AzTehsil.com


Xəbərlər
07 mart 2020
2 392


Pedaqoji tədqiqatlara yeni yanaşmalar



 

Yeni təhsil sisteminin qurulması pedaqoji araşdırmaların müasir çağırışlara cavab verməsini bir vəzifə olaraq qarşıya qoyur
Təhsil yarandığı vaxtdan bu günə qədər inkişaf edərək özünün cəmiyyət üçün lazımlılığını və əhəmiyyətini qoruyub saxlaya bilmişdir. Sivilizasiyalar özünün fəaliyyət mənbəyini məhz təhsildən götürmüş, onun dəstəyi ilə formalaşmışdır. Bu ənənə indi də davam etməkdədir. İnsanlığın keşiyində duran təhsil özünün əlahəzrət missiyasını həyata keçirməkdədir.

Bu gün təhsil insanların ehtiyacına yönəlməklə yanaşı, həm də yeni əlamətləri ilə maraq doğurur. Cəmiyyətin problemlərinin həll olunmasında iştirak etməklə onun inkişafına təkan verir, yeni bir kontekstdə formalaşmasını təmin edir. Amerika təhsilşünası Ken Robinsonun qeyd etdiyi kimi, "XIX əsr və XX əsrin əvvəllərində sənayeləşmə ehtiyacını ödəmək üçün qurulmuş təhsilə yox, bu gün qarşılaşdığımız çətinliklərə cavab verə biləcək və içimizdə yatan həqiqi istedadları ortaya çıxaracaq yeni təhsil sistemimizə ehtiyacımız var”.

Bugünkü təhsil XXI əsrə məxsus olan və onun sürətlə dəyişən tələbatlarına cavab verən təhsil sistemidir. Onun beynəlxalq miqyasda müxtəlif səviyyələrdə qəbul olunmuş tələbləri vardır. İnsanın məntiqi, tənqidi, yaradıcı təfəkkürə malik olması, yüksək əxlaqi-mənəvi dəyərlər qazanmaqla zəruri səriştələrə yiyələnməsi həmin tələblərin əsasını təşkil edir. Ölkəmizdə aparılan təhsil islahatlarının da məqsədi məhz bu istiqamətə yönəlmişdir. Respublikamızın gələcək həyatının qurucuları kimi formalaşan gənc nəslin yetişdirilməsi, onların əvəzsiz insan kapitalına çevrilməsi prioritet vəzifə kimi qarşıya qoyulmuş və müasir təhsilin siyasi platformasına çevrilmişdir.

Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "Bilik iqtisadiyyatı”na keçid və ölkənin modernləşdirilməsi üçün həlledici amil kimi insan kapitalının inkişafını təmin edəcək "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasına başlanılmasından keçən müddətdə ölkəmizdə müasir təhsil quruculuğu istiqamətində uğurlu addımlar atılmış və Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyası sürətlənmişdir.

Ölkəmizdə aparılan təhsil islahatları və əldə olunan irəliləyişlər barədə Azərbaycan müəllimlərinin XV qurultayında Təhsil naziri Ceyhun Bayramovun hesabat məruzəsində xüsusi olaraq qeyd olunmuşdur ki, "son illər təhsil tariximizdə yüksək inkişaf bütün sahələrdə islahatların daha da dərinləşdirilməsi dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır”. Orada göstərildiyi kimi, ölkəmiz təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan "Bacarıqlar” indeksi üzrə ümumilikdə 54-cü, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, "tədrisdə tənqidi düşüncə” üzrə 27-ci, məzunların bacarığı üzrə 32-ci yerə yüksəlmişdir. Onların daha da yüksəlməsi təhsilin müasir zamanda daha modern  olmasını, informasiya axınının çoxaldığı bir şəraitdə qlobal dünyanın tələblərinə uyğunlaşdırılmasını mühüm vəzifə olaraq qarşıya qoyur. Cəmiyyətdəki fəaliyyətlər də o zaman uğurlu hesab edilir ki, bu vəzifələrin yerinə yetirilməsi istiqamətinə yönəlsin. İlk növbədə, gələcək üçün lazım olan səriştələr, onları şərtləndirən zəruri bilik, bacarıq, münasibət və dəyərlər sistemi öyrənilsin. Məhz Azərbaycan şəraitində onlara olan ehtiyac müəyyən edilsin. Həmçinin Azərbaycan üçün xarakterik olan xüsusiyyətlər aydınlaşdırılsın.

