Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirdi ki, 2 ilə buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək. Kurikulum əsasında təhsil alan şagirdlər tamam fərqli üsulla imtahan verəcəklər. 26 ildir tətbiq edilən test üsulu dəyişiləcək.
Bununla bağlı təhsil ekspertləri ilə danışdıq. Test üsulu ləğv edilərsə, şagirdlərini biliyinin qiymətləndirilməsində yaranan problemlər də həll edilə biləcəkmi? Test üsulunun ləğvi təhsil siteminə nələr verəcək?
Təhsil eksperti Nadir İsrafilov açıqlamasında bildirdi ki, burda söhbət imtahan qaydalarının yeni modelə keçirilməsi, buraxılış imtahanlarının forma və məzmunca dəyişməsindən gedir. "Test üsulunun ləğv edilməsini faciəyə çevirmək lazım deyil. Bu məsələ yeni deyil, çoxdan gündəmdə idi. 25 ildən artıqdır ki, test sisteminə keçmişik. Dəfələrlə demişik ki, biz testdə ifratçılığa yol veririk. Bu qədərinə ehtiyac yoxdur”.
Nadir İsrafilovun fikrincə, biliyin testlə ölçülməsi məntiqi təfəkkürün inkişafına xidmət edir. "Testin ifrat dərəcədə tətbiq edilməsi şagirdlərimizin nitq qabiliyyətinin deformasiyaya uğramasına səbəb oldu. Yazı inkişafı azaldı. 11 illik məktəbi bitirən məzunlar ərizə yaza bilmirlər. Bu prosesə çoxdan start verilib. Baloniya sisteminə keçəndən sonra bir çox universitetlərdə yazılı imtahanlar oldu. Amma biz orta məktəbdən, ancaq testlə gəlirik. Sessiyanın ortasında yazılı və ya şifahi imtahan tələb edilir. Bu da sözsüz tələbələrin bilik səviyyəsinə mənfi təsir edir. Aqressivlik yaradır, obyektivlik olmur. Bu il 9-cu sinif imtahanları da fərqli oldu. Açıq testlərin sayı artırıldı. Buna müəyyən hazırlıq işləri gedib. Mən hesab edirəm ki, imtahanın formaları və məzmunu dəyişilməlidir.
Bu o anlama gəlmir ki, test imtahanı ləğv edilməlidir.
Elə fənnlər var ki, imtahanlar şifahi, yazılı və ya testlə keçirilməlidir. Estoniyada imtahan yazılı, şifahi və testlə həyata keçirilir. Mən testin tamamilə ləğv edilməsinə narazıyam, amma testin təkmilləşməsi mütləq lazımdır. Konkret fikir söyləməyə gəldikdə isə yeni model üzərində iş gedir. O, ortalığa çıxarılandan sonra, mənfi və ya müsbət tərəflərini demək olar.
Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru və təhsil eksperti Elşən Qafarov açıqlamasında bildirdi ki, test üsulu əzbərçiliyə, təhsil alanların dünyagörüşünün birtərəfli formalaşmasında səbəb olur.
"Test üsulu 1992-ci ildən ölkəmizdə tətbiq olunur. Əvvəllər hamının rəğbətini qazanmış test üsulu təkmilləşdirilmədiyi üçün sadaladığım problemlər yarandı. Son illərdə açıq tipli sualların da yer aldığı test üsulu ilə olan imtahanların işləmə mexanizmlərində təkmilləşdirmə aparmaq , bu günün tələblərinə uyğunlaşdırılması vacibdir. Atılan addımların da bu məqsədə xidmət edəcəyinə inanıram. Test üsulunun tam ləğ edilməsi deyil, təkmilləşdirilməsindən, açıq tipli suallarla yanaşı bir çox ixtisaslarda da abituriyentlərin yazı vərdişlərinin yoxlanması məqsədə müvafiq olardı. Bu zaman şəffaflığın əvvəlki illərdə olduğu kimi qorunması əsas şərt olmalıdır”.
Elşən Qafarov bildirir ki, test üsulunun tamamilə ləğv olunmasından danışmaq hələ çox tezdir. "Test üsulunun təkmilləşdirilməsi, imtahan zamanı təhsil alanların biliklərini düzgün yoxlamaq üçün testlə yanaşı digər mexanizmlərdən də istifadə etmək artıq günün tələbidir”.
