AzTehsil.com


Xəbərlər
08 mart 2017
3 999


Cehizlik ali təhsil diplomları erası geridə qaldı…



Cehizlik ali təhsil diplomları erası geridə qaldı…

 

Azərbaycanda peşə təhsili kağızda var, reallıqda isə hiss olunmur
 
Təhsil Nazirliyinin tabeliyində 114 ilk-peşə ixtisas təhsili müəssisələri var. İlk peşə ixtisas təhsili müəssisələrindən 45-i peşə liseyi, 61-i peşə məktəbi (8-i cəzaçəkmə müəssisələrinin tərkibində), ikisi tədris mərkəzidir. Peşə təhsili müəssisələrindən 6-sı işğal olunmuş rayonlarda yerləşdiyindən onların fəaliyyəti dayandırılıb. Ümumilikdə peşə ixtisas təhsili müəssisələrindən 34-ü Bakıda yerləşir.
 
Respublikanın ilk peşə-ixtisas təhsili müəssisələrində 126 peşə üzrə 23850 şagird təhsil alır. 2015-2016-cı il peşə məktəblərinə 16990 nəfər qəbul olub. İlk peşə ixtisas təhsilinin müddəti 1-3 ildir.
İlk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə 2016-cı ildə Prezident Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb.
 
Bəs bu gün ölkəmizdə peşə təhsilinin durumu nədir? Bu sahənin inkişafı üçün nələr edilməlidir?
Aztehsil.com-un məlumatına görə, təhsil eksperti Nadir İsrafilov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, peşə təhsilinin səviyyəsi hazırda Sovet dönəmində olan vəziyyətdə deyil. Çünki o dövrdə peşə təhsilinə xüsusi diqqət yetirilirdi: "Peşə adamlarına xüsusi yer verilirdi. Hətta onların şərəfinə mahnılar qoşulur, şeirlər deyilirdi. Bunun əsas səbəbi o idi ki, həmin dönəmdə təhsil üç idarəetmə orqanından ibarət idi. Maarif Nazirliyi məktəbəqədər və ümumtəhsil məktəblərinə baxırdı. Ali- orta ixtisas təhsili nazirliyi var idi. Bu ali məktəblərə və indiki kolleclərə baxırdı. Bir də Dövlət Texniki Peşə Komitəsi mövcud idi. O da nazirlik səviyyəsində idi. 90-cı illərdə isə vahid Təhsil Nazirliyi yarandı. Peşə komitəsi artıq burada şöbə funksiyasına çevrildi. Digər tərəfdən burda sovet sisteminin dağılması, təhsil qanunun dəyişdirilməsi və gecikməsi əsas diqqətin ali təhsilə yönəlməsinə səbəb oldu. 70-yə yaxın ali-orta təhsili müəssisələri yaradıldı. Texniki peşə məktəblərinin isə maddi texniki bazası darmadağın edildi. Müəyyən peşə məktəbləri bağlandı, digərlərinin isə istiqamətləri dəyişdirilərək peşə liseylərinə çevirildilər. Ali məktəblərə üstünlük verdiyimizdən, peşə məktəbləri kölgədə qaldı. Bir neçə il bundan qabaq bu məsələ yenidən gündəmə gəldi. Avropa oyunları keçirilən zaman nazir belə bir ifadə işlətmişdi ki, gələn qonaqlara qulluq etməyə peşə ixtisaslı kadrlar tapa bilmirik. Və problem yenidən ortaya çıxdı”.
 
N.İsrafilov deyir ki, bundan sonra Nazirlik Yanında Peşə Agentliyi yaradıldı. Ekspert deyir ki, hazırda bu istiqamətdə müəyyən işlər görülməyə başlanıb: "Bilirsiniz ki, bizdə təhsil üç pillədən ibarət idi: İbtidai təhsil, orta təhsil və əsas təhsil. Konsitutsiyaya görə ümumi orta təhsil  icbari təhsil sayılır. Yəni, ümumi orta təhsil dedikdə 11-ci sinif nəzərdə tutulurdu. Ancaq sonradan təhsilin pillələrində dəyişiklik apardılar. Əsas təhsili ümumi orta təhsillə, 10,11-ci sinifi isə tam orta təhsil müəyyən etdilər. Konsitutsiyaya görə, ümumi orta təhsil icbari təhsil sayılır və bu artıq 9-cu sinifə qədərdir. Təzə qaydalara görə, 9-cu sinifin buraxılışında attestat verilir və buraxılırlar. M.Abbaszadə açıqlamasında bildirdi ki, 9-cu sinifi bitirənlərin 30 faizi məktəbi atır. Yəni, təhsildən kənar qalırlar. Yalnız 1 faizi texniki peşə məktəblərinə gedib. Dünyanın ən inkişaf etmiş ölkələri məhz peşə ixtisasları sayəsində dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxıblar. Biz isə sənədlərdə, qaydalarda peşə təhsilini guya inkişaf etdiririk. Ancaq təsəvvür edin ki, bizdə hazırda «təhsil hamı üçün əlçatan olmalıdır» deyilir. Yəni, qəbulda bir neçə dəfə şans veriləcək. Bu isə peşə təhsilindən yayınmalara səbəb olacaq”.
 
"Universitetlərin nəznində hazırlıq kursları açılır. Kim ki, lazımi balı toplamadı, gedib o kursu oxuyub ali məktbəbə qəbul olacaq. Deməli burda bütün istiqamət ali məktəbə yönəldilib. Adambaşına düşən ali təhsillilərin sayını artırmağın mənası nədir? Onların sayının çox olması ölkədə təhsilin yaxşı olmasına, ya da iqtisadiyyatının inkişafına dəlalət eləmir. Bütün bunlar peşə sisteminə böyük zərbə vurur. Ali təhsilə bu qədər yer verilirsə və əlçatan olursa, kimdir peşə məktəblərinə gedən?” -deyə ekspert bildirib. 
 
Fərdi tələbə hazırlığı ilə məşğul olan müəllimə Ellada Əliyeva bildirdi ki, peşə təhsilini seçən tələbələrin sayı çox azdır: "Əksər valideynlər övladlarının ali təhsil alması arzusundadır. Sözsüz təhsilimiz nə qədər ali olsa, bir o qədər üstünlüyümüz çox olar. Ancaq burada başqa bir məqam var. Tələbə var ki,  onun istedadı elm deyil, tamam başqa sahədədir.  Hansı ki, gözəl əl qabiliyyəti ola bilər, yaxşı sənətkar olar. Biz həmin tələbəni bundan məhrum edə bilmərik. Ölkəmizin hazırda peşə təhsilini bitirən savadlı kadrlara ehtiyacı var. Ancaq peşə təhsili müəssisələrinin maddi texniki bazası zəif olduğundan, insanların bu sahəyə marağı azalır və ali təhsil müəssisələrinə fokuslanır. Nəticədə peşə təhsil müəssisələri o qədər də önəmsənilmir. Ancaq, bu da danılmaz faktordur ki, hazırda bir çox ali məktəbi bitirmiş gənclərimiz işsizdirlər. Xarici ölkələrdən fərqli olaraq bizdə şüuraltı olaraq hər kəsdə belə fikir formalaşıb ki, mütləq ali təhsil almalıyıq. Ancaq bu sualı da özümüzə verməliyik. Niyə? Nə üçün mən bunu istəyirəm? Valideynlər ilk öncə övladlarını seçimlərində sərbəst buraxmalıdırlar. Bir insan riyaziyyatı bilməyə bilər, ancaq ondan çox yaxşı elektrik ola bilər. Bununla da həm özünə, həm də dövlətə xeyirli mütəxəsis olar”.
 
Hüquqşünas Əkrəm Həsənov da bildirib ki, rrezidentin 6 dekabr tarixli Fərmanı ilə təsdiq etdirilmiş 12 strateji yol xəritəsindən biri "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”dir: "Peşə təhsilinin əhəmiyyəti bəllidir. Ümumən xəritə müəlliflərinin təhsil sahəsi daxilində məhz peşə təhsilinə önəm verməsi düzgündür. Kiçik ölkəyik, dünya iqtisadiyyatında payımız da xırdadır, özümüzü təvazökar aparmalıyıq. Gözə soxma və cehizlik ali təhsil diplomları erası geridə qaldı. Neft erası kimi. Neft hasil edib pul qazanmaq üçün nəinki ali, heç kütləvi peşə təhsilinə də ehtiyac yox idi. Amma bu gün bizə hər sahədə müasir tələblərə cavab verən mütəxəssislər lazımdır. Peşəsini yaxşı bilən kəslər! Bu baxımdan sözügedən Xəritə priotitetləri düzgün müəyyən edir. Mövcud vəziyyət, güclü və zəif tərəflərimiz də səmimi və açıq etiraf olunur. Belə ki, bu sahədə real güclü tərəflərimiz formal nailiyyətlərdir: strategiya və standartlarımız, habelə ənənələrimiz və agentliyimiz var. Zəif tərəflərimiz isə boldur: infrastruktur, avadanlıq və maddi-texniki bazanın, habelə təhsil proqramları, dərslik və dərs vəsaitlərinin köhnəlməsi, müəllim-pedaqoji heyətin və kadrların hazırlıq səviyyəsinin qənaətbəxş olmaması, idarəedici heyətin zəif olması, peşə təhsilinin imicinin aşağı olması, peşə təhsilinin əmək bazarının tələblərinə cavab verə bilməməsi, işəgötürənlərlə əlaqələrin zəif olması və s.”.
 
Ə.Həsənov bildirib ki, 2020-ci ilədək bu sahədə müəyyən qanunlar qəbul ediləcək. 10 pilot peşə təhsili müəssisəsinin açılması nəzərdə tutulub: "Məncə, elə mövcudları təkmilləşdirmək daha səmərəli və ucuz olardı. Amma necə məsləhətdir. Təki bu pilotlar sonra həqiqətən uça bilsinlər. Peşə təhsil müəssisələrinə qəbul səviyyəsi 25%-ə qaldırılacaq. Məzunların məşğulluq səviyyəsi isə 50%-ə çatdırılacaq. Bu kimi digər hədəflər də var. Bunlara necə nail olacaqlar - Xəritədə konkret deyilmir. Ən təvazökar məqam isə yeni iş yerləri ilə bağlıdır - cəmi 176! Digər xəritələrdəki yeni iş yerləri anonsu (halbuki, müasir texnologiyalar sayəsində bəzi sahələrdə iş yerlərinin əksinə azalması daha ağlabatan olardı) ilə müqayisədə demək olar ki, bu, heç nədir. Yəni cəmi 176 nəfər yeni işçi cəlb etməklə peşə təhsili həm kəmiyyət, həm də keyfiyyət baxımdan inkişaf edəcək. Həmin 176 nəfər əjdahadır sadəcə! Ədalət naminə demək lazımdır ki, Xəritədə dəfələrlə onun icrası üçün gözlənilən risklər də açıq etiraf olunur. Məsələn: "büdcədənkənar vəsaitlərin idarə edilməsində şəffaflığın və səmərəliliyin təmin edilməməsi”, "peşə təhsili müəssisələrinin qiymətləndirilməsi üçün məlumatlarda dəqiqliyin və şəffaflığın olmaması məzunların işlə təmin edilməməsi”, "müvafiq dövlət qurumlarının və işəgötürənlərin məlumatları dəqiq və vaxtında təqdim etməməsi”, "məlumat bazası ilə bağlı fəaliyyətin əlaqələndirilməsi və icrasında digər dövlət qurumlarının və işəgötürənlərin maraqlı olmaması”, "peşə təhsili müəssisələri üçün əlavə inzibati yükün yaranması və s»- deyə Ə.Həsənov bildirib.



Загрузка...