AzTehsil.com
RU


Tədris işləri üzrə dr/müavini / Direktor / Ekspert / Məktəb Güşəsi
25 dekabr 2018
12 854


Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir



" Rəhbərlik etmək, yəni adamları öyrətmək  və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun ". Heydər ƏLİYEV
 

 

 

Son iki ildə dövlətimizin başçısının müvafiq sərəncamına uyğun olaraq ölkəmizdə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri keçirilməyə başlanmışdır. Müsabiqələrin keçirilməsi ilə bağlı ölkə Prezidentinin təsdiq etdiyi "Qaydalar"a əsasən məktəb rəhbərləri və müəllimlər bu prosesin 3-cü mərhələsində Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edirlər. Təbii ki, məktəb rəhbərləri məktəbin idarəolunması prinsipləri əsasında təlim-tərbiyə işinin qurulması, əldə olunan nailiyyətlər, işdəki problemlər və onların həlli yolları barədə məlumat verir, təkliflər irəli sürürlər. Bu müddət ərzində 200-dən artıq məktəb direktorunun təqdimatı dinlənilmiş və qiymətləndirimişdir. Təəssüf ki, bir çox direktorlar məktəbşünaslıq məsələlərini yaxşı bilmədiklərindən sistemli, ardıcıl, əsaslandırılmış məlumat verməkdə çətinlik çəkirlər. Ona görə ki, məktəblə, təhsillə bağlı direktiv sənədlərin və normativ-hüquqi aktların tələblərini yaxşı bilmirlər. Məktəb direktorları ilə aparılan söhbətlərdən, vətəndaşların müraciətlərindən, ərizə və şikayətlərindən, araşdırmalar zamanı rast gəlinən faktlardan aydın olur ki, onların bir çoxu məktəbşünaslıq məsələlərini - idarəetmənin prinsip, metod və formalarını kifayət qədər bilmədiyindən kobud səhvlər buraxır, əsaslandırılmamış qərarlar qəbul edir, süründürməçilik yaradır, bu da vətəndaşların haqlı narazılığına səbəb olur, məktəbdə həll olunası adi məsələlər üçün onlar yuxarı təşkilatlara, xüsusilə Təhsil Nazirliyinə müraciət etmək məcburiyyətində qalırlar. Bu da nazirliyin mərkəzi aparatına ərizə, şikayət axınına səbəb olur, aparatda gərginlik yaradır, lüzumsuz yerə vaxt, qüvvə və vəsait itkisinə gətirib çıxarır və s. Bütün bunları nəzərə alaraq məktəb rəhbərlərinin diqqətini məktəbin idarəolunması ilə bağlı məsələlərə cəlb etmək üçün istiqamətverici kiçik bir yazı ilə çıxış etməyi lazım bildik.

Ümumtəhsil məktəbinin qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi məktəbin idarəolunması, ona rəhbərlik edilməsi səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır. İdarəetmə sosial mənada, müəyyən obyektə təşkilatı, planlı və sistemli şəkildə təsir etmək kimi anlaşılır. Bu təsir müəssisənin fəaliyyətinin keyfiyyət xüsusiyyətlərinin nizama salınması və qorumnası, gələcək inkişafı və təkmilləşdirilməsini təmin edir.

Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı"nın tətbiqinə başlanmasından on il vaxt keçir. Bu illər ərzində Dünya Bankının dəstəyi ilə ümumi təhsilin məzmununun yeniləşdirilməsi, tədris-maddi bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi, idarəolunmasının təkmilləşdirilməsi, İKT ilə təmin edilməsi və s. sahələrdə xeyli iş görülmüşdür. Son on ildə (1998-2008) 700 min şagird yerlik 1600-dən çox yeni məktəb binası, əlavə tədris korpusu tikilib istifadəyə verilmiş və əsaslı təmir edilmişdir. 700-ə yaxın məktəb inventar-avadanlıqla təchiz edilmiş, məktəblərə müxtəlif ixtisaslar üzrə 11200-dən çox  müəllim göndərilmiş, informasiya-kommunikasiya texnologiyaları ilə təminat yaxşılaşdırılmışdır. Bu məsələ ilə bağlı bir Dövlət Proqramı yerinə yetirilmiş, 2008-ci ildən ikinci Dövlət Proqramı tətbiq olunmaqdadır. Hazırda V-XI sinif şagirdlərinin hər 29 nəfərinə bir kompüter düşür.

Bu müddət ərzində Azərbaycan hökuməti tərəfindən 1999-cu ildə ümumi orta təhsilin dövlət standartları, 2006-cı ildə ümumi təhsilin Konsepsiyası (kurikulumu), 2009-cu ildə ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası  təsdiq edilmişdir. ölkəmizdə 2005-2006-cı dərs ilindən ümumi orta təhsil üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılır və s.

Bütün bu məsələlərin həyata keçirilməsi prosesi məktəbdə gedir. Bu mürəkkəb prosesi idarə etmək - planlaşdırmaq, əlaqələndirmək, lazımi məcraya istiqamətləndirmək , xalqın, cəmiyyətin, dövlətin tələbinə uyğun ona rəhbərlik və nəzarət etmək yüksək peşəkarlıq tələb edir.

Məktəbin rəhbərliyi nəyi idarə edir?

