İmtahanlarla əlaqədar tədbirlər planı iyulun 14-də keçiriləcək DİM Direktorlar Şurasının iclasında müzakirə olunacaq və Nazirlər Kabineti yanında operativ qərargaha təqdim olunacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bir aydır ölkə ərazisində buraxılış (qəbul) imtahanları keçirilir. Belə ki, xüsusi karantin rejimi tətbiq olunduqdan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən 1 iyun tarixində Nazirlər Kabineti yanında operativ qərargaha pandemiya şəraitində imtahanların keçirilməsi ilə əlaqədar tədbirlər planı təqdim olunub və operativ qərargah tərəfindən iyunun 10-dan etibarən imtahanların keçirilməsinə icazə verilib.
Bundan sonra Mərkəz tərəfindən 10, 11, 18, 19 iyun tarixlərində bir sıra şəhər və rayonlarda 9 və 11-ci siniflər üzrə buraxılış imtahanları, 9-cu sinif təhsili bazasında kolleclərə qəbul imtahanları, 9 və 11-ci sinif şagirdləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanları keçirilib. Qeyd olunan tarixlərdə keçirilən imtahanlarda 86 385 nəfər iştirak edib.
İyunun 19-da isə Nazirlər Kabineti tərəfindən müəyyən şəhər və rayonlarda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul olunduğu və imtahanların keçirilməsinə icazə verilmədiyi üçün Mərkəz tərəfindən sərtləşdirilmiş rejim tətbiq olunmayan şəhər və rayonların ərazisində imtahanların keçirilməsi üçün yenidən operativ qərargaha müraciət olunub və 24-25 iyun və 2‑3 iyul tarixlərində növbəti buraxılış (qəbul) imtahanlarının keçirilməsi üçün razılıq əldə olunub. İyulun 10-da isə sərtləşdirilmiş rejim tətbiq olunmayan 41 şəhər və rayonda əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçirilib. Beləliklə, bir ay ərzində bu imtahanlarda ümumilikdə 142 mindən artıq şagird (abituriyent) iştirak edib. İlk iki həftə ərzində keçirilmiş imtahanlarda iştirak edən bütün şəxslərin (86 385 nəfər) nəticələri artıq elan olunub. Bundan əlavə, 24-25 iyun və 2-3 iyul tarixlərində keçirilən 9-cu sinif buraxılış (qəbul), 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili imtahanları iştirakçılarının (29 426 nəfər) da nəticələri elan olunub. Qeyd olunan tarixlərdə keçirilən imtahanlarda iştirak edən 11-ci sinif şagirdləri və 10 iyulda keçirilən imtahan iştirakçılarının nəticələri də elan edilmiş qrafikə uyğun DİM-in saytına yerləşdiriləcək.
Qeyd olunub ki, keçirilən imtahanlarda ehtiyat tədbirləri çərçivəsində görülən işlərə əlavə olaraq, iyunun 24-dən etibarən sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda yaşayan və DİM tərəfindən imtahanların idarə edilməsinə cəlb olunan hər bir əməkdaş COVID‑19 testindən keçirilib. Bildirilir ki, görülən qabaqlayıcı tədbirlərin sayəsində indiyə qədər keçirilən imtahanlarda iştirakçılar və imtahan heyəti arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb.
Dövlət İmtahan Mərkəzi tərəfindən sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda buraxılış və qəbul imtahanlarının keçirilməsi üçün də tədbirlər planı hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılır. Belə ki, bu bölgələrdən olan şagirdlərin (abiturieyntlərin) sayı 47 000 nəfər təşkil edir. Tədbirlər planı iyulun 14-də keçiriləcək DİM Direktorlar Şurasının iclasında müzakirə olunacaq və Nazirlər Kabineti yanında operativ qərargaha təqdim olunacaq. Qərargah tərəfindən icazə veriləcəyi təqdirdə iyulun 20-dən sonra növbəti iki həftə ərzində və hər həftə iki dəfə olmaqla, hazırda sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə buraxılış (qəbul) imtahanlarının keçirilməsi nəzərdə tutulur. Qeyd olunmalıdır ki, bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Həmin şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək. Həmçinin ali məktəblərə (kolleclərə) sənəd verməyən və buraxılış imtahanlarında iştirak etməyən 11-ci sinif məzunları üçün də sentyabr ayında buraxılış imtahanları keçiriləcək.
İyul ayında keçiriləcək imtahanların dəqiq tarixləri, onların keçiriləcəyi şəhər və rayonlar, eləcə də imtahanlarda iştirak edəcək kontingent haqqında məlumat imtahandan bir həftə əvvəl DİM-in saytında yerləşdiriləcək.
Daha sonrakı həftələrdə isə sanitar-epidemioloji vəziyyətin əlverişli olacağı və operativ qərargah tərəfindən icazə veriləcəyi təqdirdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin (blok imtahanları) keçirilməsi nəzərdə tutulur. Bu imtahanlarda 73 000 abituriyentin iştirakı nəzərdə tutulur.