AzTehsil.com


Xəbərlər
03 mart 2017
3 715


Azərbaycanda ali təhsilin «ali» problemi



Azərbaycanda ali təhsilin «ali» problemi

 

Qanunvericliyə edilən dəyişikliklər xaricədə oxuyan tələbələrin ölkəyə qayıtmasını əngəlləyir
 
Nadir İsrafilov: «Ali təhsilli fəhlə, tikintidə çalışan müəllim yetişdirməyin heç bir mənası yoxdur”
 
2000-ci ildə qəbul edilmiş "Dövlət qulluğu haqqında” qanunun 28.11-ci bəndində deyilir: "Vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Bu müddət ərzində həmin dövlət orqanında anoloji vakant vəzifə olduqda, namizədlər onların razılığı ilə həmin vəzifələrə təyin edilir. Nəmin müddət ərzində inzibati vəzifələrə təyin edilən namizəd ehtiyat kadrlar siyahısından çıxarılır. Şəxsin bir dövlət orqanında ehtiyat kadr kimi saxlanılması digər dövlət orqanında dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqədə iştirakını məhdudlaşdırmır”.  
 
Bu müddədan anlaşılır ki, dövlətin seçib xarici ölkələrə təhsil almağa göndərdiyi və təhsili dövlət vəsaiti hesabın aoxuyub geri qayıdan məzunların işlə təmin edilməsində üstün hüququ nəzərdə tutulur. Məlumdur ki, prezidentin 2007-ci il 16 aprel tarixli 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda qarşıya xüsusi hədəflər qoyulmuşdu. Həmin proqramın 4-cü bəndində deyilirdi: 
 
"Dövlət Proqramının əsas hədəfləri xaricdə dövlət hesabına təhsil almağa göndərilən Azərbaycan gənclərinin təhsilin bütün pillələri üzrə illik sayının 2015-ci ildə 1000 nəfərə, onların ümumi sayının isə 2007-2015-ci illərdə 5000 nəfərə çatdırılması, ayrılan maliyyə vəsaitləri çərçivəsində bakalavriat, magistratura, rezidentura, doktorantura pillələri, eləcə də ixtisasartırma və yenidənhazırlanma təhsili üzrə bölünməsi, hökumətlərarası müqavilələr və ali təhsil müəssisələri arasında beynəlxalq tələbə mübadiləsi əsasında mütəxəssis hazırlığının respublikanın iqtisadi inkişaf prioritetləri nəzərə alınmaqla təmin edilməsidir”. 
 
Yəni məqsəd yüksək ixtisaslı kadr potensialı yaratmaq və ondan səmərəli istifadə etmək idi. Bu məqsədlə Təhsil Nazirliyi ilə xarici ölkədə təhsil alan arasında bağlanılan müqaviləyə xüsusi olaraq 2.3.11-ci bənd yazılmışdı. Həmin bəndə əsasən dövlət proqramı çərçivəsində xarici ölkədə təhsil alan "tədris müddəti bitdikdən sonra 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq və aldığı ixtisas üzrə ölkədə 5  il fasiləsiz işləmək” öhdəliyi daşıyır. Əks halda dövlətin çəkdiyi xərci geri ödəmək məcburiyyətində qalır.  Bu öhdəlik müvafiq Dövlət Proqramının 3.7-ci bəndinə əsaslanır. 
 Bu bənddən görünür ki, dövlət xaricdə təhsil alıb qayıdan məzunların işlə daha çevik qaydada təmin edilməsini stimullaşdırıb.  
 
 "Dövlət qulluğu haqqında” 31 may 2016-cı il tarixdə qəbul olunmuş  qanunun 28.9-cu maddəsində isə  deyilir: "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almış şəxslər müvafiq icra hakimiyyəti orqanında ehtiyat kadr kimi saxlanılır və qanunvericiliyə uyğun olaraq, həmin orqan bu şəxslərin müsabiqədən kənar dövlət qulluğuna qəbul edilməsi üçün müvafiq dövlət orqanına təqdimat verir”. 
 
Ancaq sonradan Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin təşəbbüsü ilə "Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsi təklif edib və Milli Məclisdən keçib. Yeni qanundan yuxarıda bəhs etdiymiz 28.9-cu maddə çıxarılıb.
 
 Əslində əvvəlki redaksiyada olan 28.9-cu maddə Təhsil Nazirliyi ilə xaricdə dövlət hesabına təhsil alanlarla müqavilənin icrasını asanlaşdırırdı. Xaricdə təhsil alan bilirdi ki, ölkəsinə qayıtdıqda əlavə imtahana və müsahibəyə ehtiyac olmayacaq və dərhal işə qəbul olunacaq. Məleykə Abbaszadənin bu təşəbbüsü qanun halında artıq qəbul edilib qüvvəyə mindikdən sonra xaricdə təhsil alanların ölkəyə qayıtmağa marağına ağır zərbə vurub.  
 