1) Təlim-tərbiyə prosesinin təşkili və aparılmasını (icbari təhsilin yerinə yetirilməsi; siniflərin komplektləşdirilməsi, vaxtında IX sinfə çatdırılma, bütün fənlər üzrə ixtisaslı müəllimlərlə təmin olunma, fənlərin tədrisi vəziyyəti və şagirdlərin bilik, bacarıq və vərdişlərinin keyfiyyəti, metodbirləşmələrin işi, tədris proqramlarının yerinə yetirilməsi, fakültativ məşğələlərin təşkili və keçirilməsi, peşəyönümü işinin təşkili, sinifdənxaric və məktəbdənkənar tədbirlər, məktəb sənədləri, qərar, sərəncam, əmr və s. icrası və i.x.);

2) Tədris-maddi bazanı və maliyyə-təsərrüfat fəaliyyətini (məktəbin binası, otaqları, qurğuları, maşınlar, inventar-avadanlığı, kommunikasiyalar, kitabxanası, tərtibatı, məktəb muzeyləri, ərazisi və orada olan idman - sağlamlıq qurğuları, coğrafiya meydançası, laboratoriya və fənn kabinetləri, atıcılıq tiri, yanğına qarşı su hovuzu, smetaya əsasən ayrılmış vəsaitin səmərəli xərclənməsi, dərs bölgüsünün obyektiv aparılması, statistik hesabatların hazırlanması və s.) idarə edir.

İşin təşkili və məzmunu nöqteyi-nəzərindən bu bölmələrin hər biri spesifik xüsusiyyətlərə malikdir. Bölmələrdə qeyd edilən hər bir məsələ geniş bir sahəni əhatə edir və hər biri sanballı bir yazının mövzusudur.

Müasir şəraitdə təlim-tərbiyə məsələlərinin kompleks həllində məktəbin idarəolunmasının, ona rəhbərliyin rolu durmadan artır. İdarəetmə ilə müqayisədə "rəhbərlik" anlayışı daha geniş məna kəsb edir. çünki rəhbərlik idarəetmənin bütün həlqələri üzrə əsas istiqamətləri və başlıca məsələləri müəyyənləşdirir.

Məktəbin idarəolunması ilə bağlı bütün məsələlərin məcmuu - məktəbşünaslıq adlanır.

Məktəbşünaslıq - pedaqoji elmin məktəbin idarəolunmasının məqsədi, məzmunu və metodlarını, məktəbə rəhbərlik sistemini özündə ehtiva edən bir sahəsidir.

Başqa sözlə, məktəbşünaslıq-xalq və dövlət tərəfindən məktəbin qarşısına qoyulan vəzifələri uğurla həll etmək məqsədilə həyata keçirilən təşkilati-pedaqoji tədbirlər sistemidir.

Məktəbşünaslığın mövzusu məktəb işinin təşkili və idarəolunmasının məqsədyönlü prosesi, obyekti ümumi təhsil sisteminin və məktəbin idarəolunması üzrə təhsil orqanları və məktəb rəhbərliyinin çoxcəhətli fəaliyyətidir. "İdarə etmək-fəaliyyət göstərmək, təsir etməkdir"(Stendal),

Məktəbşünasığın metodoloji əsasını -1) Azərbaycan dövlətinin qanunvericiliyi, 2) ölkəmizdə məktəbə rəhbərlik və onun idarəolunması təcrübəsi, 3) pedaqoji elminin tarixi irsi təşkil edir.

Məktəbə rəhbərlik sosial xarakter daşıyır, cəmiyyətin və dövlətin irəli sürdüyü məsələlərin kompleks həlli ilə bağlıdır.

Azərbaycan Respublikasının Konstitusiyası, Təhsil Qanunu, təhsillə bağlı dövlət başçısının fərman və sərəncamları, Milli Məclisin qərarları, respublika hökumətinin qərar və sərəncamları ilə ifadə edilən - qanunvericilik sistemini məktəbə rəhbərlik və onun idarəedilməsinin əsasını təşkil edir.

Orta əsrlərdə məktəb və mədrəsələrin, XIX əsrin 30-cu illərindən rus-tatar məktəblərinin, Sovet hakimiyyəti illərində ümumtəhsil məktəblərinin idarəedilməsinin mütərəqqi ənənələri və tarixi təcrübəsi, Azərbaycan pedaqoji fikrinin görkəmli nümayəndələri N.Gəncəvi, N.Tusi, M.Füzuli, A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov, H.Zərdabi, S.Ə.Şirvani, F.Köçərli, R.Əfəndiyev, N.Nərimanov, M.Ə.Sabir, C.Məmmədquluzadə, F.Ağazadə, M.T.Sidqi, Ü.Hacıbəyov, S.S.Axundov, Ə.Seyidov,  M.Mehdizadə və başqalarının pedaqoji irsi məktəbin idarəolunması və ona rəhbərliyin əsas mənbələrindəndir.

Ümumtəhsil məktəbi gənc nəslin təlim-tərbiyəsini həyata keçirən müəssisə, daim dinamik inkişaf edən, uşaqlardan və yaşlılardan ibarət kollektivdir. ölkəmizdə məktəbin idarəolunması dövlətin, cəmiyyətin idarəedilməsi prinsipləri əsasında həyata keçirilir. Çünki məktəb cəmiyyətin özəyidir.

Respublikada təhsili idarə etmək və ona rəhbərlik sahəsində dövlət və ictimai özünüidarə sistemi yaradılmışdır. İdarəetmə və rəhbərlik nədir? Bu anlayışlar bir-birindən nə ilə fərqlənir?

