AzTehsil.com


Pedoqojitəcrübə / Müəllim
01 oktyabr 2016
14 850


Pedaqoji eksperiment.



Pedaqoji eksperiment.

 Bu tədqiqat metodunun mahiyyəti müəllim və şagirdlərin pedaqoji fəaliyyətini xüsusi təşkil edərək, irəli sürülən pedaqoji ideyanı, fərziyyəni həmin şəraitdə öyrənməkdən, yoxlamaqdan ibarətdir. Məqsəd hadisələr arasındakı qarşılıqlı əlaqələri, pedaqoji ideyaların, fərziyyənin faydalılığını öyrənmək, aşkara çıxarmaq və əsaslandırmaqdan ibarətdir. Pedaqoji ideya və fərziyyə təcrübədə özünü doğrultduqca, tədricən müvafiq nəzəri ümumiləşdirmələr və nəticələr meydana çıxır.

Keçirilmə yerinə görə pedaqoji eksperiment təbii və laborator eksperiment kimi fərqləndirilir. Təbii eksperimentin obyekti tədris planları, proqramları, dərslik və dərs vəsaitləri, pedaqoji prosesin prinsipləri, metodları ola bilər. Təbii eksperimentdə müşahidə ilə eks-perimentin xüsusiyyətləri bir növ birləşir. Laborator eksperiment pedaqoji tədqiqatın daha ciddi elmi formasıdır. Laborator eksperiment zamanı xüsusi pedaqoji şərait yaradılır.

Tədqiqatın məqsədindən asılı olaraq pedaqoji eksperimentin aşağıdakı növlərindən istifadə olunur. Müəyyənedici eksperiment tədqiqatın başlanğıcında aparılır, öyrənilən problem üzrə məktəb təcrübəsindəki işin vəziyyətini üzə çıxarmaq vəzifəsini həyata keçirir. Sonra tədqiqatın ikinci mərhələsi başlayır və yaradıcıdəyişdirici eksperiment keçirilir. Tədqiqatçı tərəfindən hipoteza (fərziyyə) və ya öyrənilən problemin həllinin nəzəri əsasları və konkret metodiki yolları işlənib hazırlanır. Öyrənilən problemin tədqiqinin sonrakı mərhələsi alınan nəticələrin və işlənib hazırlanan metodikanın kütləvi məktəb təcrübəsində tətbiqini yoxlamaqdan ibarətdir. Bu vəzifə yoxlayıcı eksperimentin köməyi ilə həyata keçirilir. Onun mahiyyəti sınaqdan keçirilmiş metodikanı başqa məktəbdə və müəllimlərin işində tətbiq etməkdən və alınan nəticənin düzgünlüyünü bir daha dəqiqləşdirməkdən ibarətdir.

Pedaqoji tədqiqatlarda paralel və çarpaz eksperimentlərdən də istifadə olunur. Qarşıya qoyulmuş məqsəddən asılı olmayaraq pedaqoji eksperiment üç mərhələdə (eksperimentin planlaşdırılması, aparılması və yekunlaşdırılması) həyata keçirilir.

C.Ə.Feyziyev, F.N.İbrahimov, S.R.Bədiyev "D İ D A K T İ K A" əsərindən




Загрузка...