Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi
2020-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil sahəsində keyfiyyətin davamlılığının təmin edilməsi istiqamətində məqsədyönlü işlər görülüb. 2020-ci il bir tərəfdən ciddi sınaqlar ili kimi yadda qalsa da, digər tərəfdən yeni imkanlar ili kimi səciyyələndirilə bilər. Müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə və qarşıda duran vəzifələrin icrasına nail olmaq məqsədilə BŞTİ-nin və idarənin tabeliyindəki ümumi təhsil məktəblərinin imkanları səfərbər edilib.
Ümumi statistika
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 316 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.
BŞTİ-nin tabeliyindəki məktəblərdə 455 994 şagirdin təlim-tərbiyəsi ilə 27 686 müəllim məşğul olur.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 44 904, IX siniflərində 35 615, XI siniflərində 20 420, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 149 nəfər təhsil alır.
Birinci sinfə 44 mindən çox uşaq qəbul olunub
BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinin I siniflərinə elektron sistem vasitəsilə 2020-2021-ci dərs ili üçün 44 904 uşaq qəbul olub.
I sinfə qəbul prosesində yeniliklər
İlk dəfə olaraq ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu zamanı əvvəlcə elektron sistemdə qeydiyyat prosesi, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilib. Bu yolla müəyyən səbəblərdən elektron sistemdən istifadə etməkdə çətinlik çəkən valideynlərin qeydiyyat prosesini bitirmək üçün əlavə vaxt qazanması və digər valideynlərlə eyni anda məktəb seçimi mərhələsində iştirak edə bilməsi təmin olunub.
Ümumi təhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar da I sinfə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibələrində iştirak edib. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar valideynlərə müsahibənin formasını seçmək imkanı yaradılıb. Valideynlərin seçiminə uyğun olaraq müsahibələr onlayn və ənənəvi (canlı) formada təşkil olunub. Müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün 2020-2021-ci tədris ili üzrə I sinfə elektron sistemdə avtomatik sorğu yerləşdirilib. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün isə Azərbaycan bölməsi üzrə məktəb seçimi imkanı yaradılıb.
Ümumi təhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə I sinfə müraciət etmiş və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların da I sinfə qəbulu məqsədilə şifahi nitq bacarıqlarını qiymətləndirən müsahibələr təşkil edilib.
Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ənənəvi (canlı) müsahibəyə yazılmış valideynlərə şəxsi kabinetlərindəki "Əlaqə” bölməsinə yazaraq və ya elektron sistemdə seçimlərini dəyişərək onlayn müsahibə formasını seçmək imkanı yaradılıb.
Onlayn müsahibə prosesi "Microsoft Teams” platforması vasitəsilə valideynlə videobağlantı yaratmaqla, Komissiya üzvlərinin uşaqla ünsiyyəti şəklində həyata keçirilib.
Həmçinin yuxarıda qeyd edilən müsahibələrin nəticəsi üzrə vətəndaşların müraciətlərinə baxılması üçün onlayn Apelyasiya komissiyası fəaliyyət göstərib.
Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib
Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə yaradılmış Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib.
Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə Alternativ qeydiyyat mərkəzlərinə gəlmədən, müəyyən edilmiş "Whatsapp” nömrələri vasitəsilə zəruri köməklik göstərilib.
Bu yenilik valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, növbəliliyin aradan qaldırılması və mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar müvafiq normaların qorunması məqsədilə tətbiq olunub.
27 122 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub
BŞTİ-nin tabeliyindəki 274 ümumi təhsil müəssisəsində 1092 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbəhazırlıq qruplarına 27 122 uşaq cəlb olunub.
36 923 şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb
Ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə (sy.edu.az) həyata keçirilib.
2020-ci ildə 36 923 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb.
1082 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə 594, tam orta təhsil (XI sinif) səviyyəsi üzrə isə 488 nəfər fərqlənmə attestatı ilə bitirib.
26 məzun qızıl və gümüş nişana layiq görülüb
Təhsil nazirinin müvafiq əmrinə əsasən, 2019-2020-ci tədris ili üzrə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 19-u qızıl, 7-si gümüş nişana layiq görülüb.
53 Bakı məktəblisi olimpiadada qalib olub
Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 5-i qızıl, 20-si gümüş, 28-i bürünc medal əldə edib. Respublika Fənn Olimpiadalarında ümumilikdə, 53 məktəbli uğur qazanıb.
Məntiq Olimpiadasında 7000-ə yaxın şagird iştirak edib
Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadasının məktəbdaxili mərhələsində Bakı şəhəri üzrə 7000-ə yaxın şagird rəqabət aparıb.
Finalda isə ümumilikdə 35 məktəbli qalib olub. 81 bal və yuxarı nəticə göstərən 5 nəfər I, 80 bal toplayan 10 nəfər II, 71 baldan 80 baladək nəticə əldə edən 20 nəfər isə III yerin sahibi olub.
Məntiq olimpiadasının əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların elmə olan marağını artırmaqdan ibarətdir.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul göstəricilərində müsbət dinamika
Təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2020-2021-ci tədris ili üçün ali məktəblərə qəbul göstəricilərində müsbət dinamika müşahidə olunub.
Həmçinin 5 məzun buraxılış imtahanlarında, 5 məzun isə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə əldə edərək yaşıdlarından fərqlənib.
