AzTehsil.com


Xəbərlər
31 yanvar 2017
4 303


Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur



Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

 

Ekspertlər hesab edirlər ki, təhsilin bu pilləsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var
 
"Azərbaycanda ilk peşə-ixtisas təhsili haqqında” qanun layihəsi hazırlandıqdan sonra, orta ümumtəhsil və ali təhsil haqqında qanun layihələrinin hazırlanması gündəmə gələcək”. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli bildirib.
 
İ.Həbibbəyli deyib ki, qanun layihələri müvafiq olaraq mərhələlərlə hazırlanır: "Biz ilk olaraq "Elm haqqında” qanun layihəsini qəbul etdik. Daha sonra "Məktəbəqədər təhsil haqqında” qanun layihəsi hazırlandı. Yaz sessiyasında bu qanun layihəsinin ikinci və üçüncü oxunuşda müzakirəyə çıxarılması nəzərdə tutulub. Yaz sessiyası dövründə "İlk peşə-ixtisas təhsili haqqında” qanun layihəsinin hazırlanması üzərində iş gedəcək. İlk peşə-ixtisas təhsili haqqında” qanun layihəsi hazırlandıqdan sonra orta ümumtəhsil və ali təhsil haqqında qanun layihələrinin hazırlanması gündəmə gələcək. Biz bu sahədə məntiqə uyğun, ardıcıllıqla fəaliyyət göstəririk”.
 
Milli Məclisin (MM) Elm və təhsil komitəsinin üzvü deputat Bəxtiyar Əliyev də deyib ki, Azərbaycanda "Ali təhsil haqiqnda” qanun layihəsinin hazırlanması vacibdir.
Ali təhsil haqqında ana xətlərin "Təhsil haqqında” qanunda verildiyini deyən millət vəkilinin sözlərinə görə, son illərdə ali təhsilin keyfiyyəti tamamilə dəyişib. Buna görə də bu təhsil səviyyəsi üzrə ayrıca qanunun hazırlanması lazımdır.
 
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə də göstərilib ki, yaxın illər ərzində ali təhsil haqqında qanunun və dövlət proqramının qəbul edilməsi məsələsi nəzərdən keçiriləcək.
 
Sənəddə həmçinin qeyd olunur ki, hazırda Azərbaycanda gənclərin ali təhsillə əhatə olunma səviyyəsi aşağıdır. Bu da uzaq perspektivdə ölkənin rəqabət qabiliyyətli və dayanıqlı inkişafına maneə yarada bilər. Yüksək ixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, uzunmüddətli proqnozlaşdırma mexanizminin hazırlanması istiqamətində fəaliyyətlər, əmək bazarında diferensiallaşmış əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması dəstəklənəcək: "Ali təhsil insan kapitalının formalaşmasında və inkişafında mühüm mərhələdir. Hazırda ali təhsil müəssisələrində yetişdirilən mütəxəssislər dövlətin və şirkətlərin idarə olunmasında, daha çox əlavə dəyərin yaranmasında, iqtisadi artımda və əmək məhsuldarlığının yüksəldilməsində fəal iştirak edirlər. Amma Azərbaycanda gənclərin ali təhsillə əhatəolunma səviyyəsi aşağıdır. Bu da uzaq perspektivdə ölkənin rəqabətqabiliyyətli və dayanıqlı inkişafına maneə törədə bilər. Bunu nəzərə alaraq, Azərbaycanda iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması dəstəklənəcək. Bunun üçün ali təhsilin keyfiyyətinin yüksəldilməsi, qlobal təhsil məkanına inteqrasiyası, ali təhsilli kadrlara tələbatın ödənilməsi, habelə ali təhsilin informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması istiqamətində islahatlar sürətləndiriləcək”.
 
Sənəddə o da vurğulanıb ki, yüksəkixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, uzunmüddətli proqnozlaşdırma mexanizminin hazırlanması istiqamətində fəaliyyətlər, əmək bazarında diferensiallaşmış əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması dəstəklənəcək.
 
"Yol Xəritəsi”ndə həmçinin göstərilib ki, universitet klasterlərinin yaradılması "təhsil–tədqiqat–innovasiya” zəncirinin effektivliyini artıra bilər. Bu baxımdan, ölkədə, ilk növbədə, bəzi ixtisaslaşmış universitetlərdə klasterlərin yaradılması təşviq ediləcəkdir. Ali təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi nəticəsində daha keyfiyyətli insan kapitalı və intellektual potensial formalaşacaq, əmək məhsuldarlığı artacaq: "Universitet klasterlərinin yaradılması araşdırma və təkmilləşdirmələrin həyata keçirilməsini, elmi nəticələrin istehsala tətbiqini stimullaşdıracaq, "təhsil-elm-istehsal” əlaqələrinin səmərəliliyi yüksələcək. Klasterlərin dəstəklənməsi regionlarda insan kapitalının inkişafı üçün də əhəmiyyətlidir. Bundan başqa özəl universitetlərin müstəqilliyinin artırılması və onların inkişafı üçün stimullaşdırıcı tədbirlər görüləcək. 
 
