AzTehsil.com


Xəbərlər / H/N sənədlər / Əmək Məcəlləsi
04 yanvar 2020
16 838


Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikası vətəndaşlarının konstitusiya hüququ olan istirahət hüququnun qanunvericiliklə təmin edilməsi məqsədi ilə bu Qanun işçilərin normal istirahəti, əmək qabiliyyətinin möhkəmləndirilməsi, sağlamlığının mühafizəsi və bərpası, uşaqlarının tərbiyəsi və fizioloji tələbatının təmin edilməsi, həmçinin vətəndaşların təhsil hüququnun həyata keçirilməsi üçün məzuniyyətlərdən istifadə hüququnu və qaydasını tənzimləyir.

Qanun Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarına uyğun olaraq, bütün növ Məzuniyyətlərin minimum müddətlərini müəyyən etməklə yanaşı, kollektiv müqavilələrin (sazişlərin) və ya əmək müqavilələrinin (bağlaşmalarının) şərtlərinə əsasən işverənlərə həmkarlar ittifaqları və ya əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi üçün işçilərin birləşdikləri digər nümayəndəli təşkilat (bundan sonra "həmkarlar ittifaqı” adlanacaq) ilə birlikdə işçilərin məzuniyyət hüquqlarını qanunvericilikdə nəzərdə tutulan. müddəalara nisbətən genişləndirmək səlahiyyətlərini təsbit edir.

I f ə s i l  ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Vətəndaşların məzuniyyət hüququ

Mülkiyyət formasından, təsərrüfatçılıq və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq, bütün idarələrdə, müəssisələrdə, təşkilatlarda (bundan sonra "müəssisələr” adlanacaq) işverənlərlə əmək münasibətlərində olan işçilər vəzifəsindən, iş rejimindən, əmək şəraitindən və əmək müqaviləsinin (bağlaşmasının) müddətindən asılı olmayaraq, bu Qanunla müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

Əmək müqaviləsində (bağlaşmada) başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının müəssisələrində işverənlərlə əmək münasibətlərində olan əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər də məzuniyyət hüququna malikdirlər.

Qanunvericiliklə müəyyənləşdirilən hallar istisna olmaqla, işçilərin məzuniyyət hüququnu məhdudlaşdırmaq qadağan edilir.

İşçilərin məzuniyyət hüququnu məhdudlaşdırmağa yönəldilən əmək müqavilələrinin (bağlaşmalarının) şərtləri etibarsız sayılır.

Maddə 2. Məzuniyyət hüququndan istifadə edən işçilərin hüquqi təminatları

Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi, habelə qanunda nəzərdə tutulan hallarda orta aylıq əmək haqqı saxlanılır. Həmin müddət işçinin əmək stajına (həmçinin ixtisası üzrə) daxil edilir.  

Kollektiv müqavilələrdə (sazişlərdə) məzuniyyətdə olan işçilər üçün əlavə maddi, sosial-məişət təminatlarının verilməsi nəzərdə tutula bilər.

Müəssisənin tamamilə ləğv edilməsi halları istisna olmaqla, işverənin təşəbbüsü ilə məzuniyyətdə olan işçinin işdən çıxarılmasına və ya intizam məsuliyyətinə cəlb edilməsinə yol verilmir.

Maddə 3. Məzuniyyətin növləri

İşçilərin Məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:

əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyətləri;

anaların və uşaqların mühafizəsi üçün, habelə təhsil və yaradıcılıqla əlaqədar sosial məzuniyyətlər;

ödənişsiz məzuniyyətlər.

Maddə 4. İşçilərin ayrı-ayrı kateqoriyalarının məzuniyyət hüququnun tənzimlənməsi

Bu Qanun kolxozların, kəndli və fermer təsərrüfatlarının, kooperativlərin, habelə yaradıcılıq ittifaqlarının üzvlərinə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada sosial sığorta ayırmalarını ödədikdə şamil edilir. Bu təşkilatların üzvlərinin əmək məzuniyyəti hüququnun təmin edilməsi şərtləri onların nizamnamələri ilə tənzimlənə bilər.

Hərbi qulluqçulara məzuniyyətlərin verilməsi onların xidmət etdikləri hərbi qurumların daxili nizamnamələri, həmçinin "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Onlara sosial məzuniyyətlər bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsasən verilir.

Müvəqqəti və mövsümi işçilərin məzuniyyət hüququ onlar işdən çıxarkən müqavilə müddətində işlədikləri vaxta mütənasib olaraq müvafiq pul əvəzi ödənilməklə həyata keçirilir.

