Bu il 10 mindən çox gənc peşə məktəblərində oxumaq üçün qeydiyyatdan keçib
2017-2018-ci tədris ili üzrə "ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb. Təhsil Nazirliyindən verilən məlumata görə, avqustun 1-dən 22-dək keçirilən birinci mərhələdə 8 min 651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub. İxtisas seçimində müvəffəqiyyət qazanan şəxslər avqustun 23-dən 27-dək (şənbə və bazar günləri daxil olmaqla) təhsil haqqında sənədin əslini, tibbi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 santimetr ölçüsündə dörd ədəd fotoşəkli, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisələrinə təqdim etməlidirlər.
"Asan peşə” layihəsi üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə əlavə ixtisas seçiminə isə avqustun 28-də başlanılacaq. Nazirlikdən bildiriblər ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz şəkildə həyata keçirilib. Ümumilikdə 10 min 277 nəfər qeydiyyatdan keçib.
Onu da deyək ki, ötən tədris ilindən etibarən Təhsil Nazirliyinin və "ASAN xidmət”in birgə təşkilatçılığı ilə həyata keçirilən "ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir. Belə ki, Bakı və Gəncə şəhərlərində yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul "ASAN xidmət" tərəfindən aparılıb. Sumqayıt, Abşeron, Bərdə, Masallı, Sabirabad, Qəbələ şəhər və rayonları üzrə dövlət hesabına şagird qəbulu yalnız "ASAN xidmət” mərkəzlərində həyata keçirilib. "ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlarda yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermək istəyən şəxslər isə istənilən "ASAN xidmət”ə və müvafiq təhsil müəssisələrinə müraciət ediblər.
İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermiş şəxslər 10 ixtisas seçmək hüququna malik olublar. Şagird qəbulu şəhadətnamə və attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilib.
Məlumat üçün bildirək ki, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil müddəti 6 aylıq, 1 illik, 2 illik və 3 illik təhsil proqramları əsasında təşkil olunur. Təhsil müddəti 3 illik olan proqramlar üzrə seçimdə yalnız son 2 ildə ümumi orta təhsil səviyyəsini bitirən və tam orta təhsil almaq istəyən şəxslər iştirak edə bilirlər. Ümumi orta təhsil səviyyəsini bitirənlər, eyni zamanda təhsil müddəti 1 (nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı ixtisaslar istisna olmaqla) və ya 2 illik proqramlar üzrə də seçimdə iştirak etmək hüquqları var.
Yeri gəlmişkən, bu il ilk peşə-ixtisas müəssisələri üçün təhsil haqqı aşağı salınıb. Belə ki, ötən il ixtisasdan asılı olaraq təhsil haqqı minimum 500 manat nəzərdə tutulurdusa, bu il qiymətlər 350 manatdan başlayır və 500 manata qədər dəyişir. Statistikaya nəzər salsaq görərik ki, peşə təhsilinə maraq ilbəil artır. 2015-2016-cı tədris ilində Bakı şəhərindəki 27 ilk peşə-ixtisas təhsil müəssisəsinə 4 411 şagird, Gəncə şəhərlərindəki 6 ilk peşə-ixtisas təhsili müəssisəsinə 680 şagird qəbul olunub. Ötən ildən başlayaraq "ASAN peşə” çərçivəsində Bakı və Gəncə şəhərlərində pilot olaraq həyata keçirilən layihə üzrə 4 mindən çox şəxs ilk peşə ixtisas müəssisələrinə qəbul edilib. Qəbul olunanlardan 733 nəfərinin əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi isə "4”-dən yuxarı olub.
Xatırladaq ki, ölkə prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə peşə təhsili və təlimi sistemində konkret hədəflər müəyyən edilib. Sənəddə qeyd olunub ki, maddi-texniki bazası zəif və yüksəkixtisaslı kadrlar hazırlamaq imkanları məhdud olan peşə təhsili müəssisələrinin fəaliyyətinin dayandırılması, müvəqqəti dondurulması və ya onların birləşdirilməsi yolu ilə maddi-texniki bazasının təkmilləşdirilməsi, həmçinin beynəlxalq təcrübəni öyrənməklə müasir standartlara cavab verən tamtəchizatlı yeni peşə təhsili müəssisələrinin qurulması vasitəsilə həyata keçirilə bilər. Bundan əlavə, peşə təhsili müəssisələrinin ixtisaslaşması prosesi həyata keçiriləcək, 2025-ci ilədək və ondan sonrakı dövrdə inkişaf etmiş peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin yaradılması istiqamətində mövcud müəssisələrin gücləndirilməsi üçün işəgötürənlərdən və digər tərəflərdən əlavə maliyyə və qeyri-maliyyə yardımlarının cəlb edilməsi mexanizmləri hazırlanacaq.