Test üsulunun müsbət və mənfi tərəfləri
Təhsil eksperti Kamran Əsədov ilk növbədə testin mənfi və müsbət tərəflərinio toxundu.
"Test üsulu qəbulda insan faktorunu aradan qaldırdı, əvvəllər üzbəüz imtahanda qeyri-obyektivliyə yol verilirdi, lakin artıq 24 ildir ki, bunu müşahidə etmirik. İkincisi, test imtahanı vaxt qazanmaq baxımından əlverişlidir. Əvvəl ali məktəbə qəbul üçün 4 fəndən imtahan verilirdi, bu da ümumilikdə bir ay çəkirdi. İmtahan nəticələrinin vaxtında yoxlanılıb abituriyentə çatdırılması problem idi. Testlə imtahan abituriyentlərin biliklərini tam əhatəli qiymətləndirə bilmir. Burada qiymətləndirmə nisbidir. Testin başlıca məqsədi obyektiv qiymətləndirmə, neqativ hallara yol verməməkdir. Digər tərəfdən, test imtahanında təkmilləşməyə ehtiyac var. İmtahan fənlərinin sayının artırılıb-azaldılması, sözsüz ki, təkmilləşmə deyil. Yaxşı olar ki, məntiqə əsaslanan suallar tərtib olunsun. Sırf statistik məlumatlarla, tarixi hadisələrlə testi yükləmək uşağın müstəqil düşüncəyə, təfəkkürə malik olmasının qarşısını alır. Həmçinin, formanın da təkmilləşdirməsinə ehtiyac var. Cəmiyyətdə test üsulunun ləğvinin tərəfdarları da var. Testi ləğv etmək olar, ancaq onun yerinə daha mükəmməl alternativ təklif etmək olar ki, bu da dünyada qəbul edilmiş SAT, İELTS imtahanlarıdır”.
Kamran Əsədov açıqlamasında bildirdi ki, kurikulum təhsil sistemi ilə təhsil alan şagirdlər əvvəlki qayda ilə imtahan verə bilməzlər. "Bu sistemdə oxuyan məktblilər əvvəlkilərdən əldə etdikləri bilik və bacarıqlara görə fərqlənirlər. Buna görə də təhsil sistemimizdə qiymətləndirmədə yeni məzmun standartlarını ölçmək üçün yeni alətlərin istifadəsinə ehtiyac yaranıb. Amma birdən-birə buna keçmək əks effekt verə bilər. Belə ki, bu il, 2017-ci ildə IX siniflər üzrə keçirilən buraxlış imtahanları göstərdi ki, biz hələ tam şəkildə buna hazır deyilik”.
Təhsil ekspertinin sözlərinə görə, iki il sonra tətbiq olunan üsul yenədə test olacaq, amma bizim vərdiş etdiyimiz qapalı test tapşırıqları yox. "Çünki testin bir üsulu yoxdur. Bununla bərabər digər əalvələr də olacaq. Esse yazılması, inşalar kimi əlavələr də olacaq. Qəbul imtahanlarında uğurlu məzmun üçün tələb olunan bir sıra bilik və bacarığı ölçmək qabiliyyətinə malik olan test olalacaq. Bunun üstün tərəfləri var. Çünki bizim məzunların nitqi, problemli situasiyadan çıxış kimi imkanları məhduddur. Danılmazdır ki, test imtahanının forması əmək bazarında tələb olunan müasir, uğurlu məzmunu ölçmək qabiliyyətinə malik olmadığını görürük”.
Əsədov hesab edir ki, ilk növbədə, məzmun və forma fərləndirilməlidir. "Formal olaraq bu, test imtahanı sistemidir. İmtahanın əsas üstünlükləri insan faktorundan asılılığının minimal olması, qiymətləndirmə prosesində nəticələrin müəyyən mənada insan faktorundan aslı olmayaraq həyata keçirilməsidir. Bu, Azərbaycan kontekstində böyük üstünlükdür. Bununla da obyektivlik təmin edilir”.