BDU-da Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparılacaq
Bakı Dövlət Universitetində (BDU) Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparılacaq.
Universitetin mətbuat xidmətindən bildirilib ki, BDU Elmi Şurasında bununla bağlı tədbirlər planı müzakirə edilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlər elm və təhsil işçiləri qarşısında da bir sıra vəzifə və tapşırıqlar qoyur. Görüşdə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ilə bağlı səslənən fikirlər BDU kollektivi tərəfindən də tam dəstəklənir:
“Hesab edirik ki, bu konsepsiya dövlət başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçiriləcək ikinci Böyük Qayıdış Proqramı olacaq”.
Tədbirlər planında Qərbi Azərbaycanla bağlı müxtəlif tədqiqatların, sistemli araşdırmaların aparılması, beynəlxalq konfrans, elmi seminar, disputların keçirilməsi, kitabların çap olunması, Qərbi Azərbaycan icması ilə intensiv əlaqələrin təmin olunması, icma üzvləri, o cümlədən Qərbi Azərbaycandan deportasiya olunmuş BDU əməkdaşları ilə görüşlərin təşkili və s. nəzərdə tutulur.