Hansı universitetlər Bakıdan köçürülə bilər? - ARAŞDIRMA
Son illərdə, xüsusi ilə də tədris ili başladığı dövrdən Bakıda yollarda yaranan tıxac, əhali sıxlığı, ictimai nəqliyyatda darısqallıq və sair, bütün bunlar insanlarda ciddi narahatlığa səbəb olub.
Həqiqətən də, bu gün Bakıya nəzər salsaq görərik ki, ölkə əhalisinin böyük əksəriyyəti bu şəhərə toplaşıb. Nəticədə şəhərdə həm insan, həm də hərəkət sıxlığı yaranıb. Tədris ilinin başlaması ilə artıq yalnız pik saatlarda yox, günün istənilən saatında və şəhərin istənilən ərazisində tıxaca düşmək mümkündür. Bu gün sakinlər işə, dərsə, mənzil başına vaxtında çata bilmək üçün evdən gərək ən az 30-40 dəqiqə tez çıxsın. Bu da təbii ki, insanların günün az qala yarısını yollarda keçirməsinə səbəb olur.
Məsələ ilə bağlı mətbuatda, sosial mediada tez-tez müzakirələr yaradılır, “tıxac dərdi”nin həlli üçün fikirlər səsləndirilir. İstər deputatlar, istər ictimaiyyət nümayəndələri tərəfindən ən çox ortaya qoyulan fikir isə Bakıda yerləşən bir sıra universitetlərin digər şəhərlərə, bölgələrə köçürülməsi ilə bağlıdır.
Maraqlıdır, həqiqətən də ali təhsil müəssisələrinin köçürülməsi ilə bu sıxlığın aradan qaldırılması mümkündürmü? Bəs, hansı universitetləri paytaxtdan kənara köçürmək olar?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti, professor Nadir İsrafilov bildirdi ki, bir küçədə bir neçə təhsil ocağının yerləşməsi tıxaca və sıxlığa səbəb olur.
“Bu gün universitetlərin böyük əksəriyyəti Bakı şəhərindədir. Səməd Vurğun küçəsində Xarici Dillər Universiteti, orta məktəb, bağça və s. var. Bir küçədə bir neçə təhsil ocağı yerləşir. Bu da tıxac yaradır. Buna görə də, universitetlərin köçürülməsinə baxılmalıdır.
Konkret demək olmaz ki, hansı universitetlər köçürülə bilər. Çünki bu, nə dünənin, nə də bu günün məsələsi deyil. Dəfələrlə müzakirə olunub, amma təəssüf ki, bu problem öz həllini tapmayıb”.
Təhsil eksperti Kamran Əsədov dedi ki, Azərbaycanda 51 ali təhsil müəssisəsi mövcuddur ki, onun 31-i Bakıda yerləşir.
“Daha çox tıxacın olduğu küçələrə baxsaq, görərik ki, orada heç bir ali məktəb yoxdur. Bu gün paytaxt Bakıdakı tıxaca səbəb heç də ali təhsil müəssisələri deyil. Faiz nisbətində götürsək, bu gün paytaxtdakı tıxacların səbəbləri sırasında ali təhsil müəssisələri ola bilməz. Məsələn, Həsən Əliyev küçəsində tıxac var, amma universitet yoxdur. Gənclik metrosu yaxınlığında İdman Akademiyası, Odlar Yurdu, Turuzim Menecment və Azərbaycan Dövlət Pedaqoji Universiteti var. Amma tıxac yoxdur. Bu səbəbdən ali təhsil müəssisələrini kənara çəkmək yanlışdır”, - deyə ekspert qeyd etdi.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə universitetlərin bölgələrə köçürülməsi ilə tam razı olmadığını bildirdi:
“Tam olaraq bu fikirdə deyiləm ki, hansısa universiteti konkret olaraq köçürmək olar. Təhsil ocaqlarının birbaşa köçürülməsi məsələsini düşünməliyik. Çünki paytaxtdakı universiteti köçürəndə bu Bakıda elmi, ictimai mühitə də təsir göstərəcək. Ona görə də, burada hansısa universitetin konkret köçürülməsi fikrinin tərəfdarı deyiləm.
Bu məsələ dəfələrlə ölkədə müzakirə olunub. Burada geniş yayılan fikir odur ki, biz mütləq bütün universitetləri bölgələrə köçürtməliyik. Amma mən bu fikirlə tam razı deyiləm. Məsələn, eyni profildə fəaliyyət göstərə bilən bəzi universitetlər köçürülə bilər. Məsələn, texniki fənlər üzrə eynilik təşkil edən ali təhsil müəssisələri köçürülə bilər”.
Kamran Əsədovun fikrincə, paytaxtdan köçürülən ali təhsil müəssisələrinin əvəzində kənarda universitet kampusları yaradılmalıdır:
“Hesab edirəm ki, mütləq şəkildə İqtisad, Turizm, Pedoqoji, Memarlıq və Texniki universitetlərinin ayrıca kampusu yaradılsa və şəhərdən kənara köçürülsə daha yaxşı olardı”.
Milli Məclisin deputatı Etibar Əliyev vurğuladı ki, bir sıra konkret universitetlər var ki, onların köçürülməsi mümkündür:
“Dünya, xüsusən də, qardaş Türkiyə təcrübəsi var ki, universitetlərin böyük əksəriyyəti kampuslara malik olmaq üçün şəhərdən kənar ərazilərdə yerləşir. Yəni universitetlər kampussuz mümkün deyil. Ali təhsil müəssisələrinin reytinqinin əsas göstəricilərindən biri də kampusun olmasıdır. Zaman-zaman bu məsələlər qaldırılmışdı. Ancaq universitetlərin köçürülməsi baş vermədi. Bundan sonra düşünürəm ki, bu məsələlərə baxmaq olar. Neft və Səneye Universitetinin, Pedoqoji Universitetin qapıları birbaşa küçəyə açılır. Bu universitetlər bölgərələrə köçürülə bilər. Eləcə də, Texnoloji Universitet. Texniki təhsil üçün çox böyük kampus lazımdır. Kiçik bir ərazidə tədrisin elmi-nəzəri, praktiki tərəfini qurmaq qeyri-mümkündür. Kiçik bir sahədə normal təcrübə qurmaq mümkün deyil. Ərazi baxımından şəhərdən uzaqlaşdırılırlar. Bu mənada universitetlər daha effektiv olur”.
Professor Nadir İsrafilovun fikrincə, Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasını paytaxtdan köçürmək olar:
“Məsələn, Şuşa Azərbaycan musiqisinin beşiyi hesab olunur. Niyə görə, Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasını Şuşaya köçürməyək?
Sumqayıt sənaye şəhərimizdi. Bu istiqamətdə təhsil verən ali məktəbləri buraya köçürmək olar. Qarabağ məsələsi tam yekunlaşdıqdan sonra orada müəyyən ali təhsil müəssisələri köçürülə bilər, universitet filialları açıla bilər. Universitetlərin köçürülməsi ilə yerli kadrların sayı artacaq. Məsələn, regionda həmin sahənin inkişafı gedəcək, həm də yeni iş yerləri açılacaq”.
Keçmiş təhsil naziri Misir Mərdanov isə qeyd etdi ki, bu məsələ həmişə aktual olub.
"Söhbət bölgələrə yox, Bakının ətrafına köçürülmədən gedir. Ola bilər, Qarabağ bölgəsində universitet yaradılsın. Yeni ali təhsil müəssisəsi yaratmaq elə-belə məsələ deyil".
Millət vəkili Ceyhun Məmmədov onu da bildirdi ki, bu problemdən daha düzgün və doğru çıxış yolu bölgələrdə yeni universitetlərin yaradılması və onlara qəbul yerlərinin artırılmasıdır:
“Məsələn, Zaqatalada, Qazaxda universitetlər var, onlar daha çox filial kimidir. İndi Qarabağda yenidənqurma işləri aparılır, hesab edirəm ki, burada yeni ali məktəblərin tikilməsi Bakıdakı sıxlıqla bağlı məsələnin həllinə təsir edə bilər. Biz universitetlərin hamısını köçürə bilmərik. Çünki bu sonra bizə əlavə hansısa problemlər yarada bilər. İstanbulda da, dünyanın paytaxt şəhərlərində də universitetlər var. Sadəcə əsas məsələ odur ki, qəbulların çoxu Bakı üzrədir. Regionlarda qəbul yerlərini artırıb tələbələri buna təşviq etmək lazımdır.
Həmçinin işğaldan azad olunan torpaqlarda, məsələn Ağdamda bir universitetin yaradılması məsələsi, eləcə də Şərqi Zəngəzurda, Cəbrayılda, Zəngilanda, Qubadlıda bu məsələyə baxmaq lazımdır və qəbul saylarını artıraraq tələbələri bu istiqamətdə yönləndirmək lazımdır.
Təəssüf ki, hamı çalışır ki, Bakıda universitetə qəbul olsun. Amma bölgə insanlarının elə həmin rayonda təhsil alması daha məqsədəuyğundur və ümumi prosesə töhfə verə bilər. Bu istiqamətdə də addımlarımızı atmalıyıq.”
Ekspert Kamran Əsədov da millət vəkili ilə eyni fikirdədir.
“Mən təklif edirəm ki, universitetləri kənara köçürməkdənsə, Bakıdakı ali təhsil müəssisələrinin qəbul plan yerini azaldaq, regiondakı universitetlərin plan yerini artıraq. Bir sıra ixtisaslar üzrə Bakıdakı plan yerini azaldıb, əvəzində bölgələrə qəbul plan yerini artırsaq, hesab edirəm ki, həm süni şəkildə yaranan sıxlığı aradan qaldıra bilərik, eyni zamanda bölgələrin inkişafına da kömək edə bilərik. Paytaxtdan Bakıya universiteti tutaq ki, köçürtdük, bəs, işləməyə kim gedəcək?”
Təhsil eksperti Nadir İsrafilov əlavə etdi ki, bu gün dünya reytinqlərində Azərbaycan universitetlərinin aşağı səviyyədə olmasından gileylənirik:
“Amma unuduruq ki, dünya təcrübəsində ali məktəblərin yüksək reytinqə malik olmasının əsas səbəblərindən biri də o universitetlərdə yüksək təhsil alma şəraitinin yaradılmasıdır. Məsələn, Oksford, Kembriç universitetlərinə baxsaq, görərik ki, hamsı şəhərdən kənarda kampus şəraitində fəaliyyət göstərir. Yəni tıxacda, şəhər mühitindən ayrı meşəlik ərazilərdə sakit bir guşədə yaradılır. Universitetlərin köçürülməsi mütləq həyata keçirilməlidir. Beləliklə, yerli kadrların sayı artacaq. Məsələn, regionda həmin sahənin inkişafı gedəcək, həm də yeni iş yerləri açılacaq”.