AzTehsil.com


Xəbərlər / Ekspert
24 mart 2023
1 071


Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar




Qarşıdan abituriyentlərin böyük həyəcanla gözlədiyi qəbul imtahanları gəlir. İmtahan vaxtı yaxınlaşdıqca ali məktəbə qəbul olmaq arzusu ilə gecəsini gündüzünə qatıb, aylardır hazırlaşan abituriyentlər həyəcanlanır, stress keçirməyə başlayırlar. Buna səbəb isə buraxılış və qəbul imtahanlarında təqdim olunan sualların ildən-ilə çətinləşməsidir. Bu da tələbə adını qazanmaq istəyən abituriyentlərin bilik yarışında istədikləri nəticəni göstərə bilməməsinə səbəb olur.

.

Artıq bir necə ildir ki, buraxılış və qəbul imtahanlarına salınan sualların çətin olması ilə bağlı fikirlər səsləndirilir. Dövlət İmtahan Mərkəzinin martın 5-də keçirdiyi ilk buraxılış imtahanları barədə də müxtəlif iradlar bildirilib. Narazılıqlar yenə də imtahan suallarının çətin olması ilə bağlıdır. Vurğulanıb ki, ilk buraxılış imtahanları bundan öncəki imtahanlarla müqayisədə çətin keçib və bu da tələbə olmaq istəyən abituriyentlərin işini çətinləşdirəcək. Ehtimal olunur ki, buraxılışla yanaşı builki qəbul imtahanları da asan olmayacaq.

Buraxılış imtahanında iştirak edən şagird Kənan Musayev deyir ki, riyaziyyat fənni üzrə suallar həddindən artıq çətin idi:

“Riyaziyyat fənnindən təqdim olunan suallar müəyyən edilmış vaxt ərizində abituriyent tərəfindən cavablandırılacaq suallar deyildi. Suallarda çətinlik və qüsurlar var idi. Azərbaycan dili fənnindən verilən mətn tipli suallar kifayət qədər çox idi və vaxt aparırdı. İngilis dili fənnində də dinləmə ilə bağlı problem var idi. Həm dinləmə qurğusu, həm də dinləmənin mətni şagirdlər üçün çətin idi. Məktəbdə keçilməyən dinləmə sualları vardı. Buraxılış imtahanı sualları belə çətindirsə, görün qəbul imtahanının sualları necə çətin olacaq. Bunu fikirləşdikcə stressə düşməmək mümkün deyil”.

Kənan Musayevin söylədiyinə görə, ötənilki buraxılış imtahanının sualları builki ilə müqayisədə asan olub:

“Ötən il dostum buraxılış imtahanı verib. O mənə təxminən necə sullar düşdüyünü demişdi. Müqayisə edəndə görürsən ki, builki imtahanlara çox çətin suallar salınıb. Ötənilki suallar olsaydı, rahatlıqla cavablandırardım”.

Ekspertlər deyir ki, imtahan suallarının hər biri orta məktəb proqramı çərçivəsində olmalıdır. Sualların orta məktəb dərsliklərindən kənar, DİM-in əlavə vəsaitlərindən tərtib edilməsi, dərslikdə olmayanların imtahana salınması düzgün deyil. Çünki sualların ildən-ilə çətinləşdirilməsi abituriyentləri qorxuya, stressə salır. İmtahanqabağı təşviş, imtahan günü isə həyəcan və stressin yüksək həddə çatması abituriyentlərin bilik, intellektual fəaliyyətinə mənfi təsir göstərir. Bu səbəbdən də yüksək hazırlıqlı abituriyentlərin bəziləri imtahanda yaxşı nəticə göstərə bilmir. İmtahan həyəcanı, stress, qorxu hissi, gərginlik onlara imkan vermir ki, özlərini toplayıb sualları cavablandırsınlar.

Mütəxəssilər hesab edir ki, imtahanların test üsulu ilə keçirilmə metodu artıq köhnəlib. Bəziləri testin təkmilləşdirilməsinin, digərləri isə onun ləğvinin tərəfdarıdır.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə görə, biliyin qiymətləndirilməsi üçün istifadə edilən həm meyar, həm də metodika çox qüsurludur. Qiymətləndirmə aləti qüsurludursa, nəticə uğursuz olar:

“Elə test sualları var ki, abituriyent illərlə hazırlaşsa da, onu cavablandıra bilməz, çox çətindir. Hər uşağın səviyyəsi də eyni deyil. Abituriyent var ki, hazırlaşıb gedib imtahanda nəticə göstərə bilir. Eləsi də var ki, çətin, ağır imtahan suallarını cavablandıra bilmir. İmtahan sualları elə tərtib edilməlidir ki, abituriyentlər onu cavablandıra bilsinlər. Uşağı çətinə, dolaşığa salmaq lazım deyil”.

