Psixologiya elminin böyük praktik əhəmiyyəti vardır. Psixoloji biliklər ictimai təcrübənin müxtəlif sahələrində tətbiq olunur və böyük fayda verir. İnsan amilinin xüsusi aktuallıq kəsb etməsi ilə əlaqədar olaraq tətbiqi tədqiqatların əhəmiyyəti daha da artırdı. Lakin təcrübə göstərirdi ki, müasir dövrün tətbiqi-psixoloji problemlərini əvvəlki illər üçün xarakterik olan yollarla, hətta elmi tədqiqat institutlarında laboratoriya və kafedralarda bilavasitə praktik əhəmiyyətli olan məsələləri öyrənməklə həll etmək mümkün deyildir. Elmin praktika ilə inteqrasiyasının bilavasitə təmin edən yeni forma lazım idi. Bu zərurətin aydın dərk edilməsi nəticəsində ölkədə tətbiqi tədqiqatların aparılması üçün geniş imkan yaradan psixoloji xidmət sistemi təşəkkül tapmağa başladı.
Psixoloji xidmət xalis praktik təşkilatdır. Psixoloji xidmətin əsas vəzifəsi psixologiya elminin nailiyyətləri səviyyəsində praktik problemləri həll etməkdən ibarətdir. İnkişaf etmiş ölkələrdə həmin məsələyə xüsusi diqqət yetirilir. Hətta keçmiş Sovet İttifaqında ictimai həyatın müxtəlif sahələrində psixoloji xidmət 80-cı illərin sonu - 70-ci illərin əvvəllərindən etibarən təşkil olunmağa başlamışdır.
Psixoloji xidmətin yeni və perspektivli bir sahəsi - ailə xidməti formalaşmışdır, lakin qeyd etmək lazımdır ki, hələ bizdə psixoloji xidmətin vahid sistemi yoxdur. Hələ də bir çox zavod və fabriklərdə, psixoloji xidmət məsələlərinə əslində əhəmiyyət verilmir.
Psixoloji xidmət prosesində bir tərəfdən rəhbər işçilərə mühəndislərə və s. digər tərəfdən vətəndaşlara müxtəlif formalarda əməli məsləhətlər və tövsiyələr verilir. Ailədə və kollektivdə mənəvi psixoloji iqlimin yaradılması, konfliktlərin aradan qaldırılması kimi məsələlərin həllində psixoloji yardım göstərilir. Bu zaman qeyri-adekvat reaksiyaları və davranış formalarını aradan qaldırmaq məqsədilə psixoloji korreksiya üsullarından da istifadə olunur. Hal-hazırda sənaye, kütləvi komunikasiya və təbliğat, hüquqa zidd davranışla mübarizə, ticarət, məişət xidməti avtomobil nəqliyyatı və başqa sahələrdə psixoloji xidmətin müxtəlif formalarından istifadə zəruridir.
Müasir dövrdə ailə problemləri də xüsusi aktuallıq kəsb edir. Təsadüfi deyildir ki, 70-ci illərin sonu - 80-ci illərin əvvəllərindən etibarən ölkəmizin bir çox şəhərlərində, o cümlədən Bakı şəhərində müxtəlif müəssisələrin nəzdində tibbi-psixoloji və psixoloji məsləhətxanalar təşkil olunmuşdur. Onların başlıca məqsədi, birinci növbədə ailənin möhkəmlənməsinə, uğurlu və xoşbəxt ailə kimi inkişaf etməsinə kömək etməkdən ibarətdir. Hər bir ailə təkrarolunmazdır. Ailə məsləhətxanaları üçün bu fakt prinsipial əhəmiyyətə malikdir. Onlar hər bir konkret ailəyə və onun ayrı-ayrı üzvlərinə fərdi yanaşır - geniş psixoprofilaktik iş aparır, ailənin dağılmasını ailə üzvləri arasındakı uyğunsuzluğu, ailə üzvlərində alkoqolizmin, əsəb xəstəliklərinin əmələ gəlməsini şərtləndirərkən sosial-psixoloji səbəbləri müəyyən edib aradan qaldırırlar. Təəssüf ki, bu məsələlərə respublikamızda lazımi diqqət yetirilmir.
Son zamanlar bir çox ölkələrdə psixoloji məsləhətin yeni və perspektivli sahələrindən biri kimi orta və ali məktəblərdə də psixoloji xidmət formalaşmağa başlamışdır.
Psixologiya elmində praktik məsələləri həll etmək üçün özünəməxsus elmi-praktik vəsilənin - psixoloji xidmət sahəsinin formalaşması baxımdan diqqəti xüsusilə cəlb edir. Təcrübə göstərir ki, psixologiya elmi dövrün praktiki problemlərini həll etdikcə ictimai təcrübənin müxtəlif sahələrinə uğurla nüfuz edilir.