BŞTİ-nin tabeliyindəki 276 nömrəli tam orta məktəbin məzunu Kərimli Əziz İlham oğlu III ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verib. O, hər iki mərhələnin ümumi nəticələrinə görə, 700 bal toplayıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 40 məzununa ən yüksək nəticə göstərərək ali məktəblərə daxil olduqlarına görə Prezident təqaüdü verilib.
337 şagird liseylərə qəbul üzrə müsabiqədən uğurla keçib
BŞTİ-nin tabeliyindəki liseylərin V siniflərinə qəbulla bağlı müsabiqəyə 737 şagird qatılıb. Onlardan 337-si müsabiqənin nəticələrinə görə müvəffəq olub.
170 "Sağlam təhsil” sinfi təşkil edilib
Paytaxtdakı ümumi təhsil müəssisələrində "Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilib. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində paytaxtdakı 39 ümumi təhsil müəssisəsində 170 "Sağlam təhsil” sinfi fəaliyyət göstərir.
Həmçinin paytaxtdakı 20 məktəbdə 26 "Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyət göstərir.
Təntənəli açılış mərasimləri
2020-2021-ci tədris ili ərəfəsində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş təhsil müəssisələrinin təntənəli açılış mərasimləri keçirilib. Bakı şəhəri 154, 216, 251 nömrəli tam orta məktəblərin açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak ediblər.
Təhsil sahəsi üzrə mühüm sərəncam və qərarlar
"Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Bakı şəhərində və onun qəsəbələrində 13 təhsil müəssisəsinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 20,0 (iyirmi) milyon manat vəsait ayrılıb.
Eyni zamanda "2020-2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan tələbələrə təqaüd verilib.
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”, "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” və "Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları” təsdiqlənib.
Tədris ilinin ilk dərsləri
2020-2021-ci tədris ilində ilk dərslər ibtidai siniflərdə "Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə "Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə isə "Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunub.
720 təmayül sinif təşkil olunub
Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib.
BŞTİ-nin tabeliyindəki 187 məktəbdə 720 təmayül sinif təşkil olunub.
Təmayülləşmə ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edir.
60 şagird inklüziv təhsilə cəlb edilib
Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 60 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, məqsədyönlü işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.
İşə qəbul üzrə 1 709 vakansiya təqdim olunub
Müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2020-2021-ci dərs ili üçün 1709 vakansiya təqdim olunub.
1 691 nəfər işə qəbul olunub
Müsabiqə və müsahibələr nəticəsində 1691 nəfər işə qəbul olunub.
Bunlardan:
1 209 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində;
228 nəfər vakant yer üzrə müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində;
254 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.
539 nəfər yaş həddinə çatmış müəllimlə müddətli müqavilə bağlanılıb
2020-ci il ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 539 nəfər ilə müddətli müqavilə bağlanılıb.
Orta aylıq əmək haqqı 694 manat təşkil edir
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2020-ci təqvim ili üçün 694 manat təşkil edir.
Xüsusi hallar və həssas qruplarla iş
BŞTİ-nin təşkilatçılığı ilə "Xüsusi hallar və həssas qruplarla iş: qarşılıqlı fəaliyyətin tənzimlənməsi və səmərəli əməkdaşlıq” mövzusunda "Dəyirmi masa” keçirilib.
"Dəyirmi masa” aidiyyəti qurumlarla mövcud vəziyyəti müzakirə etmək, qarşılıqlı əməkdaşlıq imkanlarına bir daha nəzər salmaq və daha səmərəli işçi platformanın yaradılmasına nail olmaq məqsədlərinə xidmət edib. "Dəyirmi masa”da xüsusi hallarda daha çevik əməkdaşlıqla bağlı müvafiq təkliflər irəli sürülüb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə aydınlıq gətirilib.
Paytaxt təhsilinin keyfiyyət göstəriciləri təhlil edilib
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin 2020-ci təqvim ili üzrə IX sinif şagirdlərinin buraxılış imtahanı (I mərhələ) və I Böyük Summativ Qiymətləndirmənin nəticələri təhlil edilib. Şagirdlərin göstərdikləri nəticələr əsasında hesabatlar hazırlanaraq ümumi təhsil məktəblərinə göndərilib.
İbtidai siniflərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması və davamlı inkişafın təmin edilməsi məqsədilə paytaxt məktəblərinin IV siniflərində təhsil alan şagirdlərin 2019-2020-ci tədris ili üçün I Böyük Summativ Qiymətləndirmənin nəticələri təhlil edilib, müvafiq hesabat hazırlanıb.
Təhsil Nazirliyi tərəfindən paytaxt məktəblərində təhsil alan 58 674 nəfər V və IX sinif şagirdi üçün Diaqnostik Qiymətləndirmə keçirilib. Diaqnostik Qiymətləndirmə V siniflər üzrə 28 830, IX siniflər üzrə 29 844 məktəblini əhatə edib. Hər imtahan fənni üzrə şagirdlərin göstərdikləri nəticələr təhlil edilib, hesabatlar hazırlanaraq ümumi təhsil məktəblərinə göndərilib.
İnspeksiya layihəsi həyata keçirilib
Təhsil nazirinin müvafiq əmrinə əsasən, respublikanın 50 ümumi təhsil müəssisəsində inspeksiya layihəsi həyata keçirilib.
Bu layihənin həyata keçirildiyi ümumi təhsil müəssisələrinin 25-i BŞTİ-nin tabeliyindəki məktəblərdir.