Sənəddə peşə təhsili və təlimi sektoru üzrə 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış müəyyənləşdirilib.
İşəgötürənlərlə pilot peşə təhsili müəssisələri arasında əməkdaşlıq nəticəsində bazarın tələblərinə uyğun peşə standartları və təhsil proqramları (kurikulumlar) hazırlanacaq, məzunların məşğulluq səviyyəsi artacaq və gələcəkdə keyfiyyətli kadr hazırlığının təmin olunması üçün bu təcrübənin digər peşə təhsili müəssisələrində tətbiqinə zəmin yaranacaq. Bundan əlavə, peşə təhsilinin müsbət imici yaranacaq və peşə təhsilini seçənlərin sayı artacaq. Peşə təhsili məzunlarının əmək məhsuldarlığının və məşğulluq imkanlarının artması nəticəsində bu prioritetin real ÜDM-ə 1 milyon manat həcmində dolayı təsir göstərəcəyi proqnozlaşdırılır.
Belə ki, 2020-ci ilədək işəgötürənlərlə tərəfdaşlıq əlaqələri çərçivəsində müxtəlif istiqamətli 10 pilot peşə təhsili müəssisəsinin təşkili və pilot peşə təhsili müəssisələrinin məzunlarının məşğulluq səviyyəsinin 6 ayda 50 faizə çatdırılması nəzərdə tutulur. Məşğulluq imkanlarının artması pilot peşə təhsili müəssisələrində təhsilalanların sayının 50 faiz artmasına imkan verəcək.
Məsələyə münasibət bildirən təhsil üzrə ekspert Kamran Əsədov vurğulayıb ki, bu istiqamətdə atılan ilk uğurlu addım 2016-2017-ci tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulunun "ASAN peşə" layihəsi çərçivəsində həyata keçirilməsi olub: "Bu addım peşə təhsilinin tarixində ən şəffaf qəbul kimi tarixə keçdi. Bundan əlavə, 2015-2016-cı tədris ilində cəmi 123 ixtisas üzrə şagird qəbulu planlaşdırıldığı halda, 2016-2017-ci tədris ilində əmək bazarının dəyişən tələbatını nəzərə alaraq, 154 ixtisas üzrə şagird qəbulunun həyata keçirilməsi bu sahədə təhsil alanların maraqlarının artmasına səbəb oldu. Lakin bununla yanaşı, bizdə hələ də peşə-ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayı ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verənlərin sayından dəfələrlə azdır. Gənclərimiz unudurlar ki, peşə seçimi insan həyatının mühüm qərarlarından biridir və bu qərarın verilməsində gələcək həyatın bütünlüklə dəyişməsi ehtimalı nəzərə alınmalıdır.Təbii ki, bu sahənin populyarlaşmasında işə götürüənlərin rolu daha da böyükdür".
Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Nadir İsrafilov deyib ki, bu sahəyə marağın artması vacibdir: "Əslində peşə təhsili sovet dönəmində xeyli inkişaf eləmişdi. 9-cu sinifdən etibarən hamı peşə məktəblərinə gedirdi. Müstəqillik əldə edəndən sonra isə məktəbdənkənar müəssisələrə, o cümlədən texniki peşə məktəblərinə diqqət azalmağa başladı. Texniki peşə məktəblərinin maddi texniki bazasında israfçılığa yol verildi, dağıdıldı, bəzilərinin ərazisi məçburi köçkünlərə verildi. Bununla texniki peşə sistemi bir növ deformasiyaya uğradı. Daha sonra peşə müəssisələri ilə bağlı məsələ ciddi xarakter almağa başladı. Amma son bir neçə ildə bu sahəyə yenidən diqqət göstərilməyə başlayıb. Təbii ki, ölkəmizdə peşə sisteminin inkişafı mütləqdir. Çünki dünyanın qabaqcıl ölkələri məhz peşə adamlarının hesabına irəli gedirlər. Sözsüz ki, bu istiqaməti dirçəltmək üçün yalnız maddi-texniki baza kifayət eləmir, peşə sisteminin inkişafı üçün stimullaşdırıcı tədbirlər də vacibdir”.