AzTehsil.com


Xəbərlər
09 aprel 2021
1 660


Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb



Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

 

Dünyada cərəyan edən qlobal çağırışlar şəraitində hər bir ölkə dayanıqlı inkişafın təmin edilməsi üçün müvafiq siyasət yürüdür. Ölkənin davamlı sosial-iqtisadi inkişafı üçün təhsil sahəsində aparılan islahatlar mühüm əhəmiyyət daşıyır. Hər bir ölkənin uğurlu gələcəyi həmin ölkənin təhsil səviyyəsi ilə ölçülür. Müasir dünya ölkələri, o cümlədən bütün inkişaf etmiş ölkələr təhsili strateji üstün sahə elan edir və cəmiyyətin gələcək inkişafının təhsil sisteminin səviyyəsindən asılı olduğunu etiraf edirlər.

Bu fikirlər Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin DİM-in yaradılmasının 5-ci ildönümünə həsr olunmuş məqaləsində yer alıb.

Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır.

Bu gün dövlət tərəfindən ardıcıl şəkildə atılan addımlar təhsil sisteminin, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə təkan verməkdədir. Həyata keçirilən islahatlar, Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrin həcminin artırılması elm və təhsilin, sosial sahə və institutların inkişafına səbəb olmaqla yanaşı, müxtəlif sahələr üçün yararlı, yüksəksəviyyəli kadr potensialının formalaşdırılması işinə də geniş imkanlar yaradır. Bu proses həm Azərbaycanda peşəkar kadr potensialının yetişdirilməsi, həm də gənclərin müxtəlif ölkələrdə təhsil almasına geniş şərait və imkanlar yaradılması vasitəsilə həyata keçirilir.

Təhsil sahəsi, dövlət qulluğu üçün kadrların seçilməsi, inkişaf etdirilməsi ilə bağlı qəbul edilmiş normativ hüquqi aktların həyata keçirilməsində xüsusi yeri olan qurumlardan biri də Dövlət İmtahan Mərkəzidir.

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə ölkədə dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılıb.

Dövlət İmtahan Mərkəzinin yaradılması ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edildi və hər iki qurumun vəzifə və funksiyalarını həyata keçirən vahid təşkilat, publik hüquqi şəxs fəaliyyətə başladı. Publik hüquqi şəxs dövlət orqanı olmasa da, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur və ictimai maraqların təmin edilməsinə xidmət edir. Təsadüfi deyil ki, Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı Direktorlar Şurasıdır. Şura sədr, iki sədr müavini və ictimai əsaslarla fəaliyyət göstərən dörd üzvdən ibarət tərkibdə fəaliyyət göstərir və bütün üzvlər qərarların qəbul olunmasında iştirak edirlər.

Dövlət İmtahan Mərkəzinin yaradılmasından ötən 5 ildə DİM Azərbaycan Prezidentinin təsdiq etdiyi dövlət proqramlarından, həmçinin fərman və sərəncamlarından irəli gələn vəzifələri yerinə yetirmək üçün davamlı və məqsədyönlü iş aparmış və aparmaqdadır.

Bu gün keçilmiş yola qısa nəzər salmağa, əldə olunan nailiyyətlərdən, qarşıya çıxan çətinliklərdən, yeniliklərdən, beynəlxalq əlaqələr və əməkdaşlıqdan bəhs etməyə ehtiyac var.

İlk növbədə qeyd etmək istərdik ki, Dövlət İmtahan Mərkəzinin ən ümdə fəaliyyət prinsipi şəffaflıqdır. Mərkəz tələbə qəbulu və dövlət qulluğuna qəbul kampaniyasının bütün mərhələlərində ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, qəbul prosesinin şəffaflığının təmin edilməsinə, ictimaiyyətin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə ictimai nəzarətin təşkilinə böyük önəm verib. İmtahanların məzmunu həmişə açıq olub. Qəbul kampaniyasının bütün gedişinin və ayrı-ayrı mərhələlərinin ardıcıl olaraq internetdə, "Abituriyent” jurnalı və digər kütləvi informasiya vasitələrində işıqlandırılması təmin edilib.

Dövlət İmtahan Mərkəzinin üzərinə düşən vəzifə öhdəliklərinin yerinə yetirilməsi hər il yüz minlərlə insanın bu və ya digər şəkildə kütləvi proseslərə cəlb edilməsi ilə müşayiət olunur və Mərkəz tərəfindən bu kampaniyaların ən yüksək səviyyədə idarə olunması üçün lazımi addımlar atılır.

Dövlət İmtahan Mərkəzinin yarandığı 2016-cı ildən indiyə qədər keçirdiyi müxtəlif təyinatlı imtahanlarda 2 milyon 936 min 294 nəfər iştirak edib.

