsindən əlavə, bilik də istehsalın əsas amilinə çevrilir. Müasir şəbəkə texnologiyaları iqtisadiyyatın strukturunu dəyişməklə bərabər, zaman və məkan anlayışlarına yeni məna verir.
İC şəraitində təhsilin statusu daha da yüksəlir. Təhsil sisteminin vəzifəsi iqtisadiyyatın inkişafını stimullaşdırmaq, cəmiyyətin və əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun olaraq mütəxəssis hazırlığını təmin etməkdir. Məlum olduğu kimi, qlobal təhsil sistemi sənayeləşmə dövründə xeyli inkişaf etmiş, həmən dövrün sosial sifarişini əsasən yerinə yetirə bilmişdir. Lakin bu təcrübə və yaradılmış elmi-pedaqoji baza İC-də az yararlıdır, köhnə təcrübəyə və problemlərə yeni yanaşma gərəkdir. Digər tərəfdən, təhsilin sənayeləşmə dövründən yığılıb qalan bir xeyli problemləri də var ki, İC şəraitində yeni formada təzahür edir. Ümumiyyətlə, müasir təhsildə xeyli mürəkkəb ziddiyyətlər, paradokslar və həlli çətin məsələlər var. Görünür, bu səbəbdən təhsil problemləri bəşəriyyətin bir çox dühalarının daim diqqət mərkəzində olmuşdur. Albert Eynşteyn Jan Piajeyə göndərdiyi məktubunda yazırdı: "Sizin, uşaqlarda təfəkkürün formalaşması proseslərini öyrənməyiniz çox təqdirəlayiqdir. Bir alim kimi Sizin cəsarətinizə heyranam. Bizim həll etdiyimiz mürəkkəb fiziki problemlər, Sizin tədqiq etdiyiniz uşaqlarin təhtəlşüur və şüur sirləri ilə müqayisədə oyun-oyuncağı xatırladir".
Elmin bir çox sahələrində son əsrdə ciddi inkişaf olsa da, insan şüuru, təfəkkürü və təlimi sahəsinin tədqiqində ciddi irəliləyişlər nəzərə çarpmır. Bu gün texnologiyaların sürətli inkişafı fonunda insan şüurunun dəyişmə tempi çox zəifdir. Görünür, bu səbəbdən müasir təhsil sistemi yeni texnologiyaların inkişaf tempi ilə heç cür ayaqlaşa, İT-nin yaratdığı böyük imkanlardan səmərə ilə istifadə edə bilmir.
Klassik pedaqogikanın, tədris metodikalarının yaxın keçmişdəki elmi tövsiyələri müasir informasiya - təhsil məkanında, dəftər-kitaba az meyilli olan, rəqəmsal düşüncəli yeni nəsl "indiqo" uşaqların təliminin təşkilində az səmərə verir. Belə vəziyyətdə müəllimlərin peşə fəaliyyəti xeyli mürəkkəbləşir. Başqa sözlə, köhnə təcrübə yeni şəraitdə faydasız olur, bəzən maneçilik də törədir. Yeni şərait yeni problemlər yaradır, yeni vəzifələr müəyyən edir, yeni yanaşmalar tələb edir. Bu amillər təhsilin bütün pillələrində innovasiyaların yaradılması və tətbiqini zəruri edir. Ona görə də hər bir ölkənin təhsil islahatları innovasiyalara əsaslanmalı, gələcəyə yönəlməli və qabaqlayıcı xarakter daşımalıdır.
Bu gün İKT-nin inkişafı inqilabi xarakter daşıyır. BMT-nin qəbul etdiyi "Qlobal İnformasiya Cəmiyyətinin Okinava Xartiyasi" sənədində qeyd edilir: "İKT XXI əsrdə cəmiyyətin formalaşmasına təsir edən mühüm amillərdəndir. İKT insanların həyat tərzinə, təhsilinə, peşə fəaliyyətinə, hökumət və vətəndaş cəmiyyətinin qarşılıqlı münasibətlərinə ciddi təsir edir. İKT dünya iqtisadi inkişafının mühüm stimuluna çevrilir. İKT hamının qarşısında inkişaf üçün böyük imkanlar açır".