Əvəzçilik üzrə işləyənlər əsas iş yerində verilən məzuniyyətlə bir vaxtda, qulluq etdikləri əlavə iş yerində də ödənişli məzuniyyət almaq hüququna malikdirlər.

II f ə s i l ƏMƏK MƏZUNİYYƏTİ

Maddə 5. Əmək məzuniyyəti anlayışı

Əmək məzuniyyəti işverənlə əmək münasibətlərində olan işçinin əməyinin və istehsalın xarakterinə görə normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi istirahət vaxtıdır.

Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır.

Əmək məzuniyyəti müvafiq vəzifə, peşə, ixtisas üzrə əmək vəzifələrini yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə görə verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər.

Maddə 6. Əsas məzuniyyət və onun müddətləri

Əsas məzuniyyət işçinin əmək müqaviləsində (bağlaşmasında) göstərilmiş vəzifəsi, peşəsi, ixtisası üzrə minimum müddəti bu Qanunla müəyyən edilmiş məzuniyyətdir.

Mülkiyyət növündən asılı olmayaraq bütün müəssisələrdə işçilərə əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

Əmək stajından asılı olaraq əsas məzuniyyətlər bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan miqdarda artırılır.

Aşağıdakı işçilərə əsas Məzuniyyət 30 təqvim günü müddətində verilməlidir :          .

kənd təsərrüfatı istehsalında çalışan işçilərə;

müəssisələrin, idarələrin və təşkilatların rəhbər işçilərinə və mütəxəssislərinə;

xüsusi rejimli tədris müəssisələri istisna olmaqla, tədris müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə;

tədris müəssisələrinin metodistlərinə, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə;

elmi dərəcəsi olmayan elmi işçilərə;

həkimlərə, orta tibb işçilərinə və əczaçılara.

Bu maddənin dördüncü hissəsinin ikinci abzasında göstərilən işçilərin siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

Natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti heç bir məhdudiyyət qoyulmadan yerinə yetirdikləri işə və ya çalışdıqları vəzifəyə uyğun müddətdə verilir.

Dövlət qulluqçularının əsas məzuniyyətinin müddəti dövlət qulluqçularının statusunu tənzimləyən qanunvericilik aktı ilə müəyyən edilir.

Maddə 7. Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətləri

Pedaqoji və elmi fəaliyyətlə məşğul olan aşağıdakı işçilərin əmək məzuniyyətləri bu maddədə nəzərdə tutulan müddətdə verilir:

tədris müəssisələrinin rəhbər işçilərinə və illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan inzibati-tədris heyəti işçilərinə; xüsusi rejimli tədris müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, dərnək və musiqi rəhbərlərinə, təlimatçılarına; bütün ixtisaslardan və adlardan olan müəllimlərə, uşaq birliyi təşkilatının rəhbərlərinə, magistrlərinə, hərbi rəhbərlərinə, əmək təlimi ustalarına və təlimatçılarına; sosial təminat orqanlarının və səhiyyə təşkilatlarının bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə — 56 təqvim günü;

uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə; tədris müəssisələrinin tərbiyəçilərinə, dərnək və musiqi rəhbərlərinə; metodika kabinetlərinin və mərkəzlərinin metodistlərinə və təlimatçılarına — 42 təqvim günü;

elmi tədqiqat müəssisələrinin, habelə ali məktəblərin elmi tədqiqat bölmələrinin elmlər doktoru (doktor) elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə; müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə—56 təqvim günü; sadalanan işçilərin elmlər namizədi (magistr) elmi dərəcəsi olduqda isə 42 təqvim günü.

Maddə 8. Teatr-tamaşa və digər müəssisələrin bəzi kateqoriyalardan olan işçilərinin məzuniyyətlərinin tənzimlənməsi

Teatr-tamaşa müəssisələrinin bədii rəhbər və artist heyətinin, bilavasitə səhnəyə xidmət edən işçilərinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii rəhbər və artist heyətinin, habelə Azərbaycan Respublikasının dövlət müəssisələrinin və birgə müəssisələrinin xarici ölkələrdə olan işçilərinin əmək məzuniyyətlərinin müddətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

Maddə 9. İşçilərin fizioloji keyfiyyətlərinə görə verilən əsas məzuniyyətlər və onların müddətləri

Yaşı 16-dan az olan işçilərə əsas məzuniyyət — 42 təqvim günü, 16 yaşından 18 yaşınadək işçilərə isə 36 təqvim günü müddətində verilir.

Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq (Çernobıl AES-də baş verilmiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib əlil olan şəxslərdən başqa) bütün işləyən əlillərə əsas məzuniyyət 42 təqvim günündən az olmayaraq verilir.          .

Maddə 10. Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərin məzuniyyəti

Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət alan şəxslərə, o cümlədən Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına və "İstiqlal” ordeni ilə təltif olunmuş şəxslərə məzuniyyət 42 təqvim günündən az olmayaraq verilir.

Maddə 11. Əməyin şəraitinə və xarakterinə görə əlavə məzuniyyətlər

Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır olan işçilərə onların sağlamlığının qorunması məqsədilə əsas məzuniyyətlərindən savayı əlavə məzuniyyətlər verilir.

Əlavə məzuniyyət hüququ verən, əmək şəraiti zərərli və ağır olan istehsalatların, iş yerlərinin, peşə və vəzifələrin siyahısı, həmin Məzuniyyətlərin minimum müddəti göstərilməklə, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Əmək şəraiti zərərli və ağır olan işçilərə əlavə məzuniyyət müvafiq istehsalatda, iş yerində, peşə və ya vəzifədə iş ili ərzində faktik işlədiyi vaxta mütənasib olaraq verilir. Tam müddətli əlavə məzuniyyət hüququ işçi həmin iş yerlərində üst-üstə azı altı ay işlədikdə əmələ gəlir.

Əmək fəaliyyəti yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə, səhhətə mənfi təsir göstərən digər amillərlə bağlı olan işçilərə işin xüsusi xarakterinə görə əlavə məzuniyyətlər verilir.

İşin xüsusi xarakterinə görə əlavə məzuniyyətin minimum müddəti iş növləri və işçi kateqoriyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı ilə müəyyənləşdirilir.

Bu maddədə göstərilmiş iş yerlərində çalışan işçilərə kollektiv müqavilələrlə (sazişlərlə) qanunvericilikdə müəyyən edilmiş əlavə məzuniyyətin minimum müddətindən artıq əlavə məzuniyyətin verilməsi nəzərdə tutula bilər. Belə əlavə məzuniyyət həmçinin işçi işə götürülərkən bağlanan əmək müqaviləsi (bağlaşması) ilə də müəyyən edilə bilər.

Maddə 12. Əmək stajına görə və uşaqlı qadınlara verilən əlavə məzuniyyətlər

Əmək stajından asılı olaraq işçilərə: .

beş ildən çox əmək stajı olduqda — 3 təqvim günü;

on ildən çox əmək stajı olduqda — 6 təqvim günü;

on beş ildən çox əmək stajı olduqda — 9 təqvim günü müddətində əlavə məzuniyyətlər verilir.

Əmək stajına görə əlavə məzuniyyətin müddətinin müəyyən edilməsindən ötrü ümumi əmək stajı pensiyaların təyin edilməsi üçün müəyyənləşdirilmiş qaydada hesablanır.

Əsas və əlavə məzuniyyətlərinin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan işləyən qadınlara 3 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin 16 yaşınadək əlil uşağı olan qadınlara isə 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Bu maddənin üçüncü hissəsində göstərilən əlavə məzuniyyət hüququ uşaqlarını təkbaşına böyüdən atalara, həmçinin uşaqları övladlığa götürmüş şəxslərə də şamil edilir.

III f əs i l ƏMƏK MƏZUNİYYƏTİ HÜQUQUNUN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI

Maddə 13. Əmək məzuniyyətlərinin verilməsi qaydası

İşçinin birinci iş ili üçün əmək məzuniyyəti hüququ işverənlə əmək müqaviləsinin (bağlaşmasının) bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.

Müəssisədə altı ay işlədikdən sonra birinci iş ili bitənədək işçiyə məzuniyyət öz arzusu ilə onun üçün əlverişli olan vaxtda verilməlidir.

İşin ikinci və sonrakı illəri üçün məzuniyyətlər iş ilinin müvafiq vaxtında məzuniyyətlərin verilməsi növbəsində nəzərdə tutulmuş vaxtda verilə bilər.

Aşağıdakı şəxslərin işə götürüldüyü vaxt nəzərə alınmadan işin birinci ili üçün məzuniyyətdən istifadə etmək hüququ vardır:

qadınların hamiləliyə və doğuşa görə — sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra;

on səkkiz yaşına çatmamış işçilərin;

müddətli hərbi xidmətdən buraxıldıqdan üç ay keçənədək işə götürülən işçilərin;

əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin; hərbi qulluqçu arvadının (ərinin);

təhsil müəssisələrində oxuyan şəxslərin — kurs işlərinin və ya imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda;

qanunvericilikdə nəzərdə tutulan hallarda müəssisədən sərbəstləşdirilmiş işçilərin;

əlillərin.

Bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq məzuniyyətlər yay tətili dövründə verilir.

Maddə 14. Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər

Məzuniyyət hüququ verən əmək stajına işçinin faktik işlədiyi vaxtdan savayı aşağıdakı dövrlər də daxil edilir.

iş yerinin və qanunvericilikdə nəzərdə tutulan hallarda əmək haqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr;

qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin əmək haqqı ödənilməli olan məcburi işburaxma dövrü;

sosial sığorta üzrə müavinət verilməklə əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;

qanunsuz və əsassız həbs edilməklə və ya ittiham edilərək azadlıqdan məhrum edilməklə və yaxud azadlıqdan məHrum edilmədən qanunsuz və əsassız cinayət məsuliyyətinə cəlb edilməklə işdən kənarlaşdırılan və müəyyən edilmiş qaydada tam bəraət alaraq işə bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr.

Uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir.

Maddə 15. Əmək məzuniyyətlərinin verilməsində növbəlilik

İşçilərə əmək məzuniyyətləri istehsalın və işin normal gedişinə xələl gətirilməməsi, məzuniyyətlərin uçotunun düzgün aparılması üçün müəyyənləşdirilmiş növbə ilə verilməlidir.

Məzuniyyətlərin verilmə növbəsi hər il yanvar ayının sonunadək həmkarlar ittifaqı ilk təşkilatının rəyi öyrənilməklə işverən tərəfindən təsdiq edilir.

Məzuniyyətlər təsdiq edilmiş növbə ilə müəyyənləşdirilmiş vaxtda verilməlidir.

Yalnız bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan hallarda məzuniyyətin verilməsi başqa vaxta keçirilə bilər. Bu zaman məzuniyyətlərin verilmə növbəsində əsaslandırılmaq şərti ilə müvafiq dəyişikliklər edilməlidir.

Aşağıdakı işçilərə məzuniyyət özlərinin arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilməlidir:

14 yaşınadək iki və daha çox uşağı və ya 16 yaşınadək əlil uşağı olan qadınlara;

16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma;

hərbi qulluqçu arvadına (ərinə);

əlillərə;

döyüşən ordunun tərkibində olmuş bütün müharibə iştirakçılarına;

Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalmış və ya şüa xəstəliyinə tutulmuş şəxslərə;

on səkkiz yaşına çatmamış işçilərə;

istehsalatdan ayrılmadan təhsil alan işçilərə;

bu Qanunun 10-cu maddəsində göstərilmiş şəxslərə.

Maddə 16. Məzuniyyətin başqa vaxta keçirilməsi şərtləri və qaydası

Əmək məzuniyyətlərinin verilmə növbəsində nəzərdə tutulan məzuniyyətin verilmə vaxtı həm işverənin, həm də işçinin təşəbbüsü ilə əsaslandırılmış qaydada yalnız bu maddədə göstərilən hallarda başqa vaxta keçirilə bilər.

Məzuniyyətin başqa vaxta keçirilməsi dedikdə, cari ildə məzuniyyətin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir.

İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda məzuniyyət başqa vaxta keçirilə bilər:

əmək qabiliyyəti müvəqqəti itirildikdə;

əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə;

dövlət və ya ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildikdə;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.

İşçiyə məzuniyyətin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda verilməsinin istehsalın normal gedişinə xələl gətirə biləcəyi hallarda işverənin təşəbbüsü ilə məzuniyyət başqa vaxta keçirilə bilər. Bu zaman işverən işçinin və həmkarlar ittifaqı ilk təşkilatının razılığını almalıdır.

Məzuniyyətin başqa vaxta keçirilməsinə həmkarlar ittifaqı ilk təşkilatı əsaslandırılmış qərarı ilə imtina edə bilər.

Məzuniyyətin başqa vaxta keçirilməsi işverənin əsaslandırılmış əmri (sərəncamı və ya qərarı) ilə rəsmiləşdirilməli və bununla işçi imzası qoyulmaqla tanış edilməlidir. Əmrdə (sərəncamda, qərarda) məzuniyyətin başqa vaxta keçirilməsinin səbəbləri və gələcəkdə veriləcəyi vaxt göstərilməlidir.

Tərəflərin qarşılıqlı razılığı ilə məzuniyyətin istifadə edilməyən hissəsi növbəti iş ili üçün verilən məzuniyyətlə birləş-dirilə bilər.

Maddə 17. Məzuniyyətlərin verilməməsinin və başqa vaxta keçirilməsinin qadağan edildiyi hallar

Əmək məzuniyyətlərinin dalbadal iki il ərzində verilməməsi qadağan edilir.

On səkkiz yaşına çatmamış, habelə zərərli, təhlükəli və ağır əmək şəraitinə görə əlavə məzuniyyət hüququ olan işçilərin əmək məzuniyyətlərinin hər iş ili verilməməsi və ya başqa iş ilinə keçirilməsi qadağan edilir.

Maddə 18. Əsas və əlavə məzuniyyətlərin cəmlənmə qaydası

İşçinin arzusu ilə əsas məzuniyyət (bu Qanunun 6-cı maddəsi) əlavə məzuniyyəti ilə (bu Qanunun 11-ci və 12-ci maddələri) cəmlənərək birlikdə, yaxud ayrılıqda verilməlidir.

İşçinin eyni vaxtda bu Qanunun 11-ci maddəsində nəzərdə tutulan iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir.

Maddə 19. Məzuniyyətin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma qaydası

Əmək məzuniyyəti işçinin arzusu ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən biri 14 təqvim günündən az olmasın.

Müstəsna hallarda — istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə müəssisənin fəaliyyətinin, istehsalın gedişinin təmin edilməsi üçün təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda məzuniyyətdə olan işçi ancaq öz razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Məzuniyyətdən geriçağırma bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan qaydada əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirilməlidir.

Məzuniyyətdən geri çağırılan işçiyə işə başladığı gündən etibarən əmək haqqı hesablanır və istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur. Məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda yenidən verilərkən bu Qanunun 27-ci maddəsində nəzərdə tutulan qaydada məzuniyyət pulu yenidən hesablanıb ödənilməlidir.

Maddə 20. Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması

Əmək, sosial və ödənişsiz məzuniyyətlərin verilməsi işverənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı, vəzifəsi, verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı və qurtardığı il, ay, gün göstərilməlidir.

Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı on gün qalmış verilir və işçi onunla tanış olub imza atır.

Əmr (sərəncam, qərar) verilərkən müəssisədə təsdiq edilmiş məzuniyyətlərin verilmə növbəliliyi və məzuniyyət hüququnu tənzimləyən qanunvericilik aktları və ya lokal aktlar (əmək bağlaşması, kollektiv müqavilə, saziş əsas götürülür.

İşçi bu Qanunun 15-ci maddəsində göstərilən növbə üzrə müəyyən edilmiş vaxtda əmək məzuniyyətindən istifadə etməkdən müəyyən səbəblərdən imtina edərsə, onun əsaslandırılmış ərizəsi əsasında müvafiq əmr (sərəncam, qərar) verilir.

İşçinin, iradəsinə zidd olaraq onun məzuniyyətdən imtina etməsi barədə verilən əmr (sərəncam, qərar) etibarsız sayılır.

Müəssisədə məzuniyyətlərin verilməsinin dəqiq uçotu aparılmalıdır. Məzuniyyətlərin uçotu Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təsdiq etdiyi formada işçilərin şəxsi uçot vərəqələrində aparılır. həmin uçot vərəqələrində işçilərə verilən bütün növ məzuniyyətlər barəsində qeydlər əks etdirilməlidir.

İşverən məzuniyyətlərin uçotunu dürüst və vaxtında aparmağa borcludur.

IV fəsil  SOSİAL MƏZUNİYYƏTLƏR

Maddə 21. Sosial məzuniyyətlərdən istifadə hüququ

Analıq hüququnu həyata keçirmək, uşaqları sağlam böyütmək, təhsil almaq və elmi yaradıcılıqla məşğul olaraq təhsil səviyyəsini artırmaq üçün işçilərin sosial məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

Maddə 22. Hamiləliyə və doğuşa görə sosial məzuniyyətlər

hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl yetmiş təqvim günü və doğuşdan sonra əlli altı təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda məzuniyyət yetmiş təqvim günü müddətində verilir.

Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:

normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);

doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);

iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).

Məzuniyyət haqqı doğuşdan əvvəl verilmiş məzuniyyətin faktik istifadə edilən günlərinin sayından asılı olmayaraq, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir.

Övladlığa uşaq götürən, yaxud övladlığa götürmədən uşaq böyüdən şəxslər doğuşdan sonra; müəyyən edilmiş 56 günlük məzuniyyətdən, həmçinin bu Qanunun 12-ci və 23-cü maddələrində nəzərdə tutulan məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

Hamiləliyə və doğuşa görə sosial məzuniyyət müddətində müavinətin hesablanması və ödənilməsi qaydası müvafiq qanunvericiliklə tənzimlənir.

Maddə 23. Qismən ödənişli məzuniyyət hüququ

Mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrdə əmək münasibətlərində olan, bilavasitə uşağa qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmədən ötrü qismən ödənişli məzuniyyət almaq hüququna malikdirlər.

Həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə hər uşaq yaş yarımına çatanadək respublika üzrə qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqının iki misli, uşaqların yaş yarımdan üç yaşına çatanadək isə minimum əmək haqqının bir misli miqdarında müavinət verilir.

Maddə 24. Yaradıcılıq məzuniyyətləri və onların müddətləri

İşverənlə əmək münasibətlərində olmaqla yanaşı magistraturada (aspiranturada), doktoranturada müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün yaradıcılıq məzuniyyətləri verilir.

Elmlər namizədi (magistr) elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü üç təqvim ayınadək, elmlər doktoru (doktor) elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü isə altı təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir. Bu yaradıcılıq məzuniyyətlərindən işçi ixtisaslaşdırılmış elmi şuranın qərarına uyğun olaraq ona verilən xüsusi arayış əsasında istifadə edir. Məzuniyyətin konkret müddəti elmi şuranın qərarı ilə müəyyən edilir.

Dərəliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, yaxud müvafiq dövlət idarəetmə orqanının qərarı ilə üç ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər. Bu məzuniyyət müvafiq dövlət idarəetmə orqanının qərarı ilə xüsusi arayış əsasında verilir. Məzuniyyətin konkret müddəti arayışda göstərilməlidir.

Maddə 25. Təhsil almaqla əlaqədar verilən ödənişli məzuniyyətlər

İstehsalatdan ayrılmadan təhsil alan işçilərə aşağıdakı ödənişli məzuniyyətlər verilir:

laboratoriya işlərinin yerinə yetirilməsi, yoxlamaların və imtahanların verilməsi üçün;

dövlət imtahanları verilməsi üçün;

diplom layihəsinin (işinin) hazırlandığı və müdafiə edildiyi dövr üçün.

Ali məktəblərin axşam şöbələrində müvəffəqiyyətlə oxuyan tələbələrə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər il birinci və ikinci kurslarda 20 təqvim günü, üçüncü və daha yuxarı kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir. Orta ixtisas məktəblərinin axşam şöbələrində müvəffəqiyyətlə oxuyan şagirdlərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər birinci və ikinci kurslarda 10 təqvim günü, üçüncü və daha yuxarı kurslarda 20 təqvim günü müddətində məzuniyyət verilir.

Ali və orta ixtisas məktəblərinin qiyabi şöbələrində müvəffəqiyyətlə oxuyan tələbələrə və şagirdlərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər il birinci və ikinci kurslarda 30 təqvim günü, üçüncü və daha yuxarı kurslarda 40 təqvim günü müddətində məzuniyyət verilir.

Ali və orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrində təhsil alan tələbələrə və şagirdlərə dövlət imtahanları dövründə 30 təqvim günü .müddətində məzuniyyət verilir.

Diplom layihəsinin (işinin) hazırlandığı və müdafiə edildiyi dövrdə ali məktəblərin axşam və qiyabi şöbələrinin tələbələrinə 4 təqvim ayınadək, orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrinin şagirdlərinə isə 2 təqvim ayınadək məzuniyyət verilir.

Texniki peşə məktəblərində istehsalatdan ayrılmadan müvəffəqiyyətlə təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün il ərzində 34 təqvim günü müddətində məzuniyyət verilir.

Orta ümumtəhsil məktəblərinin nəzdində axşam siniflərində və qiyabi qruplarında istehsalatdan ayrılmadan təhsil alan işçilərə XI buraxılış siniflərində imtahanları vermək üçün 20 təqvim günü, IX sinifdə isə 8 təqvim günü müddətində məzuniyyət verilir.

Məzuniyyətlərdən həmin müəssisə və təşkilatda əmək stajından asılı olmayaraq, təhsil proqramında nəzərdə tutulan dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər.

Magistraturaya, doktoranturaya (aspiranturaya) qəbul imtahanı verən işçilərə 31 təqvim günü ödənişli məzuniyyət verilir.

İstehsalatdan ayrılmadan magistraturada, doktoranturada (aspiranturada) təhsil alan işçilərin hər il 31 təqvim günü müddətində ödənişli məzuniyyət almaq hüququ vardır.

V f ə s i l  MƏZUNİYYƏT VAXTI ƏMƏK HAQQININ ÖDƏNİLMƏSİ

Maddə 26. Məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri

Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə, sosial sığorta ayırmaları tutulan bütün əmək haqqı növləri, o cümlədən daxili əvəzçilik üzrə əmək haqqı nəzərə alınır.

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və nəzərə alınmayan ödənişlərin geniş siyahısını, habelə zəruri hallarda məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırlayıb təsdiq edir.

Maddə 27. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi

Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hansı iş ili üçün verilməsindən asılı olmayaraq Məzuniyyətdən əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyənləşdirilir.

Müəssisədə, idarədə, təşkilatda 12 təqvim ayından az işləyib məzuniyyətə çıxmaq istəyən şəxslərin orta aylıq əmək haqqı faktik işlənmiş tam təqvim aylarına əsasən hesablanır.

Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-Yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına—30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği əmək məzuniyyətinin təqvim günlərinin sayına vurulur.

Məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işdən çıxarkən istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.

Məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci üç gün qalmış ödənilməlidir.

Məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyət başlanandan sonra ödənilmişdirsə, məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik ödənildiyi gündən hesablanmalıdır.

Məzuniyyət vaxtı üçün hesablanmış əmək haqqı qanunvericilikdə nəzərdə tutulan qaydada əmsallaşdırılır.

Maddə 28. Məzuniyyət vaxtı orta əmək haqqını ödəmək üçün vəsaitin mənbələri

Büdcədən maliyyələşdirilən idarələrdə və təşkilatlarda əmək məzuniyyətlərinin haqqı, onların maliyyələşdirilməsinə çəkilən xərclərin smetasında əmək haqqı üçün nəzərdə tutulan vəsait hesabına, təsərrüfat hesablı, özəl müəssisələrdə, ictimai təşkilatlarda (birliklərdə) və digər müəssisələrdə isə əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir.

VI f ə s i l  ÖDƏNİŞSİZ MƏZUNİYYƏTLƏR

Maddə 29. Ödənişsiz məzuniyyətlərdən istifadə hüququ

Qohumluq borcunun yeridə yetirilməsi ilə bağlı ailə; məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə və digər üzürlü səbəblərə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

Maddə 30. Ödənişsiz məzuniyyətlərin növləri və müddətləri

Ödənişsiz məzuniyyətlər qanunvericilikdə nəzərdə tutulan hallarda işçilərin arzusu və tərəflərin qarşılıqlı razılığı ilə verilir.

İşçilərin arzusu ilə aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilməlidir:

həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud uşağa bilavasitə qulluq edən ailənin digər üzvünə — uşaq dörd yaşına çatanadək;

arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə—14 təqvim gününədək;

16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara — 14 təqvim gününədək;

əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə — bir təqvim ayınadək; müharibədə, döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə— 14 təqvim gününədək;

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi zamanı zərərçəkən işçilərə — 14, təqvim gününədək;

qazanılmış immunitet çaqqışmazlığı sindromu (QİÇS) xəstəliyinə tutulmuş və ya immunitet çatışmazlığı virusu (İÇV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin 16 yaşınadək əlil uşağı olan valideynlərə—14 təqvim gününədək;

magistraturada, doktoranturada, aspiranturada təhsil alan işçilərə — bir təqvim ayınadək;

ali məktəblərdə qəbul imtahanlarına buraxılan işçilərə — 15, təqvim günü, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə — 10 təqvim günü;

müəllifə ixtirasının və ya səmərələşdirmə təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı — 14 təqvim gününədək;

ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə — səhiyyə müəssisələrinin rəyində göstərilən müddətdə.

    İşverənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi (bağlaşması) ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

VII f ə s i l   ƏMƏK MÜNASİBƏTLƏRİNƏ XİTAM VERİLƏRKƏN MƏZUNİYYƏT  HÜQUQUNUN TƏNZİMLƏNMƏSİ QAYDASI

Maddə 31. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi

Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə əmək müqaviləsinə xitam verilərkən (təqsirli hərəkətlərinə görə işverənin təşəbbüsü ilə işdən çıxarılma halları istisna olmaqla), işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.

Əmək müqaviləsində (bağlaşmasında) başqa hal nəzərdə tutulmayıbsa, müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilməsi hallarına da, bu qayda şamil edilə bilər. Bu zaman əmək müqaviləsinin (bağlaşmasının) müddəti məzuniyyət müddəti başa çatanadək uzadılmış hesab edilir.

İşçi bu maddədə nəzərdə tutulan hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Qanunun 32-ci maddəsi ilə müəyyən edilən qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.

Maddə 32. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi

Əmək münasibətlərində olan işçilərin Məzuniyyətlərinin pul ilə əvəz edilməsi qadağandır.

İşçi bu Qanunun 31-ci maddəsində göstərilən qaydada məzuniyyətdən istifadə etməklə işdən çıxarılmağını bildirməyibsə, təqsirli hərəkətlərinə görə işdən çıxarılma halları istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq ona istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi ödənilməlidir.

Əmək müqaviləsində (bağlaşmasında) istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ödənilməsinin başqa qaydası da nəzərdə tutula bilər.

Əmək münasibətlərinə, xitam verilərkən sosial məzuniyyətlər pul ilə əvəz edilmir.  

Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçi ilə həmin iş ili başa çatanadək əmək müqaviləsinə xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.

VIII f ə s i l   YEKUN MÜDDƏALARI

Maddə 33. Kollektiv müqavilələrlə (sazişlərlə) məzuniyyətlərin verilməsinin əlavə qaydalarının tənzimlənməsi

 Mülkiyyət formasından asılı olmayaraq müəssisələrdə işverənlər həmkarlar ittafaqı ilk təşkilatı ilə birlikdə müəssisənin hesabına məzuniyyətlərin başqa növlərini, onların müddətlərinin artırılmasını, məzuniyyət dövründə işçilərin ayrı-ayrı kateqoriyalarına və ya kollektivin bütün üzvlərinə əlavə maddi-məişət güzəştlərinin verilməsini kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tuta bilərlər.

Kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan şərtlərlə və qaydalarda, müəssisənin normal fəaliyyətini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işverənin təsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər.

Maddə 34. Məzuniyyət hüququnun təmin edilməsinə əməl olunmasına nəzarət     

Məzuniyyət hüququnun təmin, edilməsinə nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş orqanlar həyata keçirirlər,

Maddə 35. Məzuniyyət hüququnun pozulmasına görə məsuliyyət

İşçilərin məzuniyyət hüququnu, məhdudlaşdıran işverənlər, digər səlahiyyətli vəzifəli şəxslər qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilirlər.

Maddə 36. Məzuniyyət hüququnun həyata keçirilməsi zamanı meydana çıxan mübahisələrin həlli

Məzuniyyət hüququnun həyata keçirilməsi zamanı meydana çıxan əmək mübahisələrinə həmin mübahisələrin həlli qaydasını tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada baxılır.


Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV.

 Bakı şəhəri, 19 iyul 1994-cü il. № 854.

 



Загрузка...
Həmçinin oxuyun:
Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

Əmək məzuniyyəti

Əmək məzuniyyəti

Əmək məzuniyyətinin  verilməsi.

Əmək məzuniyyətinin verilməsi.

Əmək məzuniyyəti nədir ?  Kimlərə verilir ?

Əmək məzuniyyəti nədir ? Kimlərə verilir ?

Vətəndaşların istirahət hüququ

Vətəndaşların istirahət hüququ

İşçi nə qədər məzuniyyət pulu almalıdır?

İşçi nə qədər məzuniyyət pulu almalıdır?

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi  QAYDALARI

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi QAYDALARI

Yaradıcılıq məzuniyyətləri və onların müddətləri ƏMƏK MƏCƏLLƏSİ maddə 122 ŞƏRH

Yaradıcılıq məzuniyyətləri və onların müddətləri ƏMƏK MƏCƏLLƏSİ maddə 122 ŞƏRH

Sual  - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Sual - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Məzuniyyətin hesablanması qaydası və misalla izahı

Məzuniyyətin hesablanması qaydası və misalla izahı

Məzuniyyətin hesablanması qaydası və misalla izahı

Məzuniyyətin hesablanması qaydası və misalla izahı

Analıq məzuniyyətinə çıxanları ən çox bu düşündürür - Müavinətləri belə hesablanır

Analıq məzuniyyətinə çıxanları ən çox bu düşündürür - Müavinətləri belə hesablanır

TEST 1 Direktor olmaq istəyənlər üçün   İş vaxtı və istirahət vaxtı

TEST 1 Direktor olmaq istəyənlər üçün İş vaxtı və istirahət vaxtı

ƏMƏK MƏCƏLLƏSİ - Məzuniyyət vaxtı orta əmək haqqını Ödəmək üçün vəsaitin mənbələri

ƏMƏK MƏCƏLLƏSİ - Məzuniyyət vaxtı orta əmək haqqını Ödəmək üçün vəsaitin mənbələri

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

Əmək Məzuniyyətinin əvəzinə kompensasiyanın verilməsi

Əmək Məzuniyyətinin əvəzinə kompensasiyanın verilməsi

Əmək Məcəlləsinə ciddi dəyişilik edildi

Əmək Məcəlləsinə ciddi dəyişilik edildi

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

Müavinətin hesablanması və ödənilməsi qaydası

Müavinətin hesablanması və ödənilməsi qaydası

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

“ 01 yanvar 2018-ci ildən etibarən əmək müqaviləsinə xitam verilərkən tətbiq edilən YENİ QAYDALAR”

“ 01 yanvar 2018-ci ildən etibarən əmək müqaviləsinə xitam verilərkən tətbiq edilən YENİ QAYDALAR”

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası