Bakı məktəblərində psixoloqların işi YOXLANILIR
Son zamanlar orta məktəblərdə baş verən xoşagəlməz olaylar təhsil ocaqlarındakı psixoloqların işini gündəmə gətirir.
Görəsən, məktəblərdə psixoloqların fəaliyyətinin yoxlanılması üçün monitorinqlər təşkil edilirmi? Psixoloqların iş fəaliyyətində ümumi vəziyyət necədir?
Aztəhsil.com xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəblərdə bu istiqamətdə mütəmadi olaraq monitorinqlər keçirilir:
"Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2017–ci ildə paytaxtın 12 rayonu üzrə ümumi təhsil müəssisələrində məktəb psixoloqlarının ilkin monitorinqi keçirilib. Monitorinqin keçirilməsində məqsəd məktəb psixoloqlarının peşəkar ehtiyaclarını müəyyənləşdirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini öyrənməkdən ibarətdir.
Ümumiyyətlə BŞTİ tabeliyindəki ümumi təhsil müəssisələrində vaxtaşırı psixoloqlar ilə görüşlər keçirilir. Görüşlərin keçirilməsində əsas məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltməkdən ibarətdir. Görüş zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloji xidmətin təşkili üzrə metodistləri "Məktəbdə psixoloji xidmətin təşkili" mövzusunda təqdimatlarla çıxış edirlər”.
İdarədən verilən məlumatda qeyd edilib ki, görüş zamanı psixoloqların fəaliyyət planı, ayrı-ayrı yaş qruplarına aid olan şagirdlərin idrak sferasının xüsusiyyətlərinin diaqnostikasının aparılması məsələləri də müzakirə olunur:
"Görüşlərdə məktəb psixoloqlarının fəaliyyəti zamanı qarşılaşdıqları problemlər haqqında danışılır və qarşılıqlı müzakirələr aparılır. Psixoloqlara uşaqların təlim-tərbiyəsi problemləri və psixoloji xidmət sahəsində yaranan yeniliklərlə bağlı məktəb rəhbərliyi, müəllim, valideyn və tərbiyəçilərin maarifləndirilməsi istiqamətində təlimlərin təşkili, maarifləndirici-profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq tövsiyələr də verilir.
Görüş zamanı psixoloqların fəaliyyət planı, ayrı-ayrı yaş qruplarına aid olan şagirdlərin idrak sferasının xüsusiyyətlərinin diaqnostikasının aparılması məsələləri müzakirə olunur, psixoloqlara bu istiqamətdə müvafiq alətlər və metodik tövsiyələr təqdim edilir.
Həmçinin, paytaxtın bütün ümumi təhsil müəssisələrinin rəhbər, müəllim və digər əməkdaşları üçün hər tədris ili ərzində 2 dəfə təşkil olunan "Məktəb seminarları” çərçivəsində məktəb psixoloqları ilə də görüşlər və müzakirələr aparılır. Sonuncu seminarların mövzusu "Şagirdlərin idrak sferasının korreksiyası və inkişaf etdirilməsi yolları” olub. Seminarda psixoloqları narahat edən əsas məsələlər ətrafında diskussiyalar təşkil olunur”.
BTŞİ-nin məlumatına görə, dekabrın 2-ci ongünlüyündən başlayaraq məktəb psixoloqlarının monitorinqlərinin II mərhələsinə start veriləcək:
"Eləcə də məktəb psixoloqları şagirdlərin təfəkkür, təxəyyül, diqqət, hafizə və nitq sferalarındakı qüsurlarını aradan qaldırmaq üçün əyani alətlərlə təmin ediliblər.
Dekabrın 2-ci ongünlüyündən başlayaraq, BŞTİ tərəfindən məktəb psixoloqlarının monitorinqlərinin II mərhələsinə start veriləcək. Monitorinqin məqsədi məktəb psixoloqlarının fəaliyyətinin təkmilləşdirilməsi, iş şəraiti və iş prosesləri ilə tanış olmaqdan ibarətdir”.