Nərimanovda təhsil müzakirələrinə Start Verildi
2017-2018-ci tədris ili üzrə "Məktəb seminarları”nın növbəti sessiyaları Nərimanov rayonunun ümumi təhsil məktəblərini əhatə edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunan seminarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri, valideyn icmasının təmsilçiləri iştirak ediblər.
Məktəb direktorları üçün keçirilən sessiyada çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, səmərəli idarəetmənin rolunun artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, yeni layihələrin icrası, təmayülləşmənin tətbiqi, müəllim-şagird-valideyn münasibətlərinin vəziyyəti məsələlərinə toxunub.
Sessiyada BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, İlhamə Abdullayeva, Bəşarət Məmmədov, Şahin İsgəndərov və Anar Qədiməliyev istedadlı şagirdlərlə iş, karyera inkişafı, şagird nailiyyətlərinin izlənilməsi, keyfiyyətə nəzarət, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, məktəb saytlarının təkmilləşdirilməsi, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda çıxış ediblər.