Xəbərlər
14 iyun 2019
454

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

 

 
Müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında, dünya birliyində layiqli yer tutmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.
 
1993-cü il iyunun 15-də xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider dövlətimizi vətəndaş müharibəsindən, parçalanmadan, yox olmaq təhlükəsindən xilas etmiş, öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumuş, ictimai-siyasi böhranı aradan qaldırmış və davamlı inkişafın təməlini qoymuşdur. Tariximizin şanlı səhifəsini təşkil edən 15 İyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur və xalqımız tərəfindən böyük ehtiramla qeyd edilir.

Bu dahi şəxsiyyət ölkəmizdə iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin tərəqqisini təmin etmiş, gələcək inkişaf üçün güclü təməl yaratmışdır. Ümummilli liderin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə kimi mühüm yer tuturdu. Onun uzaqgörənliklə söylədiyi konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.

Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilmiş, həyata keçirilən sosial-iqtisadi islahatlar, dövlət başçısının müəllifi olduğu müasir idarəetmə modeli nəticəsində Azərbaycan yalnız regionda deyil, dünyada lider dövlətlərdən birinə çevrilmiş, beynəlxalq reytinqlərdə mövqelərini əhəmiyyətli şəkildə yaxşılaşdırmış, "Doing Business-2019” hesabatına əsasən dünyanın ən islahatçı 10 ölkəsi sırasında yer almışdır.

 

Təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir


Ölkə Prezidentinin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır. Ölkə Prezidentinin təşəbbüsü ilə reallaşdırılan, təhsil sektorunun yol xəritəsi olan təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsindən 5 ildən çox vaxt ötmüşdür. Ötən müddət ərzində strategiyanın icrası istiqamətində bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.

Son illərdə təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artmış, 2013-cü ilə nisbətən 60 faizdən çox artaraq, 1.4 milyard manatdan 2019-cu ildə 2.3 milyard manata çatdırılmışdır. 2003-cü ilə nisbətən isə təhsil xərcləri 9 dəfədən çox artmışdır.

Təhsil müəssisələrinin infrastrukturu müasirləşdirilir

Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüş, son 5 ildə 600-dən çox, 2003-2018-ci illər ərzində isə 3200-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmişdir. İlk dəfə olaraq ucqar kəndlərdə modul tipli məktəb təcrübəsi tətbiq edilmiş, 2017-2018-ci illərdə 243 belə məktəb şagirdlərin istifadəsinə verilmişdir. Cari ildə 24 rayonda 3520 şagird yerlik daha 50 modul tipli məktəb istifadəyə veriləcəkdir. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmışdır.

Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən bu günlərdə imzalanmış sərəncamlar təhsilin inkişafına davamlı dövlət qayğısının daha bir parlaq nümunəsi olmuşdur. Belə ki, həmin sərəncamlara əsasən regionlarda modul tipli məktəblərin quraşdırılması məqsədilə 18 milyon manat, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 40 milyon manat, təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə 5.7 milyon manat vəsait ayrılmışdır. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verəcəkdir.

Təhsil qanunvericiliyi əsaslı şəkildə yenilənib

2018-2019-cu tədris ilində əldə edilmiş ən mühüm nailiyyətlərlərdən biri təhsil qanunvericiliyinin əsaslı şəkildə yenilənməsi ilə bağlı olmuşdur. Təhsil Nazirliyinin Milli Məclislə birgə reallaşdırdığı bu təşəbbüslər təhsil islahatlarının daha çevik aparılmasına, təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına əlverişli zəmin yaratmışdır. Belə ki, "Təhsil haqqında” Qanuna 62 dəyişikliyi özündə əks etdirən təkliflər paketi və "Peşə təhsili haqqında” Qanun qəbul edilmişdir. Dəyişikliklər təhsilin bütün pillələrini və səviyyələrini əhatə etmişdir.

Həmin qanunların və 2017-ci ildə qəbul edilmiş "Məktəbəqədər təhsil haqqında” Qanunun tətbiqi də nəzərə alınmaqla 25-dək normativ hüquqi sənəd layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunmuş, onların böyük əksəriyyəti təsdiq edilmişdir. Cari ildə isə "Ümumi təhsil haqqında” Qanun qəbul olunmuşdur.

Məktəbəhazırlığın əhatəliliyi genişlənir

Təhsilin keyfiyyətinə təsir edən mühüm amillərdən biri məktəbəqədər təhsillə əhatəlilik səviyyəsidir. Beynəlxalq qiymətləndirmə tədqiqatları da məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi ilə şagird nailiyyətləri arasında birbaşa əlaqənin olduğunu sübut edir. Məhz bu səbəbdən son illərdə məktəbəhazırlıq Təhsil Nazirliyi üçün prioritet istiqamət olmuş, qısa müddət ərzində ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qruplarının təşkil olunması yolu ilə 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 2013-cü ildəki 24 faizdən 75%-ə çatdırılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində tarixən məktəbəqədər təhsil müəssisələri olmayan yaşayış məntəqələrində, ucqar kəndlərdə də uşaqların məktəbəhazırlığı təmin edilmişdir. Növbəti illərdə məktəbəhazırlığa cəlbedilmə göstəricisinin 90 faizə çatdırılması və gələcəkdə bütün 5 yaşlı uşaqları əhatə etməsi qarşıda duran əsas hədəflərdəndir. Təməl bacarıqların erkən yaş dövründən əldə edildiyi nəzərə alınaraq, digər yaş qrupları üzrə uşaqların təhsilə cəlbi istiqamətində də tədbirlər həyata keçirilmiş, UNICEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsinə başlanmış, Bakı şəhərində və 10 rayonda 100 icmanı, 2 mindən çox uşağı əhatə etməklə həyata keçirilməkdədir.

Məktəbəqədər təhsilin əhatə səviyyəsinin yüksəldilməsi ilə bağlı özəl təhsil müəssisələrinin fəaliyyəti daim təşviq edilmiş, son 5 ildə onların sayı 3 dəfədən çox artaraq 41-dən 144-ə çatmışdır.

Müəllim nüfuzu yüksəlir

Məlumdur ki, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşması müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur. Bu səbəbdən son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımlar atılmışdır.

Müəllimlərin işə qəbulu qaydaları şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilmişdir. İlk dəfə olaraq ölkə üzrə müəllimlərin yerdəyişməsi və müddətli əmək müqaviləsi əsasında işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilmişdir. Cari tədris ilinə ümumilikdə müddətsiz müqavilə əsasında 4053 nəfər, müddətli müqavilə əsasında 4500 müəllim işə qəbul edilmişdir ki, bu da son illərdə vakant yerlərin 100 faiz tutulması baxımından ən yüksək göstərici olmuşdur. Bütün bu tədbirlər cəmiyyətdə işə qəbulun obyektivliyinə inam formalaşdırmış, 2018-ci ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artmış, müraciət edənlərin sayı 51 mini ötmüşdür. Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşmış, 20 mindən çox gənc müəllim işə qəbul olunmuşdur.

2018-ci ildə ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi uğurla başa çatmış, ümumilikdə 150 mindən çox müəllimin həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılmış, orta aylıq əməkhaqqı 500 manat civarında olmaqla ölkə üzrə orta aylıq əməkhaqqına yaxınlaşmışdır. Həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllim nüfuzu və müəllimlik peşəsinə maraq əhəmiyyətli şəkildə artmış, onlar arasında sağlam rəqabət və motivasiya güclənmiş, müəllimlik rəqabətli bir peşəyə çevrilmiş, təhsilin keyfiyyət göstəriciləri əhəmiyyətli şəkildə yüksəlmişdir. 2018-ci ildə 500 baldan yuxarı toplamış abituriyentlər arasında müəllimlik ixtisasını 2090 nəfər seçmişdir ki, bu da strategiyanın icrasına başladığımız ilin eyni göstəricisindən 2,3 dəfə çoxdur. İnanırıq ki, bu amil müəllim hazırlığı sistemində əsaslı dönüşün yaradılmasına və yüksək peşəkarlığa malik müəllimlərin hazırlanmasına və məktəblərə cəlbinə imkan verəcəkdir. 

Müəllimlərin peşəkarlıq səviyyəsi artırılır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son illərdə müəllimlərlə bağlı həyata keçirilən fəaliyyəti yüksək qiymətləndirərək müəllimlərin XV qurultayının iştirakçılarına təbrik məktubunda demişdir: "Müəllim əməyinin stimullaşdırılması tədbirləri nəticəsində cəmiyyətimizdə müəllimin nüfuzu yüksəlmiş, istedadlı gənclərin müəllimlik peşəsinə marağı əhəmiyyətli dərəcədə artmışdır. Qazanılan uğurlar dövlətin təhsil sahəsinin davamlı inkişafına diqqət və qayğısının təzahürü, eyni zamanda, Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir”.

Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində sistemli tədbirlər həyata keçirilmişdir. Beynəlxalq təcrübə nəzərə alınmaqla, ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün modul-kredit və rəqabətəsaslı təlimlər sistemi tətbiq edilmiş, 2015-2018-ci illərdə ümumilikdə 55 min nəfər müəllim modul-kredit sisteminə əsaslanan təlimlərə cəlb edilmişdir ki, onların 25 mini 2018-ci ilin payına düşür. Bununla yanaşı, elektron resurslardan istifadə və rəqəmsal bacarıqların inkişafı üzrə ümumilikdə 4000 nəfər müəllim təlimlərdən keçirilmişdir.

Şagirdlərimizin uğurları ildən-ilə yaxşılaşır

Keyfiyyətin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2018-ci ildə ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlmişdir. Belə ki, 2013-cü ilə nisbətən qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan çox toplayanların sayı isə 81,3 faiz artmışdır.

İstedadlı uşaqlarla iş sahəsində görülmüş işlər nəticəsində həm respublika olimpiadalarında iştirak edənlərin sayı, həm də beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurları ildən-ilə yaxşılaşmışdır. 2018-ci ildə respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak etmişdir ki, bu da 2013-cü ilə nisbətən 5 dəfə çoxdur. Beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri 1 qızıl, 8 gümüş, 20 bürünc medal, 7 həvəsləndirici sertifikat əldə etmiş, son illərdə isə 4 qızıl, 29 gümüş və 107 bürünc medal olmaqla ümumilikdə 140 medal qazanmışlar. 2019-cu ilin ilkin nəticələri də uğurlu olmuşdur. Bakı məktəblisi, 7-ci sinif şagirdi Fidan Qarayeva 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasında bürünc medal əldə edərək həmin olimpiadanın tarixində ən gənc qalib olmuşdur. 36-cı Balkan Riyaziyyat Olimpiadasında məktəblilərimiz 4 gümüş və 1 bürünc medal əldə etmiş, bu nəticə həmin olimpiadanın tarixində Azərbaycan məktəblilərinin göstərdiyi ən yaxşı nəticə olmuşdur. Əminliklə demək olar ki, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqə və yarışların qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbul hüququ əldə etməsi olimpiada hərəkatının daha da genişlənməsinə səbəb olacaqdır. Şübhəsiz, cari ildə informatika üzrə dünya olimpiadasının Azərbaycanda keçirilməsi də ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən biri olacaqdır.

Yeni qiymətləndirmə modelləri tətbiq olunur

2018-2019-cu tədris ili ümumi təhsildə 11 il bundan əvvəl başlanmış məzmun islahatlarının bir mərhələ kimi başa çatması və beynəlxalq təcrübəyə əsaslanan yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi ilə yadda qalmışdır. Məktəbdaxili qiymətləndirmə sistemi əhəmiyyətli şəkildə təkmilləşdirilmiş, müəllimlərin və valideynlərin rəyi nəzərə alınaraq şagirdlərin tədris yükü optimallaşdırılmışdır.

Ümumi təhsil müəssisələrinin IX siniflərində buraxılış imtahanları sahəsində başlanmış islahatlar XI siniflərdə davam etdirilmişdir. Cari tədris ilində XI sinfi bitirən şagirdlər yeni məzmun əsasında ümumi təhsili başa vuran ilk məzunlar olduğuna görə, onların buraxılış imtahanlarının yeni modelinə keçidlə bağlı Təhsil Nazirliyinin yaxından iştirakı ilə DİM tərəfindən yeni qaydalar tətbiq edilmiş, buraxılış imtahanı yeni məzmun və formada 2 mərhələdə təşkil edilmiş, ilk dəfə olaraq ali məktəbə qəbul həmin buraxılış və qəbul imtahanlarında toplanan ballar nəzərə alınmaqla aparılacaqdır. Əminik ki, yeni imtahan modeli təhsil alanların bilik və kompetensiyalarının daha səmərəli qiymətləndirilməsinə imkan verməklə yanaşı, məktəbin və müəllimin həm məsuliyyətinin, həm də nüfuzunun artmasına əhəmiyyətli şəkildə təsir edəcək, cəmiyyətdə ümumtəhsil məktəbinə etibarlı inam formalaşdıracaqdir.

Təmayülləşmənin müsbət nəticələri

Ümumi təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək kompetensiyalara yiyələnmək imkanı yaratmaq məqsədi ilə tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsi genişləndirilmiş, 2140 sinifdə 47930 şagird təmayüllər üzrə təhsilə cəlb edilmişdir ki, bu da X-XI siniflərdə təhsil alan şagirdlərin təxminən 30 faizini təşkil etmişdir. Təmayül siniflər üçün tədris planları və proqramları hazırlanmış və tətbiq edilmişdir. İlkin təhlillər göstərir ki, təmayül siniflərini bitirən məzunlar ali məktəblərə qəbulda daha yüksək nəticələr nümayiş etdirir və akademik nailiyyətləri ilə fərqlənirlər. Hər bir şagirdə təmayül istiqamətinə uyğun peşəkar bacarıqların aşılanması məqsədilə "Ümumi təhsil haqqında” Qanunda təmayül siniflərində şagird sayı əvvəlki 20 nəfərdən 15 nəfərə endirilmişdir. Qarşıda ölkə üzrə təmayülləşmənin tətbiqi vəziyyətinin təhlili, əhatə dairəsinin daha da genişləndirilməsi, təmayül sinifləri üçün yeni proqram və dərsliklərin hazırlanması, peşəkar və səriştəli müəllimlərin cəlb edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi vəzifəsi dayanmışdır.

Dərslik hazırlığı sahəsində yeniliklər

Məzmun islahatları çərçivəsində dərslik hazırlığında yeni reqlament və prosedurlar tətbiq edilmişdir. Hazırlanmış dərsliklər Dərslikləri Qiymətləndirmə Şurası, Dövlət İmtahan Mərkəzi, AMEA-nın müvafiq institutları, ali təhsil müəssisələri tərəfindən qiymətləndirilir, eyni zamanda, bu məqsədlə yaradılmış portalda yerləşdirilərək ictimai müzakirəyə çıxarılır, təkliflər təhlil edilərək nəşriyyatlara və müəlliflərə yönəldilir. Qeyd olunan prosedurlar gözlənilməklə cari tədris ilinə I-XI siniflər üçün 338 adda 7,2 milyon nüsxədən artıq dərslik və müəllimlər üçün metodik vəsait çap edilib məktəblərə paylanmışdır. Bu, təhsil tarixində dərslik çapı sahəsində ən yüksək göstərici olmuşdur. Cari tədris ilində yeni fənn kurikulumlarının tətbiq edildiyi XI siniflər üçün yeni dərsliklər hazırlanmış, beləliklə I-XI siniflərdə istifadə edilən 400-dən çox dərsliyin məzmununun yenilənməsi prosesi başa çatmışdır.

Dərslik hazırlığı sahəsində daha bir yenilik ondan ibarətdir ki, Təhsil İnstitutu nəzdində Tədris Resursları Mərkəzi yaradılmış və yeni məzmun konsepsiyası əsasında ümumtəhsil məktəbləri üçün ehtiyat dərsliklərin hazırlanmasına başlanmışdır. İlkin mərhələdə I siniflər üçün Ana dili və riyaziyyat dərslikləri hazırlanmışdır və hazırda 100-dən çox məktəbdə sınaqdan keçirilməkdədir. Növbəti addım həmin dərsliklərin pilot tətbiqi və II siniflər üçün dərsliklərin hazırlanması olacaqdır.

Tədrisdə İKT-dən istifadə imkanları genişləndirilir

İnformasiya cəmiyyətinin yarandığı, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkül tapdığı indiki şəraitdə İKT-nin inkişafı ölkənin rəqabətqabiliyyətliliyinin, intellektual və elmi potensialının vacib göstəricilərindən birinə çevrilmişdir. Məhz bu tendensiyalar nəzərə alınaraq, Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış Texniki-İqtisadi Əməkdaşlıq Sazişi çərçivəsində 2018-ci ildə ümumi təhsil müəssisələrinə 20880 ədəd noutbuk, 789 ədəd elektron lövhə, 789 ədəd proyektor verilmiş, İKT əsaslı infrastrukturun yaradılması işi davam etdirilmişdir. Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi baxımından ölkə üzrə internetə və Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulmuş məktəblərin sayı 2746-ya (62%) çatdırılmış, şəbəkəyə qoşulmuş təhsil müəssisələri bütün şagirdlərin 85%-ni, pedaqoji heyətin isə 73%-ni əhatə etmişdir.

Şagirdlərdə məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf etdirmək, tədqiqatçılıq bacarıqları formalaşdırmaq, innovasiyaları mənimsəmək və tətbiq etmək, onların yüksək texnoloji ixtisaslara marağını artırmaq məqsədi ilə Təhsil Nazirliyinin təşəbbüsü ilə ötən tədris ilindən Bakı və Gəncə şəhərlərinin 71 ümumtəhsil məktəbində 26 min şagird cəlb edilməklə "Rəqəmsal bacarıqlar” layihəsinə başlanmışdır. Uğurlu nəticələr nəzərə alınaraq növbəti tədris ilində layihə 100-dən çox məktəbi və 100 mindən çox şagirdi əhatə edəcəkdir. Layihə müxtəlif beynəlxalq sərgilərdə, o cümlədən Parisdə Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində təqdim edilmiş və böyük maraqla qarşılanmışdır.

Xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil hüququ təmin olunur

Xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsili və inkişafı fəaliyyətimizin əsas prioritetlərindən birini təşkil edir. Həmin kateqoriyadan olan uşaqların təhsil hüququnun təmin edilməsi və cəmiyyətə inteqrasiyası məqsədilə Heydər Əliyev Fondunun və UNICEF-in dəstəyi ilə "2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” hazırlanmış və təsdiq edilmiş, 2018-ci ildən həyata keçirilməsinə başlanmışdır.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və inkişafı sahəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri vardır. Belə ki, fond tərəfindən sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüş, ölkənin bütün internat və xüsusi məktəbləri əsaslı təmir edilmiş və ya yenidən qurulmuş, ən müasir avadanlıqlarla təchiz edilmiş, əlilliyi olan şəxslər üçün əlverişli təhsil mühiti yaradılmışdır.

Cari tədris ilində sağlamlıq imkanları məhdud 10 minədək uşaq xüsusi təhsil müəssisələrində, inteqrasiya təlimli təhsil müəssisələrində və ümumi təhsil müəssisələrinin nəzdindəki xüsusi siniflərdə təhsil almaqdadır. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili, inkişafı və cəmiyyətə inteqrasiyası bundan sonra da ölkəmizin təhsil siyasətində prioritet olaraq nəzərə alınacaqdır.

 Peşə təhsilinin inkişafı

Peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsidir. Peşə təhsilinin inkişafı işsizliyin və yoxsuluğun aradan qaldırılmasına, gənclər arasında məşğulluğun təmin edilməsinə əhəmiyyətli təsir göstərir. Ölkənin iqtisadi inkişaf strategiyasında peşə təhsilinin prioritet rolu nəzərə alınaraq, 2016-cı ildə ölkə Prezidentinin fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmış, peşə təhsili və təliminin inkişafı üzrə strateji yol xəritəsi təsdiq edilmiş və icrasına başlanmışdır.

Peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi məqsədilə 2018-ci ildə 21 peşə təhsili müəssisəsinin bazasında 10 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılmış, beləliklə, mərkəzlərin sayı 24-ə çatmışdır. Mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinə və əməkhaqqının artırılmasına başlanmış, 60 peşə təhsili müəssisəsində çalışan 2 minədək müəllim və istehsalat təlimi ustasının bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış, onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılmışdır. Bu istiqamətdə tədbirlər cari ildə də davam etdirilməkdədir.

Məzmunun əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində beynəlxalq təcrübə nəzərə alınmaqla peşə təhsilinin yeni dövlət standartları təsdiq edilmiş, 81 ixtisas üzrə nəticəyönümlü, modul strukturlu təhsil proqramları (kurikulumlar), 51 modul tədris vəsaiti, 55 yeni dərslik hazırlanmışdır, 78 modul dərslik isə hazırlanmaqdadır. Peşə təhsili ixtisaslarının siyahısına 20-dən çox yeni ixtisas əlavə edilmiş və kadr hazırlığına başlanmışdır. Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə imzalanmış Kredit Sazişinə əsasən Bakı şəhərində müasir peşə təhsili mərkəzinin tikintisi başa çatmaq üzrədir. Artıq Koreyadan ən müasir avadanlıqlar gətirilib quraşdırılmışdır. Sənaye və innovasiyalar üzrə ixtisaslaşmış həmin mərkəzdə 8 istiqamət üzrə kadr hazırlanacaq. Mərkəzdə fəaliyyət göstərəcək 26 ixtisaslı mütəxəssis seçilərək Koreyada 3 aylıq təlim keçməsi təmin edilmişdir.

İşəgötürənlərlə sıx əməkdaşlıq nəticəsində həyata keçirilən pilot layihələr çərçivəsində turizm-xidmət sektoru üzrə məzunların 62.3 faizi, informasiya texnologiyaları sektoru üzrə 73 faizi, xidmət sahəsi üzrə 68.4 faizi işlə təmin edilmişdir.

Strateji Yol Xəritəsinə uyğun olaraq peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, daha çox məzunun bu təhsil pilləsinə cəlb edilməsi, qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması, məzmunun yenilənməsi, mühəndis-pedaqoji heyətin fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, peşəkarlığının artırılması istiqamətində tədbirlər növbəti illərdə də davam etdiriləcəkdir.

Orta ixtisas təhsilinin inkişafına yeni yanaşmalar

Son illərdə orta ixtisas təhsilinin inkişafı ilə bağlı Təhsil Nazirliyi tərəfindən yeni yanaşmalar tətbiq edilmişdir. Nazirlər Kabinetinin qərarlarına əsasən, 14 kollec birləşdirilərək 7 kollec, o cümlədən 3 regional kollec yaradılmış, 6 kollec profillərinə uyğun ali təhsil müəssisələrinin nəzdinə verilmişdir. Bununla əlaqədar, həmin kollec və ali təhsil müəssisələrinin ixtisasları unifikasiya olunmuşdur.

Cari ildə "Təhsil haqqında” Qanuna dəyişikliklər əsasında orta ixtisas təhsilinin inkişafına təkan verəcək yeni qərarlar qəbul edilmiş, bakalavrlar orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul hüququ, subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul hüququ qazanmışlar. Bunlarla yanaşı, bakalavriat səviyyəsini başa vurmayan və ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər də təhsillərini orta ixtisas təhsili müəssisələrində davam etdirmək hüququ əldə etmişlər. Yeni qayda vətəndaşların əmək bazarına çevik uyğunlaşmasına, məşğulluğun və təhsilin əlçatanlığının təmin edilməsinə, eyni zamanda, kollec təhsilinin nüfuzunun artırılmasına öz töhfəsini verəcəkdir.

Növbəti illərdə orta ixtisas təhsili sahəsində kadr hazırlığı və idarəetmə sisteminin qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması istiqamətində tədbirlər həyata keçiriləcəkdir.

Ali təhsilin əlçatanlığı artırılır


İqtisadiyyatın dayanıqlı inkişafında ali təhsilin müstəsna rolu vardır. Sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda məhz ali təhsil iqtisadiyyatda davamlı inkişafa təkan verən real qüvvə hesab edilir. Bununla əlaqədar, dövlət başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunmuşdur.

Həmin qərarlardan biri ölkədə təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Ölkə prezidentinin sərəncamına əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari il martın 1-dən 16 min vahid artırılmış, təqaüd alan tələbələrin sayı 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, doktorantlara, ali, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılmış, bu tədbirlər 110 mindən çox tələbəni və doktorantı əhatə etmişdir. Eyni zamanda, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerləri 66 faiz artaraq 12300-dən 20500-ə çatdırılmış, ümumi qəbul planının 42 faizini təşkil etmişdir. Ötən il bu göstərici 27 faiz təşkil edirdi. Həmin tədbirlərin davamı kimi, I və II dərəcə əlilliyi olan, habelə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin təhsil haqqı xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə ölkə prezidentinin sərəncamı imzalanmışdır. Dövlət başçısının təhsilin davamlı inkişafına xidmət edən bu təşəbbüsləri ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Qəbul edilən mühüm qərarlardan biri də "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsidir. Proqram ölkəmizdə ali təhsil sisteminin inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. Proqramda iki istiqamət üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Birinci istiqamət ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsini, ikinci istiqamət isə xaricdə doktorantura təhsili vasitəsilə universitetlərimizin akademik potensialının gücləndirilməsini nəzərdə tutur. Aidiyyəti dövlət qurumları ilə birlikdə proqramın icrası istiqamətində tədbirlərə başlanmışdır.

Ölkədə ali təhsilalma imkanları genişləndirilmiş, son 5 il ərzində qəbul olunan tələbələrin sayında 20.8 faiz artım olmuş, bu göstərici ötən il 41 mini ötmüşdür. Artım tendensiyası cari ildə təsdiq edilmiş qəbul planında da davam etdirilmiş, bakalavriat səviyyəsinə qəbul planı 48506 nəfərə yüksəlmiş, yəni 6.4% artmışdır.

Əmək bazarında dəyişikliklər və ölkəmizin iqtisadi inkişaf strategiyası nəzərə alınaraq cari ildə bakalavriat səviyyəsi üzrə ixtisasların yeni təsnifatı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş, ixtisasların sayı 175-dən 148-ə qədər azaldılmış, 70-ə yaxın ixtisas birləşdirilmiş və ya çıxarılmış, təsnifata 46 yeni ixtisas əlavə edilmişdir.

 Ali təhsil müəssisələri yeni idarəetmə modelinə keçir

Ali təhsil müəssisələrində idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılmışdır. Ölkə prezidentinin sərəncamlarına əsasən, əvvəlki illərdə bəzi ali təhsil müəssisələrinə publik hüquqi şəxs statusunun verilməsi həmin universitetlərdə hesabatlılığın və yeni idarəetmə prinsiplərinin tətbiqinə, akademik və maliyyə muxtariyyətinə əlverişli imkan yaratmışdır. Cari ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yeni Nümunəvi Nizamnaməyə əsasən, bütün dövlət ali təhsil müəssisələri publik hüquqi şəxs statusu əldə etməklə qeyd edilən imkanlardan faydalana biləcəklər.

Ali təhsilalma imkanlarının genişləndirilməsi istiqamətində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı şəhərində yerləşən ali məktəblərdə təhsil alan tələbələr üçün dövlət-özəl partnyorluğu əsasında 100 faiz özəl sektorun vəsaiti hesabına 800 yerlik müasir yataqxana kompleksinin tikintisi başa çatdırılmışdır və istifadəyə hazırdır. Bu istiqamətdə təşəbbüslər növbəti illərdə də davam etdiriləcəkdir. Bununla yanaşı, dövlət xətti ilə cari ildə Gəncə, Lənkəran və Sumqayıt Dövlət universitetlərinin yataqxana binalarının əsaslı təmiri ilə bağlı tədbirlər həyata keçirilir.

Elmin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər öz bəhrəsini verməkdədir. Dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan Clarivate Analytics şirkəti ilə səmərəli əməkdaşlıq nəticəsində "Web of Science®” elmi platformasına 2018-ci ildə daxil olan məqalələrin sayına görə Azərbaycan ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlmiş, son məlumata əsasən, "Web of Science®” elmi bazasında Azərbaycan üzrə 1450 elmi tədqiqat işi qeydə alınmışdır. Son 5 ildə isə alimlərimizin "Web of Science®” bazasına daxil olan məqalələrinin ölkə üzrə ümumi sayı 96 faiz, ali təhsil müəssisələri üzrə 2.6 dəfə artmışdır. Əminliklə deyə bilərik ki, bu nəticələr ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdə mövqelərinin yaxşılaşmasına ciddi təkan verəcəkdir. Əldə olunan uğurlu nəticələr nəzərə alınaraq, 2018-ci ilin dekabrında Təhsil Nazirliyi ilə "Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən yeni əməkdaşlıq müqaviləsi imzalanmışdır. 

Yeni təşəbbüslər, yeni hədəflər

Əldə edilmiş nailiyyətlərlə yanaşı, təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulmuş hədəflər baxımından təhsil sistemi qarşısında bir sıra vəzifələr də durur. Onlardan bəzilərini diqqətə çatdırmaq istərdim.

Təcrübə göstərir ki, elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və bacarıqlarla zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bacarıqların, səriştənin vacibliyi önə çəkilməlidir. Təhsilin məzmunu texnoloji yenilikləri nəzərə almaqla inkişaf etdirilməli, ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu halda, peşə, orta ixtisas və ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülməli, əmək bazarında iş təklif edən bütün subyektlər, dövlət və özəl olmasından asılı olmayaraq, maraqlı tərəfə çevrilməlidir.

Gələcəyin çağırışlarına cavab verməsi və innovativ inkişafın təmin edilməsi baxımından təhsilin məzmununun yenilənməsi mühüm prioritetlərdəndir. Bununla əlaqədar növbəti illərdə bütün təhsil pillələri üzrə məzmunun təkmilləşdirilməsi, əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçiriləcəkdir. Məhz bu yanaşmadan çıxış edərək uşaqların erkən yaşdan inkişafının səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin standart və kurikulumları, cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ümumtəhsil, peşə və orta ixtisas təhsili standartları və kurikulumları, ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabət qabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi ilə bağlı işlər davam etdirilməlidir.

Ümumi təhsilin məzmununun təkmilləşdirilməsi, beynəlxalq qiymətləndirmə tədqiqatlarının meyarlarına və əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılması, o cümlədən innovasiyaların tətbiqi qarşıda duran başlıca vəzifələrdəndir. Yaxın perspektivdə əmək bazarında yeni bacarıqlara və ixtisaslara ehtiyac yaranacağı ilə əlaqədar təmayülləşmənin daha erkən yaşlardan tətbiqi, xüsusilə riyaziyyat, informatika, təbiət fənləri, mühəndislik, o cümlədən robototexnika, süni intellekt, nanotexnologiyalar və bu kimi innovativ məzmunun tətbiqi prioritet hesab olunmalıdır.

Ümumi təhsildə təmayülləşmə istiqamətlərinin artırılması, bu istiqamətdə növbəti tədris ilində 20 məktəbdə tam orta təhsil səviyyəsində peşəyönümü təmayüllü siniflərin açılması hədəf kimi müəyyən edilmişdir. İnanırıq ki, bu yenilik şagirdlərin təhsilə cəlbini artırmaqla yanaşı, gələcəkdə onların peşə seçiminə və əmək bazarına daha asan inteqrasiyasına kömək edəcəkdir.

Daha bir prioritet ümumi təhsildə STEM yanaşmasının tətbiqidir. Bu yanaşma təbiət, texnologiya, mühəndislik və riyaziyyat fənlərinin tədrisinin ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə öyrədilməsini və şagirdlərdə "XXI əsr bacarıqları”nın formalaşdırılmasını nəzərdə tutur. Bu istiqamətdə növbəti tədris ilindən məktəblərdə robototexnika, nanotexnologiya, süni intellekt, mexanika kimi sahələri əhatə edən məzmunun tətbiqi planlaşdırılır.

Yeni məzmunun tətbiqi, ilk növbədə, yeni yanaşmaları mənimsəyən və tətbiq etməyi bacaran pedaqoji kadrlar tələb edir. Heç bir təhsil sisteminin potensialı həmin sistemdə çalışan müəllimlərin bacarıq səviyyəsindən yüksək ola bilməz. Bu fikir son illərdə Təhsil Nazirliyi tərəfindən dəfələrlə vurğulanmışdır. Məhz bu səbəbdən müəllim hazırlığı üzrə yeni məzmunun tətbiqi, təcrübə komponentinin əhəmiyyətli şəkildə artırılması və internatura modelinə keçid, təhsil sistemi üçün vacib olan kurikulum, qiymətləndirmə, məktəb psixologiyası, təhsili idarəetmə sahəsində magistratura proqramlarının hazırlanması və tətbiqi əsas hədəflər kimi müəyyən edilmişdir.

Peşə təhsili sahəsində son illərdə əldə edilən nailiyyətlərin davamı olaraq yeni məzmunun hazırlanması, əmək bazarının tələblərinin nəzərə alınması baxımından biznes subyektləri və işəgötürənlərlə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və birgə proqramların həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, qeyri-formal və informal yolla əldə edilmiş səriştələrin qiymətləndirilməsi və tanınması mexanizminin hazırlanması və tətbiqi də bu sahədə əsas hədəflərdən biri kimi müəyyənləşdirilmişdir.

Keyfiyyətin təminatı sistemi kimi akkreditasiya mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən beynəlxalq akkreditasiyadan keçmiş ali təhsil proqramlarının sayının artırılması, ali təhsil sahəsində tələbə-sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi də başlıca hədəflərdəndir.

Elm sahəsində növbəti illərdə həyata keçirəcəyimiz əhəmiyyətli təşəbbüslərdən biri ali təhsil müəssisələrində "təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqi olacaqdır. Bu baxımdan bəzi ixtisaslaşdırılmış universitetlərdə klasterlər yaradılmalı, elmi nəticələrin istehsala tətbiqi stimullaşdırılmalı, "təhsil-elm-istehsal” əlaqələrinin səmərəliliyi yüksəldilməli, innovasiyaların kommersiyalaşdırılması, tədqiqat universitetinin yaradılması ilə bağlı hədəflərə nail olunmalıdır.

Məktəblərdə mənəvi-psixoloji mühitin yaxşılaşdırılması, tərbiyə işinin səmərəli təşkili, məktəb-ailə münasibətlərinin düzgün qurulması ən vacib iş istiqamətlərindəndir. Müasir dövrdə şagirdlərin zərərli informasiyaya çıxışının asanlaşması təhsil sistemi qarşısında əsaslı çağırışlar yaradır. Bu baxımdan təhsil sahəsində işləyən rəhbər şəxslərin və təhsilverənlərin ailələrlə sıx əməkdaşlığı olduqca vacibdir. Məktəb rəhbərləri üçün məktəb-aliə münasibətləri ilə bağlı təlimlərin və maarifləndirmə işinin təşkili, o cümlədən nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də fövqəladə hallar zamanı davranış kodeksinin müəyyənləşdirilməsi həyata keçiriləcək əsas tədbirlərdəndir. "Məktəblinin dostu” layihəsinin əhatəliliyinin növbəti tədris ilindən təxminən 5 dəfə artırılaraq 150 məktəbə çatdırılması, psixoloji xidmətin təkmilləşdirilməsi, məktəblərdə psixoloji-öyrənmə mühitinin ölçülməsi və yaxşılaşdırılması ilə bağlı tədbirlərin təşkili də qarşıda duran hədəflərdəndir.

Müasir dövrün çağırışlarına uyğun olaraq dünyada təhsilin inkişaf tendensiyaları dəyişməkdədir. Hazırda süni intellekt həyatımızın və məişətimizin bütün sahələrinə nüfuz etməkdədir. Cəmiyyət yeni sənaye və texnoloji inqilab ərəfəsindədir və təhsil sistemi bu reallığa hazır olmalı, gənc nəsli müasir dövrdən kəskin fərqlənəcək gələcək dövrə hazırlamaq üçün onlara yeni kompetensiyalar, ixtisaslar və peşələr verməlidir. Dövlət və özəl sektor, təhsil orqanları, təhsil müəssisələri və bütün cəmiyyət səylərini bu məqsəd ətrafında cəmləşdirməlidir. Yalnız birgə təşəbbüslər və fəaliyyətlər nəticəsində keyfiyyətli və rəqabətqabiliyyətli insan kapitalı formalaşdırmaqla ölkəmizin tərəqqisinə nail olmaq olar.

İnanıram ki, müasir dövrün çağırışlarına, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcəkdir.

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Cəzaçəkmə müəssisələrində peşə təhsili

Cəzaçəkmə müəssisələrində peşə təhsili

Təqaüdlərin əsaslı şəkildə artırılması tələbələrin motivasiyasını gücləndirəcək

Təqaüdlərin əsaslı şəkildə artırılması tələbələrin motivasiyasını gücləndirəcək

2018-ci ildə Azərbaycan təhsilində əsas - YENİLİKLƏR

2018-ci ildə Azərbaycan təhsilində əsas - YENİLİKLƏR

Bakı məktəbləri üçün 2018-ci il necə yadda qaldı?

Bakı məktəbləri üçün 2018-ci il necə yadda qaldı?

2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...

2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...

Qazanılan uğurlar Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir - İlham Əliyev

Qazanılan uğurlar Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir - İlham Əliyev

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Təhsil Nazirliyində vacib TOPLANTI - Bu il 41 rayonda...

Təhsil Nazirliyində vacib TOPLANTI - Bu il 41 rayonda...

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Magistr imtahanlarında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadə AÇIQLADI

Magistr imtahanlarında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadə AÇIQLADI

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

İxtisasartırma təhsili kredit-modul sistemində

İxtisasartırma təhsili kredit-modul sistemində

Mikayıl Cabbarovun qazandığı etimadın sirri...

Mikayıl Cabbarovun qazandığı etimadın sirri...

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin keçirdiyi iclasda vacib məqamlara toxunaraq məruzə edib

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin keçirdiyi iclasda vacib məqamlara toxunaraq məruzə edib

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası