AzTehsil.com


Xəbərlər
27 fevral 2017
5 188


Testin “ləğvini” az qala faciəyə çevirmişik...



Testin “ləğvini” az qala faciəyə çevirmişik...

 

 "Summativdən”, "formativdən”, "diaqnostikdən” isə danışan yoxdur


Xatırlamıram ki, son onillikdə təhsilimizin digər problemləri ilə müqayisədə Təhsil Naziri Mikayıl Cabbarovun testlə bağlı açıqlaması bu qədər müzakirə və mübahisə obyekti olsun, özünə bu qədər tərəfdar və əleyhdar toplamış olsun. Əslində problemin həlli baxımından bu kimi polemikalar nəinki lazımdır, hətta son dərəcə vacibdir. Ancaq, məsələyə ifrat dərəcədə emosional və aqressv yanaşmaq, testin ləğv olunacağı halda guya obyektivliyin pozulacağı, şəxsi maraqların önə keçəcəyi, rüşvətlə oxuyanların sayının artacağı, kasıb, imkansız uşaqlarının çöldə qalacağı və s. bu kimi fikirlərlə məsələni dramatikləşdirmək, bir növ faciəyə çevirmək, artıq problemə fərqli prizmadan yanaşaraq problemin həllinə yardımçı olmaq deyil, əksinə diqqəti problemin həllindən yayındırmaq anlamına gəlir.
 
Nazir nə deyib? Deyib ki,yeni tədris sistemi ilə oxuyan məzunlarımızın gələcəkdə biliyinin test üsulu ilə qiymətləndirilməsi doğru olmaz, biliklərin qiymətləndirilməsi fərqli sistem tələb edir, bu məqsədlə hazırda qiymətləndirmə standartları adlandırılan yeni layihə üzərində iş aparılır. Yəni əvvəl-axır təhsil sistemində qiymətləndirmədə məzmun standartlarını ölçmək üçün yeni mexanizmlərin istifadəsinə ehtiyac yaranacaq. Obyektivlik naminə etiraf etməliyik ki, testin tətbiqinin operativlik və mobillik baxımından bir çox hamıya məlum müsbət cəhətləri ilə yanaşı, abituriyentlərə daha çox bilik vermək yox, bir növ onları sualları cavablandırma texnikasına yiyələndirmək, başqa sözlə məntiqi təfəkkürü deyil, hafizə və yaddaşı inkişaf etdirməyə xidmət etməsi kimi mənfi cəhətləri də vardır.
 
O ki, qaldı obyektivlik və şəffaflığın təmin olunmasına bu sırf mənəviyyatla bağlı məsələdir. Mənəviyyatımıza bir balaca "əl gəzdirsək” istənilən mexanizmin tətbiqində neqativ halların qarşısını almaq olar. Məgər test ortalığa çıxmayana qədər saysız-hesabsız parlaq zəka sahiblərimiz olan dünya şöhrətli ziyalılarımız yetişməyib və onların hamısı imkanlı olmalarının hesabına yüksək zirvələri fəth ediblər? Bir də ki, İsi Məlikzadənin pyes qəhrəmanı olan yoldaş Dadaşov demiş lazım gəlsə, şoferin də işində bir nöqsan tapmaq olar. Elə isə kim təminat verə bilər ki, bunker şəraitində yoxlanılan və qiymətləndirilən testlərin "ətəyinə and içmək” olar. Hələ klassik qiymətləndirmədə "2”-yə bərabər tutulan 150-200 bal toplayanları da tələbə edib bir sıra universitetlərin boş qalan plan yerlərini doldurmağımızı qoyaq bir qırağa.
 
Nə isə... Hesab edək və razılaşaq ki, test sisteminin ideal olmamasına baxmayaraq bu günki reallığımız üçün ən uğurlu variant testdir və bu sistemin ləğv olunmasına hələ ki, hazır deyilik. Bunula belə bu proses təhsilin bir sistem olaraq durmadan inkişafa və tərəqqiyə uyğunlaşdırılması, irəliyə getmək baxımından yeni tələblər və dünya təcrübəsində sınaqdan çıxmış qiymətləndirmə nümunələrinin nəzərə alınması, tətbiqi sahəsinin konkretləşdirilməsi, məzmun və formaca yeniləşməsi və təbii ki, daha da təkmilləşdirilməsi zərurətindən irəli gəlir. Əslində, heç Nazirin açıqlamasında da testin ləğvi ilə bağlı hökm xarakterli belə bir konkret müddəa yoxdur. Hər halda əksəriyyət razılaşar ki, gec və ya tez təkmilləşmə və yeniləşmə baxımından belə bir addımın atılması zəruri və qaçılmazdır.
 
Bir də ki, təhsillərini kurrikulum sistemi ilə davam etdirən gələcək məzunlarımızın təhsillərini başa vurmasına hələ 3 il var və bu müddət ərzində təhsil sahəsində nələr baş verəcəyini proqnozlaşdırmağa gəlin bir az tələsməyək. Məsələnin məğzi heç də bunda deyil. Sözümün canı başqadır. Testlə bağlı məsələyə yenidən niyə qayıtdım? Söhbət təhsil təcrübəmizdə hər hansı bir yeniliyin tətbiqi zaman innovasiya xatirinə məsələnin məna və mahiyyətinə tam nüfuz etmədən, bunun işlək mexanizminin olub-olmamasını nəzərə almadan həddən artıq aludəçiliyə və ifratçılığa varmağımız və qapanmağımızdır. Digər tərəfdən testə olan qeyri-adekvat münasibətimiz repetitorluğa da geniş yol açmaqla məktəbin və müəllimin nüfuzunu zərbə altında qoyur. Bunun bariz nətıcələrinə dair kifayət qədər misal çəkmək olar.
 
Təhsillə bu və ya digər şəkildə bağlı olan hər kəs bilməmiş olmaz ki, 1992-ci ildə ölkədə test üsuluna keçidlə əlaqədar orta ümumtəhsil məktəblərində test-sınaq yoxlamalarına start verildi. İlkin olaraq bu sınaqlar imtahanqabağı şagirdləri testə alışdırmaq xarakteri daşıdığından onların keçirilməsi məktəb rəhbərlərinə həvalə olunmuşdu və bu zaman nəticələrin yekun attestat qiymətlərinin çıxarılmasında nəzərə alınmaması nəzərdə tutulurdu. Lakin sonrası nə oldu? Bu "sınaqlar” təkcə şagirdləri deyil, sözün tam mənasında bütün valideynləri və təhsil ictimaiyyətini sınağa çəkdi. Sınaqlar "sınaqdan” çıxaraq üç mərhələli ciddi imtahanlara çevrildi.
 
Sınaq imtahanları adlandırılan və fevral ayından başlayaraq mart və aprel aylarında baş tutacaq bu prosedurları həyata keçirmək üçün təkcə Bakı şəhərində 80 imtahan mərkəzi yaradıldı, imtahan nəzarətçilərinin sayı 5 min nəfərə çatdırıldı. Təhsildə sanki fövqəladə vəziyyət elan edildi. Bir an içərisində təhsil qanunvericiliyinə zidd olaraq ənənəvi qiymətləndirmə şkalası məntiqsiz düstur hesablaması ilə əvəzləndi. Tədbiq olunan "yeni üsula” görə məzuna yekun attestat qiyməti çıxarmaq üçün üç mərhələli "sınaq”, altı komponentli düstur, dərəcəli əmsallar, fərqləndirici faizlər, güzəştlı orta ədədi prinsipi, müəyyən indekslərin "O”- la tənzimlənməsi və s. bu kimi riyazi əməlləri hesablamaq lazım gəlirdi.
 
Geniş miiqyaslı, özfəaliyyət xarakterli bu kompaniya özünü doğrultmadı. Müəllimlərin və məktəb rəhbərlərinin yekun qiymət çıxarmaqda problem yaşamasını əsas gətirərək Nazirlik attestatların qiymətləndirilməsini öz inhisarına alaraq və qüvvədə olan hüquqi- normativ aktların məzmunu, mahiyyəti və xarakteri ilə daban-dabana zidd olaraq məktəb rəhbərlərinin Əsasnamə funksiyalarını mənimsədi. Bu kompaniyaya ayrılan milyonlar isə havaya sovrulmuş oldu. O zaman 50 mindən artıq şagirdin yekun attestat qiymətinin çıxarılmasında Nazirliyin marağının nə olması bu gün də düşündürücü sual olaraq qalır.
 
"Ciddi” nəzarətə götürülən üç mərhələli test sınaqları müəllim və bütövlükdə məktəbin onsuz da sarsılmış nüfuzuna, ona göstərilən etibara və etımada ağır zərbə vurmaq, məktəb rəhbərliyini Nazirliklə yumşaq dildə desək "danışıqlara”, faktiki olaraq alış-verişə təhrik etməklə yanaşı, həm də Təhsil Nazirliyinin test siyasətində və qiymətləndirmə sistemindəki bir çox boşluqları üzə çıxarmış oldu.
 
Nadir İsrafilov, təhsil eksperti
moderator.az



Загрузка...