Abituriyentlərə təzyiqlər dəhşətli nəticələrə səbəb ola bilər - Valideynlərə XƏBƏRDARLIQ
Martın 5-də ölkədə qəbul imtahanlarının birinci mərhələsi keçiriləcək. Lakin bəzi abituriyentlər yenə də imtahan ərəfəsində ənənəvi problemlə üzləşiblər.
Hazırlıq kurslarında, eləcə də fərdi repetitor yanında yüksək nəticə göstərən bir çox abituriyentlər imtahan prosesində eyni uğuru təkrar edə bilmirlər.
Buna səbəb nədir? Abituriyentlər öz üzərlərində davamlı olaraq valideynlərin təzyiqini hiss etdikləri üçün uğursuzluğa düçar olurlar, yoxsa bilik səviyyəsi yetərli olmadığı üçün yaxşı nəticə göstərə bilmirlər?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında klinik psixoloq Nuriyyə Quliyeva deyib ki, imtahan zamanı abituriyentlər üzərində nəzarət daha çox olur, sınaq imtahanında isə nəzarət imtahana nisbətən azdır:
“Psixoloji olaraq abituriyent qəbul imtahanını həlledici kimi görür. Buna görə də həyəcan və təşviş olur. Abituriyentin düşüncəsinə görə, sınaq imtahanındakı nəticələrini bərpa edə və zəif tərəflərini bu yolla aydınlaşdıra bilər. Eləcə də gələn sınaq imtahanına qədər zəif tərəflərini düzəldə bilər”.
Onun sözlərinə görə, bizim düşüncələrimiz birbaşa duyğularımıza təsir edir:
“Həyəcanın yaranma səbəblərindən biri isə abituriyentin məsuliyyətidir, ona görə ki, onlar qarşılarına qoyduqları məqsədə çatmağa çalışırlar”.
Psixoloqa görə, həyəcan və təşvişin artmasında ailə də rol oynayır:
“Ailə həddindən artıq təzyiq göstərirsə və bu cür ifadələri işlədirlərsə, - sən mütləq qəbul olmalısan, bizim nəsildə hər kəs təhsil alıb və sən də onlardan geri qalmamalısan - belə olan halda bu kimi fikirlər də abituriyentin həyəcanını artırır”.
“Həyəcanı azaltmaq üçün ailə basqısından uzaqlaşmalıyıq. Çünki bu imtahan son deyil. Olmasa belə, bunu belə qəbul etmək lazımdır. Çünki bu basqılar və həyəcan dəhşətli nəticələrə səbəb ola, abituriyentləri intihara qədər apara bilər”, - deyə psixoloq fikirlərini tamamlayıb.