AzTehsil.com
RU


Xəbərlər
24 fevral 2017
3 342


XARİCDƏ TİBB TƏHSİLİ ALANLAR ÖLKƏMİZƏ QAYIDIB İŞLƏYƏ BİLƏRLƏR



XARİCDƏ TİBB TƏHSİLİ ALANLAR ÖLKƏMİZƏ QAYIDIB İŞLƏYƏ BİLƏRLƏR

 

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli tibb sahəsi üzrə xaricdə təhsil alan vətəndaşlarımızla bağlı maraqlı məqamlara toxunub. Rektor təhsilini bitirdikdən sonra tələbələrin əksəriyyətinin ölkəmizə qayıtmasının daha yaxşı olduğunu deyib.
 
Professor bu gün xəstəxanalarımızda əlverişli şəraitin olduğunu söyləyib.
 
Ekspertlər hesab edir ki, xarici ölkədə təhsil alan şəxslərin əksəriyyəti milli-mənəvi dəyərlərimizi undurular ki, bu da olduqca ciddi nüansdır. Bundan başqa onların psixologiyasında, düşüncələrində və dünyaya baxışlarında fərqlilik özünü büruzə verir.
 
Təhsil üzrə ekspert Nadir İsrafilov xaricdə təhsil almanın müsbət amil olduğunu söyləsə də, artıq xarici ölkələrin təhsil sistemindən faydalanmağa son qoyulmasının tərəfdarı olduğunu deyib. Getdikcə təhsil müəssisələrimizin reytinqinin gücləndirilməsinin vacibliyini vurğulayan ekspert Azərbaycanda təhsil səviyyəsinin heç də xarici ölkələrdən aşağı olmadığını bildirib: 
 
"Ötən il xaricdə təhsillə bağlı proqram dayandırılanda əhalinin böyük əksəriyyəti bunun əleyhinə çıxdı. Proqram öz müddətini başa çatdırmışdı, lakin bakalavr üzrə tələbələrin xaricə təhsil almağa göndərilməsi dayandırıldı. Magistratura və doktorantura üzrə isə təhsil almaq davam edəcəkdi. Gəray bəyin sözlərində müəyyən həqiqətlər var. Ali məktəblərimiz maddi təchizatı, kadr potensialı və digər infrastrukturlarına görə heç də xarici universitetlərdən geri qalmır. Gənclər xarici ölkələrə gedirlər və ordakı mühit, işlə təminat, əmək haqqının yüksək olması onların fikirlərini dəyişdirir. Ona görə də onların böyük əksəriyyəti geri dönmür. Buna görə də bakalavr təhsili alan tələbələrimizin xaricə göndərilməməsi barədə qərar çox düzgündür.
 
Xarici ölkəyə elə bir ixtisas üzrə tələbə göndərə bilərik ki, bu ixtisas bizdə olmasın və ya yeni olsun. Xaricdə təhsil müxtəlif kanallarla həyata keçirilir. Bu təkcə dövlət proqramı səviyyəsində getmir. Müəyyən şirkətlər, xarici səfirliklər, müsabiqələr, küçələrdəki elanlarla ola bilər. Təhsil Nazirliyində akredasiya şöbəsi var ki, bu şöbə xaricdə təhsil alanların diplomunu tam tanımır və bununla bağlı problemlər əmələ gəlir”.
 
Ekspert həmçinin bildirib ki, təhsil alan magistrlar və doktorlar istər-istəməz geri qayıdırlar. Çünki onların müəyyən yaş məhdudiyyəti, evlilik məsələsi var: 
 
"Amma bakalavrlar nisbətən gənc olduqları üçün onların geri qayıtmaq imkanları bir az məhduddur. Xaricdə təhsil lazımdır, lakin təhsil naziri də məsələyə münasibət bildirərək xaricdə təhsil alan zaman beyin və kapital axınının getdiyini söyləyib. Düşünürəm ki, müxtəlif ölkələrdən mütəxəssislərin, professorların universitetlərimizə dəvət olunması daha əlverişlidir. Ölkə başçısı da çıxışlarında dəfələrlə qeyd edib ki, biz öz təhsilimizi elə səviyyəyə qaldırmalıyıq ki, xaricə getməyə ehtiyac qalmasın. Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş və dünyada tanınan ölkədir. Çalışmalıyıq ki, universitetlərimizin reytinqini qaldıraq. İmkan daxilində universitetlərimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastrukturun gücləndirilməsi və kadr təminatının genişləndirilməsi ilə xaricdə təhsil alanların sayını minimuma endirə bilərik. Artıq qloballaşma dövründə yaşayırıq. Xaricdən asılılığımızı bütün sahələrdə olduğu kimi təhsil sahəsində də aradan qaldırmaq lazımdır”.

 Tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazova isə bu məsələdə ilk növbədə milli-mənəvi dayaqların və vətənə bağlılığın əsas olduğunu söyləyib. Onun sözlərinə görə, heç kəsi harda yaşaması və işləməsi üçün məcbur eləmək olmaz. Belə məqamda təhsil alan tələbənin milli-mənəvi xüsusiyyətləri önəmli rol oynayır: 
 
"Vətəndaşlarımız iki istiqamətdə xaricə təhsil almağa gedirlər. Dövlət tərəfindən universiteti bitirən tələbələrlə mübadilə protokolu imzalanır. Tələbələrin təhsilinə vəsaiti də dövlət ödəyir. Sonra isə bu vətəndaşlar birmənalı olaraq öz ölkələrinə qayıtmalıdırlar. Bir də var ki, tələbələr universiteti bitirdikdən sonra şəxsi vəsaitləri hesabına imtahan verirlər və daxil olurlar. Bütün sahələr üzrə xaricdə təhsil almış tələbələrimiz, mütəxəssislərimiz var. Hazırda da yüksək səviyyədə çalışırlar. Cavan olsalar da, çox təcrübəli, operativ, məsuliyyətli və praktiki cəhətdən təcrübəlidirlər. Əgər dövlət həqiqətən də xərc çəkibsə, təhsil üçün tələbə təqaüdü verilibsə, çəkilən xərcə qarşı tələbə qayıtmalıdır. Onların qayıtmamasına bir sıra səbəblər də olur. Bəzən müəyyən şərtlər onları qane eləmir. Xaricdə təhsil alan insana rast gəlmişəm ki, internet səhifələrində öz millətini mənfi olaraq müzakirə edir. Bu, müzakirə olunacaq bir mövzu deyil”.
 
sherg.az



Загрузка...