AzTehsil.com


Xəbərlər / Ekspert
21 noyabr 2020
1 292


Vahid imtahan modelinə doğru?



Vahid imtahan modelinə doğru?

 

Mütəxəssislər deyirlər ki, universitetlərin giriş qapısını geniş, çıxış qapısını dar etmək lazımdır 

"Buraxılışla qəbul imtahanları birləşdirilməli, sadələşdirilmə aparılmalıdır”. Milli Məclisdə müzakirəyə çıxarılacaq bu təklif vahid imtahan mexanizminə keçilməsi prosesini gündəmə gətirir. Millət vəkili Aqiyə Naxçıvanlının bu təklifini Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin üzvü Fatma Yıldırım yüksək qiymətləndirib: "Ölkə olaraq, həm erməni işğalçıları, həm də koronovirusla müharibə şəraitindəyik. Koronovirus bütün dünya, eləcə də bizim üçün gözlənilməz bəla oldu. Gündəlik statistikalara baxsaq, yoluxma hallarının xeyli artdığını görərik. Nəticədə məktəblər bağlandı, daha sonra, distant təhsilə keçildi. Müharibə şəraitilə bağlı ölkədə internet məhdudiyyətinin olmasını nəzərə alaraq, bu təklifi yüksək qiymətləndirirəm. Hazırda mövcud çətinliklərə görə bu dönəm üçün təklifin qəbul edilməsi müsbət hal olardı”. 

Deputat Əziz Ələkbərli də qəbul imtahanlarının sadələşdirilməsinin tərəfdarı olduğunu bildirib: "Ümumiyyətlə, qəbul imtahanlarının son dərəcə sadələşdirilməsinin tərəfdarıyam. İndiki vəziyyətdə abituriyentlərin ali məktəblərə qəbul olunması məsələsi haqda çətinlik və gərginlik yaşanır. Nəticədə məzunlarımızın böyük bir qismi xarici dövlətlərə üz tutur, ölkədən xaricə külli miqdarda kapital axını baş verir. Bu səbəbdən, düşünürəm ki, dünya təcrübəsinə müraciət etmək lazımdır. Hər kəsə eyni dərəcədə ali məktəblərə qəbul olmaq şansı yaradılmalı, təhsil prosesində tələbləri artırmaq lazımdır. Digər ölkələrdəki kimi, universitetə qəbul xeyli asan, orada oxumaq isə çətinləşdirilməlidir. Bu zaman potensialı daha yüksək olan tələbələr ali təhsil alacaqlar. Xüsusilə ödənişli təhsil məhdudiyyəti götürülməlidir. Şəxsi vəsaiti hesabına təhsil almaq istəyən şəxslərə də əlavə imkan yaradılmalıdır. Bunun üçün də, ali məktəblər müəllim kontingentini artırmalı, yaxud da başqa üsullardan istifadə edilməlidir”.

İndi valideynləri və şagirdləri narahat edən bir sual var: buraxılış və qəbul imtahanlarının birləşdirilməsinin mənfi və müsbət tərəfləri nə ola bilər? 

Təkpilləli vahid imtahan modeli?

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov qeyd edir ki, Azərbaycan təhsilində buraxılış imtahanı ilə qəbul imtahanlarını birləşdirmək yolu ilə sadələşdirmə aparılması məsələsi uzun illərdən bəri müzakirə predmeti olub: "Razılaşaq və qəbul edək ki, təkpilləli vahid imtahan sisteminə keçid bizdə ona görə baş tutmayıb ki, əvvəllər buraxılış imtahanları Təhsil Nazirliyinin, qəbul imtahanları isə TQDK-nın səlahiyyətində idi. Artıq belə bir problem yoxdur, çoxdandır ki, bu məsələ öz həllini tapıb. Yəni hər iki imtahanı vahid bir qurum - TQDK, sonradan isə səlahiyyətləri daha da genişləndirilən və DİM adlandırılan eyni qurum həyata keçirir. Bu mənada, əlahiddə səlahiyyətlərə malik olan dövlət qurumunun problemin həllini sürətləndirməkdə operativlik və çeviklik göstərməsi üçün imkanları heç də az deyil. Bir də ki, belə bir keçid ölkəmizdə təhsilin hamı üçün əlçatan olması kursunun əsas götürüldüyünü nəzərə almaq, xarici ölkələrlə adambaşına düşən ali təhsillilərin sayına görə rəqabəti gücləndirmək, bütövlükdə təhsillə, konkret halda isə imtahanlarla bağlı prosedurları sadələşdirmək baxımından əhəmiyyətli ola bilər. Ən başlıcası isə məzunlarımızın fiziki və psixoloji yükünü və deməli, gərginliyini xeyli azaltmaq, başqa sözlə, daha konkret desək, eyni adamın biliyini iki imtahanla yoxlamağa heç bir ehtiyac olmaması baxımından təhsilimizin real perspektivləri ilə tam uzlaşan prosedur ola bilər”.
 