2020-ci təqvim ilinin mart-may aylarını əhatə etmiş inspeksiya zamanı məktəb sənədlərinin yoxlanılması, dərslərin dinlənilməsi, mərkəzləşdirilmiş imtahanların nəticələri, müəllim, şagird və valideynlər arasında sorğuların keçirilməsi, təhlükəsizlik və sanitariya-gigiyena vəziyyətinin öyrənilməsi həyata keçirilib.
"Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişlənir
Pandemiya dövründə "Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib və ilkin olaraq şagird sayı çox olan məktəblərə şamil edilib.
Belə ki, "Məktəblinin dostu” layihəsi Bakı, Abşeron və Sumqayıt üzrə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir.
"Məktəblinin dostu” layihəsi BŞTİ-nin tabeliyindəki 186 ümumi təhsil müəssisəsini əhatə edir.
Layihə çərçivəsində şagirdlərin "Əsgərə salam” aksiyası təşkil olunub. Məktəblilər Vətən Müharibəsində rəşadətli ordumuza dəstək olmaq üçün maraqlı videoçarxlar hazırlayıblar.
"Məktəblinin dostu” layihəsinin təşkilatçılığı ilə mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, məktəblilər arasıda bir sıra onlayn yarışlar təşkil olunub.
Hazırda layihə çərçivəsində məktəblilər arasında "Sülhü birgə formalaşdıraq!” mövzusunda rəsm müsabiqəsi davam edir. Müsabiqə Təhsil Nazirliyinin "Məktəblinin dostu” layihəsi və Azərbaycan YUNESKO Klublarının birgə təşkilatçılığı ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun məktəbləri arasında keçirilir.
36 qrant layihə qalib olub
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələri üzrə 36 layihə qalib olub.
BŞTİ-nin tabeliyindəki 14 təhsil müəssisəsindən – 12, 59, 95, 195, 176, 234, 18, 30, 163, 173, 38 nömrəli tam orta məktəblərdən və 20, 83, 220 nömrəli məktəb-liseylərdən təqdim olunmuş layihələr ümumi təhsil müəssisələri kateqoriyası üzrə qaliblər sırasında yer alıb.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən təqdim edilmiş 22 layihə isə fərdi kateqoriya üzrə qalib olub.
26 məktəbdə informatika təmayüllü siniflər fəaliyyət göstərir
Təhsil Nazirliyi və BP şirkətinin əməkdaşlığı çərçivəsində "İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi” layihəsi həyata keçirilir. Layihə çərçivəsində paytaxtın 26 ümumi təhsil məktəbində informatika təmayüllü siniflər fəaliyyət göstərir.
Paytaxt üzrə 5 məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərir
BŞTİ-nin tabeliyindəki 5 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər fəaliyyət göstərir.
Paytaxtdakı 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.
4 məktəbdə İngilis dili resurs mərkəzi fəaliyyət göstərir
BŞTİ və Britaniya Şurası Təşkilatının (British Council) birgə əməkdaşlığı çərçivəsində 4 ümumi təhsil məktəbində İngilis dili resurs mərkəzi fəaliyyət göstərir. Mərkəzlərin fəaliyyəti çərçivəsində Britaniya Şurası Təşkilatı təlimçilərinin moderatorluğu ilə 4 günlük "Müəllimlərin Fəaliyyət Qrupları” və 2 günlük "Debat, Əlaqə, Dialoq” mövzularında təkmilləşdirmə təlimləri keçirilib.
"Rəqəmsal bacarıqlar” layihəsi
Paytaxtın 126 ümumi təhsil məktəbi Təhsil Nazirliyi və Alqoritmika MMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "Rəqəmsal bacarıqlar” layihəsinə qoşulub. Layihə çərçivəsində 205 informatika müəlliminin iştirakı ilə "İnformatika müəllimlərinin metodiki biliklərinin və texniki bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda 36 akademik saatlıq ixtisasartırma təlimi keçirilib.
"Uğur üçün tədris” layihəsi
Təhsil Nazirliyi və Britaniya Şurası Təşkilatının (British Council) birgə təşkilatçılığı ilə "Uğur üçün tədris” layihəsi həyata keçirilib.
Bakı şəhəri üzrə layihəyə cəlb olunan 74 ümumi təhsil məktəbinin ingilis dili müəllimi üçün "Metodologiya” təlimləri keçirilib.
285 məktəbdə "Kiçik akademiya” fəaliyyət göstərir
Ümumi təhsil müəssisələrində "Kiçik akademiya”ların fəaliyyəti genişləndirilib.
BŞTİ-nin tabeliyindəki 285 ümumi təhsil məktəbində "Kiçik akademiya” fəaliyyət göstərir.
79 məktəbdə STEAM layihəsi tətbiq edilir
"Ümumtəhsil məktəblərində STEAM layihəsinin tətbiq edilməsi” barədə Təhsil Nazirliyinin əmrinə əsasən, paytaxtın 79 ümumi təhsil məktəbində layihə tətbiq edilir. Layihə çərçivəsində müəllimlər üçün təkmilləşdirmə təlimləri keçirilib.
"Ən yaxşı təqdimat” müsabiqəsi
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə "Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib. Müsabiqənin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdlərindən 8-i II dərəcəli diploma, 3-ü III dərəcəli diploma, 1-i isə "Tərifnamə”yə layiq görülüb.
Ulu öndərin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş virtual sərgi
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş Bakı şəhər məktəblilərinin əl işlərindən ibarət virtual sərgi keçirilib.
BŞTİ-nin rəsmi saytında, sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində yayımlanan virtual sərgidə istedadlı şagirdlərin təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, fauna, elmi-texniki və dizayn sahələrindən ibarət əl işləri nümayiş olunub.