DİM bu illər ərzində informasiya-kommunikasiya texnologiyalarının kütləvi proseslərə tətbiqi istiqamətində işləri daha intensiv şəkildə davam etdirib, bu sahədə bir sıra yeni layihələr həyata keçirib. Həmişə olduğu kimi, İKT ali təhsil müəssisələrinin istər bakalavriat, istər magistratura, rezidentura səviyyələrinə qəbul prosesinin, istərsə də ümumtəhsil müəssisələri şagirdlərinin buraxılış imtahanlarının bütün mərhələlərində, həmçinin dövlət qulluğuna qəbulda tətbiq edilib və bununla da milyonlarla vətəndaşa elektron xidmət göstərilib.

DİM-in ötən 5 il ərzində təqdim etdiyi elektron xidmət layihələrindən 35 milyon 962 min 868 dəfə istifadə olunub. Bunlar dövlət qurumlarının icraatında olan elektron xidmət layihələri arasında ən çox istifadə olunan layihələr kimi qiymətləndirilir.

Bu illər ərzində informasiya-kommunikasiya texnologiyalarının kütləvi proseslərə tətbiqi ilə əlaqədar bir sıra yeni xidmətlər yaradılıb.

2017-ci ildən etibarən Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən həm elektron, həm də ödənişli xidmətlərdən faydalanmaq istəyən hər bir istifadəçi (abituriyent, bakalavr, namizəd) şəxsi kabinetini yaradır. Şəxsi kabinet bir dəfə yaradılır və daim istifadə edilir. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində öz əksini tapır. Bu günə qədər şəxsi kabineti olan istifadəçi sayı 596 min 330, kabinetə daxilolma sayı isə 6 milyon 894 min 601-dir.

2017-ci ildən başlayaraq ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə buraxılış imtahanının, 2019-cu ildən başlayaraq isə tam orta təhsil (11 illik) səviyyəsi üzrə buraxılış imtahanının və ali təhsil müəssisələrinə tələbə qəbulu imtahanlarının yeni modelə əsasən həyata keçirilməsi ilə əlaqədar bu imtahanlarda müxtəlif fənlər üzrə yazı işi tapşırıqlarından (sərbəst və situasiya tipli) istifadə edilməyə başlanılıb. İmtahanlarda şagirdlərin bu tipli tapşırıqlar üzrə yerinə yetirdikləri yazı işlərinin yoxlanılması üçün DİM-də yeni sistem tətbiq edilməyə başlanılıb. Sistemin metodiki və proqram təminatı DİM-in əməkdaşları tərəfindən hazırlanıb. Sistemdə yazı işlərinin yoxlanılması zamanı təhlükəsizliyin, effektivliyin, dəqiqliyin, keyfiyyətin, operativliyin təmin edilməsi məqsədilə bir çox tədbirlər görülüb. Pandemiya başlayanadək yoxlama prosesi DİM-də bu məqsədlə hazırlanmış, müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında aparılırdı. 2020-ci ildən isə yoxlama prosesi onlayn (məsafədən) formatda həyata keçirilir. Sistemdə indiyədək 27 milyondan çox yoxlama prosesi həyata keçirilib.

2019-cu ildə pilot layihə kimi bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə "Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunub. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Məlumdur ki, DİM tərəfindən keçirilən hər bir imtahanın nəticəsi ilə bağlı Apellyasiya Komissiyası təşkil edilir. 2020-ci ildən başlayaraq Apellyasiya Komissiyasına ərizə qəbulu prosesi və apellyasiya prosesi onlayn (məsafədən) formatda həyata keçirilir. Ötən bir il ərzində 6 minə yaxın müraciət üzrə onlayn apelyasiya prosesi təşkil edilib.

