AzTehsil.com


Xəbərlər
09 fevral 2017
3 195


TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir



TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

 

Onlar bununla yataqxana və digər sosial problemlərini həll edə bilərlər
Nadir İsrafilov: "Ölkəmizdə kirayə haqları və digər sosial məsələlər təhsil sistemində böyük problemlər yaradır”
 
Azərbaycanda "Maarifçi” Tələbə Kredit Fondu tərəfindən təhsil haqqı kreditlərindən əlavə, tələbələrə yataqxana xərcləri üçün kreditlərin təqdim olunması planlaşdırılır.
 
Fondun icraçı-direktoru Rüfət Mahmud hazırda ölkəmizdə ali təhsilin bakalavr pilləsi üzrə tələbələrə kredit verildiyini və gələcəkdə digər təhsil dərəcələrinə görə kreditlərin verilməsinin mümkün olacağını deyib. O bildirib ki, strateji planlara görə hansısa ixtisaslar üzrə də prioritetlər qoyula bilər: "Bu gün kreditlərin qaytarılması mexanizmi sabit qrafiklə hesablanır. Lakin bir çox ölkələrdə gəlirə bağlı olan qrafiklər, mexanizmlər mövcuddur. Bu gün bizim üçün bunu tətbiq etmək bəlkə də bir qədər tezdir. Biz bunu bir çox dövlət qurumları ilə birgə işləyib hazırlamalıyıq. Amma gələcəkdə bu mexanizmin olmasını istisna etmirik”.
 
İcraçı-direktor əlavə edib ki, hazırda ailə başçısını, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, sağlamlıq imkanları məhdud tələbələrə güzəştli şərtlərlə kredit verilir. Kreditlərin faiz dərəcəsinin 8 faizdən 6 faizədək dəyişdiyini deyən R.Mahmud onun qaytarılma müddətinin 5 ildən 10 ilədək olduğunu vurğulayıb: "Tələbəyə maksimum 7 min manat kredit verilir. Bu, sosial bir layihədir və burada tələbələrdən hər hansı zamin və ya girov tələb olunmur. Gələcəkdə tələbələrin yalnız təhsil haqqının ödənilməsi nəzərdə tutulmur. Biz bu işləri genişləndirməyi nəzərdə tuturuq. Bu, yataqxana xərcləri də ola bilər. Çünki biz rayonlardan gələn tələbələrlə ünsiyyətdə olarkən görürük ki, onların təhsil haqqından əlavə, yaşama yerləri ilə bağlı da çox problemləri olur. Bu məsələyə baxılacaq. Daha da irəlidə hansısa tədqiqat, araşdırma işlərində də kömək göstərilə bilər”.
 
Ölkəmizdə tələbələrə kreditlərin verilməsinin zəruri amil olduğunu deyən təhsil üzrə ekspert Nadir İsrafilov dünya təhsilində ən yüksək reytinq qazanan və ilk onluqda olan universitetlərdə kompus sisteminin olduğunu vurğulayıb. Ekspertin sözlərinə görə, ölkəmizdə kirayə haqları və digər sosial məsələlər təhsil sistemində böyük problemlər yaradır. O həmçinin bildirib ki, illik ödənişlərin geniş xarakter alması təhsilə olan marağın azalmasına səbəb olur: 
 
"Ali məktəblərimizdə yataqxana bir yana, ödənişli təhsil üstünlük təşkil edir. Bir neçə il bundan qabaq statistika verilmişdi ki, minə qədər tələbə yüksək balla ali məktəbə qəbul olub, amma təhsil haqqını ödəyə bilmədiyi üçün oxumaqdan imtina ediblər. İndi də illik ödəniş və yataqxanalarla bağlı müxtəlif rəqəmlər səslənir. Ödənişlər tələbələrin sayında azalmalara gətirib çıxarır. Bu azalmaların da aradan qaldırılması üçün çıxış yolunu keçid ballarının aşağı salınmasında görürük. Lakin bu, çıxış yolu deyil. Nazir də kreditlərin verilməsi məsələsinə toxunub. Yataqxana hazırda ən vacib şərtlərdən biridir. "Oksford”, "Kembric” və digər reytinqli universitetlərdə kompus, yəni tələbə şəhərciyi mövcuddur. Şəhərcikdə təhsil alanlar yataqxana ilə təmin olunur, orda hətta iş yeri də mövcuddur. Bizdə də bu məsələlər gündəmə gəlib. Maarifçi fondu yaradıldı, digər tərəfdən baloniya prosesinə keçmişik. Bu prosesdə hər tələbəyə bir tyutor ayrılması, tələbələrin yazı-pozu xərclərinin ödənişi nəzərə alınır”.
 
Ekspert kreditlərin verilməsi üçün nəzərdə tutulan şərtlərlə bağlı məsələlərə də toxunub. Onun sözlərinə görə, kreditlərin verilmə şərtinə hər kəs əməl edə bilmir və təhsilimizin dünya standartları səviyyəsinə yüksəlməsində bilik və savaddan əlavə lazımlı şərait olmalıdır: 
 
"Uzunmüddətli kreditlərin verilməsi, yəni tələbə təhsilini bitirəndən sonra işlə təmin olunduqda 3-5-7 faiz həcmində krediti 20 il müddətində ödəyə bilər. Amma bizdə belə sosial məsələlər lazımlı səviyyədə deyil. Çalışırlar ki, məhz bu istiqamətdə addımlar atsınlar. 2020-ci il təhsilə dair dövlət strategiyasında bu məsələlər nəzərdə tutulub. Son illərdə təhsilin əlçatan olması üçün balı çatmayanlara 1 il əlavə hazırlıq kursları təşkil olunacaq. Bizdə qəbul olunan və ilk baxışda xoş təəssürat yaradan müəyyən qərarlar bəzən işlək mexanizmdə olmur. Ona görə də bunların işlək mexanizmi gərək rəsmi qurumlar tərəfindən açılsın. Kreditin nə formada və kimlərə veriləcəyi, nə qədər müddətdə nəzərdə tutulacağı dəqiqləşsin”.
 
istinad sherg.az



Загрузка...