Professorun sözlərinə görə, ali məktəblərə qəbul imtahanlarında istifadə olunan test suallarını orta məktəbi yeni bitirən şagird cavablandıra bilməz: "Çünki suallar çox çətindir. Bu sualları ancaq peşəkar müəllimlər cavablandıra bilər. Bu səbəbdən də ildən-ilə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərənlərin sayı azalır, 0-150 bal toplayanların sayı artır. Çətin test tapşırıqları, ağır suallarla uşaqları bu qədər stressə salmaq, inçitmək nəyə lazımdır? Əlavə hazırlıq olmadan imtahanda nəticə göstərmək,150 baldan yuxarı qalxmaq mümkün deyil. Bu da təbii ki, məktəb təhsilini kölgədə qoyur, repetitor xidmətindən istifadə edənlərin sayını artırır”.

Şahlar Əsgərov vurğulayıb ki, test balı biliyi birqiymətli əks etdirmir, insan faktorundan asılıdır. Odur ki, "Açıq test", "Qapalı test", "Bunker müəllimlər", qəbulun etaplarla keçirilməsi, aylarla uzanması və bu kimi odioz addımlara ehtiyac yoxdur:

“Qəbul imtahanı sovet dövründə vacib idi. Çünki hər 100 uşağın 33-ü ali məktəbə qəbul olurdu, 67-si isə “sovxoz” üçün fəhlə kimi hazırlanırdı. Bütün SSRİ-də 100 nəfərdən 33-ü ali savadlı idi, onlara təyinat verilirdi. Tələbələr təqaüd və yataqxana ilə təmin edilirdi. Dünya ölkələri gənclərin ali təhsilli olmasına çalışır. Bu, cəmiyyətin intellektual səviyyəsinin artmasına səbəb olur. Ancaq qəbul imtahanları cəmiyyətin intellekt səviyyəsinin yüksəlməsinə əngəl olan bir prosedurdur. Administrativ yollarla imtahan keçirib, abituriyentləri bu və ya başqa universitetə yerləşdirmək doğru deyil. Əgər qəbul imtahanlarının saxlanılmasını istəyiriksə, o halda imtahanlar çox sadələşdirilməlidir. Çünki bizim orta məktəbi bitirən şagirdlərin təqribən 70 faizi yerli universitetlərə, qalanları isə xarici universitetlərə üz tuturlar. Bu 70 faizin 60 faizini bizim universitelərə götürüb, onları oxuda bilərik. Seçim aparmaq üçün yüngül test, yaxud da müsahibə keçirmək olar. Bunun üçün hay-həşir qoparmağa, imtahana görə xeyli sənəd toplamağa, gərginlik yaşamağa ehtiyac yoxdur. Bu məsələlər gənclərin əsəblərini korlayır, mili maraqlara və dövlətçiliyə ziddir. Bütün bunlara son qoymaq lazımdır”.



Təhsil eksperti Nadir İsrafilov deyir ki, bir vaxtlar əksər vətəndaşlarımız tərəfindən testin tətbiqi obyektivliyin, aşkarlıq və şəffaflığın qarantı kimi birmənalı və müsbət qəbul olunurdu. Lakin sonradan bir çoxları tərəfindən testə münasibətdə müəyyən “sərinlik” yarandı. İllər ötdükcə, testlə bağlı fikirlər haçalandı. Hətta son vaxtlar ümumiyyətlə, testin ləğvindən söhbət gedir. Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır. Hesab edilir ki, test daha çox əzbərçiliyə meyl yaradır, oxu, yazı vərdişləri kimi keyfiyyətləri üzə çıxarmaqda məhdudiyyətlər var:

“Fikrimcə, hazırda söhbət testin ləğvindən yox, təkmilləşdirilməsindən, ali məktəblərə imtahansız qəbuldan yox, qəbul qaydalarının formatının dəyişdirilməsindən gedə bilər. Çünki, testin ləğv olunması əlavə problemlər yaradacaq. Necə ki, testə keçəndə ilk vaxtlar o problemləri yaşadıq, testi ləğv edəndə də problemlər yaşanacaq. Biz bu gün testin ləğvinə hazır deyilik. Vəziyyətdən çıxış yolu kimi qapalı testlərə nisbətdə açıq testlərin xüsusi çəkisini tədricən artırmaqla uşaqlarda vədrişlər yaradılmalıdır. Baxmayaraq ki, bu gün açıq testlərin cavablandırılmasında da müəyyən problemlər yaşanır. Ancaq bundan çəkinmək lazım deyil. Çünki bir müddət adaptasiya amili özünü göstərəcək”.



Təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi arasında hakimiyyət davası və ya soyuq müharibə gedir. DİM cəmiyyətdə təhsilin nəticələrinə birbaşa təsir edə bilən fikirlər yaya bilir. Belə ki, sualları bir qədər çətin qoyduqdan sonra cəmiyyətdə hamı “təhsil batıb", "təhsil məhv olub” kimi qənaətlərə gəlir. DİM bu sualların çətinlik səviyyəsini istədiyi vaxt azaldıb-artıra bilir. Bu da çox xətalı bir məqamdır:

“Onların əlində cəmiyyətdəki sosial gərginliyi artırmaq üçün rıçaqlar var. Nəzərə alsaq ki, bu gün təkcə ümumtəhsil məktəblərində 1 milyon 600 min şagird oxuyur. Hər il 120 min ümumorta, 100 minə yaxın da tam orta təhsil səviyyəsindən məzun olursa, bu, 220 min şagird deməkdir. Bunların yaxınları, ailə üzvləri, müəllimlərini də saysaq, ölkə əhalisinin ən azı 10 faizinə gəlib çıxırıq. Bu, kiçik rəqəm deyil”.

Ekspert qeyd edib ki, DİM-in özünün proqramı, dərs vəsaitlərinin olması, eləcə də imtahanları bu şəkildə keçirməsi ölkədə repetitorluğun daha da genişlənməsinə aparıb çıxarır:

“Repetitorluğun genişlənməsi isə son nəticədə dövlətin büdcəsindən maliyyələşən məktəbə və orada işləyən müəllimə inamsızlıq və etimadsızlığı yaradır. Burada cəmiyyətlə təhsil arasında böyük bir uçurum yaranır”.

E.Qafarov hesab edir ki, imtahan sualları orta məktəb proqramına əsasən, tərtib olunmalıdır. İmtahanlar da abituriyentlərin real bilik və bacarıqlarını qiymətləndirilməyə xidmət etməlidir:

"Dövlət İmtahan Mərkəzinin isə öz proqramı var və imtahan sualları şagirdlərin bilik-bacarıqlarını qiymətləndirməyə yönəlmir. Çünki DİM sualları həmin vəsaitlərə əsasən hazırlayır".

Təhsil ekspertinin dediyinə görə, dünyanın ikinci bir ölkəsi yoxdur ki, orada qrup imtahanı olsun. Ali məktəbə sənəd verən hər 100 nəfər Azərbaycan gəncindən ən azı 90-95-i arzuladığı, yaxud istədiyi ixtisas üzrə universitetə daxil ola bilmir.

E.Qafarovun fikrincə, test və vəsait hazırlama səlahiyyəti DİM-dən alınmalıdır. Mərkəz sadəcə imtahanları keçirən texniki bir quruma çevrilməlidir: “Testlər nə Elm və Təhsil Nazirliyinə, nə də DİM-ə tabe olmayan bir qurum tərəfindən hazırlansın. Ya Nazirlər Kabineti, ya da Prezident yanında Testologiya Mərkəzi yaradılsın. Bu, beynəlxalq təcrübədə də var. Testologiya Mərkəzi dediyimiz qurum isə bu gün DİM-in testlərini hazırlayan mütəxəssisləri özünə cəlb etməlidir. Həmin Testologiya Mərkəzi isə Nazirliklə əməkdaşlıq etməklə abituriyentlərin real bilik-bacarıqlarının səviyyəsini öyrənməlidir. Bu mərkəz DİM-lə əməkdaşlıq etməklə də abituriyentlərin imtahan bacarıqlarının real vəziyyətini araşdırmalıdır. Əgər imtahanda abituriyenti yoxlayırsansa, onun bugünkü real bilik-bacarıqlarına uyğun sualları imtahana salmalısan. Belə olarsa, bugünkü narazılıqların böyük bir hissəsi aradan qalxacaq. Eyni zamanda repetitorluq bu qədər böyük vüsət almaz. Azərbaycan məktəbinə inam və etimad isə bir qədər artar”.