"Ədəbiyyat biliciləri” müsabiqəsi
"Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsində BŞTİ-nin tabeliyində olan məktəblər üzrə 605 məktəbli rayon (şəhər) turunda iştirak etmək hüququ qazanıb.
Müsabiqənin ölkə mərhələsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini təmsil edən 7 şagird iştirak edəcək.
"Sabahın alimləri” IX Respublika Müsabiqəsi
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 17 şagirdi "Sabahın alimləri” IX Respublika Müsabiqəsinin qalibi olub.
Müsabiqədə ümumilikdə 54 layihə qalib seçilib. Qalib layihələrdən 38-i Bakı məktəblərindən təqdim olunub. Müsabiqənin ölkə mərhələsinin nəticələrinə görə, paytaxt məktəblilərindən 2-si I yerə, 7-si II yerə, 8-i isə III yerə layiq görülüb.
"Sabahın alimləri” IX Respublika Müsabiqəsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 7 nömrəli tam orta məktəbin şagirdi Emil Rüstəmli, 175 nömrəli tam orta məktəbin şagirdi Nigar Alşanova onlayn şəkildə keçirilmiş İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı uğurla təmsil ediblər.
İstedadlı şagirdlər üçün eksternat imtahanları keçirilib
Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib.
Eksternat imtahanlarında şagirdlərin təhsil aldıqları sinfin II (ikinci), növbəti sinfin I (birinci) yarımili üzrə fənn proqramlarını mənimsəmə səviyyələri, psixoloji dayanıqlıqları, yaradıcı potensialları, ümumi dünyagörüşü səviyyələri yoxlanılır.
2020-ci ildə paytaxt məktəblərində təhsil alan 3 (üç) şagird ibtidai təhsil səviyyəsi üzrə eksternat imtahanlarında müvəffəqiyyət qazanıb.
Paytaxt məktəbliləri beynəlxalq arenada
Paytaxt məktəbliləri ölkəmizi beynəlxalq arenada uğurla təmsil ediblər.
Virtual olaraq keçirilən Kiber Fəza Riyaziyyat Olimpiadasının (Cyberspace Mathematical Competition) nəticələrinə əsasən, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov, Bakı şəhəri 257 nömrəli tam orta məktəbin şagirdi Fidan Qarayeva bürünc medal qazanıblar.
"IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında Bakı şəhəri 102 nömrəli tam orta məktəbin şagirdi Ranal Qurbanov gümüş medala layiq görülüb.
Virtual formatda keçirilən Avropa Coğrafiya Olimpiadasında Bakı şəhəri 309 nömrəli tam orta məktəbin şagirdi Hüseyn Hüseynli bürünc medala layiq görülüb.
Yeniyetmələrin 24-cü Balkan riyaziyyat olimpiadasına virtual şəkildə qatılmış Bakı şəhəri 257 nömrəli tam orta məktəbin şagirdi Fidan Qarayeva gümüş medal qazanıb.
Rumıniyada təşkil olunan 37-ci Balkan Riyaziyyat olimpiadasında Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin şagirdi Elçin Musazadə və 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov bürünc medal qazanıblar.
Sankt-Peterburqda keçirilmiş 61-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov həvəsləndirici sertifikata layiq görülüb.
"Microsoft” şirkəti tərəfindən təşkil olunmuş "Imagine Cup Junior” virtual süni intellekt hakatonunda ölkəmizi Bakı şəhəri 267 nömrəli məktəb-liseyin informatika müəllimi Sənubər Məmmədovanın rəhbərliyi ilə 5 nəfərlik komanda – Bakı şəhəri 27 nömrəli tam orta məktəbdən Elnur Məmmədli, Fizika, riyaziyyat və informatika təmayüllü liseydən Rza Hüseynov və Səid Süleymanov, Zəkalar liseyindən Fərid Əzizov və Şahmar Ağayev təmsil ediblər. Yunanıstan, Xorvatiya, Bolqarıstan, Rumıniya və Rusiyadan olan şagirdlərin iştirak etdiyi tədbirdə II yer tutan komandamız öz təqdimatlarında brakonyerlik probleminin yaradıcı formada həlli yolunu təklif ediblər. Belə ki, onlar brakonyerlik edilən ərazilərdə silahlanmış şəxsləri təyin edə biləcək və süni intellekt dəstəkli kamera sisteminin quraşdırılmasını təklif ediblər. Təklif edilən layihəyə əsasən, brakonyer aşkar edildiyi zaman yaxınlıqdakı dinamiklər işə düşərək, heyvanları qorxudub həmin ərazidən uzaqlaşdıracaq və ən yaxındakı meşə gözətçisini təhlükə barədə xəbərdar edəcək. Komanda, eyni zamanda, cinayətkarların davranışları əsasında brakonyerlik haqqında məlumatların toplanması və təhlili üçün süni intellektdən istifadə etməyi təklif edib.
Komandamızın sözügedən layihə ilə "2021 Imagine Cup Junior Global Competition”da da iştirak etməsi gözlənilir.
V Beynəlxalq Meqapolislər Olimpiadasında ölkəmizi təmsil edərək medallara layiq görülmüş 7 məktəblidən biri də Bakı şəhəri 269 nömrəli tam orta məktəbin XI sinif şagirdi Amin Cəlilov olub. O, bürünc medala layiq görülüb.
Dünyanın diqqətini cəlb edən istedadlı şagird və məzunlar
BŞTİ-nin tabeliyindəki 177 nömrəli tam orta məktəbin məzunu Selcan Nurullayeva Çin Xalq Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən olan Pekin Universitetində tam təqaüdlə təhsil almaq imkanı əldə edib. O, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Azərbaycan vətəndaşlarının Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində xaricdə təhsil layihəsindən uğurlu nəticə əldə edərək Pekin Universitetinin Tibb ixtisasına qəbul olub.
İstedadlı məzun, həmçinin 2020-2021-ci tədris ili üçün ABŞ-ın Cənubi Florida, Müqəddəs Luis, Arizona, Çikaqo, həmçinin Türkiyənin Koç, Sabancı, Bilkent və Yeditepe universitetlərində təhsil almaq hüququ qazanıb.
Nüfuzlu xarici təhsil müəssisələrinin diqqətini cəlb edən paytaxt məktəblərinin şagirdlərindən biri də Bakı şəhəri 175 nömrəli tam orta məktəbin X sinif şagirdi Nigar Alşanovadır. Onun onlayn formada keçirilən ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində uğur qazanaraq, "Volfram tədqiqat mükafatı”na layiq görülmüş tədqiqat işi ABŞ-ın təhsil müəssisələrinin diqqətini cəlb edib.
Belə ki, N.Alşanovaya Alabama Universitetinin nəzdində fəaliyyət göstərən Birminqem Sənət və Elm Kollecindən, eləcə də Milvauki Mühəndislik Məktəbindən təhsilini və tədqiqatını davam etdirmək üçün dəvət gəlib. Eyni zamanda tədqiqatyönlü ali təhsil müəssisələri olan Renseiler Politexnik İnstitutu, Templ Universiteti və Florida Texnologiya İnstitutu da N.Alşanovanı tədqiqatını inkişaf etdirmək üçün yaradıcılıq və araşdırma düşərgələrinə dəvət ediblər.
Paytaxt məktəblisi beynəlxalq şahmat festivalının qalibi olub
Bakı şəhəri 249 nömrəli tam orta məktəbin şagirdi Aydın Süleymanlı Moskvada keçirilən "Aeroflot open” şahmat festivalının güclülərdən ibarət A turnirində 9 turdan 6,5 xal toplayaraq parlaq qələbəyə imza atıb.
"Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” keçirilib
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin yaradıcılıq müsabiqəsi təşkil edilib.
Müsabiqənin rayon mərhələsində 249 ümumi təhsil müəssisəsindən 747 şagird mübarizə aparıb.
Müsabiqənin yekun mərhələsində 1 komanda I yerə, 1 komanda II yerə və 1 komanda III yerə layiq görülüb.
Eksternat imtahanları üçün 500-dən çox müraciət daxil olub
Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün Bakı şəhəri üzrə eksternat qaydasında aralıq imtahanları keçirilib.
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə və insanların yaşayış yerini tərk etmələrinə məhdudiyyətlərin tətbiq edilməsini nəzərə alaraq, imtahanların şifahi müsahibə şəklində həyata keçirilməsi məqsədəmüvafiq hesab edilib. Bu baxımdan eksternat qaydasında aralıq imtahanları "Microsoft Teams" platforması vasitəsilə onlayn formada (şifahi) keçirilib.
Eksternat imtahanları üçün 500-dən çox müraciət daxil olub.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilib
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilib.
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən forumun əsas məqsədi gənc müəllimlərin ümumrespublika səviyyəsində toplantısı vasitəsilə onların gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və əməkdaşlıq şəbəkəsini genişləndirməkdir.
Təhsil işçiləri üçün təlimlər
Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondu (YUNİSEF) və "Regional İnkişaf” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində paytaxt müəllimləri üçün "İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimləri keçirilib. Təlimlərdə BŞTİ-nin tabeliyindəki məktəblərdə fəaliyyət göstərən 2500-dən çox ibtidai sinif müəllimi iştirak edib.
Məktəbəhazırlıq qruplarında tədris aparacaq müəllimlər üçün qiymətləndirmə keçirilib. Qiymətləndirmədə "Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlimləri başa vuran 506 ibtidai sinif müəllimi iştirak edib.
Eyni zamanda 3 662 müəllim üçün inklüziv sinifdə təlimin təşkili, 863 müəllim üçün ibtidai təhsil səviyyəsində şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası, 76 müəllim üçün isə yerlərdə metodistlərin hazırlanması mövzusunda ixtisasartırma təlimləri təşkil edilib.
Həmçinin BŞTİ, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə İdarənin tabeliyindəki təhsil müəssisələrində çalışan psixoloqlar və təşkilati işlər üzrə direktor müavinləri üçün "Ümumi təhsil müəssisələrində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” istiqamətində "Davranış pozuntuları və müdaxilə: yeniyetmələrdə neqativ asılılıqlar və onlarla mübarizə yolları, bulinq, psixodiaqnostika” mövzusunda təlimlər təşkil edilib.
"Teledərs”lərdə paytaxt müəllimləri də fəal iştirak edir
Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Teledərs” layihəsində paytaxt müəllimləri də fəal iştirak edirlər.
Ümumi təhsil müəssisələrində tədris prosesinin dayandırılması səbəbindən dərslərin məsafədən təşkili üçün həyata keçirilən teledərslər "Mədəniyyət” və "ARB Günəş” telekanallarında həftənin 5 günü şagirdlərə təqdim olunur. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar verilir.