Məktəbşünaslıqda "idarəetmə" anlayışı optimal nəticə əldə etmək məqsədilə məktəb işlərini mütəşəkkil, planlı, müntəzəm təşkil və təmin etmək, məktəb daxilində baş verən münasibətləri, mürəkkəb psixoloji, pedaqoji və metodik prosesləri şüurlu surətdə tənzimləməkdir.

İdarəetmə ilə əlaqədar işlər bir neçə mərhələdən ibarət olur. Məsələn, hər bir iş məqsəddən başlandığı kimi, idarəetmə də həmişə elmi cəhətdən əsaslandırılmıış məqsədin irəli sürülməsindən başlanır. Sonra vəziyyət öyrənilir və müvafiq məlumat əldə edilir. Həmin məlumat əsasında görüləcək işin proqramı tutulur. Bu proqram üzrə işin təşkili təmin olunur. Daha sonra, işin gedişi nəzarətdə saxlanılır, yeri gəldikcə stimullaşdırılır, təshih işi aparılır, pedaqoji təsir edilir, əks əlaqələr yaradılır və s. Nəhayət, işin sonunda əldə edilən məlumat ümumiləşdirilir, təhlil edilib qiymətləndirilir və gələcək fəaliyyət üçün müvafiq nəticələr çıxarılır. Əlbəttə, bütün bu mərhələlərdə idarə edən tərəf - yəni rəhbərlik aparıcı qüvvə kimi çıxış edir.

"Rəhbərlik" daha geniş anlayışdır. Məktəbşünaslıq baxımından o, məktəbi idarəetmənin əsas xətlərini, başlıca vəzifələrini müəyyən etmək, işə istiqamət vermək, başcılıq etmək deməkdir. Buradan aydın olur ki, rəhbər - idarəetməni həyata keçirən şəxsdir. Başqa sözlə, əmr etmək, qərar qəbul etmək, sərəncam vermək səlahiyyəti verilən şəxsdir. (O, şəxsiyyət olsa daha gözəl olar) İdarəetmənin obyektivliyi rəhbərdən çox asılıdır. Məktəbin özünüidarəsinin ali orqanı məktəbin ümumi yığıncağı - konfransdır. Konfranslar arasında ali ictimai özünüidarə orqanı məktəb şurasıdır. Təlim-tərbiyə prosesini inkişaf etdirmək və təkmilləşdirmək, müəllimlərin və tərbiyəçilərin peşə ustalığını, yaradıcılıq meyilini yüksəltmək məqsədilə məktəbdə pedaqoji şura yaradılır. Məktəbə direktor başçılıq edir. Məktəb həyatının əsas məsələləri demokratik prinsiplər əsasında kollegial orqanlarda - məktəb və pedaqoji şuralarda həll edilir. İdarəedici tərəf - rəhbər və kollegial orqan nə qədər çevik, səriştəli və peşəkar fəaliyyət göstərərsə, məktəbin idarəetmə işləri də bir o qədər müvəffəqiyyətlə gedər.

Məktəb rəhbərinin işi kollegial orqan olan məktəb və pedaqoji  şuraların işi ilə vəhdət təşkil  edir. Məktəbdə başqa kollegial qurumlar da fəaliyyət göstərir. Bu kollegial qurumlar müvafiq əsasnamələrə uyğun fəaliyyət göstərirlər.Məsələn, ibtidai sinif müəllimlərinin, sinif rəhbərlərinin və fənn müəllimlərinin metodbirləşmələri, valideyn komitəsi, valideyn-müəllim assosiasiyası,  həmkarlar təşkilatı, şagird birliyi təşkilatı, digər növ şagird özünüidarə orqanları və s.

Bəzi məktəblərdə kollegial orqan kimi direktoryanı müşavirə də fəaliyyət göstərir. Bütün bu kollegial orqanlar demokratik idarəetmənin ümumi strukturunun komponentləridir. Məktəb işinin keyfiyyətini yüksəltməklə  bağlı məsələlərin həllində onların hər biri öz imkanı və səlahiyyəti dairəsində fəaliyyət göstərir.

İdarəetmə və rəhbərlikdə demokratik iş üslubu təhsil şuralarının - ictimai özünüidarə orqanlarına, şagirdlərin fəaliyyətinin və özfəaliyyətinin hər vasitə ilə inkişaf etdirilərək maksimum dərəcədə özünütəşkilinə və özünüidarəsinə keçməsində, kollegial orqanların əməkdaşlığında, məktəb şuralarının tərkibinə müxtəlif kateqoriyalardan olan nümayəndələrin seçilməsində, onların hər birinin rəyinə hörmətlə yanaşılması əsasında həyata keçirilir.

