AzTehsil.com


Xəbərlər / Ekspert / Müəllim
27 may 2023
708


Test üsuluna inam niyə itir? - Araşdırma




Azərbaycan keçmiş sovet ölkələri içərisində tələbə qəbulunu test üsulu ilə, mərkəzləşdirilmiş qaydada və kompüter texnologiyalarının tətbiqi vasitəsilə aparan ilk ölkədir.

Qəbul imtahanlarında test tətbiq ediləndən bugünədək Dövlət İmtahan Mərkəzi (DİM) bu işin təşkili və nəticələrin təhlilini öz üzərinə götürüb. Ali məktəblərə qəbul imtahanlarının keçirilməsi, imtahan nəticələrinin qiymətləndirilməsi zamanı DİM şəffaflığı təmin etməyə çalışır. Ancaq son zamanlar Mərkəzin keçiridiyi buraxılış və blok imtahanlarından narazılıqlar var. Abituriyent, müəllim və mütəxəssislər deyir ki, son vaxtlar açıq tipli sualların yoxlanılması düzgün aparılmır. DİM imtahan nəticələrini qeyri-ixtisas müəllimlərinə tapşırdığı üçün qiymətləndirmədə obyektivlik təmin olunmur. Bu səbəbdən də suallara qismən cavab verən abituriyentlər sıfır bal alır. DİM imtahan nəticələrinin yoxlanılması zamanı biliyi yoxlanılanların hamısı üçün eyni şərait, eyni tələblər, eyni suallar, eyni vaxt ölçüsü və qiymətləndirmə meyarlarının tətbiq edildiyini desə də, son vaxtlar ortaya çıxan neqativ hallar biliyin obyektiv qiymətləndirilmədiyindən xəbər verir. DİM-in bu səhlənkarlığı ucbatından da abituriyentlər psixoloji gərginlik keçirir, bal hesablamasında bəlkə də keçid balı toplaya bilmədiyini düşünüb əziyyət çəkir. Mərkəzin hər fənn üzrə 3-4 müəllim-eksperti kifayət qədər resurslarla seçdikləri test tapşırıqlarında və onların cavabları zamanı çox ciddi səhvlərə yol verir. DİM-ın əvvəlki illərdə keçirdiyi buraxılış və qəbul imtahanlarında da test tapşırıqlarında müəyyən səhvlər olub və ya cavab səhv verilib. Bu, onu göstərir ki, test tapşırığı seçiminə nəzarət ciddi şəkildə həyata keçirilmir.



Təhsil eksperti Elşən Qafarov deyir ki, Dövlət İmtahan Mərkəzi ölkənin imtahan və müsabiqələrini həyata keçirən publik hüquqi şəxsdir.

Bu qurum 31 illik təcrübəyə malikdir. Amma reallıq budur ki, bu 31 il ərzində cəmiyyət və dövlət inkişaf etdikcə, DİM-in imtahan mexanizmində də dəyişiklik edilməli idi. Lakin təəssüflər olsun ki, bu dəyişiklik edilmədi:

“Hesab edirəm ki, artıq test hazırlamaq, vəsait buraxmaq və xüsusi proqramla fəaliyyət göstərmək səlahiyyətləri Dövlət İmtahan Mərkəzindən alınmalıdır. DİM yalnız imtahanı keçirən texniki qurum olmalıdır. O, qiymətləndirməni həyata keçirən orqandan, hazır testlər əsasında imtahanı həyata keçirən quruma çevrilməlidir. Biz bu gün DİM-ə həddindən artıq səlahiyyət vermişik. Testologiya mərkəzi və ya institutu yaradılmalı, sualların tərtibi məsələsinə məhz həmin qurum nəzarət etməlidir. Bu institut ya Prezident, ya da Nazirlər Kabineti yanında fəaliyyət göstərməlidir. Ona müəyyən səlahiyyətlər verilməli, qurum Təhsil Nazirliyi ilə birgə vaxtaşırı monitorinqlər keçirməlidir. Həmin monitorinqlərin nəticələri təhlil edilməli və abituriyentlərin real bilik və bacarıqlarının ümumi səviyyəsinə uyğun suallar hazırlanmalıdır. Bunu qısa bir zamanda reallaşdırmaq mümkündür”.

Ekspertin sözlərinə görə, artıq bir necə ildir ki, buraxılış və qəbul imtahanlarına salınan sualların çətin olması ilə bağlı fikirlər səsləndirilir, iradlar bildirilir. Narazılıqlar yenə də imtahan suallarının çətin olması ilə bağlıdır: “İmtahan sualları orta məktəb proqramına əsasən, tərtib olunmalıdır. İmtahanlar da abituriyentlərin real bilik və bacarıqlarını qiymətləndirilməyə xidmət etməlidir. DİM-in isə öz proqramı var və imtahan sualları şagirdlərin bilik-bacarıqlarını qiymətləndirməyə yönəlmir. Çünki DİM sualları həmin vəsaitlərə əsasən hazırlayır. Qəbul imtahanlarında dərsliklərdəki proqramlardan istifadə olunmadıqğından göstəricilər aşağı düşür. Bu belə də davam edəcək”.



Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə əsasən, ali məktəblərə qəbul imtahanlarında istifadə olunan test suallarını orta məktəbi yeni bitirən şagird əsla cavablandıra bilməz.

Çünki suallar çox çətindir. Bu sualları ancaq peşəkar müəllimlər cavablandıra bilər. Bu səbəbdən də ildən-ilə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərənlərin sayı azalır, aşağı bal toplayanların sayı artır. Bunu nəzərə alıb imtahana düşən test suallarının çətinlik səviyyəsini azaltmaq yerinə, onlar ildən-ilə daha da çətinləşdirilir. Elə bil ki, DİM qəbul imtahanlarına abituriyentin cavab vermək iqtidarında olmadığı çətin sualları seçib onları çıxılmaz vəziyyətə salmağı qərşısına məqsəd qoyub:

“Buraxılış və qəbul imtahanlarında təqdim olunan suallar ildən-ilə çətinləşdirilir. Nəzər yetirəndə görürsən ki, elə test sualları var, abituriyent illərlə hazırlaşsa da, onu cavablandıra bilməz, çox çətindir. İmtahan sualları elə tərtib edilməlidir ki, abituriyentlər onu cavablandıra bilsinlər. Uşağı çətinə, dolaşığa salmaq lazım deyil. Abituriyentlərin həyatını məhv etmək olmaz. Buraxılış və qəbul imtahanları dövründə uşaqlar böyük həyəcan, stress, qorxu keçirirlər. İnsanları belə incitmək, bezdirmək olmaz. Bəziləri aşağı bal topladığı üçün depressiyaya düşüb çanına qəsd edir. Bu, yaxşı hal deyil. Qoy onlar sərbəst şəkildə universitetə qəbul olunsunlar”.

Şahlar Əsgərov vurğulayıb ki, qəbul imtahanları cəmiyyətin intellekt səviyyəsinin yüksəlməsinə əngəl olan bir prosedurdur:

“Mən həmişə demişəm, yenə də deyirəm, ali məktəblərə qəbul imtahanları ləğv olunmalıdır. Yox əgər qəbul imtahanlarının saxlanılmasını istəyiriksə, o halda imtahanlar çox sadələşdirilməlidir. Seçim aparmaq üçün yüngül test keçirmək olar. Ağır imtahan sualları tərtib edib abituriyentləri gərginlik yaşamağa vadar etmək doğru deyil. Bu məsələlər gənclərin əsəblərini korlayır, bütün bunlara son qoymaq lazımdır”.

Professorun dediyinə görə, buraxılış, qəbul və magistraturaya qəbul imtahanları ləğv olunmalıdır:

“Gənclərin Azərbaycanda təhsili almasına stimul yaratmaq üçün buraxılış, bakalavr və magistraturaya qəbul imtahanı ləğv edilməlidir. Azərbaycanda gənclərin çoxu magistratura pilləsi üzrə təhsil almaq istəmir. Çünkli onlar bir neçə mərhələli imtahandan keçmək, boş-boşuna vaxt itirmək, yorulmaq istəmirlər. Biz gənclərin təhsil almasına mane olmamalı, əksinə şərait yaratmalıyıq ki, onlar oxuyub təhsilli olsun. DİM keçirdiyi çox pilləli imtahan sistemi ilə gəncləri incidir və ona görə də onlar xarici ölkələrə üz tuturlar. Gənclərin Azərbaycanda təhsili almasına stimul yaratmaq üçün magistraturaya qəbul imtahanı ləğv edilməlidir. Mən bu haqda dəfələrlə danışmışam, müraciətlər etmişəm. Ümid edirəm ki, bunlar nəticəsiz qalmayacaq və bu, çoxpilləli, yorucu imtahan sistemi ləğv olunacaq”.