Müəllimlər distant tədris prosesində fəallıq göstərir
Koronavirus pandemiyası dövründə Azərbaycan məktəbi, Azərbaycan müəllimi yüksək hazırlıq səviyyəsini göstərə bildi. Bu dövr ərzində müəllimlərin fədakarlığı, peşəkar yanaşması və distant tədrisin təşkilində fəal iştirakı xüsusilə qeyd olunmalıdır.
Belə ki, mövcud vəziyyətlə bağlı məktəblərdə fasilə yaransa da, müəllim-şagird ünsiyyəti distant formada davam edir.
"Virtual məktəb” layihəsi üzrə paytaxtda 450 000-dən çox istifadəçi qeydiyyatdan keçib
Ölkədə təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə "Virtual məktəb” layihəsi həyata keçirilir.
Teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə həyata keçirilən "Virtual məktəb” layihəsi çərçivəsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri üzrə 447 843 şagird və 29 293 müəllim qeydiyyatdan keçib.
Şagird, valideyn və vətəndaşlara psixoloji dəstək göstərilib
Ölkəmizdə yeni koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin ilk dövrlərində Təhsil Nazirliyi tərəfindən şagird, valideyn və ümumilikdə bütün vətəndaşlara psixoloji xidmət üçün yaradılmış 146-3 "Qaynar xətt” xidməti ilə mənəvi-psixoloji dəstəyə zərurət duyan hər kəs əlaqə yaradıb.
146-3 "Qaynar xətt” xidmətində BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzinin və ümumi təhsil məktəblərinin psixoloqları da səmərəli fəaliyyət göstəriblər.
BŞTİ fəaliyyətini məsafədən təşkil edir
BŞTİ mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələn müvafiq qaydalara uyğun olaraq fəaliyyətini məsafədən təşkil edir.
İdarə rəhbərliyinin təşəbbüsü ilə müzakirə və məsləhətləşmələr onlayn qaydada aparılır, zərurət olduqda videokonfranslar təşkil olunur.
Onlayn görüşlər keçirilir
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə mütəmadi olaraq onlayn görüşlər keçirilir.
Görüşlərdə 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili, həmçinin tədris planları barədə danışılıb. Eyni zamanda təhsil sahəsində aparılan islahatlar, qazanılmış uğurlar və perspektiv məsələlər, "2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” Təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlər müzakirə olunur.
Görüşlərdə həmçinin Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bağlı tədris ocaqlarında həyata keçirilən maarifləndirici tədbirlər, işğaldan azad edilmiş ərazilərin tarixi və coğrafiyası, adət-ənənələri, tanınmış şəxsiyyətləri barədə məlumatların dərslərə inteqrasiyası, vətənpərvərlik mövzusunda təqdimatların, videoçarxların hazırlanması, gənclərin ordu sıralarında xidmətə mənəvi-psixoloji hazırlığı barədə fikir mübadiləsi aparılır.
Məktəblilər arasında onlayn müsabiqələr keçirilib
BŞTİ tərəfindən "Böyük zəfərin başlanğıcı!” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib. "Aprel döyüşləri”ndə şəhid olmuş qəhrəman əsgərlərin xatirəsinə həsr edilmiş rəsm müsabiqəsi BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında təşkil olunub.
Müsabiqəyə 2000-ə qədər rəsm işi təqdim olunub. Müsabiqənin nəticələrinə əsasən, 9 iştirakçı qalib seçilib, 15 iştirakçı isə həvəsləndirici yerə layiq görülüb.
BŞTİ tərəfindən 28 may – Respublika Gününə həsr edilmiş onlayn videotəqdimat müsabiqəsi keçirilib. VII-XI sinif şagirdləri arasında baş tutan müsabiqənin nəticələrinə əsasən 6 iştirakçı qalib seçilib.
BŞTİ tərəfindən keçirilən "Sevimli nəğmələr” uşaq mahnı və "Oxu və əylən!” müsabiqələri mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, onlayn şəkildə davam etdirilib.
Müsabiqələrin keçirilməsinin əsas məqsədi məktəblilər arasında ifa mədəniyyətini yüksəltmək, mənəvi sərvətimiz olan uşaq mahnılarının şagirdlər tərəfindən dinlənilməsi və öyrənilməsinə dəstək vermək, istedadlı və mütaliəyə marağı olan şagirdləri vaxtında üzə çıxarmaqdır.
BŞTİ-nin təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır!” adlı onlayn intellektual müsabiqə davam edir. Müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Vətən Müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini cəlb etmək, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.
"Uşaqlar gələcəyimizdir” adlı onlayn tədbir
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqlar gələcəyimizdir”adlı onlayn tədbir keçirilib.
Onlayn tədbirdə paytaxt məktəbliləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin ifasında musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Onlayn bayram tədbiri keçirilib
15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş onlayn bayram tədbiri təşkil olunub.
Onlayn tədbirdə paytaxt məktəblilərinin və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin ifasında musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar, səhnəcik və rəqslər nümayiş etdirilib.
Şagirdlər və valideynlər üçün sosial-maarifləndirmə layihəsi həyata keçirilib
BŞTİ tərəfindən mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar valideyn və şagirdlər üçün "Məktəb psixoloqundan tövsiyələr” adlı sosial-maarifləndirmə layihəsi təqdim olunub. Layihə çərçivəsində BŞTİ-nin tabeliyindəki məktəblərdə çalışan psixoloqların müvafiq mövzular üzrə videomüraciətləri ictimaiyyətə təqdim olunub.