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil üzrə ekspert Nadir İsrafilov isə deyib ki, ali təhsillə bağlı qanun artıq neçə illərdir gündəmdədir: «Söhbət ondan gedir ki, bizdə təhsil qanunu qəbul olunarkən orda çox ziddiyyətli məsələlər ortaya çıxdı. Ona görə də qərar alındı ki, çərçivə qanunu olsun. Bundan sonra qanun hələlik qüvvəyə mindi. Ancaq bunun əsasında gələcəkdə sahə qanunlarının qəbul olunması qarşıya hədəf kimi qoyuldu. Yəni, məsələ burasındadır ki, təhsilə dair qanunlarla bağlı məsələlər dəfələrlə gündəmə gətirilib, bir sessiyadan digərinə ötürülüb, onların qəbulunda obyektiv və subyektiv səbəblərdən müəyyən ləngimələrə baş verib.
 
Məlum olduğu kimi "Təhsil haqqında” əsas Qanunun qəbulunda da 15 illik bir fasilə yaranmışdı. Nəhayət 2009-cu ildə geniş müzakirələrdən sonra "Təhsil haqqında” qanun qəbul edildikdən sonra belə qərara alındı ki, təhsilin bütün pillələrini əhatə edən bu Qanun çərçivə qanunudur. Yəni, təhsilin hər bir pilləsini əhatə edən konkret sahəvi qaunlar – "məktəbəqədər təhsil”, "ümumi orta (tam orta) təhsil”, "ilk peşə təhsili”, "ali təhsil” və "elm haqqında” konkret sahə qanunları qəbul edilməlidir. Boloniya sisteminə keçidlə əlaqədaq hətta Təhsil krediti haqqında Qanunun qəbul edilməsi də nəzərdə tutulmuşdu. Bununla belə 2009-cu ildən bu yana uzun mübahisə və müzakirələrdən və bir neçə oxunuşdan sonra çəmi bir Qanun - "Elm siyasəti haqqında” qanun qəbul edilib.
 
Digər bir Qanun layihəsi –"Məktəbəqədər təhsil haqqında” Qanunun müzakirələri isə hələ başa çatdırılmayıb. Bu mənada təhsilin normativ-hüquqi bazasının yaradılması və möhkəmləndirilməsi baxımından belə qanunların o cümlədən də ali təhsil haqqında qanunun qəbulu zəruridir. Digər tərəfdən təhsilin idarə edilməsi, təhsil pillələri arasındakı varisliyin tənzimlənməsi, Avropa standartlarına keçidlə əlaqədaq ali təhsil pilləsində yaranan dəyişikliklər, boşluqlar və çatışmazlıqlar bu qanunun qəbul edilməsinin sürətləndirilməsini tələb edir. Məsələn, deyək ki, "Təhsil haqqında” əsas Qanunda təhsilalma formalarında biri kimi distant təhsil nəzərdə tutulduğu halda onun konkret vasitə və yolları, habelə işlək mexanizni hələ ki, işlənib hazırlanmayıb və s. Əslində indiki dövrdə buna erhtiyac var.
 
Çünki distat təhsillə bağlı işlək mexanizm olmadığından bu təhsil formasını ölkəmizdə inkişaf etdirə bilmirik. Digər tərəfdən bu təhsil formasında təhsil alanların diplomları da tanınmır. Yəni, bu kimi məsələlərin öz həllini tapması vacibdir. Bir sözlə, hesab edirəm ki, təhsilin varislik və fasiləsizlik kimi mühüm prinsipləri qanunların hazırlanması və qəbul edilməsi zamanı nəzərə alınmalıdır. Biz birdən-birə ümumi orta təhsilin konsepsiyasını-kurrikulumları hazırlayıb tətbiq edirik, halbuki, təhsilin təməli olan məktəbəqədər təhsilin kurrikulumları yoxdur. O cümlədən "elm haqqında” və ya "ali təhsil haqqında” qanunları orta məktəb və peşə təhsilindən qabağa salırıq ki, bu da təhsilin varisliyi və fasiləsiliyin pozmaqla bu sahədə müəyyən problemlərlə üzləşməyimizə səbəb olur. Hər halda ümid edək ki, ali təhsil haqqında qanunun hazırlanması təklifi, təklif olaraq masada qalmayacaq”.
 
istinad-hafta.az



Загрузка...