Demokratikləşdirmə əvvəlki dövrlərdə hakim olan inzibati-amirlik üsullarını rədd edir, idarəetmə və rəhbərliyi əməkdaşlıq üzərində qərarlaşdırır, məktəbi uşaqlar üçün sevinc məktəbinə və sözün əsl mənasında, tərbiyə ocağına çevirir. Əlbəttə bu, məktəb rəhbərlərinin məsuliyyətini əsla azaltmır. Bu adamların hər biri idarəetmə və rəhbərlik baxımından öhdələrinə düşən rolu yüksək səviyyədə yerinə yetirməyə borcludur. Həmin rol, vəzifə və hüquqlar orta ümumtəhsil məktəbinin nümunəvi Əsasnaməsində və digər normativ sənədlərdə konkret şəkildə əks etdirilmişdir. Məsələn, direktor pedaqoji kadrların düzgün seçilib yerləşdirilməsini təmin etməli, onların öz ixtisaslarını artırmaq, elmi-nəzəri, təcrübi, mənəvi və mədəni səviyyələrini yüksəltmələri üçün əlverişli şərait yaratmalı, şagirdlərin intizamına, təlim-tərbiyə işlərinin keyfiyyətinə, məktəbdəki şagird özünüidarə orqanlarının və valideyn komitəsinin, valideyn-müəllim assosiasiyasının tədbirlərinə, sinifdənxaric və məktəbdənkənar işlərin məzmun və təşkilinə nəzarəti həyata keçirməli, məktəbin təmiri, maddi-texniki bazasının zənginləşdirilməsi, ayrılmış maliyyə vəsaitinin düzgün xərclənməsi və sair bu kimi mühüm işlərin qayğısına qalmalıdır.

İdarəetmənin və rəhbərliyin prinsiplərindən biri də aşkarlıq və obyektivlikdir. Aşkarlıq və obyektivlik demokratiyanın təzahür formasıdır. Aşkarlıq - hər şeyin hamı üçün aydın olması deməkdir. Təcrübə göstərir ki, məxfilik işdəki qüsurların daha da dərinləşməsinə səbəb olur və ictimai bəlaya çevrilir. Aşkarlıq və obyektivlik olmayan yerdə təlim-tərbiyə işlərinin vəziyyətini düzgün müəyyənləşdirmək, pedaqoji kollektivin, yaxud ayrı-ayrı müəllimlərin və ya tərbiyəçilərin fəaliyyətini lazımi şəkildə qiymətləndirmək, işdə müvəffəqiyyətə nail olmaq mümkün deyildir. Bu prinsip nəzarət üçün xüsusilə vacibdir. Nəzarətdə aşkarlıq və obyektivlik fakt və hadisələri dərindən və elmi surətdə təhlil etməyi, prinsipial olmağı, subyektivliyə yol verməməyi, ədalətli mövqe tutmağı tələb edir.

Məktəb rəhbərinin davranışı, iş yoldaşlarına və başqa adamlara münasibəti də obyektivlik və prinsipiallığı ilə fərqlənməlidir. Bütün cəhətlərdən onun şəxsiyyəti insanlara müsbət mənada tərbiyələndirici təsir göstərməlidir.

Ən vacib prinsiplər sırasında elmilik mühüm yer tutur. ümumiyyətlə, yaxşı idarəetmə və rəhbərlik üçün peşəkarlıq, səriştəlilik, təcrübə, işgüzarlıq, dərin bilik və bunların vəhdəti çox vacibdir. Bu vəhdət isə pedaqogika, psixologiya və sosiologiya elmlərinin nailiyyətlərinə yiyələndikdə və onları təcrübədə tətbiq etdıkdə yaranır. Bu keyfiyyətlər məktəb rəhbərləri, xüsusilə direktor üçün səciyyəvi olmalıdır. Məktəb rəhbərləri geniş dünyagörüşünə, zəngin məlumata, yeni üsullar axtarmaq, tapmaq, işdə tətbiq etmək qabiliyyətinə malik olmalı, mürəkkəb təşkilati və pedaqoji məsələləri yaradıcılıqla və operativ surətdə həll etməyi bacarmalıdırlar.

Elmi idarəetmə - cəmiyyətin inkişaf qanunauyğunluqlarını, mütərəqqi meyillərini dərk etmək və üzə çıxarmaq, obyektiv imkanları nəzərə almaqla mütərəqqi meyillərə müvafiq onu istiqamətləndirməkdir.

Əgər məktəbin direktoru ümumən idarəetmənin, xüsusilə məktəb kollektivinə rəhbərliyin elmi-nəzəri və praktik əsaslarını bilirsə o, işini elmi nailiyyətlərə və qabaqcıl təcrübəyə əsaslanaraq dəqiq qurur, idarəetmə metodlarını ağılla tətbiq edirsə, onda pedaqoji kollektivlə rəhbərlik arasında qarşılıqlı anlaşma yaranır, müəllimlərin əməyi səmərəli təşkil olunur, onların elmi-nəzəri səviyyəsi  və peşəkarlığı yüksəlir.

İdarəetmə işinə elmi yanaşma mövcud vəziyyəti obyektiv qiymətləndirməyi təmin edir, məktəb kollektivinin fəaliyyətinə təkanverici təsir etməyə imkan yaradır. Əldə edilən nailiyyətəri elmi mövqedən ümumiləşdirmək bacarığı, real perspektiv planlar işləməyə, pedaqoji kollektivin qüvvəsini onun (planın) yerinə yetirilməsinə istiqamətləndirməyə kömək edir, məktəblilərin təlim-tərbiyəsinin səviyyəsini daha da yüksəltmək üçün yeni yollar açır.

İdarəetmə və rəhbərliyin prinsiplərindən biri də planlaşdırma və nəzarətdir. Planlaşdırma idarəetmənin mərkəzi həlqəsidir. İdarəetmə sistemində planlaşdırmanın mühüm rol oynadığı sübuta ehtiyacı olmayan bir həqiqətdir. Hər bir iş planlaşdırmadan başlanır. Plan ölçüdür, meyardır, mayakdır, kompasdır. Planlaşdırma - şagirdlərin təlim-tərbiyəsini daha da yaxşılaşdırmaq üçün nəzərdə tutulan kompleks tədbirlərin müəyyənləşdirilməsi və sistemləşdirilməsidir. Bəs nəzarət nədir? Nəzarət idarəetmənin əsas tərkib hissələrindəndir. O, öz ifadəsini qəbul edilmiş qanunların, qərarların, sərəncamların, əsasnamələrin, qaydaların, təlimatların, əmrlərin və s. icrasının tələbə uyğunluğunu yoxlamaq deməkdir.

Məktəb rəhbərləri, ilk növbədə, direktor əvvəlcədən ciddi götür-qoy edib planlaşdırdığı və icra üçün kiməsə, yaxud kimlərəsə tapşırdığı işin, qərarın, əmrin, sərəncamın və s. necə yerinə yetirildiyini, mövcud tələblərə uyğun görülüb-görülmədiyini müntəzəm surətdə müşahidə etməli, müvəffəqiyyət və nöqsanları vaxtında aşkara çıxarmalı, müvəffəqiyyətləri möhkəmlətmək, nöqsanları isə aradan qaldırmaq üçün tədbirlər müəyyənləşdirməlidir.

"Nəzarət-obyektin fəaliyyətinin qəbul edilmiş qərarların, planların, normaların, standartların, qaydaların, əmrlərin və s. tələblərinə müvafiqliyini müəyyənləşdirmək üçün aparılan müşahidələr və yoxlamalar sistemidir". (V.Q.Afanasyev).

Mövcud reallığı nəzərə almaqla görüləcək işlərin düzgün planlaşdırılması, icrasına operativ nəzarət edilməsi  və nəticəsinin nəzərə alınması  müvəffəqiyyətin rəhnidir.

Pedaqoji rəhbərlik və idarəetmədə məktəb

daxili nəzarət mühüm yer tutduğundan, həm də o, çoxsahəli və mürəkkəb iş olduğundan bu işin məqsədini, məzmununu, forma və metodlarını dəqiq müəyyənləşdirmək, yaxşı dərk etmək lazımdır.

Məktəbdaxili nəzarətin məqsədi - direktiv və normativ-hüquqi sənədlərdə irəli sürülən, məktəbin qarşısında qoyulan vəzifələrin icrasını maksimum təmin etməkdən ibarətdir. Nəzarətin qarşısında həmçinin pedaqoji prosesin yaxşılaşdırılmasına nail olmaq, təcrübəsiz müəllimlərə kömək göstərmək, işin vəziyyətini ətraflı öyrənməklə vaxtında təshih etmək kimi məqsədlər durur. Bu məqsədlərə əməl edildikdə işdəki səhvlərin qarşısını vaxtında almaq, təlim-tərbiyənin səmərəsini artırmaq daha asan mümkün olur.

Məktəbdaxili nəzarət mürəkkəb məzmuna malik olmaqla geniş sahələri əhatə edir. Həmin sahələr daim bir-biri ilə qarşılıqlı əlaqədədır.

Məktəbdaxili nəzarətin strukturuna daxil olan sahələr çox və rəngarəng  olduğu kimi, həmin sahələr üzrə aparılan işin (nəzarətin) forma və metodları da müxtəlifdir.

Pedaqoji ədəbiyyatda nəzarətin ümumi, xüsusi və spesifik formalarını qeyd edirlər.

Məktəbdaxili nəzarətdə fəaliyyət göstərən ümumi formalara - tematik (məsələn, məktəb işinin bu və ya digər sahəsinin müəyyən mövzu çərçıvəsində müşahidə edilməsi, yoxlanılması, öyrənilməsi), frontal (məsələn, məktəb işinin bütöv bir sahəsinin öyrənilməsi, yaxud eyni vaxtda sinif şagirdlərinin hamısının təlim-tərbiyə fəaliyyətinin nəzarətdə saxlanması və s.), kompleks (misal üçün məktəbin, yaxud bütöv bir pedaqoji kollektivin fəaliyyətinin hərtərəfli yoxlanması) və qrup halında nəzarət formaları daxildir (məsələn, məktəbdə eyni fəndən dərs deyən müəllimlərin dərslərinin yoxlanılması, yaxud bir qrup şagirdin bilik və tərbiyəlilik səviyyəsinin nə dərəcədə olmasını müəyyənləşdirmək və s.).

Xüsusi formalara - fərdi nəzarət (məsələn, tək bir müəllimin fəaliyyətinin öyrənilməsi), icmal nəzarəti (təlimin metodlarını təkmilləşdirmək sahəsində kollektivin gördüyü işlərə dair müəyyən təsəvvür əldə etmək məqsədilə aparılan yoxlama, yaxud rüblərin, dərs ilinin sonunda yekun xarakteri daşıyan yoxlamalar və s.), izləyici nəzarət (misal üçün bir neçə müəllimin bu və ya digər sahədəki fəaliyyətini uzun müddət ərzində müəyyən ardıcıllıqla müşahidə edib öyrənmək), müqayisəli nəzarət (məsələn, bir sinfin təlim müvəffəqiyyətini başqa bir paralel sinfin təlim müvəffəqiyyəti ilə müqayisəli şəkildə öyrənmək), ümumiləşdirici nəzarət (məsələn, hər hansı sinif çərçivəsində müəyyən sahə üzrə aparılan bir neçə günlük yoxlamanın nəticəsinin ümumiləşdirilməsini) və s. formaları aid etmək olar.

Məktəbdaxili nəzarətin spesifik formaları da vardır. Bunlar məktəbdaxili nəzarətin strukturuna daxil olan sahələrin özləri qədər müxtəlifdir. Belə ki, spesifik nəzarət formaları hər sahənin ancaq özünəməxsus olan, ancaq onun üçün  səciyyəvi olan yoxlamalardır. Dərsin müşahidəsi, sinif rəhbərinin tərbiyəvi işinin, dərs cədvəlinin tərtibinin pedaqoji tələblərə uyğunluğunun yoxlanması, məktəbin təsərrüfat fəaliyyətinə nəzarət və sair belə yoxlamalar spesifik yoxlamalardır.

Məktəbdaxili nəzarət məktəbin rəhbər işçiləri tərəfindən nəzakətlə və xeyirxahlıqla aparılmalıdır. Həmin prosesdə müşahidə, müsahibə, anket sorğusu, test tətbiqi, müvafiq sənədlərin öyrənilməsi və s. (şifahi, yazılı, qrafik və sair növləri ilə) metodlardan geniş istifadə olunur. Məktəb rəhbərləri müəllimlərin, sinif rəhbərlərinin və şagirdlərin fəaliyyəti üzərində müntəzəm surətdə müşahidə aparmaqla, müxtəlif növ yoxlama işləri keçirməklə, təhlil və ümumiləşdirmələr aparmaqla dərslərdə və tərbiyəvi tədbirlərdə vaxtaşırı iştirak etməklə, məktəb sənədlərini (şagirdlərin şəxsi işləri, sinif jurnalları və s.) öyrənməklə, sinif rəhbərlərinin, şagird özünüidarə təşkilatlarının plan və hesabatları ilə əyani surətdə tanış olmaqla, pedaqoji və şagird kollektivinin üzvləri arasında sorğu aparmaqla və digər növ nəzarət metodlarından yerli-yerində istifadə etməklə müvafiq sahələrdə olan çatışmazlıqların qarşısını vaxtında almalıdırlar. Eyni zamanda onlar perspektivdə görüləsi işlərin məzmununu, xarakterini, həcmini, icra vaxtını müəyyənləşdirməli, həmin məsələlər üzrə dəqiq tövsiyələrini verməlidirlər. Lazım gəldikdə nəzarətin nəticələri ya məktəb şurasında, ya pedaqoji şurada, ya da fənn metodbirləşmələrində və s. müzakirə edilməli, müəllim, şagird və valideynlərə çatdırılmalıdır.

Məktəbin qarşısında qoyulmuş məsələlərin həllini operativ surətdə həyata keçirmək üçün onun idarəolunmasını optimallaşdırmaq lazımdır. Optimallaşdırmanın mahiyyəti - vaxt, qüvvə və vəsaitin səmərəli sərf ediməsi ilə yüksək nəticələrə nail olmaqdan ibarətdir.

Məktəbi idarəetmə o zaman optimal sayılır ki, qarşıya qoyulmuş vəzifələr nəzərdə tutulmuş müddətdə yüksək keyfiyyətlə yerinə yetirilmiş olsun. Bundan ötrü ən azı aşağıdakı şərtlərə əməl edilməlidir:

- kadrlarla təminatda müəyyən edilmiş qaydalara əməl olunmalıdır. Hər şeyi kadrlar həll etdiyindən məktəbdə səriştəli, işgüzar, stabil müəllim və tərbiyəçilər kollektivi olmalıdır. Eyni zamanda hər bir müəllim, tərbiyəçinin müvafiq normativ-hüquqi sənədlərdə müəyyənləşdirilmiş müddətlərdə ixtisasartırma kurslarına göndərilməsi və vaxtaşırı attestasiyadan keçirilməsi, qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yaradıcılıqla tətbiqi təmin olunmalıdır;

- məktəbin maddi-texniki bazası daim möhkəmləndirilməli, hər bir məktəb normal tədris binaları, müasir təlim avadanlığı, informasiya və kommunikasiya texnologiyaları, digər tədris ləvazimatları ilə və s. təchiz edilməlidir;

- idarəetmə, sözün həqiqi mənasında, demokratikləşdirilməlidir. Bu sahədə sərt reqlamentləşdirmə, bürokratik mərkəzləşdirmə, inzibati-amirlik hallarına son qoyulmalı, yerli orqanların, valideynlərin, ictimaiyyətin geniş iştirakına, şagird özfəaliyyətinin hər vasitə ilə inkişaf etdirilməsinə nail olunmalıdır, məktəbdə kollektivin hər hansı üzvünün rəyinə hörmət şəraiti yaradılmalıdır;

- idarəetmə stimullaşdırılmalıdır, yaxşı müəllimlər, tərbiyəçilər və digər işçilər maddi və mənəvi cəhətdən mükafatlandırılmalıdırlar, onların nüfuzu hər vasitə ilə artırılmalıdır, pedaqoji kollektivdə sağlam və xoş psixoloji iqlim yaradılmalıdır.

Sosioloqlar qeyd edirlər ki, sağlam mikroklimat əməkhaqqı səviyyəsindən çox əhəmiyyət kəsb edir.

İşlərin düzgün planlaşdırılmasına və görülmüş işlərin vaxtlı-vaxtında təhlil edilməsinə nail olunmalıdır; qarşıya qoyulmuş vəzifələrin nə dərəcədə yerinə yetirildiyi müəyyənləşdirilməli və perspektiv tədbirlər hazırlanıb ətraflı götür-qoy edilməli, əməyin elmi təşkilinə nail olunmalıdır.

Bütün bu qeyd olunan şərtlərə düzgün əməl olunması məktəbi idarəetməni optimallaşdırmaq, yəni nisbətən az qüvvə və vəsait sərf etməklə, nisbətən qısa müddətdə fəaliyyətində daha yaxşı nəticələr qazanmaq yolunda ən etibarlı təminatdır.

Optimallaşdırmanı inkişaf etdirərək idarəetmənin intensivləşdirilməsinə nail olmaq gərəkdir. İntensivləşdirmənin mahiyyəti vaxta qənaətdən ibarətdir. Vaxt-temp, ritm, sürət deməkdir. Temp, ritm, sürət nə qədər yüksək olarsa, vaxt da o qədər həcmli və məzmunlu olar.

Müasir dövr yüksək ixtisaslı, elmi-nəzəri və metodiki cəhətdən yetkin və səriştəli müəllim kadrları tələb edir. Belə kadrlar olmasa, məktəbin fəaliyyətini pedaqoji cəhətdən məqsədəuyğun şəkildə təşkil etmək, təlim-tərbiyənin keyfiyyətini günün tələbləri səviyyəsinə qaldırmaq mümkün deyil. Müəllimlərin elmi-nəzəri və praktik səviyyəsinin yüksəldilməsinə kömək edən amillərdən biri də məktəbdə müəllimlərlə aparılan metodik işlərdir.

Hazırda məktəbdə metodik işlərin iki forması - fərdi və kollektiv formaları geniş yayılmışdır.

Fərdi iş formasına-müəllimin öz planı əsasında qabaqcıl pedaqoji təcrübəni öyrənməsi, səriştəli həmkarlarının dərslərini, yaxud pedaqoji və metodik mövzulara həsr olunmuş radio və televiziya verilişlərini müntəzəm surətdə dinləyib özü üçün nəticə çıxarması, İKT-nin imkanlarından istifadə etməklə İnternet vasitəsilə lazımi informasiyaları əldə etməsi, özünütəhsil yolu ilə pedaqoji, psixoloji və metodik ədəbiyyatı mütaliə etməsi, elmi-praktik konfranslarda, ixtisasartırma kurslarında, treninqlərdə vaxtaşırı iştirakı, pedaqoji və metodiki mövzularda layihə hazırlaması, məruzə ilə çıxış etməsi, məqalə yazması və s. daxildir.

Metodiki işin kollektiv forması isə ibtidai sinif müəllimlərinin, sinif rəhbərlərinin, günüuzadılmış qrup tərbiyəçilərinin, fənlər üzrə müəllimlərin metodbirləşmələrində həmkarlıq birləşməsidir.

Metodik işin fənlər üzrə kollektiv formalarında müxtəlif xarakterli işlər aparılır. Nümunə üçün aşağıdakıları göstərmək olar: müvafiq fənlər üzrə tədris proqramları materiallarının məqsədəuyğun şəkildə planlaşdırılması, qabaqcıl iş təcrübəsinin öyrənilib ümumiləşdirilməsi, "açıq dərs"lərin planlaşdırılması, təşkili və təhlili (kollektiv müzakirəsi), psixologiya, pedaqogika və metodikaya aid elmi yenilikləri müəllimlər arasında yaymaq, müvafiq mövzunun və ya fənnin tədrisi zamanı özünü göstərə biləcək çətinliklərin qarşısını vaxtında almaq üçün tədbirlər görülməsi, yeni çıxmış dərslik və ya metodik vəsaitin müzakirəsi, metodbirləşmə üzvlərinin öz qüvvəsi ilə müəyyən vəsait hazırlamaq, təlimin səmərəli vasitə və yollarını müəyyənləşdirib tövsiyə etmək, müəllimlərin fəaliyyətindəki nailiyyətləri əks etdirən sərgilər düzəltmək, rəhbər orqanların təlimati və metodik məktublarının, tövsiyələrinin öyrənilməsi və həyata keçirilməsi, metodbirləşmə üzvlərinin tematik planlarının nəzərdən keçirilməsi, fakültativlərin işinin istiqamətləndirilməsi və s.

Məktəb apardığı təlim-tərbiyə işlərini dövrün tələbləri səviyyəsində təşkil etmək üçün zəngin maddi-texniki bazaya malik olmalıdır. Bu anlayışa nələrin daxil olduğunu yuxarıda qeyd etmişik, ona görə də maddi-texniki bazaya daxil olan parametrləri bir daha təkrar sadalamağı məqsədəuyğun hesab etmədik.

Ölkədə təhsil sahəsində aparılan islahatlar "ümumi icbari orta təhsilin təkmilləşdirilməsi və inkişafı, hər şeydən əvvəl, onun tədris-maddi bazasının lazımi şəraitlə - təlim-tərbiyə işlərinin aparılması üçün zəruri olan müvafiq baza ilə, ...təmin olunmasını qətiyyətlə tələb edir" (M.Mehdizadə).

Məktəbin maddi-texniki bazasının zənginliyi başlıca olaraq onun maliyyə-təsərrüfat fəaliyyətinin düzgün təşkilindən asılıdır.

Məktəb direktoru maliyyə vəsaitini xərclər smetasının müvafiq maddələri (əməkhaqqı, dəftərxana və təsərrüfat xəcləri, inventar və avadanlıq əldə etmək üçün xərclər, məktəbin əsaslı təmir xərci və s.) üzrə məqsədyönlü planlaşdırmağı və onun səmərəli xərclənməsi yollarını yaxşı bilməlidir. Unutmamalı ki, büdcə vəsaitindən düzgün, səmərəli istifadə məktəbin bütün fəaliyyətini yaxşılaşdırmaq sahəsində çox mühüm şərtlərdəndir.

Məktəb sosial təsisat olmaqla yanaşı, cəmiyyətin və şəxsiyyətin təhsil tələbatı kimi dövlətin də təhsil tələbatını eyni dərəcədə ödəmək məqsədini daşıyan ictimai dövlət sistemidir. Müasir şəraitdə onun təşkilinin formaları və prinsipləri son dərəcə rəngarəng olsa da mövqeyi, tərbiyə və təhsil sahəsində apardığı xətləri eynidir. Demokratikləşdirmə, humanistləşdirmə, diferensiallaşdrma və fərdiləşdirmə.

Məktəbi idarə etmək və ona rəhbərliklə bağlı müvafiq sənədlərin düzgün tərtibi və aparılması da mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 mart 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş ümumtəhsil məktəbinin nümunəvi "Əsasnamə"sində məktəb sənədləri xarakterinə görə iki qrupa bölünür: birincisi - tədris-pedaqoji, ikincisi - maliyyə-təsərrüfat sənədləri.

Məktəbin tədris-pedaqoji sənədləri aşağıdakılardır: şagirdin şəxsi işi, sinif jurnalı, maraq üzrə kurs məşğələlərinin jurnalı, günüuzadılmış qrupun jurnalı, əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabı, orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı, pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı, məktəbin pedaqoji şurasının protokolu kitabı, məktəb şurasının protokolu kitabı, məktəb üzrə əmr kitabı, buraxılan və əvəz edilən dərslərin uçotu kitabı.

Məktəbin maliyyə-təsərrüfat sənədlərinə aiddir: məktəbin texniki pasportu, əsas vəsaitlərin inventar siyahısı, materialların anbar uçotu kitabı, müəssisənin ehtiyacı üçün materialların verilməsi cədvəli, istismarda olan ucuz qiymətli və tez işlənən əşyaların hərəkətinin operativ (miqdarca) uçotu cədvəli, məktəbin kitabxana fondunun inventar  kitabı.

Göstərilən sənədlərin aparılmasına və düzgünlüyünə, habelə əmlakının bütövlüyünə və mühafizəsinə, onun təyinatına uyğun istifadə olunmasına cavabdeh olan şəxslər qanunvericilikdə müəyyən olunmuş qaydada məktəb direktorunun əmri ilə təyin olunurlar.

Məktəb rəhbərləri müvafiq normativ-hüquqi sənədlərin tələblərinə uyğun olaraq məktəb sənədlərinin düzgün tərtibi və saxlanması üçün məsuliyyət daşıyırlar.

Çox təəssüf ki, bir sıra məktəb direktorları müəyyən məqsəd güdərək, məsuliyyətini unudub, keçid dövrünün ilk illərində yaranmış hərc-mərclikdən sui-istifadə edərək, məktəbin texniki pasportunu "itirməklə", bəzi məktəblərimizin ərazisinin bir hissəsinin təhsilə xor baxanlar tərəfindən zəbt edilməsinə şərait yaratdılar.

Müasir şəraitdə məktəbin sosial rolunun artması, təlim-tərbiyənin məqsəd və məzmununun dinamikliyi, yeni-bazar iqtisadiyyatı cəmiyyətinin tələblərinə uyğunlaşdırılması təhsil prosesinin subyektlərinin, xüsusilə şagirdlərin  daim inkişafda olması, elmi-texniki tərəqqi, təhsil sistemimizin Avropa və dünya təhsil sisteminə inteqrasiya olunma prosesi və sair məktəbin idarəolunmasını günün tələbləri səviyyəsində qurmağı zəruri edir.

"Bizim dövrümüz - nəzəri cəlb edən, kəskin effekt dövrüdür. Həqiqəti sadəcə qeyd etmək artıq kifayət deyil. Həqiqəti canlı, maraqlı və həyəcanlı (gərgin) etmək lazımdır" (D.Karneqi)

Bütün bunlar məktəb rəhbərlərindən daim elmi-nəzəri və praktik biliklərini artırmağı, qarşıya çıxan məsələləri operativ, obyektiv və yaradıcı şəkildə həll etməyi tələb edir.  Məktəb rəhbəri ən yaxşı təşkilatçı-pedaqoq, ən yaxşı müəllim, ən yaxşı tərbiyəçi olmalıdır. Bu funksiyaları yerinə yetirmək üçün məktəb rəhbəri biliyi, savadı,  bacarığı, işgüzarlığı, təşəbbüskarlığı, bütün varlığı və mənəviyyatı ilə hamıya nümunə olmalıdır.

 

Arif MURADOV,  Təhsil Nazirliyinin şöbə müdiri,  respublikanın əməkdar müəllimi 21.08.2009-cu il.
 



Загрузка...