İdarəetmənin mahiyyəti
Məktəbdə idarəetmənin mahiyyəti təlim-tərbiyədə optimal bir nəticə əldə etmək məqsədi ilə şagirdlərə və onların valideynlərinə müəllimlər tərəfindən məqsədyönlü təsir göstərməsindən ibarətdir. İdarə etmə nədir? İdarə etmə - məktəbin daxilində baş verən mürəkkəb prosesləri və münasibətləri (pedqoji, təşkilati, metodiki, psixoloji) şüurlu surətdə tənzimləmək deməkdir.
İdarəetmə pedaqoji fəaliyyətin dövrəsi olan aşağıdakı mərhələləri əhatə edir :
1.Pedaqoji məntiqlə əsaslandırılmış olan məqsədin irəli sürülməsidir.
2.İdarə olunan obyektin vəziyyətini hərtərəfli öyrənib müəyyənləşdirilməsidir.
3.Əldə olunmuş məlumat əsasında planlaşdırma işinin aparılmasıdır.
4.İdarə olunan obyektdən müəyyən parametrlər üzrə müntəzəm şəkildə məlumat almaqdan ibarətdir.
5.Göstəriləcək təsirləri operativ şəkildə təshih etmək məqsədi ilə obyektdən gələn məlumatı təhlil və qiymətləndirməkdən ibarətdir.
Azərbaycan Respublikasının Təhsil Qanunu pedaqoji kollektivin bütün fəaliyyətində əsas götürülməlidir. Məqsədyönlülük, prinsipiallıq, konkretlik rəhbərlikdə əsas xətt hesab olunur. Rəhbərliyin təlim-tərbiyə işinin idarə olunmasında iştirakı müəllimlər, valideynlər, şagirdlər tərəfindən daim hiss olunmalıdır.
Müasir şəraitdə təlim-tərbiyəni idarə etmək üçün psixologiya, pedaqogikanı bilmək, tədris proqramlarında istifadə edilən ideyaları başa düşmək, müəllimlərin təcrübəsində mütərəqqi təşəbbüsləri görmək və buna tərəfdar çıxmaq ön plana çəkilməlidir.
İdarəetmə prosesində özünə və iş yoldaşlarına qarşı tələbkarlıq əsas götürülməklə demokratiklik, humanistlik unudulmamalıdır. Fəaliyyət prosesinə təkidlə, vaxtında nəzarət etmək, sistemin bütün cəhətlərini əhatə etmək, mövcud olan müxtəlif formalardan istifadə edilməlidir.
İdarəetmə məarəti öz ifadəsini adamlarla ünsiyyət yaratmaq bacarığında tapır. Pedaqoji kollektiv, şagirdlər, valideynlər və digər işçilər diqqətli, xeyirxah, ədalətli və nəzakətli rəhbərə inanır və onun ardınca həvəslə gedirlər.
Məktəb direktorunun təşkilatı işdə aparıcı rolu ondan ibarətdir ki, o, müəllimləri, şagird və valideyn kollektivini və ayrı-ayrı şagirdləri idarəetməyə cəlb edir, kollektivin fəaliyyətində bir sistem yaradır.
Məktəb rəhbərlərindən dərin nəzəri biliyə, təşkilatçılıq bacarığına, kollektivdə müəyyən psixoloji mühit yaratmağa malik olması tələb olunur.
Məktəbi idarəetmənin məqsədi, onun strukturuna daxil olan sahələrin işinin məzmunu ilə bağlı olub, hər konkret şəraiti üçün müəyyənləşdirilir.
Bunun üçün struktura daxil olan sahələrin mövcud vəziyyəti aşkara çıxarmaq, müəyyənləşdirmək və bunların nəticələrinə əsasən işi daha da təkmilləşdirmək, yaxşılaşdırmaq, onun səmərə və keyfiyyətini yüksəltmək üçün tədbirlər hazırlamaq daha əhəmiyyətlidir. Hər bir sahə üzrə konkret məqsəd müəyyənləşdirmək tələb olunur.
Təşkilatı işin məzmunu müəllim və şagirdlərin, pedaqoji kollektivin, valideynlərin və geniş ictimaiyyətin bir-birinə qarşılıqlı münasibətlərinin xarakteri ilə müəyyənləşdirilir.
Bunun üçün idarəetmədə iştirak edən şagird, müəllim və digərlərini yaradıcı fəaliyyətə istiqamətləndirmək üçün onların qarşılıqlı işinin təşkilinə nail olmaq gərəkdir. Onların nəzəri və praktiki biliyini artırmaq, fəaliyyətindəki yaradıcılığından istifadə etmək, müstəqil düşünməsi üçün şərait yaratmaq əsas şərtlərdən ibarətdir.
Tərtib etdi : BŞTİ – nin
aparıcı məsləhətçisi E.Məmmədov