Təhsil eksperti Nadir İsrafilov hesab edir ki, test sistemini ləğv etmək yox, təkmilləşdirmək lazımdır:

“Tədricən təkpilləli vahid imtahana keçə bilərik. Buraxılış imtahanları ilə ali məktəbə qəbul imtahanlarını birləşdirib bir imtahan yolu ilə abituriyentlərin ali məktəbə qəbul məsələsini həll edə bilərik. Birdən-birə sıçrayış etmənin təhsilə ziyanından başqa heç bir xeyri olmaz. Ona görə də testin nə qədər çatışmazlıqları olsa da, bu saat onun ləğvi deyil, təkmilləşməsindən, daha optimal variantının tapılmasından söhbət gedə bilər. Bu sistem həyata keçirilən vaxtdan bəri qəbul prosesində yol verilən neqativ hallar aradan qaldırılıb. Bu, danılmaz bir həqiqətdir. Gənclərimiz arasında da biliyin obyektiv qiymətləndirilməsinə, hər kəsin ali məktəbə öz bilik və bacarığı ilə qəbul ola bilməsinə inam var. Ancaq test tədricən əvvəlki mahiyyətini itirməyə başlayıb. Hesab edirəm ki, test sistemini ləğv etmək yox, qəbul qaydalarının formatını dəyişdirilməyə ehtiyac var”.



Təhsil eksperti Elçin Əfəndi deyir ki, narazılıqlar çox olduğu üçün mövcud qəbul qaydaları və imtahan formatı dəyişməlidir:

“Vahid qəbul qaydası işlənib hazırlanmalıdır. Nümunə kimi dünyanın aparııcı ölkələrininin qəbul qaydalarına baxılmalıdır. Fənlərin sayı minimallaşdırılmalı, qəbul bir dəfə keçirilməlidir: Şagirdlərin fənn yükü azaldılmalıdır. Şagirdin, sadəcə olaraq, 2-3 fəndən bilikləri qiymətləndirilməli, onun əsasında qəbul həyata keçirilməlidir. Test üsuluna 1992-ci ildən keçmişik, bu gün 2023-cü ildir, görün neçə il vaxt keçib. 31 il ərzində test üsulunu saxlamışıq. Bəli, dünyanın bir çox ölkələrində test üsulu saxlanılır, amma formatda dəyişiklik var, fənn sayı azaldılıb. Yaxud da qəbul qaydasında elə bir dəyişiklik etməliyik ki, şagird bir-iki fəndən imtahan verməli, onun əsasında da biliyi qiymətləndirilməlidir. Amma bugünkü reallıq ondan ibarətdir ki, şagirdlər test üsuluna görə əzbərçiliyə meylləniblər. Nəticədə onlar özlərini ifadə edə bilmirlər. Bu gün universitetləri gəzsək, auditoriyada olan 30 tələbədən yalnız biri çıxıb danışacaq, digərləri bacarmır. Nitq inkişaf etmir. Çox bərbad bir vəziyyət yaranıb. Şagirdə əzbərçiliyi öyrətməməliyik, bilik verməliyik. Tələbə özünü ifadə edə bilmirsə, əzbərçiliklə qəbul olursa, bu sistem bizim nəyimizə lazımdır?”.

E.Əfəndi qeyd edib ki, qəbul imtahanlarının çətinliyi repetitor hazırlığının geniş vüsət almasına gətirib çıxarıb. Bu isə ailələrə maddi cəhətdən baha başa gəlir.



Millət vəkili Fazil Mustafanın fikrincə, test üsulu insanları əzbərçiliyə yönləndirir:

“Qəbul imtahanlarına hazırlaşan abituriyetlərin bircə məqsədi var: test suallarını cavablandırmaq üçün proqramı əzbərləmək. Bu da gəncləri əzbərçiliyə meylləndirir, onlarda düşünmək, araşdırmaq, oxumaq kimi vərdişlər formalaşmır. Cavabı variantların birində göstərilən test forması savadlı kadrların sayını azaldır. Test üsulu müəyyən bir dövr üçün mütərəqqi, ən optimal variant idi. Ancaq bu gün üçün dəyişikliklər, yeniliklər edilməlidir. Ali məktəblərə qəbulun asan forması tapılmalı, əsas diqqət qəbula deyil, bitirməyə yönəlməlidir”.



Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, təhsil müəssisələrinə qəbul sisteminin tamamilə dəyişdirmək, test sistemini ləğv etmək olmaz.

Sistemi gücləndirmək, təkmilləşdirmək, inkişaf etdirmək, yeniliklər etmək olar. Sistemin ləğvi yenidən 90-cı illərin əvvəllərinə qayıtmaq deməkdir və neqativ hallar baş verə bilər:

“Bu gün hazırlıqlı və savadlı abituriyentlər imtahan zamanı bilik səviyyələrini nümayiş etdirir və istənilən nəticəni əldə edə bilirlər. Biliklərini nümayiş etdirmələri üçün imtahanda abituriyentlərə DİM tərəfindən bütün şərait yaradılır. Test üsulu ilə obyektivlik gözlənilir, cavablara heç kəs müdaxilə etmir. Bu da çox müsbət haldır. İmtahan sistemində şəffaflığın təmin olunması olduqca əhəmiyyətli bir məsələdir”.



Test üsulunun ləğvi məsələsinə münasibət bildirən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə deyib ki, Azərbaycanda kütləvi test imtahanları şəffaf, əsl biliyi qiymətləndirən bir üsuldur. Kütləvi imtahanlar üçün başqa vasitə hazırda mövcud deyil. İmtahan sistemində şəffaflığın təmin olunması olduqca əhəmiyyətli bir məsələdir. DİM bu sahədə ictimai inamı təmin etmək üçün uzun illər sistemli işlər aparıb:

“İmtahanların obyektiv, ədalətli və şəffaf keçirilməsini təmin etmək, qiymətləndirmədə biliyi yeganə meyar götürmək DİM-in iş prinsipi, əsas vəzifəsidir. Əslində bu prinsiplər test sisteminin öz mahiyyətindən irəli gəlir. Sistemin tətbiqi zamanı biliyi yoxlanılanların hamısı üçün eyni şərait, eyni tələblər, eyni suallar, eyni vaxt ölçüsü və vahid qiymətləndirmə meyarlarının tətbiq edilməsi və prosesin bütün mərhələlərində kompyuter texnologiyalarından istifadə edilməsi hər cür subyektiv müdaxilə hallarının qarşısının alınmasını mümkün edir. Sualların tərtibi, ağırlıq dərəcəsi, sualların orta məktəb dərsliklərindən kənar, DİM-in əlavə vəsaitlərindən tərtib edilməsi və testin təhsilalanları əzbərçiliyə sövq etməsi məsələlərinə gəlincə, mən bu fikirləri qəbul etmirəm. Bu, doğru yanaşma deyil. Buraxılış imtahanlarında istifadə edilən bütün test tapşırıqları ümumtəhsil müəssisələrində qüvvədə olun dərsliklər əsasında hazırlanır və müvafiq fənlər üzrə təhsil proqramı – kurikulumun təlim nəticələrinə uyğun bilik və bacarıqları yoxlamağa xidmət edir. Ölkənin təhsil sistemində 2008-ci ildən etibarən yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur. Təhsilin məzmunu dəyişərək “yaddaş məktəbi"ndən “təfəkkür məktəbi"nə keçilib. Bu isə o deməkdir ki, tədris prosesində məqsəd təkcə biliklərin verilməsi deyil, bacarıqların da formalaşdırılması olmalıdır. Bu əsas götürülərək buraxılış imtahanlarında Elm və Təhsil Nazirliyi ilə birgə hazırlanan imtahan modeli tətbiq olunur. Yəni imtahanda qapalı tipli tapşırıqlarla yanaşı, ətraflı yazılı cavab tələb edən tapşırıqlardan da istifadə olunur. Bu tapşırıqlar meyarlar əsasında qiymətləndirilir. Bu, imtahan iştirakçılarının bilik və bacarıqlarının daha dəqiq müəyyən olunmasına imkan verir. Qapalı və yazılı tipli tapşırıqlar da imtahanlarda geniş istifadə edilir. 700 ballıq şkala ilə toplanan balların 500-ü testdən, 200-ü açıq suallardan əldə olunur. Gələcəkdə danışıq bacarıqlarının yoxlanılması üçün imtahanlara əlavələr olacaq”.BakuPost




Загрузка...
Həmçinin oxuyun:
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Metodbirləşmələr

Metodbirləşmələr

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

İmtahan modeli niyə dəyişir və yenilik bizə nə verəcək?

İmtahan modeli niyə dəyişir və yenilik bizə nə verəcək?

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir      I hissə

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I hissə

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Nəticələr və yekun qiymətləndirmə necə hesablanır? - Buraxılış imtahanları ilə bağlı bütün suallara cavab

Nəticələr və yekun qiymətləndirmə necə hesablanır? - Buraxılış imtahanları ilə bağlı bütün suallara cavab

Buraxılış imtahanlarının hesablanma qaydası -İZAHLI VƏ SADƏ FORMADA

Buraxılış imtahanlarının hesablanma qaydası -İZAHLI VƏ SADƏ FORMADA