AzTehsil.com


Xəbərlər
30 mart 2017
3 846


"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"



"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

 

"Azərbaycanda peşə məktəblərinin yaradılması prosesi daha da sürətlə getməlidir”. Ölkə rəhbəri İlham Əliyevin Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində səsləndirdiyi bu fikir yenidən diqqəti peşə təhsili sahəsindəki proseslərə yönəltdi. Prezident kadr hazırlığı məsələlərinin böyük əhəmiyyət daşıdığını vurğulayaraq növbəti illərdə peşə hazırlığının Azərbaycanda geniş vüsət almalı olduğunu və buna böyük ehtiyac yarandığını qeyd etdi: "Peşə məktəblərinin yaradılması prosesi gedir, daha da sürətlə getməlidir. Bu proses iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşmalıdır. Biz iqtisadi inkişafımızı planlaşdırırıq. Bizim regional inkişaf proqramlarımız dərc olunur. Yəni biz öz beşillik fəaliyyət planımızı tərtib edirik və eyni zamanda, sənaye, kənd təsərrüfatı və digər sahələrlə bağlı proqramlar bizə yol göstərir. Ona görə peşə hazırlığı buna uyğun şəkildə aparılmalıdır”. 
 
Dövlət başçısı kənd təsərrüfatı, sənaye və turizm sahələrində ixtisaslaşmış peşə məktəblərinin yaradılmasına böyük ehtiyacı bu sahələrin bundan sonra da ölkədə sürətlə inkişaf edəcəyi ilə əsaslandırıb: "Kənd təsərrüfatı mütəxəssisləri, aqronomlar və bu peşələr üzrə kadrlar hazırlanmalıdır. Biz gəncləri bu sahəyə cəlb etməliyik, stimullaşdırmalıyıq ki, onlar da bilsinlər, peşəkar olandan sonra onların yaşayış səviyyəsi böyük dərəcədə yaxşılaşacaq. Bu istiqamətdə işlər keçən il görülüb və bu il də davam edəcək”. 
 
Ölkə başçısının 2016-ci il 20 aprel tarixli Fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması bu sahənin ölkə iqtisadiyyatının inkişafı üçün önəmindən xəbər verir. Bəs keçən müddət ərzində bu sahədə hansı addımlar atılıb?
 
Əmək bazarının tələblərinə uyğun
 
Fəaliyyətində ilk peşə-ixtisas təhsilinə ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı sahələrdən biri kimi yanaşan Peşə Təhsili üzrə Dövlət Agentliyi hesab edir ki, dövlət səviyyəsində peşə təhsilinin inkişafına istiqamətlənən tədbirlər əhalinin fəal hissəsinin yerli və beynəlxalq əmək bazarındakı dəyişikliklərə müvafiq reaksiya verməsinə imkan yaradır. Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsili müəssisələrinin idarəedilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili "Kaspi”yə açıqlamasında ölkə başçısının sərəncamından irəli gələrək ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Agentliyin öz fəaliyyətini bu sahədə dövlət siyasətinin həyata keçirilməsi və əlaqələndirilməsi istiqamətində qurduğunu bildirdi. O cümlədən, əmək bazarının dəyişən tələblərinə müvafiq ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin təşkili, idarəedilməsinin təkmilləşdirilməsi, işəgötürənlərlə əməkdaşlıq və iqtisadiyyatın yeni inkişaf mərhələsinə uyğun olaraq kadr hazırlığına nail olunması istiqamətində işlər görülür: "Ölkə başçısının da qeyd etdiyi kimi, peşə təhsili və təlimi sahəsindəki prioritetlərin əsas məqsədi digər mühüm sektorlarda tətbiq olunan prioritetlərin dəstəklənməsi üçün səriştəli işçi qüvvəsinin təmin edilməsi və həmin sektorların potensialının tam reallaşdırılmasına təkan verməkdir”. 
 
Bu məqsədlə dünyada mövcud meyillər nəzərə alınmaqla, ölkəmizdə əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi sahəsində ölkə prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Belə ki,  Strateji Yol Xəritəsində qarşıdakı dövrdə peşə təhsili və təlimi sektoru üzrə normativ hüquqi, iqtisadi və informasiya bazasının təmin edilməsi, peşə-ixtisas təhsilinin yeni pozitiv imicinin formalaşdırılması, peşə təhsili sisteminin özəl sektor üçün cəlbediciliyinin artırılması, müasir infrastruktur, maddi-texniki və tədris bazasına malik peşə-ixtisas təhsili müəssisələrinin formalaşdırılması məsələləri yer alıb. Həmçinin sənəddə peşə-ixtisas təhsili sistemində əmək bazarının tələblərinə cavab verə bilən mühəndis-pedaqoji kadrların hazırlanması, peşə-ixtisas təhsili müəssisələrinin məzunlarının işlə təminatının yüksəldilməsi kimi strateji məqsədlərə nail olunması nəzərdə tutulub. Eyni zamanda, "Peşə təhsili haqqında” Qanun layihəsinin hazırlanması üzrə Milli Məclisdə bir çox deputatların və müvafiq strukturların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb ki, onun formalaşdırılmasında həm yerli, həm də beynəlxalq təcrübədən istifadə ediləcək.
 
Yeni peşə təhsili mərkəzlərinin yaradılması
 
A.Əlilinin bildirdiyinə görə, carı tədris ilində ilk dəfə olaraq Bakı və Gəncə şəhərlərində ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu "ASAN Peşə” layihəsi çərçivəsində həyata keçirilib: "ASAN Peşə” layihəsinin tətbiqində əsas məqsəd şagirdlərin qəbulu prosesində şəffaflığın təmin edilməsi, subyektiv amillərin aradan qaldırılması,  peşə təhsilinin əlçatanlığının artırılması və vətəndaşların rahatlığının təmin olunması olub”. Yeni peşə təhsili mərkəzlərinin yaradılmasına diqqət çəkən nazirlik rəsmisinin sözlərinə görə, peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması prosesi bu müəssisələrin birləşdirilməsi və müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması yolu ilə həyata keçirilir: "Həmin təhsil müəssisələrinin rasionallaşdırılması və optimallaşdırılması dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin mövcud vəziyyətini araşdıraraq, onların infrastruktur, maddi-texniki baza, müəllim-pedaqoji heyətinin potensialı qiymətləndirilərək və əldə olunan nəticələrə istinad edilərək aparılır. Optimallaşdırma prosesi, ilk növbədə, iri sənaye mərkəzləri olan Bakı və Gəncə şəhərlərində yerləşən, paralel kadr hazırlığını həyata keçirən təhsil müəssisələrinin birləşdirilməsi ilə başlayıb”. 
 
Şöbə müdirinin bildirdiyinə görə, Bakı şəhərində 26 təhsil müəssisəsinin bazasında 11, Gəncə şəhərində 6 təhsil müəssisəsinin bazasında 2 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Ümumilikdə isə cəmi 32 ilk peşə-ixtisas təhsili müəssisəsinin bazasında 13 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb: "Yaxın gələcəkdə regionlarda bu istiqamətdə işlər davam etdiriləcək”. Şöbə müdiri hesab edir ki, peşə təhsilinə marağın artırılması üçün peşə-ixtisas təhsilinin yeni pozitiv imicinin formalaşdırılması və peşəyönümü işinin effektiv şəkildə qurulması prioritet istiqamətlər kimi müəyyən olunub: "Statistikaya nəzər salsaq, hazırda orta təhsil məzunlarının yalnız 11%-i peşə təhsilinə müraciət edirlər ki, bu da peşə təhsilinə marağın dünya ölkələri ilə müqayisədə çox aşağı olduğunu göstərir. Qarşıya qoyulan hədəflərimizdən biri də peşə təhsilinə cəlb olunanların səviyyəsinin 25%-ə qaldırılmasıdır ki, bu məqsədlə, geniş spektrdə peşəyönümü tədbirləri aparılacaq. Peşə təhsilinin imicinin yüksəldilməsi üçün xüsusi yerli, regional və beynəlxalq səviyyəli yarışmaların təşkili, eləcə də yaşlılar, xüsusi qayğıya ehtiyacı olan gənclər, qızlar, işsizlər və digər həssas əhali qruplarının təhsilə cəlb olunması üçün müvafiq təhsil mühiti və şəraitinin yaradılması nəzərdə tutulub”. 
 
A.Əlilinin sözlərinə görə, həmçinin  ümümtəhsil məktəblərində şagirdlərin peşə təhsili ixtisasları ilə praktiki qaydada tanışlığını təmin etmək üçün müxtəlif tədbir və müsabiqələr, peşə təhsili müəssisələrində "Açıq qapı” günləri mütəmadi təşkil ediləcək: "Həmçinin kadr hazırlığı prosesinin müasirləşdirilməsi, peşə təhsili və təlimi müəssisələrində mühəndis-pedaqoji heyətin hazırlığı prosesinin təkmilləşdirilməsi, peşə təhsili və təlimi sistemində özəl sektorun iştirakınin stimullaşdırılması, işəgötürənlərin tələbatına uyğun kadr hazırlığının təşkili istiqamətində görüləcək işlər peşə təhsili müəssisələrinin imicinin artırılmasına xidmət edəcək. Cünki dəyişən əmək bazarının tələblərinə çevik uyğunlaşan müvafiq peşə təhsili proqramları ilə işəgötürənlərin təlim tələblərinin vaxtında qarşılanması və kadrların yenidən hazırlanması müasir peşə təhsili müəssisələrini səciyyələndirən əsas xüsusiyyətlərdəndir”. 
 
Əmək bazarının tələbatının daha dolğun təmin edilməsi ilə əlaqədar 2016-2017-ci tədris ilində mövcud ilk peşə-ixtisas təhsili müəssisələrində ölkə iqtisadiyyatının prioritet istiqamətlərinə və işəgötürənlərin sifarişlərinə əsasən 15 yeni ixtisas üzrə kadr hazırlığına başlanıb. Belə ki,  "Suvarma sistemlərinin operatoru”, "Soyuducu qurğularda məhsulların saxlanması və anbarlanması üzrə operator”, "Tədbir və mərasimlərin təşkilatçısı”, "Bağban-dekorator”, "Ağac nəqqaşı”, "Quru inşaat və suvaq işləri ustası”, "Daşdoğrayan maşın operatoru”, "Oteldə konsiyerj” (qonaqlara məlumat verən və xidmətlərin satışını təşkil edən əməkdaş), "Bitkiçilik mütəxəssisi”, "Aqroservis mütəxəssisi”, "Heyvandarlıq mütəxəssisi” - belə ixtisaslardandır. Eyni zamanda, 2016-2017-ci tədris ilindən regionlarda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı və kənd əhalisinin məşğulluğunun təmin edilməsi məqsədilə uzun illər tədris olunmayan "Pambıqçı”, "Baramaçı”, "Tütün ustası” kimi ixtisasların tədrisinə də başlanılıb. 
 
İlk peşə-ixtisas təhsilinin inkişafı
 
Təhsil üzrə ekspertlər də peşə təhsilinin inkişaf etdirilməsini iqtisadiyyatın inkişafında mühüm amil kimi dəyərləndirirlər. 
 
Təhsil Şurasının sədri, professor Əjdər Ağayev ilk peşə-ixtisas təhsili və ya texniki peşə təhsili mərhələsinin daha da inkişaf etdirilməsinə ehtiyac olduğunu bildirir: "Hazırda ölkədə iqtisadiyyatın inkişaf etdirilməsi, o cümlədən sənayenin və kənd təsərrüfatının hərtərəfli inkişaf etdirilməsində kadrlara böyük ehtiyac var”. Pofessorun sözlərinə görə, bu ehtiyacı ödəmək üçün regionlarda mərkəzləşdirilmiş peşə təhsili müəssisələri yaradılır, amma bu sahələr üzrə kadrlar da hazırlanmalıdır: "Bu sahələr üzrə peşələrin inkişafı və ixtisaslı kadrların hazırlanması iqtisadiyyatın inkişafına təkan verəcək. İxtisaslı mütəxəssislər ilk peşə təhsili üzrə aldıqları bilikləri praktikada tətbiq edəcək və bunun nəticəsində əkin sahələri genişlənəcək. O cümlədən qeyri-neft sektoru hesabına ölkə iqtisadiyyatı yüksələcək. Bu inkişaf meyvə-tərəvəzin daha çox istehsalına gətirib çıxaracaq. Yəni artıq bizim xaricdən geni dəyişmiş məhsullar almağa ehtiyacımız qalmayacaq. İqtisadiyyatın inkişafı həm də yerli məhsullar hesabına sağlamlığın təminatına səbəb olacaq”. Gənclərin peşə təhsilinə həvəslənməsinə gəlincə, Ə.Ağayev hesab edir ki, bu məsələdə gənclərin düzgün istiqamətləndirilməsi mühüm rol oynaya bilər: «Gənclərin həmin sahələrdə çalışan insanlarla münasibətində nizamlanma olmalı, onlara yüksək qayğı göstərilməlidir ki, bu sahəyə rahatlıqla üz tutsunlar”. 
 
İnsan kapitalı üçün əhəmiyyətli töhfə
 
Professor Şahlar Əsgərov da peşə təhsilinin daha da inkişaf etdirilməsinə ehtiyac olduğunu bildirir. Xüsusən kənd təsərrüfatı sahəsində bir sıra peşələrin – üzümçülük, pambıqçılıq, maldarlıq və s. sahələrlə bağlı peşə təhsilinin inkişafına, o cümlədən kadrların hazırlanmasına ehtiyac var. Bu baxımdan, rayonlarda həmin sahələr üzrə peşələr tədris olunmalıdır. Professorun fikrincə, peşə məktəblərinin inkişafı insan kapitalının inkişafı üçün əhəmiyyətli töhfə ola bilər: "Dövrün tələbatına uyğun gələn peşələr maraqlıdır. Hazırda sənaye məktəbləri açırlar. Həmin məktəblərin yanında peşə kursları da olmalıdır ki, şagirdlərə öyrətsinlər». Ş.Əsgərovun fikrincə, peşə məktəblərində tədris edilən peşələrlə bağlı gənclər arasında təbliğat olmalıdır: "Bu, gənclərin gələcək yoluna işıq tutar. Yəni onlar həmin sahəni öyrənəndən sonra gələcəkdə işlə təmin olunacaqlarını və kifayət qədər yaxşı məvacib alacaqlarını da bilməlidirlər. Bu da onlarda həmin sahələrə, ümumən peşəyə stimul yaradar”. 
 
kaspi.az



Загрузка...