AzTehsil.com
RU


Direktor
12 iyul 2016
33 161


İdarəetmənin təşkilati strukturu



İdarəetmənin təşkilati strukturu

 

İdarəetmənin təşkilati strukturu dedikdə, idarə edən və idarə olunan sistemlər arasında qarşılıqlı əlaqəni ciddi tabeçilik əsasında təmin edən idarəetmə bölmələrinin məcmusu başa düşülür. 
Müəssisə və təşkilatlarda idarəetmə funksiyasını həyata keçirmək üçün idarəetmə aparatını yaratmaq lazımdır. Bunun üçün isə təşkilati strukturun olması vacibdir. 
İdarəetmənin təşkilati strukruru özü bir sistemdir. Bu sistemin tərkibi təşkilatın ayrı-ayrı yarım sistemləri, bölmələri, şöbələri, onların tərkibi, nisbəti, yerləşdirilməsi, asılılığı və qarşılıqlı əlaqəsindən ibarətdir.
Təşkilati struktur 2 istiqamətdə həyata keçirilir. 
1.Üfüqi istiqamət.
2.Şaquli istiqamət.
Üfüqi istiqamət fəaliyyət sahələrinin idarəetmə funksiyalarını yerinə yetirən qürumların, filialların, törəmə müəssisələrin, mərkəzlərin, şöbələrin, bölmələrin, hissələrin məcmusudur.
Şaquli istiqamət isə səlahiyyət və asılılıq dərəcələrini əks etdirir. Təşkilati strukturun şaquli istiqaməti sahə-tabeçilik sxemini xarakterizə edir. Bu istiqamət həmçinin ayrı-ayrı struktur vahidlərinin nə dərəcədə maliyyə-iqtisadi müstəqilliyini, idarəetmənin mərkəzləşdirilməsini əhatə edir.
Təşkilati struktur əmək bölgüsü üçün əsasdır. Çünki əvvəlcə təşkilati struktur yaradılmalı, yeni iş yerləri açılmalı, ştat vahidləri müəyyən olunmalı, sonra isə həmin vəzifələrə işçilər təyin edilməlidir. Əmək bölgüsü də təşkilati struktura uyğun olaraq üfüqi və şaquli istiqamətdə həyata keçirilir. 

 

 İdarəetmənin təşkilati strukturunun aşağıdakı formaları vardır:
1. Xətti.
2. Funksional.
3. Xətti- funksional.
4. Matris. 
İdarəetmənin xətti təşkilati strukturu idarəetmənin ən sadə və səmərəli təşkilati struktur formasıdır. Xətti sistemin mahiyyəti ondan ibarətdir ki, kollektivi aşağı idarəetmə səviyyəsində aşağı rəhbərlər idarə edirlər. Onlar yuxarı rəhbərlərə tabedirlər. Bu sistemin müsbət cəhəti odur ki, aşağı rəhbərlər kollektivin içərisində olur və kollektivin problemlərini, çətinliklərini daha yaxından izləyirlər. Aşağı rəhbərlər kollektivi maraqlandıran məsələlərdən daha tez xəbər tutur və rəhbərlik qarşısında məsələlər qaldırırlar. Deməli, aşağı rəhbərlər kollektivlə yuxarı rəhbərlər arasında koordinasiya və əlaqə rolu oynayırlar. İdarəetmənin xətti strukturunda istər vahid rəhbərlik, istərsə də kollegialılıq prinsipi tətbiq edilə bilər.
Təşkilatın idarə olunmasının funksional təşkilati strukturu da idarəetmədə tez-tez rast gəlinən formadır. Xətti sistemdən fərqli olaraq, təşkilati struktur funksional icraçıların tabeçilik sxemini əks etdirir. Yəni bu sistemdə rəhbərlər təşkilati strukturu yaradarkən şöbələr və bölmələrə deyil funksional icraçılıq fəaliyyətinə üstünlük verir. Məsələn, satış sahəsinin təşkili və bu sahəyə nəzərat satış meneceri tərəfindən həyata keçirilir. Reklam fəaliyyəti reklam menecerlərinə, maliyyə fəaliyyəti maliyyə menecerlərinə həvalə edilir. Bu təşkilati struktur formasında bir sahədə bir neçə menecer fəaliyyət göstərə bilər. Hər bir menecer öz üzərinə düşən işə görə məsuliyyət daşıyır. Bu sistem işçilərin sayı çox olmayan müəssisələr üçün daha münasibdir. Çünki hər hansı bir sahənin bir və ya bir neçə funksional icraçıya həvala edilməsi kifayət edir. Bu isə aşağı rəhbərlərin sayının çox olmasına gətirib çıxarır və yuxarı rəhbərin işini çətinləşdirə bilər. 
Funksional idarəetmədə məqsəd ondan ibarətdir ki, konkret məsələlər üzrə ayrı-ayrı funksiyaların yerinə yetirilməsi mütəxəssislərə həvalə edilir. 
Funksional idarəetmə xətti idarəetmə ilə yanaşı da mövcud olur ki, bu da icraçılar üçün ikili tabeçilik yaradır. Təşkilatı-struktur formasının funksional sistemdən xətti-funksional sistemə keçməsi əsasən idarə etmə işçilərinin sayının artması ilə əlaqədar olur. Rəhbərlər müəssisənin bəzi sahələrində idarəetmənin xətti formasını, digər sahələrində isə funksional formasını tətbiq edirlər. Xətti-funksional formada idarəetmə pillələri kimi həm şöbələr və bölmələr, həm də funksional icraçılar fəaliyyət göstərə bilirlər.
Müəssisənin idarəolunması üçün formalaşmış təşkilati-strukturlar yaradılarkən onların layihələndirilməsi olduqca vacib şərtdir. Təşkilati strukturun layihələndirilməsinə müəssisə yeni yaradılarkən və ya fəaliyyətini genişləndirərkən daha çox ehtiyac duyulur. Bundan başqa mövcud təşkilati-struktur səmərəsiz hesab edildiyi təqdirdə də onun yenidən layihələndirilməsi məsələsi ön plana çıxır.

 

Təşkilati strukturunun layihələndirilməsi prosesi üç əsas mərhələdən ibarətdir.
1. Mövcud təşkilati-strukturun təhlili;
2. Layihələndirmə;
3. Səmərəliliyin qiymətləndirilməsi;
Birinci mərhələ-mövcud təşkilati strukturun təhlili ilə əlaqədardır. Bu, qüvvədə olan idarəetmə strukturunun tələblərə nə dərəcədə cavab verdiyini aydınlaşdırmağa xidmət edir. Başqa sözlə, idarəetmə strukturunun keyfiyyətinin qiymətləndirici meyarlar əsasında nə səviyyədə olduğunu müəyyən edir.
Qiymətləndirmənin obyektlərinə aşağıdakılar aiddir:
• İdarəetmə aparatı;
• İdarəetmə funksiyaları;
• Təsərrüfat fəaliyyətinin nəticələri;
İkinci mərhələ-təşkilati strukturun layihələndirilməsidir. Bu mərhələ təşkilati strukturun hansı formasının seçilməsini, ştat vahidlərinin yaradılmasını, onların bir-birindən asılılıq dərəcələrini və birgə fəaliyyətini, təşkilati strukturun gələcək perspektivlərini özündə əks etdirir.
İdarəetmə strukturunu layihələndirərkən təşkilati struktura olan tələbləri unutmaq olmaz. Təşkilati struktura qoyulan tələblər aşağıdakılardan ibarətdir:
1. Optimallıq;
2. Etibarlılıq;
3. Qənaətçilik;
4. Çeviklik;
5. Reallıq və s.;

İdarəetmənin təşkilati strukturu

 

Üçüncü mərhələ-təşkilati strukturun səmərəliliyinin qiymətləndirilməsidir. Təşkilati strukturunun vəziyyəti və səmərəliliyi idarə olunan obyektin fəaliyyətini xarakterizə edən göstəricilərlə qiymətləndirilir. Bu göstəricilər mənfəət, gəlir, sosial inkişaf, əmək haqqı göstəricilərindən ibarətdir. Təşkilati qruluşu formalaşdırarkən idarəetmənin təkmilləşdirilməsinə diqqət vermək lazımdır. Çünki bazar münasibətlərinin inkişafı idərəetmənin təşkilində yeni tələblər irəli sürür. Bu cür tələblərin təmin olunması, idarəetmə elminin inkişafı bu sahədə aparılan tədqiqatların, araşdırmaların, yeniliklərin həyata keçirilməsi ilə əlaqədardır.



Загрузка...