N.İsrafilov hələ 2016-cı ildə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin buraxılış və qəbul imtahanlarının birləşdirilməsi məsələsinə münasibətini, məzunların bu "imtahanların çox yığcam və rahat bir modeli”ndə qüvvələrini sınamaq imkanı üçün 2 il vaxt tələb olunacaq barədə ictimaiyyətə təqdim ediləcəyi perspektiv barədə bəyanatını xatırladır: "Düzdür, bu istiqamətdə müəyyən addımlar da atılmamış deyil. 2019-cu ildən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılması şərti ilə (300+400) tətbiq olunan yeni model məhz bu cəhətdən faydalı oldu ki, yekun qiymətləndirmə zamanı həm buraxılış imtahanlarının, həm də qəbul imtahanlarının nəticələri nəzərə alınır. Həm də bu dəyişikliklər təkpilləli imtahan sisteminə keçid üçün stimul rolu oynadı. Deməli, bu istiqamətdə daha irəli getmək üçün təməl artıq hazırdır. Onu da xatırlatmaq yerinə düşər ki, qiymətləndirmənin təhsil prosesinin mühüm tərkib hissəsi olduğu, Respublikamızda qiymətləndirmə üzrə yeni konsepsiyanın yaradılmasına ehtiyac duyulduğu nəzərə alınaraq, hələ Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında Azərbaycanda təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinin yaradılması nəzərdə tutulub. Sadəcə olaraq, prosesi sürətləndirmək lazımdır”.
 
Ekspertin fikrincə,  çıxış yolu  buraxılış və qəbul imtahanlarını birləşdirmək yolu ilə təkpilləli vahid imtahan sisteminə keçməkdədir. Belə ki, bu, Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyi arasında uzun illərdən bəri davam edən qarşılıqlı ittihamlara son qoymaqla yanaşı, həm də məzunlarımızı əlavə yükdən, vaxt itkisindən və psixoloji gərginlikdən, fiziki və mənəvi sağlamlıqları üçün təhlükə yaradan stressdən azad etmiş olar. Eyni zamanda, ali təhsil müəssisələrinə qəbul qaydalarının sadələşdirilməsi ali təhsil üçün xarici ölkələrə axının qarşısını ala bilər: "Elə götürək, mətbuatda maraqla qarşılanan, Təhsil Nazirliyi yanında İctimai Şuranın iclasında Nazirlik və Təhsil İnstitutu əməkdaşlarının iştirakı ilə geniş müzakirə olunan Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun "Təhsilə yeni baxış” adlı məqaləsinin tezislərini: "Gənclərimizin müxtəlif səbəblərdən xarici universitetlərə axmasının qarşısını almaq üçün qəbul imtahanları çox sadələşdirilməlidir. Ali məktəblərin girişində test, yumşaq, çıxışında isə ciddi aparılmalıdır. Başqa sözlə, ali məktəblər giriş qapılarını gen, çıxış qapılarını dar açmalıdırlar. İndiki dönəmdə ciddi qəbul imtahanlarına ehtiyac yoxdur. Ən azı ona görə ki, təyinat yoxdur. Abituriyentlərə ixtisas seçimi azadlığı verilməlidir. Ali təhsildə liberal qaydalara üstünlük verilməlidir. Dövlət universitetləri ilə özəl universitetlər arasında rəqabət yaratmaq üçün vahid dövlət nişanlı diplomdan imtina edilməli və hər bir özəl məktəb öz diplomunu verməlidir.”
 
Ekspert hesab edir ki, təkpilləli vahid imtahan modelinə keçiddə xeyli ləngimişik. Baxmayaraq ki, dünyanın bir çox aparıcı ölkələrində neçə illərdən bəridir ki, bu model uğurla həyata keçirilir: "Deputatın "heç olmasa, bu tədris ilində bu təklif qəbul edilsin” çağırışına onu əlavə edə bilərəm ki, təkcə bu tədris ilində deyil, ümumiyyətlə, buraxılış imtahanı ilə qəbul imtahanlarını birləşdirmək yolu ilə təkpilləli vahid imtahan modelinə keçilməlidir. Yayılan rəsmi məlumatlara əsasən, bu il buraxılış imtahanında iştirak etmiş abituriyentlər 2021-ci ildə I-V ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsində iştirak etmədən, birbaşa imtahanın ikinci mərhələsində iştirak edəcəklər”.

