Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi , fəlsəfə doktoru İlqar Orucov isə vurğuladı ki, abituriyentlər DİM-in xüsusi vəsaitində bir il öncəki qəbul balları ilə bağlı dərc olunmuş məlumatlara diqqət etsinlər. Hesab edirəm ki, bu da abituriyentlər üçün tövsiyə olunan vəsaitlərdəndir. Çünki həmin vəsaitlərdə ixtisaslar üzrə plan yerləri və sayı, keçid balları haqqında məlumat verilir. Plan yerləri əsasında abituriyent yığdığı bala uyğun olan ixtisasları seçməlidir. Əlbəttə ki, ötən ilki imtahan balları ilə builki imtahan balları arasında müəyyən fərqlər ola bilər. Amma, əksər hallarda bu fərq çox böyük olmur.
Abituriyentin yığdığı imtahan balı onun hansı ixtisası seçməsində ilk göstəricidir
Ekspert qeyd etdi ki, əgər abituriyent orta bal yığıb və seçimini düzgün etməsə, birmənalı olaraq universitetdən kənara qala bilər və yaxud daha aşağı balı olan yerə daxil ola bilər. Hansı ki, onun topladığı göstərici ilə daha yüksək yerlərə qəbul olunmaq mümkün idi. Zənnimcə, abituriyentlər bu məsələlərə diqqət etməlidirlər.
Həmsöhbətimiz əlavə etdi ki, müəyyən mütəxəssislər tərəfindən ixtisas seçimi ilə bağlı xidmət təşkil olunur ki, əgər abituriyentlər ixtisas seçimi zamanı çətinliklə üzləşirlərsə həmin xidmətdən yararlana bilərlər. Bu zaman mütəxəssislərin düzgün istiqamətləndirməsi nəticəsində abituriyentlər doğru seçim edə biləcəklər. İxtisas seçimi çətin bir proses deyil. Burada xüsusi istedad tələb olunmur. Əslində, prosesi diqqətlə izləsə, bu seçimləri hər bir abituriyent özü də edə bilər və doğru seçimi əsasında həm doğru, həm də balına uyğun ixtisasa qəbul oluna bilər.
Təhsil eksperti Kamran Əsədov "İki sahil”ə açıqlamasında bildirdi ki, bu məqamda düzgün, ağıllı qərar qəbul etmək, öz istəyi ilə bərabər mövcud müsabiqə vəziyyətinin reallıqlarını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasını, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerini, həmçinin ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.
300-400 bal toplayan abituriyentin məqsədi istədiyi ixtisası seçmək yox...
Təhsil ekspertinin sözlərinə görə, ixtisas seçimində ən önəmli faktorlardan biri abituriyentin topladığı balın miqdarıdır. Çünki abituriyent ixtisaslar seçimindəki sıralamanı topladığı bala uyğun olaraq müəyyənləşdirir: "Yüksək bal toplayan tələbələrdə ixtisas seçimi çətinlik yaratmır. Yəni onlar hansı ixtisası öz potensiallarına uyğun hesab edib seçirlərsə, həmin ixtisasa da qəbul olmaq ehtimalları çox olur. 600 və 700 bal toplayan abituriyentlər hansı sahənin mütəxəssisi olmaq istəyirlərsə, buna asanlıqla yiyələnə bilirlər. Ballar aşağı düşdükcə isə heç şübhəsiz, abituriyentlər ciddi seçim qarşısında qalırlar. Əsasən 300-400 bal toplayan abituriyentlər böyük risk altında olur və onların əsas məqsədi istədiyi ixtisası seçmək yox, hansı ixtisas olursa olsun universitetə qəbul olmaq olur.
Ən çox istifadə edilən forma ötən illərin keçid ballarını nəzərə almaqdır
K.Əsədov vurğuladı ki, abituriyent müvafiq ixtisas seçimində ilk ikisinə topladığı baldan bir az yuxarı bal tələb edən ixtisasları yazmalıdır. Bundan sonra isə ideal seçim sırası edilməlidir. Burada da əsas olaraq abituriyentin istəyi ön planda olmalıdır: "Abituriyentin ixtisas seçərkən diqqət etməli olduğu əsas məsələlərdən biri də ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin topladıqları balların paylanması üzrə saylarını, öz fərdi imtahan göstəricilərinin bu sıralanmadakı yerini müəyyən edərək ona əsasən kodlaşdırma aparmasıdır. İxtisas seçimində ən çox istifadə edilən forma ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə alaraq seçim etməkdir.
Mütəxəssis qeyd edib ki, hər hansı ixtisas üzrə qəbul planı 50 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 300 nəfər göstərib. Bu zaman həmin 300 nəfərdən ən yüksək bal toplayan 50 abituriyent bu ixtisasa qəbul edilir və 50-ci abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur: "Abituriyentləri ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki onlar ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə sizin üçün oriyentir rolunu oynaya bilər. Yuxarıda qeyd olunan kimi, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən hər il keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyillər, tendensiyalar da özünü göstərir.”
Ötənilki keçid balı və plan yerlərinə diqqət edilməlidir
K.Əsədov əlavə edib ki, ixtisas qrupları daxilində qəbul aparılan ixtisaslar üzrə keçid balının formalaşmasına 3 əsas amil – abituriyentlərin sayı, imtahan nəticəsi və plan yerlərinin sayı təsir edir: "Abituriyentlərə 2020-cı ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları ilə tanış olmağı məsləhət görürəm. Amma onunla tam şəkildə yola çıxmaq uğurlu olmayacaq. Abituriyentlər mütləq şəkildə 2020-ci ildə ixtisas qrupu üzrə eyni və daha çox bal toplayanların sayına və həmin ildəki plan yerlərinə baxmalıdır. 2020-ci ildə bəzi aşağı balla formalaşmış ixtisasların plan yerlərini müqayisə edilməlidir. Çünki bu il onların bəzisində azalma var ki, bu da ixtisas seçimi zamanı sizi yanılda bilər. Misal üçün, 2020-ci ildə 250 keçid balının formalaşdığı Azərbaycan Texniki Universitetinin Elektronika, telekommunikasiya və radiotexnika ixtisasında 200 plan yeri var idi, bu il isə o ixtisasda plan yeri 110 yer azalıb, 105 plan yeri olub. Bu o deməkdir ki, keçən illə müqayisədə bu ixtisasda plan yerinin azalması həmən balın təkrarlanmamasına səbəb ola bilər. Başqa bir misal, 2020-ci ildə 278 keçid balının formalaşdığı Azərbaycan Neft və Sənaye Universitetinin İnformasiya təhlükəsizliyi ixtisasında 85 plan yeri var idi, bu il isə o ixtisas üzrə plan yeri 25 yer azalaraq 60 plan yeri olub. Deməli, bu ixtisası seçən abituriyentlər də diqqətli olmalıdırlar. Belə hallar çoxdur, ona görə də ixtisas seçimi edən hər kəs DİM-in jurnallarına baxmalıdır, heç bir əlavə informasiyaya aldanmamalıdır. Abituriyentlər mütləq şəkildə yalnız DİM-in resurslarından istifadə etməklə uğurlu ixtisas seçim edə bilərlər.”
Əziz abituriyentlər, hər birinizə düzgün ixtisas seçimi və müsabiqədə uğurlar arzu edirik.