Təhsil eksperti Qoşqar Məhərrəmovun dediyinə görə, hər il buraxılış və qəbul imtahanlarından sonra sualların çətinlik dərəcəsi, yol verilən səhvlər və s.-lə bağlı fikirlər səsləndirilir. DİM nümayəndələri də hər dəfə mütləq surətdə özlərinin bir nöqsanları olmadığını, qətiyyən proqramdan kənara çıxmadıqlarını, sualların çətinlik dərəcəsinin normal olduğunu qeyd edirlər. Lakin digər tərəfdən, müəllimlər deyirlər ki, bu, belə deyil, riyaziyyat suallarında səhvliklər, ingilis dili suallarında Azərbaycan məktəblərində keçilməyən səviyyədə dinləmə tapşırıqları var. Eyni zamanda, Azərbaycan dilində də çox publisistik, bədii mətnlərin olduğunu deyirlər. Bu məsələlər açıq şəkildə müzakirə olunmalıdır: “Heç şikayət olmasa belə, DİM keçirdiyi imtahanların daha şəffaf olması üçün həmin sualların hamısının video formatda həllini ortaya qoymalıdır. Beləcə, hamıya aydın olmalıdır ki, bu suallar necə həll olunmalı imiş. Bu olmadıqca isə mütəxəssislər bir şey deyir, DİM isə səssiz qalır”.

Mütəxəssis qeyd edib ki, bu məsələdə Elm və Təhsil Nazirliyi də səssizliyini qoruyur: “Hələ ki nazirlik bu müzakirələrə qoşulmur. Amma fakt budur ki, DİM ilə Elm və Təhsil Nazirliyi arasında, həqiqətən də, soyuq rüsgarlar əsir. Bir araya gəlmək daha yaxşı olar. Onların bir araya gəlib ortaq nəsə hazırlamaları arzu olunandır. Bunker müəllimlərin repititorluq etməyi qətiyyən qəbul edilə bilməz. Bunker prosesində sualların çətinlik dərəcəsi və s. bu kimi şeylərə daha diqqətlə yanaşılmalıdır. Suallar yenidən işlənilib-yoxlanılmalı, onlara imtahandan əvvəl baxılmalıdır”.

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov universitetlərə qəbul prosesinin sadələşdirilməsinin tərəfdarıdır: “Bizim övladlarımız dünyanın nüfuzlu ali məktəblərinə imtahan verir. Suallar da kifayət qədər rahatdır. Bu suallarla nəticə qazanan bizim gənc gedib dünyanın ən məşhur universitetlərində təhsil ala bilir. Amma gəlib Dövlət İmtahan Mərkəzinin imtahanından keçə bilmir. Ona görə də çoxları bu şərtlərlə Bakı Dövlət Universitetində təhsil almaqdansa, Türkiyədə adi universitetdə oxumağa üstünlük verir. Fikirləşir ki, BDU ona bilik, peşəkar vərdişləri verə bilmir. Ona görə də bizim gənclərimiz xaricə üz tutur və bir çoxu geri qayıtmır. Həqiqətən gənclərlimizlə çox pis rəftar edirik. Birinci kursa qəbul olan uşaqların siması çox yorğun, əzgin görünür. İnsan nəyə görə təhsil alır, bilik qazanmaq istəyir? Bunu gələcəkdə əldə etdiyi biliyi kapitala çevirməklə, loru dildə desək, öz çörəyini qazana bilmək üçün edir. Dəyərlərin içərisində ən dəyərlisi sağlamlıqdır ki, onu heç bir kapitalla əldə etmək olmur”.

İ.Orucovun dediyinə görə, imtahanlar indiki qaydada olmamalıdır:

“Təhsili Elm və Təhsil Nazirliyi verir, sualı Dövlət İmtahan Mərkəzi tərtib edir. DİM-in ləğvinin tərəfdarı deyiləm. Kifayət qədər şəffaf bir qurumdur. Amma nəyə görə sualları tərtib etməlidir? DİM yalnız imtahanların texniki işlərini həyata keçirməlidir. İmtahanlarla bağlı mütləq yeni yanaşmalar olmalıdır. İmtahan suallarının tərtibini Elm və Təhsil nazirliyi həyata keçirməlidir. Çünki biliyi onlar verir və proqramın məzmununu onlar tərtib edir. DİM texniki funksiyanı üzərinə götürməlidir. Hətta bu test məsələsi də çox zərərlidir. Universitetlərin də çoxunda bu üsul var. Savadlı gənclər tanıyıram ki, onlar yaza, fikirlərini ifadə edə bilmirlər. Testologiyaya hədəfləniblər, əzbərçiliyə meyilləniblər”.

Millət vəkili Etibar Əliyev hesab edir ki, bütün dövrlərdə eyni cür qəbulun keçirilməsi məqbul deyil:

“Yəni müəyyən islahatlar aparılmalıdır. İstər tələbə qəbulunda, istərsə də digər imtahanlarda ictimai nəzarət mexanizmi gücləndirilməlidir”.

