1. Təlim-tərbiyə prosesini və məktəbin gündəlik fəaliyyətini direktor həyata keçirir:
a) məktəbin nizamnaməsi və daxili əmək intizamı qaydaları ilə məktəbin işçilərinə həvalə edilmiş vəzifələrə riayət olunmasını təmin etmək;
b) ixtisas və peşə dərəcəsinə uyğun olaraq məktəbin işçilərinin əməyini düzgün təşkil etmək, onların hər birini müəyyənləşdirilmiş iş yerində möhkəmləndirmək, avadanlığın saz vəziyyətdə saxlanmasını, işçilərin əmək şəraitinin sağlam və təhlükəsizliyini təmin etmək;
c) əmək və istehsalat intizamının ciddi surətdə gözlənilməsini təmin etmək, iş vaxtının itirilməsinin aradan qaldırılmasına, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, sabit əmək kollektivinin formalaşdırılmasına, məktəbdə sağlam iş şəraitinin yaradılmasına yönəldilmiş təşkilati və mənəvi tərbiyə işlərini həyata keçirmək, əmək intizamını pozanlara qarşı vaxtında təsirli tədbir görmək;
ç) işçi alkoqollu içkilər, narkotik maddələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gələrsə, həmin gün işçini öz vəzifəsini yerinə yetirməyə buraxmamaq və mövcud qanunvericiliyə əsasən onun haqqında müvafiq tədbirlər görmək;
d) təlim-tərbiyə prosesini təkmilləşdirmək, əməyin elmi təşkilinin tətbiqi üçün şərait yaratmaq, işin keyfiyyətini, əmək mədəniyyətini yüksəltmək üzrə tədbirlər həyata keçirmək, öz məktəbinin və digər məktəb kollektivlərinin qabaqcıl pedaqoji təcrübəsinin öyrənilməsi, yayılması və tətbiqini təşkil etmək;
e) müntəzəm olaraq məktəb işçilərinin yaradıcılıq və axtarışlarının inkişaf etdirilməsini, peşə ixtisası səviyyəsinin artırılmasını təmin etmək, müəyyən olunmuş vaxtda müvafiq əsasnamələrə uyğun olaraq pedaqoji işçilərin attestasiyasını keçirmək, işləməklə yanaşı tədris müəssisələrində təhsil alan işçilər üçün şərait yaratmaq;
ə) məktəbi zəruri avadanlıqlarla, tədris vəsaitləri və təsərrüfat inventarları ilə vaxtında təmin etmək üçün tədbirlər görmək;
f) əmək qanunvericiliyinə uyğun olaraq əməyin mühafizəsi qaydalarına əməl etmək və işçilərin iş şəraitini yaxşılaşdırmaq;
g) şagirdlərin və məktəb işçilərinin həyatının və sağlamlığının qorunması üçün təminedici şərait yaratmaq, işçilərin texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə qaydalarına dair təminatın tələblərini bilmək, onlara riayət olunmasına nəzarət etmək;
ğ) dövlət əmlakının mühafizəsini təmin etmək;
h) müəyyən olunmuş müddətlərdə əməkhaqqının verilməsi üçün tələb olunan sənədləri təqdim etmək, işçilərin əməyinin ödənilməsi şərtlərinə riayət olunmasını və əməkhaqqı fondunun səmərəli xərclənməsi üzərində müntəzəm nəzarəti təmin etmək;
x) məktəb işçilərinin gündəlik ehtiyaclarına həssaslıqla yanaşmaq, onlar üçün qanunvericilik əsasında müəyyən edilmiş güzəşt və üstünlüklərin verilməsini təmin etmək;
y) əməyin mənəvi və maddi cəhətdən stimullaşdırılması rolunu artırmaq, qabaqcıl işçilərin həvəsləndirilməsi məsələlərini həll etmək;
z) əmək kollektivində işgüzar, yaradıcı şəraitin yaradılmasına kömək göstərmək, işçilərin təşəbbüsünü və fəallığını hərtərəfli müdafiə və inkişaf etdirmək, əmək kollektivlərinin yığıncaqlar; istehsalat müşavirələri və müxtəlif ictimai fəaliyyət formalarından bütövlükdə istifadə edərək məktəbin idarə edilməsində iştirakını təmin etmək, işçilərin tənqidi qeydlərinə vaxtında baxmaq və görülən tədbirlər haqqında onlara məlumat vermək.
2. Məktəbin müdiriyyəti şagirdlərin məktəbdə olduqları və məktəb tərəfindən təşkil edilmiş tədbirlərdə iştirak etdikləri vaxtlarda onların həyatı və sağlamlığı üçün məsuliyyət daşıyır. Zədələnmənin bütün hallarında müəyyən edilmiş qaydada rayon (şəhər) təhsil şöbəsinə və müvafiq həmkarlar ittifaqı komitəsinə məlumat verir.
22. Məktəbin müdiriyyəti öz vəzifəsini müvafiq hallarda həmkarlar ittifaqı komitəsi ilə birlikdə və ya onunla razılaşdırmaqla, həmçinin əmək kollektivinin səlahiyyəti daxilində həyata keçirir.
Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqıRespublika Komitəsi tərəfindən «30» iyun 2010-cu il tarixində təsdiq edilmişdir.