AzTehsil.com


Xəbərlər
22 yanvar 2017
3 427


Peşə təhsili nəinki zəifləməli, əksinə daha da inkişaf etdirilməlidir



Peşə təhsili nəinki zəifləməli, əksinə daha da inkişaf etdirilməlidir

 

Gündəmdə olan məlumata görə Azərbaycan Təhsil Nazirliyində orta ixtisas və ilk peşə təhsili müəssisələrinin rasionallaşdırılması ilə bağlı təkliflər hazırlanır. Nazirlik rəsmisinin sözlərinə görə, təhsil müəssisələrinin rasionallaşdırılması ilə bağlı məsələ "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda da qarşıya qoyulub. Yeni təkliflər ilk növbədə orta ixtisas və ilk peşə təhsili müəssisələrinin sayının azaldılmasını nəzərdə tutur. Bununla yanaşı, regionların inkişafının təmin edilməsi üçün həmin müəssisələrin profilləşdirilməsi də təklif ediləcək. Profilləşdirmə zamanı ilk növbədə regionların inkişafı, hansı ixtisaslara daha çox ehtiyacın olması əsas meyar kimi götürüləcək.
 
Aztehsil.com xəbər verir ki, moderator.az məsələyə tanınmış təhsil eksperti Nadir israfilovun münasibətini öyrənib.
 
Ekspert hesab edir ki, orta ixtisas müəssisələrinin sayının azaldılması rasionallaşdırma baxımından nəinki lazımdır, hətta zəruridir. Çünki, hazırda kollec adlandırılan bu kimi orta ixtisas müəssisələri bir çox dünya ölkələrində bilavasitə müvafiq ali məktəblərin nəzdindədir. Nəyə görə biz də belə bir təcrübədən yararlanmayaq. Halbuki keçid dövründə fürsətdən istifadə edilib, bu tipdən olan müəssisələrin yaradılmasında ifratçılığa yol verilmişdi. Baxmayaraq ki, son illər onların sayı kifayət qədər azaldılaraq 61-ə endirilib, hər halda rasionallaşdırma qaçılmazdır, onların bir çoxu öz missiyasını təsdiqləməyib.
 
O ki qaldı, peşə təhsili müəssisələrinə bu barədə ciddi düşünülməmiş addım atmaq olmaz.
 
 Bir vaxtlar peşəyönümü işi elə erkən yaş dövrlərindən məktəblərdə təlim- tərbiyə işinin ən başlıca komponentlərindən biri sayılardı və sadə peşə sahiblərinə xüsusi rəğbət bəslənilər, lazımi diqqət və qayğı göstərilərdi, onların şəninə şerlər yazılar, mahnılar qoşulardı.
 
90-cı illərin əvvəllərində müstəqillik əldə etməyimizlə əlaqədar, keçid dövrünün boşluqlarından istifadə edib, Təhsil Nazirliyinin o zamankı rəhbərliyinin ifrat acgözlüyü ucbatından nazirliyin tabeliyində olan bir çox bağçaların və peşə məktəblərinin profilləri dəyişdirildi. Onlara məxsus binalar, eləcə də ərazilər özəlləşdirmə adı ilə hərraca çıxarılaraq dəyər-dəyməzinə satıldı. Bunların bəzilərinin yerində şadlıq evləri, gözəllik salonları və göydələnlər tikildi. Bununla da bağça və peşə təhsili tamamilə çökdürüldü. Olan-qalan peşə məktəbləri də imic xatirinə heç bir səmərəsi olmayan peşə liseylərinə çevrildi.
 
İndi də məktəbəqədər hazırlığı həyata keçirmək üçün yüzlərlə yeni bağça binası tikmək, məktəblərdə əlavə hazırlıq qrupları açmaq zərurəti qarşısında qalmış, peşə hazırlıqlı kadr axtarışına başlamışıq, bu məqsədlə yeni saziş və müqavilələr imzalayırıq. Halbuki hələ 1999-cu ildə qəbul edilən İslahat Proqramında fəaliyyətdə olan bağçaların təkmilləşdirilməsi, yeni tipli tədris komplekslərinin açılması, əmək bazarının təlabatına uyğun olaraq orta ixtisaslı fəhlə və kiçik mütəxəssis kadrların hazırlığını yüksəltmək məqsədi ilə müasir texniki peşə məktəblərinin yaradılması nəzərdə tutulmuşdu.
 
Baxmayaraq ki, "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı”nın (2007-2012-ci illər)” qəbulundan kifayət qədər vaxt ötüb və Prezidentin müvafiq Sərəncamında ölkəmizdə dinamik inkişaf edən iqtisadiyyatın peşə ixtisas kadrlarına tələbatının daha dolğun ödənilməsi, əhaliyə göstərilən texniki peşə xidmətlərinin günün tələbləri səviyyəsində qurulmasının təmin edilməsi məqsədilə mühüm vəzifələr müəyyənləşdirilib, təhsilin bu pilləsi ən axsayan və ən çox tənqidə məruz qalan sahələrdən biri olaraq qalmaqdadır.
 
Əgər xatırlayırsızsa Azərbaycanda ilk Avropa oyunları ərəfəsində Təhsil naziri Mikayıl Cabbarov yerli əmək bazarında yeni yaranan peşələr üçün lazım olan kadrların tapılmamasından, qonşu, bəzən də hətta qonşu olmayan ölkələrdən peşəkarlar, işçi qüvvəsi dəvət etmək məcburiyyətində qalmağımızdan şikayətlənmişdi.
 
Hətta vəziyyətdən çıxış yolu kimi Koreya Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri və bu ölkənin İxrac-İdxal Bankının İcraçı direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı Peşə Tədris Mərkəzinin yaradılması məqsədilə hökumətlərarası razılaşma da əldə edilib. Verilən rəsmi məlumatlara görə kredit sazişi əsasında həyata keçiriləcək layihənin maksimal büdcəsi 39,28 milyon ABŞ dolları təşkil edir. Deyilənlərə görə də layihənin əsas hədəfləri ən yüksək müasir standartlara cavab verən peşə tədris sisteminin, gənclər üçün yüksək səviyyəli peşəkar hazırlığın və iş imkanlarının yaradılması, ölkənin əmək bazarının xarici işçi qüvvəsindən asılılığının azaldılması və müasir peşə təhsili sisteminin yaradılmasına təkan verilməsini təmin etməkdən ibarətdir.
 
Bu baxımdan İstənilən vəziyyətdə və istənilən formada peşə təhsili nəinki zəifləməli, əksinə regionların tələbatına, tələb-təklif prinsipinə müvafiq olaraq daha da inkişaf etdirilməlidir. Buna iqtisadiyyatımızın böyük ehtiyacı var.



Загрузка...