İC qloballaşma prosesləri ilə də sıx əlaqəlidir. Bu gün bir çox dəyişikliklər qloballaşma fonunda baş verir. İqtisadi fəaliyyətin yeni mühiti - qlobal şəbəkə iqtisadiyyatı və elektron kommersiya xidmətləri sürətlə inkişaf edir. Distant əmək münasibətləri inkişaf edir. Belə şəraitdə bir çox ölkələr texnoloji inkişafı hədəf seçərək, az zaman kəsiyində intensiv sosial-iqtisadi inkişafa nail ola bilmişlər. Hələ 1997-ci ildə Dünya Bankının proqnoz ssenarisində qeyd edilirdi: "Təhsil islahatları, təhsil investisiyaları, yeni texnologiyalar yaxın gələcəkdə inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafına güclü təkan verəcək. Rusiya, Çin, Hindistan, İndoneziya, Braziliya kimi ölkələr 2010-2015-ci illərdə dünya qlobal iqtisadiyyatında söz sahiblərinə çevriləcəklər". Bu proqnozun həyata keçməsinin artıq biz şahidiyik.
İC tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyası xammala əsaslanan iqtisadiyyatdan yüksək texnologiyalara, innovasiyalara əsaslanan iqtisadiyyata keçidi nəzərdə tutur. Enerji resurslarının ixracından əldə edilən vəsaitlər qeyri-neft sektorunun formalaşmasına, insan kapitalının inkişafına yönəlir. Ölkəmizdə reallaşan "qara qızılı insan kapitalına çevirmək" siyasəti dünyanın müasir inkişafı meyillərinə uyğundur, çünki bu gün hər hansı ölkənin zənginliyi onun insanlarının təhsil səviyyəsi ilə ölçülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir. Həmin ölkələr təbii resurslar hesabına yox, intellektual potensiala, yeni texnologiyaların icad olması, tətbiqinə görə inkişaf edirlər. Biz də bu yolu seçməliyik".
Cəmiyyətin innovativ inkişaf ideyası bir çox ölkələrin inkişaf strategiyasının əsasını təşkil edir. Ölkənin innovativ inkişafı sənaye əsaslı iqtisadiyyatın biliyə əsaslanan iqtisadiyyata keçidini təmin edir. İnkişaf etmiş ölkələrdə ÜDM artımının 80%-ni yeni texnologiya, avadanlıq və istehsalatın təşkili prosesində istifadə edilən innovasiyalar təşkil edir. Bu səbəblərdən müasir dünyada elm, təhsil, innovasiyalar və bunların əsasında yaradılan elmtutumlu məhsullar iqtisadi inkişafın əsas amilləridir. XXI əsrdə elmi-texniki ideyalar, elmtutumlu məhsullar, yüksək texnologiyalar, kadrların intellektual və təhsil potensialı millətin, dövlətin rəqabətədavamlılığını, onun innovasiya qabiliyyətini, dayanıqlı iqtisadi inkişafın əsasını təşkil edir.
İnnovasiya amili İC-ə keçidin maraqlı bir xüsusiyyətini aşkar edir: bu gün daha çox elmi informasiya istehsal edən ölkələrlə yanaşı, bu informasiyadan səmərəli istifadə, praktikada operativ tətbiq edən ölkələr də intensiv inkişaf edir. Çin, Yaponiya, Cənubi Koreya və s. ölkələrin innovativ inkişafında bu amil aydın sezilir. Sənaye və biznes üçün innovativ biliklərin, informasiyaların hansı regionda yaranmasının əhəmiyyəti yoxdur (elmin vətəni olmaz), əsas bu ideyalardan tez və səmərəli istifadə bacarığıdır. İnnovasiya yeni informasiyadan, elmi nailiyyətdən, ixtiradan pul qazanmaq, əqli əməyin məhsulunu bazarda sərfəli şəkildə sata bilmək qabiliyyətidir. Bu gün innovasiyalar İnternet vasitəsilə informasiyanın, intellektual tutumlu məhsulun elektron ticarəti olaraq, İC-də intellektual sahibkarlığın mühüm növü kimi qlobal fəaliyyət meydanına çevrilməkdədir.
İnkişaf etmiş ölkələrdən fərqli olaraq keçid dövrünü yaşayan ölkələrdə innovativ fəaliyyəti əngəlləyən bir sıra problemlər var: müvafiq qanunverici bazanın olmaması, sənayedə texniki və texnoloji yeniliklərə tələbatın zəif olması, təbii sərvətlərə əsaslanan iqtisadiyyatın mühüm rol oynaması, elm və təhsilin qlobal inkişaf tempindən geridə qalması, "əyalət xarakterli olması" və s. Bu problemlərin həllinə isə xeyli vaxt lazımdır, lakin biliklərə əsaslanan iqtisadiyyatın yaradılması üçün bu zəruridir.
Məlum olduğu kimi, ölkəmizdə iqtisadiyyat sahəsində keçid dövrü artıq başa çatmışdır. Deməli, bundan sonrakı mərhələdə elm və təhsilin inkişafı üçün daha əlverişli maliyyə imkanları yaranır. "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" qəbul edilmişdir. Bu sənəddə qeyd edilir ki, elm və texnologiyanın inkişafı, qabaqcıl innovasiya sisteminin yaradılması və tətbiqi dövlət siyasətinin strateji məqsədlərindəndir. Strategiyanın məqsədləri kimi elmi tədqiqatların və innovasiya siyasətinin səmərəsini artırmaq, ölkəni texnoloji cəhətdən modernləşdirmək, insanın bu və ya digər sahədəki fəaliyyət səmərəsinin yüksəldilməsinə yönələn innovasiyalardan geniş istifadə məsələləri xüsusi qeyd edilmişdir. Strategiyanın mühüm bölmələrindən biri elm, təhsil və istehsalın inteqrasiyası məsələlərinə həsr edilmişdir. Bu bölmədə qeyd edilir ki, İC-də mükəmməl bir sistemin tərkib hissələri kimi elm, təhsil və istehsalatın inteqrasiyası biliyə əsaslanmalıdır.
İqtisadi inkişaf ölkədə insan potensialının formalaşmasını təmin edən ali təhsilin və öyrənmənin fasiləsizliyini təmin edən əlavə təhsilin innovativ inkişaf sistemi olmadan mümkün deyil. Biliklərə əsaslanan iqtisadiyyata keçidin təmin edilməsində universitetlərin mühüm rolu var. Milli innovasiya sisteminin formalaşmasında, inkişafında, cəmiyyətin innovativ səviyyəsinin yüksəldilməsində, innovasion mədəniyyətin formalaşmasında universitetlər lider olmalıdırlar. Bilik, informasiya dünya təhsil sisteminin inkişafında həlledici amilə çevrilir.
İC insan fəaliyyətinin bütün sahələrini transformasiya etdiyi kimi, dünya təhsil sisteminə, xüsusən də ali təhsil sisteminə ciddi təsir göstərməkdədir. İnformasiya məkanında universitetlər elm və innovativ inkişaf mərkəzlərinə çevrilirlər, bu zaman əsas məqsəd təhsil innovasiyalarının yaradılması və yayılmasıdır. Təhsil innovasiyası - universitet fəaliyyətinin keyfiyyəti və rəqabətədavamlılığının yüksəldilməsi məqsədi ilə yeni yaradılmış və ya təkmilləşdirilmiş pedaqoji təyinatlı son məhsuldan istifadədir. Universitetdə innovativ proses yeniliklərin yaradılması, tətbiqi, yayılması istiqamətində kompleks fəaliyyət olub, elmi tədqiqatların, idarəetmə qərarlarının, maddi-texniki infrastrukturun yaradılması və inkişafını nəzərdə tutur. Universitetin innovativ fəaliyyəti təhsil mühitinə yeni və səmərəli elementlərin daxil edilməsinə imkan verən məqsədyönlü dəyişiklikdir. Bu tip fəaliyyət təhsildə məzmunun, formanın, metodların, texnologiyaların, vasitələrin, idarəetmə sistemlərinin inkişafı və səmərəsinin yüksəldilməsinə xidmət edir. Universitetin innovativ fəaliyyəti nəticəsində rəqabətqabiliyyətli kadrlar hazırlamaq mümkün olur.
Universitetin rəqabətqabiliyyətli müasir təhsil müəssisəsi kimi formalaşması üçün onun fəaliyyəti təlim-tərbiyə və elmi-tədqiqatla yanaşı innovativ fəaliyyət istiqamətini də əhatə etməlidir. İnnovasiyalar universitetin bütün struktur bölmələrinin fəaliyyətində mühüm amil olmalıdır. Bunun üçün zəruri hallarda universitetin tərkibində innovasiya yönümlü əlavə infrastruktur bölmələrinin yaradılması məqsədəuyğundur. Bu infrastruktur bölmələrin əsas məqsədi innovativ məhsulların yaradılması və tətbiqindən ibarət olmalıdır.
Universitetlərin təkamülü cəmiyyətin inkişafı ilə sıx bağlıdır. Əgər 50 il əvvəl universitet təhsilinin əsasını klassik universitetlər təşkil edirdisə, bu gün təhsil bazarında Biznes-Universitetlər üstünlük təşkil edir. Biznes-Universitetlərin "istehsal etdiyi məhsullar" klassik ali peşə təhsili ilə yanaşı, həm də genış spektrdə elm-təhsil xidmətlərini əhatə edir. Biznes-Universitetlər dövlət və özəl sektordan aldığı sifarişlər əsasında layihələr icra edirlər. Universitet əməkdaşlarının yerinə yetirdikləri belə layihələrin nəticələri elmtutumlu yeni məhsul kimi bazara təqdim edilir. Bu məhsullar sırasında "elmi-tədqiqat təcrübi konstruktor işləri"nin nəticələri, "tətbiqi elmi-tədqiqat işləri"nin nəticələri və s. qeyd edilə bilər.
Müasir universitetin inkişaf strategiyası innovasiyalara əsaslanmalıdır. Universitetin yeniliklərə, innovasiyalara açıq olması, innovativ inkişaf yolunu tutması onun sürətlə inkişaf edən qlobal tələblərə uyğunlaşması, rəqabətədavamlı olması üçün mühüm şərtdir. Belə universitetlər davamlı olaraq elm-təhsil prosesinin məzmununu, texnologiyasını təkmilləşdirərək inkişaf edirlər. Müasir universitetlərə xas olan geniş muxtariyyət, elm və təhsil proseslərinin vəhdəti, məhsuldar innovativ fəaliyyət, sənaye və bizneslə möhkəm əlaqələrin qurulması XX əsrin sonuna yaxın sürətli elmi-texniki inkişafı təmin etmişdir.
Universitetin innovativ inkişafı innovasiyaların və innovativ fəaliyyətin universitet fəaliyyətinin bütün sferalarına sistemli tətbiqi prosesidir. Universitetin inkişafının innovativ xarakteri onun fəaliyyət nəticələrinin innovasiyalar hesabına təmin edilməsidir. İnnovativ inkişaf informasiya cəmiyyətində universitetin rəqabətədavamlı olması, dinamik inkişafı üçün əsas şərtdir. Burada ənənə və yeniliyin mübarizəsi, vəhdəti, sinergetik inkişafı məsələləri özünü göstərir.
İnnovativ təhsilin mahiyyəti belə ifadə edilir: "Keçmişin arxasınca qaçmamalı, gələcəyi yaratmalı". İnnovativ təhsil tədrisdə innovasiyaların yaradılması, inkişafı, yayılmasına istiqamətlənmiş proses kimi xarakterizə edilir. İnnovativ təhsil ənənəvi təhsilin informasiya cəmiyyəti tələbləri səviyyəsinə transformasiya edilməsi ("layihələnməsi"), onun İC texnologiyaları ilə reallaşması deməkdir. Bu zaman təhsildə müəllimin rolu və statusunun dəyişməsi, onun məsləhətçi tyutor funksiyası daşıması, təhsil vasitəsi ilə cəmiyyətin texnoloji, sosial-iqtisadi sifarişinin reallaşması müşahidə edilir.
İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır. Universitetlərin inkişafının yeni strategiyasının formalaşmasında innovasiyaların sistemyaradıcı funksiyası var. Universitetin innovativ fəaliyyəti onun struktur bölmələrinin innovativ fəaliyyətinin təşkili və əlaqələndirilməsi mexanizminin yaradılnmasını tələb edir.
Universitetin innovativ fəaliyyəti aşağıdakı üç istiqamətdə reallaşa bilər.
1. Universitetdə innovasiyaların yaradılması onun fəaliyyətinin innovativ inkişaf amili kimi.
2. Universitetdə innovasiya fəaliyyətinin tədrisi innovasiya üzrə kadr hazırlığı amili kimi.
3. Universitetin təhsil fəaliyyəti innovasiyaların dəstəklənməsi və inkişafı amili kimi.
İnkişaf etmiş ölkələrin iqtisadiyyatında bu gün tədqiqat universitetləri aparıcı mövqeyə malikdirlər. Onların gəlirlərinin mühüm hissəsi təhsil xidmətləri hesabına deyil, innovativ fəaliyyət hesabına formalaşır. Qabaqcıl universitetlərdə aparılan tədqiqatlar nəticəsində Akademik İnnovasion Universitet (AİU) konsepsiyası hazırlanmış, ənənəvi universitetlərin innovasion universitetlərə transformasiya texnologiyası yaradılmışdır. Bunun üçün müəyyən mühit və resurslar lazımdır.
Akademik İnnovasion Universitetlərin mühüm xüsusiyyətləri aşağıdakı kimidir:
1. Problemyönümlü, layihəyönümlü, fənlərarası təhsil texnologiyalarının tətbiqi ilə elm və tədris prosesinin vəhdəti əsasında innovativ təhsilin yaranması.
2. Elmi məktəblər bazasında mütəxəssislərin keyfiyyətli hazırlanma sisteminin formalaşması.
3. Elm, təhsil və innovasiya fəaliyyətinin inteqrasiyası.
4. Universitetdaxili korporativ mədəniyyət və rəqabət mühitinin formalaşması.
5. Dövlət idarəetməsi, dövlət-ictimai idarəetmə və özünüidarənin səmərəli əlaqələndirilməsi əsasında universitetin müasir menecmentinin formalaşması, yeni vəzifələrə uyğun təşkilati strukturların yaradılması.
6. Universitetlərin müxtəlif maliyyələşmə mənbələrinin müəyyənləşməsi, universitetin elm-təhsil xidmətləri sektorunda sahibkarlıq subyekti kimi formalaşması.
7. Universitetin ölkədaxili və xarici mühitlə qarşılıqlı əlaqələrini təmin edən mükəmməl infrastrukturunun formalaşması.
İC-də innovativ universitetlər sürətlə inkişaf edirlər. İC-də universitetlərin təşkilati strukturu bu gün istehsalat müəssisələri strukturlarını xatırladır. İnnovativ universitetlər elm, təhsil və istehsalat kompleksi kimi fəaliyyət göstərərək təhsil, istehsalat və biznes strukturlarını özündə üzvi şəkildə birləşdirir. Yüksək elmi potensiala malik belə universitetlər müxtəlif elmi və biznes ideyalar irəli sürür, öz tərkibində olan texnoparklarda və biznes-inkubatorlarda bu ideyaları praktik olaraq reallaşdırırlar. Tanınmış şirkətlər bu universitetlərdə öz elm və istehsalat şöbələrini yaradırlar. Bu universitetlərin mənfəətinin mühüm hissəsi elm və innovasiyalar hesabına formalaşır, bu dövriyyə yüz milyon dollarlarla hesablanan bir məbləğdir.
İC-nin inkişafı universitetlərin fəaliyyət xarakterini, inkişaf strategiyasını, idarəetmə sistemini də dəyişdirir. Universitetlərin təşkilati strukturunda yeni bölmələr yaranır: "Texnopark"lar, "Təhsil keyfiyyətinin menecmenti" departamenti, "Marketinq" departamenti, "Elektron təhsil" departamenti, "İnformasiya sistemləri və proqram təminatının yaradılması və istismarı" departamenti kimi yeni bölmələrin yaradılması nəticəsində universitetlərin fəaliyyəti və idarə edilməsi daha çox istehsalat müəssisəsini xatırladır. Universitet rəhbərliyi tərəfindən səmərəli idarəetmə qərarlarının qəbulu və dəstəklənməsi "Təhsilin avtomatlaşdırılmış idarəetmə informasiya sistemləri" proqram kompleksi olmadan mümkün deyil. Belə sistemlər əvvəllər əsasən istehsal və xidmət müəssisələrində tətbiq edildiyi halda, bu gün "Elektron Universitet" sistemi kimi inkişaf etmiş bütün universitetlərdə uğurla tətbiq edilir. Təhsildə innovasiyaların yaradılması və tətbiqi universitetin bazar iqtisadiyyatı şəraitində maliyyə imkanlarını artırmaqla yanaşı, innovativ universitet modeli qurmağa imkan verir.