Bundan əlavə, Mərkəzin mütəxəssisləri tərəfindən "Musiqi məktəbi-Məzun” informasiya sistemi (2016), "Dövlət qulluqçusunun karyera bələdçisi” proqram sistemi (2017), "Dövlət qulluğu üzrə Ehtiyat Kadrlar siyahısı” informasiya sistemi (2018), "Xarici və fəaliyyəti dayandırılmış təhsil müəssisələrinin məzunlarının qeydiyyat sistemi”, "Namizəd-müsahibə” elektron informasiya sistemi (2019), "Şagird-məzun” sistemində ümumi orta və tam orta təhsil səviyyəsi üzrə təhsil almış buraxılış sinif məzunları barədə məlumatların Təhsil Nazirliyinin elektron sisteminə ötürülməsini təmin edən veb-servis proqram təminatı (2020), Təhsil Nazirliyi üçün "Köçürülmə” və "Diplom blanklarının təhsil müəssisələrinə verilməsi və həqiqiliyinin yoxlanması” portalları üçün avtomatlaşdırılmış veb-servis proqram təminatı (2016-2020), Mənzil İnşaatı Dövlət Agentliyi və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna təqdim edilməsi üçün onlayn rejimdə dövlət qulluqçularının qulluq stajı barədə arayış hazırlanmasını təmin edən "Dövlət qulluqçularının qulluq stajı barədə arayış” sistemi (2017-2021), Qabiliyyət imtahanlarında iştirak edən ekspertlərin Reyestri” proqram sistemi (2020), Buraxılış və qəbul imtahanı nəticələri ilə bağlı arayışların onlayn qaydada əldə edilməsi və yoxlanması sistemi (2020-2021) yaradılıb, eləcə də bu illər ərzində Dövlət Qulluqçularının Reyestri, "Şagird-məzun”, "Tələbə-məzun” elektron məlumat sistemləri və digər mövcud proqram təminatları daha da təkmilləşdirilib.

Dövlət İmtahan Mərkəzinin fəaliyyəti dövründə buraxılış, qəbul, eləcə də digər müxtəlif təyinatlı imtahanların məzmununda, qəbul proqramları və qaydalarında dəyişiklik edilib, müəyyən təkmilləşdirmələr aparılıb. Eyni zamanda, DİM tərəfindən yeni növ imtahanlar keçirilməyə, vətəndaşlara yeni növ xidmətlərin göstərilməsinə başlanılıb.

– 2016-2019-cu illərdə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə və ali təhsil müəssisələrinə qəbul imtahanı üçün müvafiq fənn kurikulumlarının təlim nəticələrinə uyğun yeni proqram, imtahan modelləri hazırlanıb.

– 2017-ci ildə ilk dəfə olaraq ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı yeni proqram və model əsasında keçirilib.

– Abituriyentlərə cari tədris ili çərçivəsində müəyyən bir ixtisas qrupu daxilində keçirilən qəbul imtahanlarında iki dəfə iştirak etmək şansı verilib. Hər iki imtahanda iştirak edən abituriyentə müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özünün müəyyənləşdirməsi imkanı yaradılıb.

– Bu ildən buraxılış və qəbul imtahanları üçün qiymətləndirmə materiallarının hazırlanması, ekspertizası və yoxlanılması ilə bağlı Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, tarix, coğrafiya və ingilis dili fənləri üzrə hazırlıq kursları təşkil edilir. Kurslarda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak ediblər. Bu müddət ərzində 202 kurs: Bakıda 63, bölgələrdə 139 və onlayn – "Zoom” platforması üzərindən isə 18 hazırlıq kursu təşkil olunub. Kursu müvəffəqiyyətlə keçmiş 2082 (Bakı üzrə 1513, bölgələr üzrə 569) nəfər sertifikat alıb. Onların şəxsi məlumatları "Elektron məlumat bazası”na daxil edilib. Həmin şəxslər imtahan materiallarının yoxlanılmasına marker kimi cəlb olunurlar.

– Vətəndaşların müraciətlərinin daha da operativ cavablandırılması üçün 1653 Çağrı mərkəzi fəaliyyətə başlayıb.

– 2018-ci ildə abituriyentlərə, eyni zamanda, həm I–IV qruplardan hər hansı birinin (və ya ikisinin) ixtisasları üzrə, həm də V qrupun ixtisasları üzrə müsabiqədə iştirak etmək imkanı yaradılıb.

– Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların model, texnologiya və məzmun baxımından müxtəlifliyi zal nəzarətçilərinin fəaliyyətinin təkmilləşdirilməsini, peşəkarlıq səviyyəsinin yüksəldilməsini və ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə zal nəzarətçisi qismində cəlb edilməsi məqsədilə 2018-ci ildən zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması layihəsi həyata keçirilir. Hazırda sertifikat əldə etmiş nəzarətçilər bazası 1272 nəfərdən ibarətdir. Xatırladaq ki, ümumilikdə DİM tərəfindən keçirilən test imtahanlarına cəlb edilməsi nəzərdə tutulan imtahan rəhbərləri bazası 1000 nəfərə yaxın, nəzarətçilər bazası isə 16 min nəfərdən çoxdur.

– 2019-cu ildə ilk dəfə olaraq tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı və ali təhsil müəssisələrinə qəbul imtahanı yeni proqram və model əsasında keçirilib. Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə təşkil edilib. Qəbul imtahanının ikinci mərhələsini iki dəfə vermək şansı yaradılıb.

– Abituriyentlərə ərizə qəbulu, ixtisas seçimi və s. sahələrdə kömək etmək məqsədilə Bakı şəhərində və digər regionlarda ödənişsiz əsaslarla fəaliyyət göstərən "Abituriyent Məsləhət Mərkəzləri” yaradılıb.

– IX və XI sinif səviyyəsi üzrə keçirilmiş buraxılış (qəbul) imtahanının nəticəsinin iki il qüvvədə qalması ilə bağlı qərar qəbul olunub.

– İlk dəfə olaraq, orta ixtisas təhsili pilləsi üzrə "subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslərə (subbakalavrlara) qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq hüququ verilib.

– İlk dəfə olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan "Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme)”, "Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education)” və "Yüksək yerləşdirmə (Advanced Placement)” təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq imkanı əldə ediblər.

– Mərkəz tərəfindən şagird və abituriyentlərə kömək məqsədilə "Vizuallaşdırılmış dərs” sosial layihəsinə start verilib. Layihə çərçivəsində dərsliklərdə olan mövzular səsli formada – videomaterial, illüstrasiya, fotoşəkil və müxtəlif vasitələrdən istifadə etməklə vizuallaşdırılmış dərs formasında təqdim olunur.

– 2020-ci ildə Mərkəz qəbul kampaniyasını Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksi¬yasının (COVID-19) yayılmasının qarşısının alınması ilə bağlı tövsiyə¬lərini nəzərə almaqla, yalnız Operativ Qərargahın müəyyən etdiyi bütün şərtlərin yerinə yetirilməsi ilə həyata keçirib.

– COVID-19 pandemiyasının şərtləndirdiyi mürəkkəb epidemioloji vəziyyətin və onun yayılmasının qarşısının alınmasına yönəldilmiş tədbirlərin tədris prosesinə təsirini nəzərə alaraq DİM və Təhsil Nazirliyinin mütəxəssisləri ilə birgə buraxılış və qəbul imtahanları fənlərinin proqramları yenidən nəzərdən keçirilib və yüngülləşdirilib. Buraxılış və qəbul imtahanları ilə bağlı müvəqqəti qaydalar tətbiq olunub.

– Dövlət İmtahan Mərkəzinin "Fərdi inkişafa dəstək” layihəsi çərçivəsində abituriyentlər, onların valideynləri, o cümlədən vətəndaşlar üçün psixoloji maarifləndirmə və dəstək xidməti həyata keçirilib. DİM-in "Facebook” və "YouTube” kanallarında, eləcə də layihənin "Pozitiv zəka” səhifəsində müxtəlif mövzulara – COVID-19 pandemiyası, fərdi inkişaf, inam, vərdiş, öyrənmə motivasiyası və modelləri, stres və onun idarə olunması və digər məsələlərə aid videoçarxlar, karantin rejimi müddətində psixoloji gərginliyin aradan qaldırılması ilə bağlı yazılar yerləşdirilib. COVID-19 pandemiyası ilə əlaqədar 3 dildə hazırlanan maarifləndirici videoçarx təqdim edilib.

– DİM-də Çağrı mərkəzi vasitəsilə imtahan iştirakçılarına psixoloji xidmət göstərilməsinə başlanılıb. Daha sonrakı dövrdə e-psixoloq.az portalı istifadəyə verilib. Səhifədə fərqli mövzularda məqalələr, maraqlı videoçarxlar və psixoloji testlər yerləşdirilib.

– Xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanlarını 2020-ci il iyul ayınadək ödənişsiz edilib. Portalda aktiv edilmiş 40-dan çox ödənişsiz imtahan növü üzrə 35 min 265 istifadəçi tərəfindən 104 min 614 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).

– Abituriyentlərə metodik kömək məqsədilə bütün fənlər üzrə qəbul proqramlarının mövzularına dair videomühazirələr (152 video) hazırlanıb və DİM-in "YouTube” kanalına yerləşdirilib.

– Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün "Abituriyentin elektron ərizəsi”ni təsdiq etmiş, lakin hər hansı səbəbdən ərizənin təsdiqini ləğv etmək istəyənlər üçün yeni elektron xidmət istifadəyə verilib.

– 2020-ci ildən xarici dillər üzrə doktoranturaya qəbul, 2021-ci ildən isə qəbulla yanaşı, xarici dillər üzrə fəlsəfə doktoru imtahanları da Mərkəz tərəfindən həyata keçirilməyə başlanılıb.

– Vətəndaşların müraciətlərinin təmin edilməsi üçün "Onlayn növbə” qeydiyyat sistemi istifadəyə verilib.

– DİM mütəxəssisləri tərəfindən hazırlanan və onlayn imtahanların keçirilməsi üçün nəzərdə tutulan "ProctorDİM” proqramı təqdim olunub və bir sıra sınaq imtahanları keçirilib.

– Magistraturaya qəbul qaydaları daha da sadələşdirilib və imtahan bir mərhələdə həyata keçirilib.

Bu illər ərzində, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə ümumtəhsil məktəbləri üçün yenidən işlənmiş və təkmilləşdirilmiş 163 dərslik komplektinin (dərslik və müəllim üçün metodik vəsait) nəşrəqədərki layihələrinin (Azərbaycan və rus bölmələri üzrə birlikdə) elmi-metodik monitorinqi və qiymətləndirilməsi aparılıb və hazırlanmış yekun rəylər Təhsil Nazirliyinə göndərilib.

DİM-in apardığı elmi-metodik və maarifləndirmə işlərinin "Abituriyent” jurnalının müxtəlif nəşrləri vasitəsilə ictimaiyyətə təqdim olunmasını da qeyd etmək lazımdır. Jurnalda ali təhsil müəssisələrinə təhsilin müxtəlif pillələrinə tələbə qəbulu ilə bağlı rəsmi sənədlər, bu proseslə bağlı abituriyent, namizəd və şagirdlərə zəruri təlimat və göstərişlər (tövsiyələri), qəbul prosesində edilən dəyişikliklərin ətraflı şərhi, imtahan fənlərinin proqramları, fənlər üzrə tapşırıq nümunələri və metodiki materiallar dərc edilir. Son 5 il ərzində "Abituriyent” jurnalı redaksiyası Azərbaycan və rus dillərində 111 adda (59 nömrə və 52 xüsusi buraxılış) "Abituriyent” jurnalı və onun xüsusi buraxılışları olan "Xüsusi qabiliyyət imtahanları”, "Magistr”, "Rezidentura” və "Dövlət qulluğu” jurnallarını dərc edib. 2016-2021-ci illərdə 1-11-ci sinif dərslikləri əsasında 126 "Qiymətləndirmə tapşırıqları” kitabçaları (Azərbaycan və rus dillərində), fənlər üzrə vəsaitlər, "İngilis dili lüğəti”, "Azərbaycan dilinin orfoqrafiya lüğəti” müvafiq fənn kurikulumlarının təlim nəticələri nəzərə alınmaqla yenidən işlənib hazırlanıb. İbtidai siniflər (1-4-cü siniflər) üzrə qimyətləndirmə kitabçaları Azərbaycan və rus dillərində ilk dəfə hazırlanıb. Bundan əlavə, Yeni təhsil proqramı (kurikulum) üzrə imtahanlara hazırlaşanlar, yuxari sinif şagirdləri və müəllimlər üçün vəsaitlər (Azərbaycan və rus dillərində vəsaitlər 16 adda), Test topluları (Azərbaycan və rus dillərində toplular 24 adda), Rezidenturaya qəbula hazırlaşanlar üçün vəsaitlər (Azərbaycan və rus dillərində – 12 adda), Magistraturaya qəbula hazırlaşanlar üçün vəsaitlər (Azərbaycan dilində – 2 adda (İnformatika vəsaiti və Məntiqi təfəkkürü yoxlayan testlər), Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün "Dövlət qulluğu”na aid vəsaitlər Azərbaycan dilində – 2 adda (Dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar üçün təlimat və Dövlət qulluğuna qəbulun test imtahanı mərhələsi üzrə test tapşırıqları toplusu), Elmi-statistik araşdırmaların nəticələrinə dair vəsaitlər Azərbaycan dilində – 77 adda ("Tələbə qəbulunun gender aspektləri” ("Qadınlar statistikada”), "Kənd təsərrüfatı profilli ixtisaslar statistikada” və "Neft-qaz ixtisasları statistikada” və Rayonlar üzrə statistika (74 hər rayon üzrə ayrı kitabça) nəşr olunub.

İmtahanlara hazırlaşanlar və tədris prosesində istifadə üçün 2019-2020-ci illərdə 4-11-ci sinif dərsliklərinin hər bir tədris vahidi (8 800 tapşırıq), hər bir mövzusu (28 535 tapşırıq) üzrə onlayn sınaq variantları, eləcə də buraxılış və qəbul imtahanlarında, rezidentura, magistratura, dövlət qulluğuna qəbulda tətbiq edilən tapşırıq modellərinə uyğun onlayn sınaq variantları hazırlanıb və otk.az portalına yerləşdirilib.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlət aparatının səmərəliliyi dövlət qulluqçularının əməyi hesabına təmin olunur. Dövlətin vətəndaşlara göstərdiyi xidmətlərin keyfiyyəti, ölkəmiqyaslı qərarların yerlərdə icrası bilavasitə dövlət qulluğunu həyata keçirən şəxslərin peşəkarlıq səviyyəsindən asılıdır. Dövlət qulluqçularının fəaliyyətinin dövlət və bütövlükdə cəmiyyət üçün əhəmiyyəti onların peşə qabiliyyətləri və mənəvi-psixoloji keyfiyyətlərinin yüksək səviyyədə olmasını tələb edir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanına əsasən dövlət qulluğu üçün kadrların seçilməsi, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına nəzarət, dövlət qulluqçuları reyestrinin aparılması və digər əlaqədar funksiyalar da DİM-in səlahiyyət dairəsinə daxil edilib.

Mərkəzin əsas fəaliyyəti dövlət qulluğu sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi barədə təkliflər vermək, dövlət qulluğuna namizədlərin müsabiqə yolu ilə seçilməsi, dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətinin öyrənilməsi, dövlət qulluğunda etik davranış qaydalarına əməl edilməsinə nəzarət olunması, dövlət qulluqçularının peşəkarlığının artırılmasına dair müvafiq tədbirlərin görülməsi, dövlət qulluğunda maarifləndirilmənin həyata keçirilməsi, dövlət qulluqçularının reyestri və vəzifələrin idarə olunması üzrə elektron sistemlərin yaradılması və təkmilləşdirməsi ilə bağlıdır.

Vətəndaşların dövlət qulluğuna qəbulu və dövlət qulluqçularının daha yüksək vəzifələrə təyinatı prosesində mərkəzləşmiş qiymətləndirmə və çoxpilləli seçmə sistemi tətbiq olunur və burada məqsəd dövlət qulluğu vəzifələrinə ən layiqli şəxslərin seçilməsini təmin etmək və dövlət qurumlarının səmərəliliyini artırmaqdan ibarətdir.

Bu baxımdan dövlət qulluğu vəzifələrinə seçim prosesində sağlam rəqabət mühitinin yaradılması özünün birbaşa təyinatından daha geniş kontekstdə dəyərləndirilməlidir. Belə ki, sağlam rəqabət və ədalətli seçim dövlət qulluqçularının və dövlət qulluğuna namizədlərin öz peşəkarlıq səviyyələrini yüksəltməsini stimullaşdırmaqla yanaşı, gənclər və yeniyetmələr arasında təhsilə marağın artmasına da səbəb olur və perspektivli gənclərin cəsarətlə uzun müddətli karyera planları qurmasına imkan yaradır.

 O da qeyd olunmalıdır ki, bu sistem ali təhsilin müxtəlif səviyyələrində tətbiq edilən mərkəzləşdirilmiş qəbul sistemini məntiqi cəhətdən tamamlayır və davamlı öyrənməni və sağlam rəqabət qabiliyyətini həyatda irəliləmənin əsas meyarı kimi cəmiyyətə aşılayır. Bu da öz növbəsində vətəndaşların təhsilə və karyeraya münasibətinin daha sağlam zəmində formalaşmasına və nəticə etibarilə ölkəmizin insan kapitalının güclənməsinə gətirib çıxaracaqdır.

Mərkəzin 5 illik fəaliyyəti dövründə:

 – dövlət qulluğuna qəbul üzrə 35 test imtahanı və 75 sınaq imtahanı keçirilib. Test imtahanlarında iştirak etmiş 30959 namizəddən 10794 nəfəri uğurlu nəticə göstərərək dövlət qulluğu sertifikatı əldə etmək hüququ qazanıb.

– dövlət qulluğuna qəbul üzrə 52 müsabiqə, 31 ümumi müsahibə elanı verilib və elan edilmiş 291 daxili müsahibə üzrə müsahibələrin keçirilməsi təmin edilib. Eyni zamanda, 10192 vəzifə üzrə müsabiqənin müsahibə mərhələsi, 1262 vəzifə üzrə ümumi müsahibə və 2200 vəzifə üzrə daxili müsahibə elanı verilib.

– Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejimi müddətində vətəndaşların dövlətin idarə edilməsində iştirak hüququnun və dövlət orqanlarının kadr tələbatının ödənilməsinin təmin edilməsi məqsədilə, eyni zamanda, müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək üçün 2020-ci il iyulun 1-dən etibarən dövlət qulluğu üzrə müsahibələrin onlayn qaydada keçirilməsinə başlanılıb.

– Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə Mərkəz tərəfindən 41346 müsahibənin keçirilməsi planlaşdırılsa da, 15702 müsahibə, o cümlədən 12091 müsabiqə üzrə müsahibə, 1815 ümumi müsahibə və 1796 daxili müsahibə keçirilib. Keçirilmiş müsahibələrin 3568-i onlayn qaydada təşkil edilib.

– Müsahibədən müvəffəqiyyətlə keçmiş 3873 namizəd, o cümlədən müsabiqə üzrə 1984, ümumi müsahibə üzrə 667, daxili müsahibə üzrə isə 1222 namizəd dövlət orqanlarında vakant olan inzibati vəzifəyə təyin edilib.

– Dövlət qulluğu ilə əlaqədar müxtəlif mövzularda təlim modulları hazırlanıb və təlimlər təşkil edilib. Təlimlərdə 5 minə yaxın vətəndaş iştirak edib. Eyni zamanda, Mərkəz tərəfindən dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə 10 təlim modulu və onların proqramları hazırlanıb.

Mərkəz tərəfindən dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun, fərman və qərar layihələri hazırlanıb. Dövlət qulluğuna dair ümumilikdə 1 məcəllə, 15 qanun, 16 fərman, 11 qərar və 5 sərəncam layihəsi hazırlanıb. Həmin layihələrdən əksəriyyəti təsdiq edilib, digərləri ilə bağlı müzakirələr aparılmaqdadır.

Dövlət İmtahan Mərkəzi yaradıldıqdan sonra onun qiymətləndirmə sahəsində beynəlxalq əməkdaşlıq və strateji inkişaf layihələrinin həyata keçirilməsi üzrə fəaliyyəti ildən-ilə daha da genişləndirilib.

Bu illər ərzində DİM müxtəlif beynəlxalq imtahanların keçirilməsi üçün test mərkəzi kimi qeydiyyata alınıb. 2016-cı ildən etibarən DİM-də TOEFL, daha sonra Pearson VUE təşkilatının PTE-Academic (ingilis dili imtahanı), 2020-ci ildən etibarən isə GRE (Graduate Record Examinations), ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası), ТРКИ (Rus dili xarici dil kimi imtahanı), ICDL (Kompüterdən İstifadəyə dair Beynəlxalq Lisenziya), Cambridge English Assessment (Kembric ingilis dili imtahanları) imtahanları keçirilməyə başlanılıb. Həmçinin beynəlxalq imtahan nəticələrinin yoxlanılmas ilə əlaqədar müxtəlif platformalarda DİM-in hesabları yaradılıb. 2016-2021-ci illərdə yuxarıda qeyd olunan (o cümlədən SAT) imtahanlarda ümumilikdə 2125 nəfər iştirak edib.

Beynəlxalq imtahan, qiymətləndirmə, qərarvermə təcrübəsinin öyrənilməsi və paylaşılması baxımından ən uğurlu hadisə heç şübhəsiz 2019-cu il sentyabrın 22-dən 27-dək Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın Bakıda keçirilən 45-ci illik konfransı olub. 43 ölkədən 271 yerli, 259 əcnəbi mütəxəssisin qatıldığı konfransa 116 elmi məqalə təqdim olunub.

Beynəlxalq elmi-tədqiqat institutları tərəfindən də Dövlət İmtahan Mərkəzinin qiymətləndirmə sahəsində fəaliyyəti müsbət dəyərləndirilib. Belə ki, 2020-ci ildə Rusiyanın Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universiteti tərəfindən "Postsovet ölkələrində ali təhsil müəssisələrinə qəbul: İmtahanlar dövlət məsələlərinin həlli aləti kimi” kollektiv monoqrafiya nəşr olunub. Müəlliflər kollektivi tərəfindən hazırlanmış monoqrafiyada 6 postsovet (Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan) ölkəsində dövlətin vəzifələri prizmasından çıxış edərək ali təhsil müəssisələrinə qəbul imtahanları barədə məlumat verilib. Monoqrafiyada hər bir ölkənin təcrübəsinə əsasən milli qiymətləndirmə sistemləri müzakirə edilib. Burada DİM-in fəaliyyəti barədə ayrıca məqalə də əksini tapıb.

Mərkəz tərəfindən dövlət qulluğu sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, bu sahədə Azərbaycan təcrübəsinin təbliği məsələsinə də xüsusi önəm verilib.

Dövlət İmtahan Mərkəzi yarandığı gündən Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi vasitəsilə Twinning, TAIEX və SIGMA alət və proqramları çərçivəsində həyata keçirilir.

DİM tərəfindən 2016-2019-cu illərdə Avropa İttifaqının Twinning aləti çərçivəsində litvalı tərəfdaşlarla (Litva Respublikasının Dövlət Katibliyi, Dövlət Qulluğu Departamenti və Avropa Sosial Fond Agentliyi) "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” layihəsi həyata keçirilib.

SIGMA proqramı çərçivəsində 2018-ci ildən "Dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi” adlı layihə həyata keçirilir. Layihənin əsas məqsədi dövlət qurumlarında idarəçiliyin inkişaf etdirilməsi və daxili nəzarət funksiyalarını yerinə yetirən struktur bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılmasıdır.

Əməkdaşlıq çərçivəsində həyata keçirilən digər layihə "Səriştə modelinin təsdiqlənməsi” layihəsidir. 2020-ci ildən beynəlxalq ekspertlərin dəstəyi ilə keçirilən dövlət qulluğunda "Səriştə modelinin təsdiqlənməsi” üzrə pilot layihənin iştirakçı qurumları olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və Bakı Apellyasiya Məhkəməsi seçilib. Layihənin əsas məqsədi dövlət qulluğunda vəzifə təhlili metodu ilə vəzifələr üzrə əmək fəaliyyətini effektiv edən davranışları müəyyən etmək və müvafiq vəzifələrin tutulmasında zəruri olan səriştələri təsdiqləməkdir.

2020-ci ildə DİM tərəfindən Avropa İttifaqının TAIEX aləti çərçivəsində təqdim olunan "Azərbaycan Respublikasının dövlət qulluğu sistemində elektron qaydada işə qəbulun gələcək inkişafına dəstək” layihəsi qəbul edilib. 2021-ci ildə həyata keçiriləcək layihənin məqsədi Aİ-nın üzv dövlətlərinin ən yaxşı təcrübələrini öyrənməklə Azərbaycanda elektron qaydada işə qəbulun daha da təkmilləşdirilməsinə töhfə verməkdir.
DİM Astanada yerləşən Dövlət Qulluğu üzrə Regional Xab (Regional Xab) ilə də əməkdaşlığı davam etdirib. Regional Xabın məqsədi iştirakçı dövlətlər arasında dövlət qulluğu sahəsində davamlı bilik və təcrübə mübadiləsini həyata keçirən institusional şəbəkənin qurulmasıdır.

Bütün bu qeyd olunanlar Dövlət İmtahan Mərkəzinin bəzi fəaliyyət istiqamətləri haqqında qısa məlumatlardır. Burada daha çox yeni yaradılan və diqqəti cəlb edən işlərə toxunulub. DİM-in fəaliyyəti ilə bağlı daha ətraflı məlumatla "Abituriyent” jurnallarından, dim.gov.az portalından tanış olmaq mümkündür.



Загрузка...
Həmçinin oxuyun:
DIM -də imtahanlara hazırlıq məsələləri müzakirə edilib

DIM -də imtahanlara hazırlıq məsələləri müzakirə edilib

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Məleykə Abbaszadə qəbul və buraxılış imtahanları ilə bağlı Prezidentə hesabat verəcək

Məleykə Abbaszadə qəbul və buraxılış imtahanları ilə bağlı Prezidentə hesabat verəcək

Məleykə Abbaszadə iclas keçirdi – dövlət qulluğu ilə bağlı yeniliklərdən DANIŞDI

Məleykə Abbaszadə iclas keçirdi – dövlət qulluğu ilə bağlı yeniliklərdən DANIŞDI

Yetmiş minə yaxın abituriyent ərizəsini təsdiq edib

Yetmiş minə yaxın abituriyent ərizəsini təsdiq edib

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Gəncə  şəhərində  konfrans  keçirilib

Gəncə şəhərində konfrans keçirilib

Dövlət qulluğuna qəbulla bağlı iradlara RƏSMİ CAVAB

Dövlət qulluğuna qəbulla bağlı iradlara RƏSMİ CAVAB

“Dövlət qulluğu” jurnalının 1‑ci nömrəsi satışa çıxarıldı

“Dövlət qulluğu” jurnalının 1‑ci nömrəsi satışa çıxarıldı

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Dövlət qulluğuna qəbul üçün müsahibə elan edilib

Dövlət qulluğuna qəbul üçün müsahibə elan edilib

DİM qəbul imtahanları ilə bağlı məlumat yaydı

DİM qəbul imtahanları ilə bağlı məlumat yaydı

Dövlət qulluğuna imtahan verənlərin nəzərinə - urnal çap olundu

Dövlət qulluğuna imtahan verənlərin nəzərinə - urnal çap olundu

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

DİM Gəncədə tədbir keçirib

DİM Gəncədə tədbir keçirib

Dövlət qulluğu haqqında qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb

Dövlət qulluğu haqqında qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb

Magistraturaya qəbul olmaq istəyənlərə əlavə şans veriləcək

Magistraturaya qəbul olmaq istəyənlərə əlavə şans veriləcək

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

Dövlət qulluğunda bu vəzifələrə imtahana qeydiyyat başlayır

Dövlət qulluğunda bu vəzifələrə imtahana qeydiyyat başlayır

DİM -dən  şagird və abituriyentlər üçün yeni sınaq imtahanları

DİM -dən şagird və abituriyentlər üçün yeni sınaq imtahanları

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək