Pedaqoji idarəetmədə hesabatlılıq
Hesabatlılıq ümumi fəaliyyətin müntəzəmliyini və vaxtaşırı müzakirə olunmasını təmin edir. Hər bir fərdin vəzifə funksiyalarına məsuliyyətlə yanaşmasına, cavabdehliyinə mühüm şərait yaradır. Bu zaman məsuliyyətin bölüşdürülməsi ümumi təhsilin idarə olunmasında kollegiallıq, demokratiklik, sistemlilik və şəffaflıq yaradan mühüm amil kimi meydana çıxır, ümumi fəaliyyətin səmərəli planlaşdırılmasına və nəzərdə tutulan tədbirlərin icrasına çevik nəzarət mexanizminin müəyyənləşdirilməsinə xidmət edir. Pedaqoji idarəetmədə əsas amillərdən biri hesabatlılıq sistimi mexanizm olaraq yaratmaqdır. Əgər idarəetmədə keyfiyyətin yüksəldilməsinin əsas formaları proqnozlaşdırma və planlaşdırmadırsa, hesabatvermə isə onun auditidir.
Hesabatda məktəbin ümumi fəaliyyəti şəffaflıqla öz əksini tapmalıdır. Burada işdə olan nöqsanlar, geriləmələr gizlədilmədən göstərilməli, onları doğuran səbəblərin obyektiv və subyektiv cəhətləri təhlil olunmalıdır. Bununla yanaşı, məktəbin uğurları, keyfiyyətin dinamikası və əldə olunan nailiyyətlərin müqayisəli təhlili də verilməlidir. Bir sözlə, məktəbin təlim, tərbiyə, tədris, hətta maddi texniki resursların vəziyyəti də öyrənilərək hesabatda əlavə olunmalıdır. Ümumtəhsil məktəblərinin idarəedilməsidə hesabatvermə aşağıdan yuxarıya doğru hesabatların hazırlanıb verilməsi, proqnozların və planlaşdırmanın icrasının nə dərəcədə həyata keçirilməsi və proqnozun təhlilində keyfiyyətin yüksəldilməsinə gedən dinamikaya bir baxış xarakteri daşıyır.
Ümumtəhsil məktəblərində hesabatlılıq aşağıdan yuxarıya doğru ardıcıllıqla həyata keçrilir. Fənn müəllimlərinin, sinif rəhbərlərinin, məktəb uşaq birliyi rəhbərlərinin, məktəb psixoloqlarının, metodbirləşmə rəhbərlərinin, məktəb metodiki şuralarının, direktor müavinlərinin, məktəb direktorunun Pedaqoji Şurada hesabatı dinlənilir və müzakirəyə çıxarılır. Rəhbərlik bütün hesabatları ümumləşdirərək məktəbin ümumi fəaliyyəti haqqında yuxarı icra orqanlarına yarımillik, ilin sonunda isə yekun hesabat hazırlayıb təqdim edir.
Məktəbin üçillik və ya beşillik fəaliyyəti haqqında yuxarı icra orqanları əməkdarları tərəfindən, yaxud müstəqil ictimai təhsil qrumları və ya ekspertləri tərəfindən də hesabatlar hazırlana bilər. Hesabatlar hazırlanarkən ümumtəhsil məktəblərinin normativ-hüquqi sənədlər və əsasnamələr əsasında, dövlət standartlarına uyğunlaşdırılır, məktəbin proqnozlaşlaşdırma və planlaşdırması nəzərə alınaraq tərtib olunur.
Hesabatvermənin əsas məqsədi məktəbin Təhsil Strategiyasını müəyyənləşdirmək, dövlət təhsil siyasətinin və prioritetlərinin formalaşdırılması üzrə nəticələr, təkliflər hazırlamaq, tam orta təhsilin əhatə dairəsi, səmərəliliyi ilə bağlı məlumatları geniş təhlil etmək, nöqsanları sadalamaq və onların aradan qaldırılması yollarını göstərməkdir. Hesabatda həmçinin məktəbin, bütün struktur bölmələrində illik fəaliyyət prosesinin gedişi, inkişaf strategiyasının formalaşdırılması, təhsil müəssisəsi tərəfindən mövcud qanunvericiliyin yerinə yetirilməsi, təşkilati-metodik rəhbərliyi həyata keçirilməsi öz əksini tapmalıdır.
Məktəb direktoru hesabat dövründə strateji təhlil və planlaşdırmanın müasir metodlarından istifadə etməklə idarəetmə mexanizminin təkmilləşdirilməsi sahəsində məktəbin fəaliyyətinin istiqamətləndirilməsi məsələlərinin həyata keçirilməsini təmin edir. Eləcə də, təhsil siyasəti və strategiyasının yerinə yetirilməsi, təhsil sistemində yeni hesabatvermə mexanizminin tətbiqinə nail olunması, strategiya üzrə funksiyalarının, davamlı inkişaf naminə layihələrinin və aparılan tədrisin nəticələrinə əsasən islahat proseslərinin həyata keçirilməsini, ümumi fəaliyyətin səmərəliliyini əks etdirir.
Təhsil Strtegiyası funksiyalarına uyğun yeni idarəetmə modelinə hesabatvermə, qərarçıxarma sisteminin yaradılması və tətbiqi işinin həyata keçirilməsi, əks-mərkəzləşdirməyə əsaslanan idarəetmə mexanizminə keçilməsi prioritetlərinin müəyyən edilməsi məsələləri daxildir.Hesabatların hazırlanmasında hesabatvermə ilə əlaqədar digər zəruri məlumatların işlənməsi, idarəetmə, tənzimlənmə, təşkiletmə və peşəkarlıq səviyyəsinin inkişafı öz əksini tapır.
Beynəlxalq təcrübədə hesabatlılıqla məktəblərin retinqini müəyyən etmək üçün də istifadə edilir. Çox vaxt bu hesabatlar qəzetlərdə və sosial şəbəkələrdə verilir. Valideynlər də məktəbin il ərzində fəaliyyəti barədə məlumatlı olur. Uşaqlarına məktəb seçmək istəyən valideynlər isə onlara münasib olan məktəbi asanlıqla tapırlar (ardı var).
Ş.Qəribov, İ. Əsədova