Məktəblərdə dezinfeksiya işləri aparılıb
Paytaxtın ümumi təhsil müəssisələrində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər həyata keçirilib.
Həmçinin bütün təhsil müəssisələrində xüsusi karantin rejiminin tələblərindən irəli gələn qaydaların tətbiqinə nəzarət gücləndirilib.
Məktəb kollektivləri xeyriyyə aksiyaları təşkil edib
Xüsusi karantin rejimi dövründə paytaxtdakı ümumi təhsil müəssisələrinin kollektivləri də sosial yardımlaşma təşəbbüslərinə qoşularaq çoxsaylı xeyriyyə aksiyaları təşkil ediblər.
Belə ki, BŞTİ-nin tabeliyindəki bir sıra təhsil müəssisələrinin pedaqoji heyətinin, şagird və valideynlərin təşəbbüsü ilə ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi səbəbindən ehtiyacı olan ailələrə müxtəlif formada yardımlar edilib.
Paytaxt məktəblilərindən fərqli #evdəqal təşəbbüsləri
Paytaxt məktəbliləri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar #evdəqal aksiyasında fəallıq göstərib, fərqli təşəbbüslərlə çıxış ediblər.
Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri ev şəraitində çəkib sosial şəbəkələr vasitəsilə ictimailəşdirdikləri videoçarx və fotogörüntülərdə "Evdə qal, bu, bir tətil deyil!”, "Evdə qal, kitab oxu!”, "Evdə qal, təhsildən qalma!”, "Evdə qal, virusa son qoy!”, "Evdə qal, nümunə ol!” və digər bu kimi ideyaları təbliğ ediblər.
Həmçinin videogörüntülərdə məktəblilər evdə qalıb öz vaxtından daha səmərəli istifadə etməyin yolları barədə də məlumat veriblər.
Mövcud vəziyyətlə əlaqədar ictimaiyyət məlumatlandırılıb
COVİD-19 pandemiyası ilə mübarizədə ictimaiyyətin maarifləndirilməsi məqsədilə YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin valideyn və uşaqlar üçün nəzərdə tutulmuş müvafiq məlumatları BŞTİ-nin sosial şəbəkə səhifələrində yayımlanıb. Həmçinin daha çox valideynə və şagirdə çatdırılması üçün məlumatların məktəblərin və təhsil işçilərinin sosial şəbəkə səhifələrində yayımlanması istiqamətində müvafiq tədbirlər görülüb.
İdman sahəsində 655 medal qazanılıb
2020-ci il ərzində Bakı məktəbliləri idman sahəsində də ciddi nailiyyətlərə imza atıblar. Paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 246 qızıl, 194 gümüş, 215 bürünc olmaqla, ümumilikdə 655 medal əldə ediblər.
"Olimpiya Hərəkatı” layihəsi çərçivəsində Bakı şəhər birinciliyi
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən birgə təşkil olunmuş "Olimpiya Hərəkatı” layihəsi çərçivəsində keçirilən məktəblilərin Bakı şəhər birinciliyində badminton, velosiped, həndbol idman növləri üzrə yarışan şagirdlər I, II, III yerlərə layiq görülüb. Qalib komandalara kubok, diplom, medal və həvəsləndirici hədiyyələr təqdim olunub.
Tarixi şəxsiyyətlərin yubileyləri qeyd olunub
Paytaxtın ümumi təhsil müəssisələri tərəfindən ölkə Prezidentinin sərəncamlarına əsasən, yubileyləri qeyd edilən ziyalıların və tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunmuş onlayn tədbirlər keçirilib.
Paytaxt məktəbliləri üçün maarifləndirici təlimlər
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən şagirdlərin zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılması, sağlam həyat tərzinin formalaşdırılması, QİÇS, talassemiya ilə mübarizə, yol hərəkəti qaydaları, fövqəladə hallarda davranış, peşə seçimi, reproduktiv sağlamlıq və digər mövzularda sağlam həyat tərzini təbliğ edən maarifləndirici onlayn tədbirlər keçirilib.
Azərbaycanın şanlı qələbəsi təbliğ edilir
"Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin 2020-2021-ci tədris ili üçün Fəaliyyət Planına əsasən, paytaxt məktəbliləri arasında Azərbaycan Ordusunun şanlı qələbəsi barədə onlayn maarifləndirmə tədbirləri keçirilir. Belə ki, şagirdlərə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycanı şanlı qələbəyə aparan daxili və xarici siyasəti barədə ətraflı məlumatlar verilir, məktəblilər Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı maarifləndirilir.
Vətən müharibəsinə həsr olunmuş onlayn dərslər
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən "Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə” mövzusunda onlayn dərslər keçirilir.
"Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Faəliyyət Planına uyğun olaraq keçirilən onlayn dərslərdə xalqımızın Ali Baş Komandanın qətiyyəti, ordumuzun əzmi sayəsində tariximizin ən parlaq və unudulmaz zəfərlərindən birini yaşaması, müzəffər Azərbaycan Ordusunun qüdrəti, yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı məktəblilərin nəzərinə çatdırılır. Bu şanlı Qələbənin əldə edilməsində xalqımızın birliyi və həmrəyliyinin böyük rolu olduğu da vurğulanır.
Paytaxt məktəblilərindən Azərbaycan Ordusuna dəstək aksiyaları
Vətən Müharibəsi dövründə paytaxt məktəblilərinin təşəbbüsü ilə Azərbaycan Ordusuna dəstək aksiyaları keçirilib.
Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq onlayn keçirilən dəstək aksiyalarında BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri evdə çəkdikləri videoçarx və fotogörüntülərdən ibarət təqdimatlarda qəhrəman Azərbaycan Ordusuna dəstəklərini və Vətənə məhəbbətlərini nümayiş etdiriblər.
Eyni zamanda paytaxt məktəbliləri böyük həvəs və ruh yüksəkliyi ilə əsgərlərə məktublar yazıblar. Məktublarda Azərbaycan əsgərinə göstərdiyi qəhrəmanlığa və möhkəm iradəyə görə minnətdarlıq edilib, xalqımızın hər bir üzvünün döyüşə hazır olduğu bildirilib və ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadə olunub.
Müəllimlər Vətən Müharibəsində
Təhsil işçiləri də Azərbaycanın öz torpaqları uğrunda haqq savaşı apardığı Vətən Müharibəsində fəal iştirak edib. Belə ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışan 127 təhsil işçisi Azərbaycan Ordusunun sıralarına qoşulub. Onlardan 122-si müəllim, 5-i direktor müavinidir.
Vətənpərvərlik ruhlu sərgilər
20 Yanvar faciəsinin 30-cu və Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzləri şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgilər təşkil edilib.
Paytaxt məktəblilərindən fərqli təşəbbüs
BŞTİ-nin təşəbbüsü əsasında paytaxt məktəblilərinin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş maraqlı videoçarx hazırlanıb.
Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri şagirdlərinin ifasında Səməd Vurğunun "Azərbaycan” şeiri fərqli üslubda səsləndirilib.
Təşəbbüsün əsas məqsədi Azərbaycanın Dövlət Müstəqilliyi Gününün təbliği işini genişləndirmək, şagirdləri milli-mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət və azərbaycançılıq məfkurəsi əsasında tərbiyə etmək, xalqın sarsılmaz həmrəylik hisslərini nümayiş etdirmək, məktəblilərdə Vətənə sevgi duyğularını daha da gücləndirmək və onların yaradıcılıq bacarığının inkişafına təkan verməkdən ibarətdir.
Paytaxtda 166 məktəb Milli Qəhrəman və şəhid adı daşıyır
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır.
Məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından rəmzi məna daşıyır və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir.
Təmir, tikinti, təchizat
2020-ci ildə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 6 məktəb üçün yeni bina və ya əlavə tədris korpusu inşa olunub.
Zəruri ehtiyac olan ərazidə 1 yeni məktəbin (Hövsan qəsəbəsi) tikintisi tamamlanıb.
Ehtiyac olan 1 məktəbin tam olaraq və 2 məktəbin isə tədris korpuslarının əsaslı təmiri işləri həyata keçirilib, 117 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb.
Hazırda ehtiyac olan ərazilərdə 6 yeni məktəbin və 2 məktəb üçün əlavə tədris korpuslarının tikintisi davam edir.
Həmçinin 2 məktəbin köhnə korpuslarının sökülərək yenidən tikintisi, 1 məktəbin qəzalı binasının sökülərək yeni korpusun inşası nəzərdə tutulur.
32 mindən çox müraciət daxil olub
2020-ci təqvim ili ərzində BŞTİ-yə 32 455 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 9 835 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2 656 müraciət daxil olub.
Xüsusi karantin rejimi dövründən öncə 409 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
13 518 sənəd (vətəndaşlar tərəfindən 3 575 ərizə, Təhsil Nazirliyindən 1 720, digər qurumlardan 1 854, məktəblərdən 4 104 məktub, 256 strukturdaxili yazışma və 2009 kadr ərizəsi) qəbul olunub. Həmçinin 6 037 elektron müraciətə baxılıb.
Xüsusi karantin rejimi dövründən öncə Bakının 12 inzibati rayonu üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb.
İctimaiyyətlə əlaqələr genişləndirilir
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində baş verən yeniliklər və İdarənin fəaliyyəti haqqında məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılması istiqamətində işlər 2020-ci təqvim ilində də müvafiq qaydada yerinə yetirilib.
BŞTİ-nin və təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı dolğun məlumatlar ictimaiyyətə təqdim olunub, media ilə səmərəli əməkdaşlığın genişləndirilməsi məqsədilə KİV-dən daxil olan sorğular cavablandırılıb.
Televiziya kanallarına və digər KİV-lərə reportajların hazırlanması üçün səmərəli şərait yaradılıb. Mətbuat konfransı və pressturlar təşkil olunub. Müvafiq hüquqi-normativ sənədlər ictimaiyyət üçün şərh edilib, BŞTİ rəhbərliyinin və əməkdaşlarının çıxışları və müsahibələri təşkil olunub.
Kütləvi informasiya vasitələri üçün BŞTİ-nin tədris ili və təqvim ili üzrə ümumi fəaliyyətini əks etdirən qısa hesabatlar hazırlanıb.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri arasında "Ən yaxşı məktəb saytı” müsabiqəsi keçirilib. Paytaxtın hər bir inzibati rayonu üzrə qalib gəlmiş məktəblər İdarə tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar müəllim, şagird və valideynlər üçün sosial-maarifləndirmə layihələri həyata keçirilib, müxtəlif aktual mövzular üzrə onlayn müsahibələr təşkil olunub, xüsusi karantin rejiminin tələblərinə əməl olunması istiqamətində görülən işlərə dair ictimaiyyətə məlumatlar verilib.