İmtahanların sayı artsın

Təhsil eksperti Qoşqar Məhərrəmovun məsələyə münasibətdə fikirləri fərqlidir. Belə ki, imtahanların vahidləşdirilməsi – şagirdlərin həyatını bir imtahana bağladığı üçün çətin ab-hava, psixologiya yaradır. Belə ki, şagirdin həyatı bir imtahandan asılı olmamalıdır: "İmtahanların ikiyə-üçə bölünməsi də bir sadələşdirmədir. Dünya təcrübəsində bu imtahanlar, hətta il boyunca 3-4 dəfə keçirilir ki, şagird istədiyi vaxt özünü sınasın, özünü  hazır hiss edə bildiyi zaman yenidən daxil olsun. Buraxılış imtahanlarının ali məktəb imtahanlarından ayrılması imtahanların birləşdirilməsindən daha yaxşı haldır. Çünki ali məktəbə getmək istəməyənlər buraxılış imtahanlarını verib müəyyən biliklərlə məktəbdən məzun olacaq. Digərləri isə daha yuxarı təhsil almaq üçün ali məktəb imtahanlarına girəcək. Kembric beynəlxalq bakalavr  sisteminin təcrübəsinə nəzər salsaq, onların bəziləri ali məktəbə imtahan götürmürlər. Birbaşa orta məktəbdə keçdikləri rəsmi imtahanlarla ali məktəbi qazanırlar. Bəlkə də bunu eləmək olar. İmtahanları daha çətinləşdirməkdənsə, bu mənada daha da asanlaşdırmaq məqsədəuyğun olar. Həm də Kembric sistemində imtahanlar parçalanmış şəkildədir. İmtahanın bölünməsi şagirdin stressini də bölür. Amma hamısının bir arada olması şagirdin stressini artırır. Ona görə, düşünürəm ki, imtahanların ayrı olmasında fayda var”.
 
İmtahanların sadələşdirilməsinə gəlincə, ekspert hesab edir ki,  məzmun sadələşdirilərsə, imtahan da sadələşdirilə bilər: "Məzmun hazırda əzbərə söykənən bir məzmundur. Müəllimlər də başqa bir sualın hazırlama metodunu bilmədikləri üçün elə əzbərə söykənən suallar hazırlamaq məcburiyyətində qalır. Ona görə də, imtahanlar çox detallı, əzbərləməyi tələb edir”.
 
Ekspertin fikrincə, birləşdirmədən söhbət gedə bilərsə, ikinci mərhələ ləğv oluna bilər: "Buraxılış imtahanını mərhələlərə bölüb universitetə girmək üçün bir imtahan kimi etmək olar. Birinci mərhələyə, deyək ki, orta məktəbi bitirmək istəyənlər, ikinci mərhələyə ali məktəbə qəbul olmaq istəyənlər girəcək. Burda yenə dəyişən heç nə olmayacaq. Bir mərhələ ilə ola bilər ki, peşə məktəblərinə, subbakalavrlara, digər bir imtahanla ali məktəbə daxil olurlar. Bu imtahanların sayını, sadəcə, çoxaltmaq lazımdır ki, şagirdlər istədikləri zaman özlərini sınasınlar.  Necə ki SAT imtahanı var. Uşaqlar hətta ildə 3-4 dəfə özlərini sınayıb, imtahana girir. Özlərini sınayır və SAT balı ilə dünyanın bir çox universitetlərinə müraciət edə bilirlər. DİM də bu təcrübə ilə yaxından tanışdır. SAT imtahanlarının Azərbaycanda keçirildiyi nöqtələrdən biridir. Ona görə, SAT-a bənzər bir imtahan Azərbaycanda da keçirilsə, bunun üçün hüquqi baza hazırlansa və sualların da formatı o şəkildə dəyişdirilsə, hesab edirəm ki, müasir bir yanaşma olar. Şagirdlər daha rahat bir şəkildə ali məktəbə qəbul ola bilərlər. Ali məktəbə qəbulun şərtləri onsuz da asanlaşıb. Uzun illərdir ki, bu prosesdə asanlaşma gedir. Məlumdur ki, universitetlərin qəbul balları düşür müraciət edənlərin sayları universitetlərin təklif etdikləri yerlərə görə daha aşağı səviyyədə olduğuna görə, boş yerlər qalır. Əlbəttə, abituriyentlər fərqli mühit görmək, dil öyrənmək və s. üçün xaricdə oxumağı seçirlər.
Bir çox şagird üçün xaricdə oxumaq daha cazibədar görünür və 10-cu sinifdən etibarən xaricdə ali məktəblərə daxil olmaq üçün YÖS və ya SAT imtahanlarında iştirak edirlər”.
 