Rəsmi məlumata görə, dövlət Proqramı çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alması məqsədilə Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər aparılıb və ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb. Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Niderland Krallığı tələbələrin təhsil almaq üçün ən çox seçdikləri ilk 5 ölkə olub. Dövlət Proqramı çərçivəsində sonuncu təhsil alanın (tibb təhsilinin rezidentura səviyyəsi üzrə) 2021-ci ildə məzun olması gözlənilir.
 
Bu məsələ nüfuzlu akademik dairələrdə də narahatlıq yaradıb. Ötən il dekabrın 17-də  ADA Universitetində "2007-2015- ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” məzunlarının akademik fəaliyyətə cəlb olunmasına dair tədbirdə çıxışında universitetinin rektoru Hafiz Paşayev bildirib ki, universitetlərin hər zaman hazırlıqlı müəllimlərə ehtiyacı var. Onun sözlərinə görə, ADA universiteti üçün hələ də kadr, fakültə məsələləri ciddi olaraq qalır: "Xaricdə oxuyan məzunlara çox böyük diqqət və qayğı göstərilir. Amma onlar bu gün də bir çox məsələ ilə qarşılaşır. Dövlət Proqramı çərçivəsində oxuyub Bakıya qayıdan tələbələr dövlət strukturunda işləmək istəyirsə, dövlət qulluğu imtahanında iştirak etməlidir. Halbuki dövlət bunu seçərək xərcini çəkib.
 

 

Təhsil  üzrə ekspert Nadir İsrafilovun fikrincə, təhsil sahəsinə gətirilən yeniliklərdə müəyyən boşluqlar var. "Azərbaycan xalqı mentalitet etibarı ilə ali təhsil almağa üstünlük verir, peşə  təhsilini önəmsəmir. Halbuki Almaniya, Yaponiya, Hollandiya kimi inkişaf etmiş dövlətlərdə  ən yaxşı mütəxəssislər peşə təhsili alanlardır. Ölkənin ali təhsilli kadrlar qədər öz peşəsini  yaxşı bacaran yüksək keyfiyyətli mütəxəssislərə də ehtiyacı var. Sovet dönəmində təhsil sistemi tələb-təklif əsasında qoyulmuşdu. Ali məktəblər lazımi sayda kadr hazırlayırdı, ali təhsil alan kadr təyinat üzrə göndərilir, işsiz qalmırdı. 90-cı illərdə yaradılmış çoxlu sayda ali məktəblərin sonradan bağlanaması, bu məktəbləri bitiriən tələbələrin diplomlarının tanınmaması, eləcə də xarici ölkələrdə təhsil alıb gələn  gənclərin diplomlarının təsdiq olunması ilə bağlı  davam edən uzun-uzadı prosseslər haqlı narazılıqlara səbəb olur.  Bu boşluqları doldurmaq lazımdır. Xarici ölkələrin təhsil müəssisələri  attestatla qəbul imkanları verərək pullu təhsil imkanı yaradır. Bizim  ölkədən nə üçün maliyyə vəsaiti axıdılır bu istiqamətə? Qəbul qaydalarında müəyyən sadələşdirilmə aparılmalıdır ki,  bu axının qarşısı alınsın. Bu sahədə müəyyən addımlar atılmağa başlayıb. Universitetlərin nəzdində hazırlıq kurslarının yaradılması, abuturiyentlərin təkrar imtahan vermək şansı  təhsili daha əlçatan edəcək. Bununla ölkədə adambaşına düşən ali təhsillərin sayının artırlmasını qarşıya məqsəd qoymuşuq. Lakin məsələnin ikinci tərəfi bu kadrların işlə təmin edilməsidir. İndi xaricdə təhsil üçün bakalavrlara deyil, doktarantura və magistratura təhsili almaq istəyənlərə üstünlük verilir. Çünki  onların ölkəyə qayıtmaq  ehtimalı daha yüksəkdir. Azərbaycan  xarici təhsil sistemindən  kredit sistemini mənimsədi, lakin bu da  yüksək səviyyədə deyil. Ölkədə ali təhsil alan gənclərin işlə və vakant yerlərlə təmin olunmasına zəmanət verilsə, beyin axınının qarşısı alınar, eyni zamanda ali təhsil qaydalarının  sadələşdirilməsi valyuta axınının qarşısını almış olar. Ölkənin inkişafı və tərəqqisi ali təhsillilərin sayı ilə deyil,  ali təhsilli kadrlardan düzgün istifadə ilə ölçülməlidir. Ali təhsilli fəhlə, tikintidə çalışan müəllim yetişdirməyin heç bir mənası yoxdur”.
 
bizimyol.info



Загрузка...