Pedaqoji tədqiqatların xarakteri

Pedaqoji tədqiqatların aparılması sahəsində zəngin təcrübə toplanmışdır. Hazırda təhsilin uğurlu irəliləyişlərə nail olmasında həmin təcrübənin çox böyük rolu vardır. Bu gün də cəmiyyətin təhsil quruculuğunda klassik pedaqoji tədqiqatçılıq ənənəsinə istinad olunmaqdadır. Fundamental və pedaqoji tədqiqatlardan istifadə edilməkdədir. Lakin müasir zamanda cəmiyyətin sürətlə dəyişməsi, onun yeni təhsil sisteminin qurulması istər-istəməz pedaqoji araşdırmaların da bu çağırışlara cavab verməsini bir vəzifə olaraq qarşıya qoyur. Bütün bunlar isə pedaqoji tədqiqatların ən yeni tələblərə uyğun aparılmasını diktə edir.

Həm tarixi, həm də müasir təcrübələr onu göstərir ki, pedaqoji tədqiqatlar, ilk növbədə, aktual olmalıdır. Zamanın diktəsinə uyğun müəyyənləşdirilməlidir. Bu tələb indi də özünün vacibliyini saxlamaqdadır. Çünki aktual olmayan hər hansı araşdırma passiv mövqe sərgiləməklə inkişafı qabaqlaya, yaxud dəstəkləyə bilməz, izafi bir əmək nəticəsi kimi kənarda qalar. Ona görə də pedaqoji tədqiqatlar özünün aktuallığı ilə gündəmə gələrək fəaliyyətdə olan təhsil mexanizmlərinin nəzəri əsasına çevrilir və onun obyektiv bir yanaşma olmasını əsaslandırır.

Uzun illər mövcud olan və bu gün də davam edən pedaqoji tədqiqatların uzun müddətə planlaşdırılması informasiya cəmiyyətinin tələblərinə cavab vermir. Tədqiqat başa çatana qədər aktuallığını itirir, yaxud əldə olunmuş nəticələr irəliləyişlərdən geridə qalır, onları qabaqlaya bilmir. Odur ki, tədqiqatların, xüsusilə də tətbiqi tədqiqatların müddətinin qısa zaman üçün müəyyən olunması hazırkı dövrün tələbi kimi meydana çıxır.

Pedaqoji tədqiqatlar həmçinin sürətlə dəyişən və yeniləşən təhsil prosesinin dəstəkləyiçisi kimi mobil olmalı, özünün aparıcı funksiyasını yerinə yetirməlidir.

Pedaqoji tədqiqatlar müstəvisində nələr  var?

 Demək olar ki, cəmiyyətlə, onun inkişafı, xüsusilə insan kapitalı ilə əlaqədar hər şey, o cümlədən insanların inkişaf edərək dəyərlərə sahib olmasında rol oynayan hər bir imkan və vasitə. Bütün bunların içərisində təhsil özünün funksiyaları, oynadığı rola görə xüsusi yer tutur. Cəmiyyətin hər hansı bir sahəsində özünəməxsusluğu ilə boy göstərir, görünür. Heç təsadüfi deyil ki, istər sosioloqlar, istər psixoloqlar, istərsə də pedaqoqlar insan inkişafından danışarkən müxtəlif amillərlə yanaşı, təhsil haqqında, onun həlledici rolunu xüsusi olaraq qeyd edirlər. Təhsili sosial fenomen kimi səciyyələndirməklə onun əhəmiyyətindən söhbət açırlar. Təhsil müəssisələrinin, xüsusən məktəblərin bu işdə əvəzolunmaz xidmətlərini diqqətə çatdırırlar. Cəmiyyətin dəyişən və artmaqda olan tələbatlarının fonunda onların daha dinamik, çevik xarakter daşımasının, müasir tendensiyalara cavab verməsinin zəruriliyini vurğulayırlar.

İndi dünyanın təhsilşünas alimləri, təhsil tədqiqatçıları təhsilin daha geniş anlamda başa düşüldüyünü qeyd edirlər. Bu fikrin müasir baxımdan düz olması inkaredilməz müddəa kimi hər kəsə məlumdur. Həmçinin biz öz fəaliyyətimizdə bu yanaşmanı daha da inkişaf etdirməklə onu cəmiyyətin bir sivil cəmiyyət olaraq formalaşması amili kimi qəbul edirik. Doğrudan da, təhsil hər şeydən öncə, dəyərdir və özünəməxsus keyfiyyətlərinə görə ölçülə bilir. Onun hansı səviyyədə olmasını meydana çıxartmaq üçün qiymətləndirmək lazım gəlir. Bu qiymətləndirmə yolu ilə onun səviyyəsi müəyyənləşdirilir.

Yaxud təhsil barəsində danışanlar onun dinamik və dəyişkən xarakterinə istinad etməklə belə qənaətə gəlirlər ki, təhsil, hər şeydən əvvəl, özünün məzmun, forma, vasitə və yolları ilə mövcud olan prosesdir. Çünki o, inkişafda olan insanı müşayiət etməklə istiqamətverici funksiya daşıyır. Eləcə də məktəb mühitində baş verməklə şagird şəxsiyyətinin ehtiyac və tələbatlarına yönələn bir proses olaraq onları öz ağuşuna alır.

Müxtəlif struktur və quruluşu, forma və məzmunu olan təhsil həm də bir sistem kimi təzahür edir. Hər hansı bir xalqa məxsus olmaqla milli və dünyəvi xarakter daşıyır. Hər bir millətin və ya xalqın nümayəndəsi ümumi olaraq təhsil meridianından keçsə də, o milli keyfiyyətləri əxz etməklə xüsusi bir xarakter alır, ümumi dəyərləri ilə var olan cəmiyyət içərisində özünün milli dəyərlərinə görə seçilir və milli varlığını qoruyub saxlayır. Bütün bu müddəalar pedaqoji tədqiqatlardan təşəkkül tapır, yaxud pedaqoji tədqiqatların nəticəsi kimi praktik fəaliyyətlərə gətirilir və reallaşdırılır. Pedaqoji tədqiqatların süzgəcindən keçməyən yanaşmalar müxtəlif şübhələr və suallar doğurur.

Təhsil siyasətimiz pedaqoji tədqiqatlara nəyi diktə edir?

 İqtisadiyyatda innovasiya əsaslı inkişaf baş verir. Ənənəvi iqtisadiyyat mexanizmləri bu inkişafı qarşılaya bilmir. Yeni bir iqtisadiyyatın - "bilik iqtisadiyyatı”nın əsası qoyulur. Bütün bu proseslərdə həlledici rola malik olan insan kapitalının adekvat inkişaf etdirilməsinin zərurəti meydana çıxır. Beləliklə, təhsil fenomeni üçün yeni istiqamətlər yaranır.

"Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında "Müasir təhsil sisteminin formalaşdırılması” başlıca istiqamətlərdən biri kimi göstərilir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda isə bu istiqamət üzrə konkret fəaliyyətlər müəyyən edilir: bütün pillələr üzrə kurikulumların inkişafı; insan resurslarının müasirləşdirilməsi; nəticələrə görə cavabdeh, şəffaf idarəetmə sisteminin yaradılması; müasir tələblərə uyğun və ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması; yeni təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulması.

Eləcə də "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” və "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda təhsilin inkişafı ilə bağlı vəzifələr müəyyənləşdirilir.

 
Bütün bu vəzifələrin yerinə yetirilməsində fəaliyyətlərə start verilib. Müasir Azərbaycan təhsilinin inkişafını təmin edən və onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə qaldıran islahat tədbirlərinin həyata keçirilməsinə başlanılıb.

 Bu gün islahatçılıq fəaliyyətində daha uğurlu addımların atılması, təhsil quruculuğunda inamlı irəliləyişlərin təmin olunması üçün pedaqoji araşdırmalara, onların nəticələrinə söykənmək ən etibarlı yanaşma hesab edilə bilər. Odur ki, respublikamızın təhsil sahəsində özünə xas olan təhsil tədqiqatlarının imkanlarından geniş istifadə edilir. Cəmiyyətdəki dəyişikliklər, təhsil sahəsindəki innovasiyalar artdıqca yeni məzmun və texnologiyaların yaradılması zərurəti meydana çıxır. Hətta təşəbbüslər sayəsində müxtəlif innovativ təcrübələr yaranır. Onların öyrənilməsi, ümumiləşdirilməsi, təsdiq olunması, yaxud daha təkmil mexanizmlərlə inkişaf etdirilməsi tələbi ortaya çıxır. Azərbaycan psixopedaqoqlarının qənaətinə görə, "İstər XX yüzilliyin son illərində, istərsə də XXI əsrin ilk illərində dövrün başlıca təhsil prinsipləri (inkişafetdirici, tərbiyəedici və şəxsiyyətyönümlü) sahəsində məktəblərdə müəyyən axtarışlar aparılıb, lakin bu ilk önəmli təcrübələr nə təhsilin fəlsəfəsi və sosiologiyasında, nə psixologiyasında, nə də pedaqogikasında ümumiləşdirilməyib”.

Lakin bu gün aparılan islahatların xarakteri təhsil təcrübələrinin öyrənilməsini, dünyanın inkişaf tendensiyalarına uyğunlaşdırılaraq daha da yeniləşdirilməsini və  innovativ təcrübələr əsasında təhsil elmlərinin zənginləşdirilməsini tələb edir.

Tədqiqat tələb edən problemlər

Yeni təhsil quruculuğu öz növbəsində bir sıra problemlərin təxirəsalınmadan həll olunmasını tələb edir. Bu problemlər daha çox ümumi xarakter daşımaqla təhsilin bütün pillə və səviyyələrinə şamil olunur.

Səriştəəsaslı yeni təhsil məzmununun yaradılması bir problem kimi özlüyündə standart və kurikulumların hazırlanmasını tələb edir. Bunun üçün standart və kurikulumların elmi-pedaqoji əsasları araşdırılmalı, mövcud təcrübələrə istinad etməklə yeni məzmun komponentləri (standartlar, kurikulumlar) hazırlanmalıdır. Təhsilin bütün pillə və səviyyələrində tədris-metodik bazanı möhkəmləndirmək, yeni metodologiya hazırlamaq məqsədilə araşdırmalar aparılmalıdır. Xüsusilə ümumtəhsil məktəblərində STEAM təhsili, təmayüllü siniflərin təşkili və s. məsələlər pedaqoji tədqiqatların obyektinə çevrilməlidir.

Dərsliklərin  hazırlanması Azərbaycanda təhsil islahatlarının bir parametri kimi həyata keçirilir. İntellekt dərsliklərinin, xüsusilə ehtiyat dərsliklərinin hazırlanması ilə bağlı xeyli təcrübə əldə olunmuşdur. Onların tətbiqi vəziyyətinin, psixopedaqoji, metodik əsaslarının öyrənilməsi pedaqoji tədqiqatlar tələb edir.

Məktəb təhsilində innovativ yanaşmalardan biri də təhsildə bərabər şəraitin yaradılmasının, təhsilin hamı üçün əlçatanlığının təmin olunmasıdır. Bu baxımdan təhsil prosesində istedadlı, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil şəraitinin təşkili, müvafiq inkişaf və inklüziv təhsil proqramlarının hazırlanmasına, bunun üçün zəruri tədqiqatların aparılmasına ehtiyac vardır.

Pedaqoji kadr hazırlığının məzmunu və təşkilinə dair tədqiqatların aparılması əsas istiqamətlərdən biri kimi bu gün daha çox aktuallıq kəsb edir. İstər ilkin müəllim hazırlığının, istər müəllimlərin peşəkarlığının, istərsə də əlavə təhsilin hər hansı bir istiqaməti üzrə araşdırmaların aparılmasına ehtiyac vardır. Bu gün həm də müəllim nüfuzunun artırılması, onun karyerasının inkişafı da ciddi pedaqoji problemlərdən hesab edilir.

Müasir məktəbin daha geniş inkişaf imkanlarına malik olması dedikdə, ilk növbədə, onun innovativ təlim və qiymətləndirmə metodologiyasına münasibət bildirilməsi ön plana çəkilir. Təhsilin hər hansı pillə və səviyyəsində uğurlu təlim nəticələrinə nail olmaq üçün zəruri təlim və qiymətləndirmə texnologiyalarına dair müxtəlif resurs bolluğunun yaradılması və müəllimlərin bu baxımdan ehtiyaclarının ödənilməsi diqqət mərkəzində dayanır. Belə bir resurs bazasının yaradılması isə pedaqoji, metodik, eləcə də psixopedaqoji tədqiqatların aparılmasını tələb edir.

Təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması da ciddi pedaqoji tədqiqatlar tələb edən müasir məsələlərdən biridir. Ilkin araşdırmalar da onu göstərir ki,  təhsil şöbələrinin infrastrukturunun  yeniləşdirilməsi, demokratik-ləşdirmə, humanistləşdirmə və humanitarlaşdırma prinsipləri əsasında onların səlahiyyət və məsuliyyət dairəsinin yenidən müəyyən olunması, təhsil müəssisələrinin idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyata malik olması, idarəetmə və tənzimləmə funksiyalarını daşıması, strateji idarəetmə mexanizmlərinin yaradılması məsələlərini nəzəri və təcrübi əsaslara söykənən pedaqoji tədqiqatlarla həll etmək olar.

Müasir təhsil quruculuğunda ən önəmli məsələlərdən biri də yeni maliyyələşdirmə mexanizmlərinin yaradılmasıdır. Dünyanın inkişaf etmiş ölkələrində təhsilin iqtisadi cəhətdən qurulması baxımından zəngin təcrübələr vardır. Bu təcrübələrin, eləcə də yerli şəraitin öyrənilməsi və Azərbaycan üçün təhsil sahəsində yeni iqtisadi mexanizmlərin yaradılması da pedaqoji araşdırmaların aparılmasına ehtiyac olduğunu göstərir.

Bu gün Azərbaycan təhsilinin psixoloji, fizioloji, fəlsəfi əsaslarının da tədqiqi onun nəzəri əsaslarının öyrənilməsi baxımından əhəmiyyətli hesab edilir. Və təhsilin düzgün, effektiv qurulmasında belə araşdırmalar konseptuallığı ilə fərqlənir.

"Təhsil elmləri” və ya "pedaqoji elmlər”

Azərbaycan pedaqoji fikir tarixində daha çox özünə yer tutmuş "pedaqoji elmlər” ifadəsi özünün semantikasına görə bir sistem olaraq pedaqogika nəzəriyyəsi, məktəbəqədər pedaqogika, məktəb pedaqogikası, ali məktəb pedaqogikası, pedaqogika tarixi, xüsusi metodikalar və s. əhatə edir. Həmçinin özünün tədqiqatçılıq arealında həmin sahələrin, demək olar ki, hamısının problemlərini özündə ümumiləşdirə bilir. Və indi də "pedaqoji elmlər” kimi təsbit olunmaqla işlənməkdə davam edir.

Elmi araşdırmalar sahəsində əldə olunan nəticələr onu göstərir ki, son vaxtlar pedaqoji xarakterli mənbələrdə "təhsil elmləri” ("Education sciences”) ifadəsi işlənməyə başlamışdır. Bu ifadənin mənbələrdə təhsil elmlərinin və ya təhsil nəzəriyyəsinin təhsil siyasətini və təcrübəsini müəyyənləşdirməyə, izah etməyə və anlamağa xidmət göstərdiyi qeyd olunur. Onun pedaqogika, androqogika, kurikulum, didaktika və təhsil siyasəti, təşkilatçılıq və liderlik kimi bir sıra sahələri də özündə birləşdirdiyi istisna olunmur.

Bu məsələlərdə oxşar və fərqli yanaşmalar olsa da, ilkin qənaət kimi onu demək mümkündür ki, "təhsil elmləri” anlayışı daha geniş məna daşımaqla özündə pedaqogikanı və ona yaxın olan bir sıra elm sahələrini də ehtiva edir.

Biz daha çox nələri araşdırırıq?

Bu ritorik suala cavab vermək üçün indiyə qədərki pedaqoji araşdırmaların tematikasını nəzərdən keçirmək kifayətdir. İstər gündəmdə dayanan elmi-tədqiqat işləri, istərsə də yazılmış dissertasiyalar olsun, onların tematikasında daha çox nəzərə çarpan prioritet məsələlər tərbiyə nəzəriyyəsi və pedaqoji fikir tarixi ilə bağlıdır.

İndiyə qədərki təlim, tərbiyə ilə bağlı tədqiqatlarımız daha çox nəzəri-konseptual xarakter daşımaqla sistemli pedaqoji fikirlərin formalaşmasına yönəlmişdir. Əslində bu araşdırmaların sonda daha çox Azərbaycan pedaqogikasında təlim və tərbiyə nəzəriyyələrinin formalaşdırılmasına təsir göstərə bilməsi, həmçinin praktik əhəmiyyət daşıması strateji məqsəd kimi qarşıya qoyulmuşdur. İndiyə qədərki təcrübə onu göstərir ki, bu tədqiqatlarda fundamentallıq onun tətbiqi xarakterini üstələmişdir. Əslində belə tədqiqatlar daha çox praktik əhəmiyyətinə görə aktual hesab edildiyindən təhsil mexanizmlərinə verdiyi töhfələrə görə dəyərləndirilməlidir.Yaxud pedaqogikaya aid tarixi mövzular müəyyən olunarkən onların müasir dövr baxımından əhəmiyyəti nəzərə alınmalı, müasir təhsil təcrübələrinin və innovasiyaların yaranmasında əhəmiyyəti diqqət mərkəzində saxlanılmalıdır.

Psixopedaqoji yanaşmalar nəzəri əsas kimi

Psixopedaqogika bir termin olaraq ötən əsrin 80-ci illərindən işlənməyə başlamışdır. Bu terminə ilk dəfə Edvard Stounsun yaradıcılığında rast gəlinir. O, özünün "Psixopedaqogika. Psixoloji nəzəriyyələr və təlim təcrübəsi” (1984) əsərində bu məsələdən geniş bəhs edərək insan haqqında yaranan elmlərdən biri kimi onun unikallığından və cəmiyyət üçün lazımlı olmasını diqqətə çatdırmışdır. O dövrdə bu elm, psixologiya və pedaqogikanın kəsişməsində baş verən hadisələrin tədqiqi ilə məşğul olan bir elm kimi dəyərləndirilmişdir. Eyni zamanda xüsusi bir istiqamət kimi dəstəklənmiş və inkişaf etdirilmişdir. Bu araşdırmalar respublikamızda ilk dəfə professor Əbdül Əlizadənin diqqətini cəlb etmiş və onun tərəfindən təhsil sahəsində psixoloji tədqiqatların əsasına gətirilmişdir. Həmin təşəbbüs hazırda tanınmış alimlərimizdən olan Hikmət Əlizadə, Ramiz Əliyev və başqaları tərəfindən uğurla davam etdirilir.

Bu gün təhsil sahəsindəki islahatlar onun istər məzmununda, istərsə də texnologiyalar sistemində elə dəyişikliklərin aparılmasını tələb edir ki, orada ayrıca pedaqogika, eləcə də ayrıca pedaqoji psixologiya özünün yardımını göstərə bilmir. Artıq təhsilin bütün pillə və səviyyələri üzrə standartların yaranması, onların təlim-tərbiyə prosesində tətbiqi, eyni zamanda nailiyyətlərin standartlar əsasında ölçülməsi, qiymətləndirilməsi, ümumilikdə idarə edilməsi yeni bir nəzəri əsasa söykənən sistemin formalaşmasını tələb edir. Bu nəzəri əsas məhz pedaqogika və pedaqoji psixologiyanın qovşağında yaranan psixopedaqogikadır ki, onu təhsil quruculuğunun əsasına gətirmək, yeni metodologiyanın müəyyən olunmasında istifadə mexanizmlərinə çevirmək lazımdır.

Bu məqalədə sadəcə pedaqoji tədqiqatlara yeni yanaşmaların ən ümumi məsələlərindən danışıldı. Fikrimizcə, gələcəkdə onların daha ətraflı öyrənilməsinə və bu sahədə geniş tədqiqatların aparılmasına ehtiyac vardır.

Ənvər ABBASOV,

Təhsil İnstitutunun direktor müavini, dosent, Əməkdar müəllim muallim.edu.az 



Загрузка...
Həmçinin oxuyun:
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Pedaqoji idarəetmənin təşkili

Pedaqoji idarəetmənin təşkili

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

Yeni dərs ilinin əsas hədəfləri.  Ən vacib məsələlərdən biri .

Yeni dərs ilinin əsas hədəfləri. Ən vacib məsələlərdən biri .

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdə psixoloji xidmətin vəzifələri.

Məktəbdə psixoloji xidmətin vəzifələri.

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

Məktəb psixoloqu qarşıya çıxan problemləri necə həll etməlidir ?

Məktəb psixoloqu qarşıya çıxan problemləri necə həll etməlidir ?

Pedaqoji sahadə çalışacaq kadrları necə hazırlamalı ?

Pedaqoji sahadə çalışacaq kadrları necə hazırlamalı ?

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Müəllimin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması aktual problem kimi

Müəllimin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması aktual problem kimi

Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı

Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı

Qazanılan uğurlar Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir - İlham Əliyev

Qazanılan uğurlar Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir - İlham Əliyev

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Təhsilin məzmunu

Təhsilin məzmunu

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi

HƏMKARA DƏSTƏK I kitabından seçmələr I MƏQALƏ

HƏMKARA DƏSTƏK I kitabından seçmələr I MƏQALƏ

Müasir təhsil sistemlərinin xüsusiyyətləri

Müasir təhsil sistemlərinin xüsusiyyətləri

Müəllim şəxsiyyətinin psixoloji xüsusiyyətləri

Müəllim şəxsiyyətinin psixoloji xüsusiyyətləri

Təhsildə idarəetmə məktəb rəhbərlərindən səriştə tələb edir

Təhsildə idarəetmə məktəb rəhbərlərindən səriştə tələb edir

Ümumtəhsil məktəblərində dövlət-ictimai xarakterli  idarəetmə

Ümumtəhsil məktəblərində dövlət-ictimai xarakterli idarəetmə

Magistr imtahanlarında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadə AÇIQLADI

Magistr imtahanlarında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadə AÇIQLADI