Q.Məhərrəmov hesab edir ki, bizim abituriyentlərimiz rahat bir üsulla ali məktəbə daxil olmalıdırlar. Necə ki, nəticəsi maksimum 700 bal olan imtahandan hazırda 200-300 bal toplayıb universitetə daxil olurlar: "Həqiqətən də şagirdlərin məzun olduqları elm səviyyəsi ilə ali məktəbə qəbul səviyyəsi arasında da bir təzad var ki, onlar imtahanın yarısından daha aşağı nəticə alıb universitetə girə bilirlər. Bu, onsuz da yetəri qədər asandır. Sadəcə, imtahanın sayını artırmaq və 10-11-ci siniflərdə tədrisin formatını qruplara görə müəyyən etmək lazımdır ki, orta məktəblərdə tədris fəaliyyəti, praktiki olaraq davam edə bilsin. Əks halda, yüzlərlə şagird  orta məktəbdən ünsiyyətini qoparır. Ya formal olaraq gedir, ya da adını yazdırır. Bu baxımdan, universitetlərin giriş qapısını geniş, çıxış qapısını dar tutmaq lazımdır. Bu, dövrün tələbidir. Eyni zamanda, orta təhsilin son iki ilini yüksək səviyyədə tutub universitetə yönəli bir tədris prosesi orda təşkil etmək lazımdır ki 10-11-ci sinfin varlıq səbəbi, ümumiyyətlə, təhsilin məqsədi orda reallaşmış olsun”.




Загрузка...
Həmçinin oxuyun:
“İmtahan-imtahan” oyunundan imtina etməliyik

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?

Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?

Ali məktəblərə qəbul qaydaları: NƏLƏR DƏYİŞƏ BİLƏR

Ali məktəblərə qəbul qaydaları: NƏLƏR DƏYİŞƏ BİLƏR

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq

Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq

"Buraxılış və qəbul imtahanlarında yeni mexanizmlərin tətbiqi dövrün tələbidir"

"Buraxılış və qəbul imtahanlarında yeni mexanizmlərin tətbiqi dövrün tələbidir"

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

“Nəyisə ləğv edib, nəyisə bərpa etmək çıxış yolu deyil” - EKSPERT

“Nəyisə ləğv edib, nəyisə bərpa etmək çıxış yolu deyil” - EKSPERT

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Şahlar Əsgərov: “Azərbaycanın indiki durumunda qəbul imtahanına ehtiyac yoxdur”

Şahlar Əsgərov: “Azərbaycanın indiki durumunda qəbul imtahanına ehtiyac yoxdur”

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

İmtahanlarla bağlı  inqilabi qərarların verildiyi rekord nəticələr ili  - Təkrarlanması çətin  göstəricilər,  rəqəmlər

İmtahanlarla bağlı inqilabi qərarların verildiyi rekord nəticələr ili - Təkrarlanması çətin göstəricilər, rəqəmlər

Orta məktəbi Azərbaycanda oxuyan xarici vətəndaşlar qəbul imtahanını necə verəcəklər? –RƏSMİ CAVAB

Orta məktəbi Azərbaycanda oxuyan xarici vətəndaşlar qəbul imtahanını necə verəcəklər? –RƏSMİ CAVAB

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

İki və ya daha çox xarici dil tədris olunan məktəblərin şagirdləri buraxılış imtahanını hansı fəndən verəcəklər?

İki və ya daha çox xarici dil tədris olunan məktəblərin şagirdləri buraxılış imtahanını hansı fəndən verəcəklər?

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

Elm və təhsil komitəsinin sədr müavini: “Dərs ilinin müddəti uzadıla bilər”

Elm və təhsil komitəsinin sədr müavini: “Dərs ilinin müddəti uzadıla bilər”

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Psixoloq: “Valideynlər bu dönəmdə psixoloji baxımdan savadlı davranmalıdırlar”

Psixoloq: “Valideynlər bu dönəmdə psixoloji baxımdan savadlı davranmalıdırlar”

2019-cu ilin ilk yarısında keçiriləcək bəzi imtahanların tarixləri - TƏQVİM

2019-cu ilin ilk yarısında keçiriləcək bəzi imtahanların tarixləri - TƏQVİM

“Qəbul qaydalarındakı dəyişiklik abituriyentin xeyrinədir” – Deputatlar yeniliyi dəstəklədilər

“Qəbul qaydalarındakı dəyişiklik abituriyentin xeyrinədir” – Deputatlar yeniliyi dəstəklədilər

"Hamıya uyğun imtahan qiyməti müəyyən etmək istəyirik" - Məleykə Abbaszadə

"Hamıya uyğun imtahan qiyməti müəyyən etmək istəyirik" - Məleykə Abbaszadə