Onun sözlərinə görə, bu gün DİM-də ictimai nəzarət çox zəifdir, hətta demək olar ki, həyata keçirilmir:

“Yəni Məleykə Abbaszadənin rəhbərlik etdiyi qurum kifayət qədər qapalıdır, orada ictimai nəzarət mexanizmi çox zəif işləyir. Bu gün dövr dəyişib. Biz birsistemli biliyin qiymətləndirilməsindən qaçmalıyıq. Yeni dövrün tələbi başqa bacarıqları da tələb edir. Hesab edirəm ki, ictimai nəzarət mexanizmləri yaradılmalıdır. Məleykə Abbaszadə də bunda maraqlı olmalıdır. Bizə xeyli dərəcədə şikayətlər daxil olur. Bu da ictimai nəzarət mexanizminin gücləndirilməsini vacib edir”.

Elm və təhsil naziri Emin Əmrullayev də hesab edir ki, ali təhsil müəssisələrinə qəbul sistemində problem var və bunun üzərində işlənilməlidir. Onun sözlərinə görə, ilk problem ixtisas seçimi ilə bağlıdır: “Abituriyent bir neçə ixtisası yazır, birinə düşmürsə, o birinə düşür. Nəticədə biologiya, kimya ixtisaslarını istəyirsə, axırda gəlib başqa bir ixtisasa düşür. 95 faiz halda abituriyentlər belə davranır. Mahiyyət etibarilə həkim olmaq istəməyən insanlar həkim olur".

Məsələyə münasibət bildirən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, ekspertlər özləri heç test üsulu terminini düzgün istifadə etmirlər: “Biz mərkəzləşdirilmiş kütləvi imtahanlar keçiririk. İmtahan tapşırıqları arasında yazı işləri, esse yazmaq, danışıq və s. var. Bu təkcə test deyil. Məsələn, xarici dil imtahanının dörd kompanenti var. Biliyin qiymtləndirilməsini müxtəlif üsullarla yoxlayırıq. Test üsulu deyənlər bilmirəm nəyi nəzərdə tuturlar. İdarənimi ləğv etmək, kimisə öldürmək?”.

DİM sədri rəhbərlik etdiyi quruma qarşı bəzi qərəzli fikirlərin səsləndirildiyini də qeyd edib. O deyib ki, belə fikirlərin onun şəxsiyyəti ilə əlaqəsi yoxdur: “Mənim kiminləsə şəxsi qərəzim yoxdur. Əgər kiminsə mənimlə şəxsi qərəzi varsa, açıq deyə bilər".

M.Abbaszadə bildirib ki, imtahanda Azərbaycan dili fənnindən təqdim olunan mətinin çətin olması ilə bağlı iddialar əsassızdır: “Bizə çox mürəkkəb mətn verdiyimizlə bağlı irad tutulur. Biz imtahanda bədii və publisistik mətn təqdim etmişik. Biz təsdiq olunan standartlara uyğun imtahan keçiririk. İmtahanın çətin, yaxud rahat olması ilə bağlı ictimaiyyət fikir bildirə bilər. Lakin bu cəmiyyət arasında əsassız səs-küyə səbəb olmamalıdır. İmtahanda təqdim olunan mətn dördüncü sinifdə şagirdlərə təqdim olunmuşdu. Bununla bağlı təhsil mütəxəssislərinin ictimaiyyətdə mənfi rəy yaratması doğru deyil".




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır

"Ali təhsil müəssisələrinə qəbul sistemində problem var"  - Ekspertlər TƏKLİF VERDİLƏR

"Ali təhsil müəssisələrinə qəbul sistemində problem var" - Ekspertlər TƏKLİF VERDİLƏR

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Azərbaycanda universitet rektorları HANSI YAŞDADIR? -SİYAHI

Azərbaycanda universitet rektorları HANSI YAŞDADIR? -SİYAHI

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

İbrahim Cəfərov ilin ən yaxşı rektoru adını alıb-MÜSAHİBƏ

İbrahim Cəfərov ilin ən yaxşı rektoru adını alıb-MÜSAHİBƏ

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Şagirdləri qiymətləndirməyin 3 yolu

Şagirdləri qiymətləndirməyin 3 yolu

Vahid imtahan modelinə doğru?

Vahid imtahan modelinə doğru?

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Şahmat üzrə zona yarışında Samux rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

Şahmat üzrə zona yarışında Samux rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

İmtahan modeli niyə dəyişir və yenilik bizə nə verəcək?

İmtahan modeli niyə dəyişir və yenilik bizə nə verəcək?

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün