AzTehsil.com


Xəbərlər / H/N sənədlər / Psixoloq
02 may 2020
10 322


Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT haqqında Qaydalar təsdiq olundu



 

 
Təhsil müəssisələrində psixoloji xidmətin təşkili QAYDALARI
 
 ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 157 nömrəli Qərarı ilə təsdiq edilmişdir. )

1.Ümumi müddəalar

Bu Qaydalar "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.20-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və tabeliyindən, təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün təhsil müəssisələrində psixoloji xidmətin təşkili ilə bağlı münasibətləri tənzimləyir.

Təhsil müəssisəsində psixoloji xidmət təhsilalanların əqli və fiziki inkişafının, habelə onların sosial müdafiəsinin təmin olunması sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə, digər normativ hüquqi aktlara və bu Qaydalara uyğun olaraq təşkil olunur, uşaq, yeniyetmə və gənclərin psixologiyası üzrə aparılan elmi tədqiqatların nəticələrinə və nailiyyətlərinə əsaslanır və Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra - Nazirlik) ilə razılaşdırılmaqla, uşaqların inkişafı sahəsində müasir nəzəriyyələri istifadə və tətbiq etməklə həyata keçirilir.

Təhsilalanlara psixoloji yardım "Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq göstərilir.

2. Psixoloji xidmətin əsas məqsədləri

 Psixoloji xidmət valideynlər və ya digər qanuni nümayəndələr, təhsil müəssisəsinin rəhbərliyi və pedaqoji işçiləri ilə əməkdaşlıq vasitəsilə təhsilalanların psixoloji vəziyyətinin, təhsil fəaliyyətinin, sosial-mənəvi problemlərinin öyrənilməsini və onlara psixoloji dəstəyin göstərilməsini, onların proqressiv psixi inkişafını, meyil, maraq və potensialının reallaşdırılmasını, habelə mümkün psixi pozuntuların profilaktikasını təmin edir.

Psixoloji xidmətin təşkilində əsas məqsəd aşağıdakılardan ibarətdir:

təhsilalanların akademik nailiyyətlərinin artırılması;
 
təhsilalanlarda müsbət davranış modelininformalaşdırılması;

təhsil müəssisəsində təhlükəsiz və sağlam mühitin yaradılması;

təhsilalanların mənəvi-psixoloji sağlamlığının dəstək- lənməsi;

ailə-təhsil müəssisəsi münasibətlərinin tənzimlənməsi.

3.Psixoloji xidmətin əsas fəaliyyət istiqamətləri

Psixoloji xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

psixoloji maarifləndirmə çərçivəsində psixoloji xidmətin təşkili və həyata keçirilməsi üzrə təhsil müəssisəsi rəhbərlərinin, pedaqoji işçilərin, valideynlərin və ya digər qanuni nümayəndələrin məlumatlandırılmasının, psixoloji biliklərə ehtiyaclarının ödənilməsinin təmin olunmasına yönəlmiş kompleks tədbirlərin həyata keçirilməsi;

psixoloji müayinə çərçivəsində təhsilalanların təlim maraqlarının, öyrənmə xüsusiyyətlərinin, fərdi-psixoloji xüsusiyyətlərinin, təlim-tərbiyə prosesində potensial imkanlarının, təhsilə və cəmiyyətdə baş verən hadisələrə münasibətlərinin, meyil və maraqlarının öyrənilməsi, təhsilalanların təlim-tərbiyəsində və sosiallaşmasında yaranan çətinliklərin səbəblərinin müəyyənləşdirilməsi üzrə sistemli tədbirlərin həyata keçirilməsi;

psixoloji  profilaktika  çərçivəsində  təhsilalanların psixoloji vəziyyətində, əqli inkişafında, təhsil mühitinə və kollektivə uyğunlaşmasında, əhatə olunduğu insanlara qarşı münasibətlərində müşahidə edilən çətinliklərin aşkara çıxarılaraq aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərin görülməsi və bu istiqamətdə müvafiq tövsiyələrin hazırlanması;

psixoloji konsultasiya çərçivəsində təhsilalanların inkişafında, mənəvi tərbiyəsində psixoloji xidmətin rolu və əhəmiyyəti barədə məlumatlılığın təmin olunması, təhsilalanların şəxsiyyətinin formalaşdırılması yolları, hissi-emosional tərbiyəsi, habelə uşaq psixologiyasının özünəməxsus cəhətləri barədə valideynlərə və ya digər qanuni nümayəndələrə, təhsil müəssisəsinin rəhbərliyinə, pedaqoji işçilərə zəruri məsləhətlər verilməsi, qrup və fərdi konsultasiyalar vasitəsilə özünü dərketməyə, adekvat qiymətləndirməyə, sosial mühitə uyğunlaşmağa, həmçinin böhran vəziyyətindən çıxmağa köməklik göstərilməsi.
 
 Əlilliyi olan təhsilalanların təhsil alacağı sinif (qrup) yoldaşları ilə və təmasda olacağı digər təhsilalanlarla əlilliyə qarşı pozitiv münasibətin formalaşdırılması, əlilliyi olan təhsilalanın müstəqil həyata hazırlanması üçün valideynlərin və ya digər qanuni nümayəndələrin istiqamətləndirilməsi, əlilliyi olan təhsilalanların təhsilinə cavabdeh olan pedaqoji işçilərin təhsilalanların arzuolunmaz davranışının idarə olunmasına dair istiqamətləndirilməsi, təhsilalanlara problemlərin həlli və digər sosial bacarıqların aşılanması, onlarda məntiqi və yaradıcı təfəkkürün inkişafı, riskli davranışın, zərərli vərdişlərə aludəçiliyin qarşısının alınması, sosial dizadaptasiyaya məruz qalmış təhsilalanların sosial bacarıqlarının artırılması üzrə zəruri tədbirlər həyata keçirilir.

4. Psixoloji xidmətin vəzifələri

Psixoloji xidmətin vəzifələri aşağıdakılardır:

pedaqoji işçilərlə birlikdə təhsilalanların psixoloji vəziyyətini, təlim nailiyyətlərini, inkişaf meyillərini, maraq dairəsini müəyyən etmək məqsədilə müayinə və təhlillər aparmaqla real vəziyyətin müəyyənləşdirilməsi, müvafiq inkişaf planlarının hazırlanması və həyata keçirilməsi;

təhsil müəssisəsi üzrə akademik nailiyyətlərin artırılması və təlimdə geri qalan təhsilalanlarla işin düzgün qurulması istiqamətində dəyərləndirilmələrin aparılması, təhsil müəssisəsinin rəhbərliyinə tövsiyələrin verilməsi və müxtəlif məqsədli qabaqlayıcı inkişaf planlarının hazırlanması və icra edilməsinin nəzarətdə saxlanılması;

təhsil müəssisəsində sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması və sabit saxlanılması, təlim-tərbiyə prosesinin səmərəli təşkili istiqamətində ehtiyacların daim öyrənilməsi, təhsilalanların sosial bacarıqlarının artırılması istiqamətində pedaqoji işçilərlə birlikdə müvafiq işin aparılması;

xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan təhsilalanlara müvafiq korreksiyaedici fəaliyyətlərin həyata keçirilməsini təmin etmək üçün dəyərləndirilmələrin aparılması, zəruri hallarda təhsilalanların müvafiq kənar dəstək xidmətlərinə istiqamətləndirilməsi;

təlimdə çətinlikləri, emosional pozuntuları və sosial təhlükəli vəziyyətdə olan təhsilalanlarla qrup və fərdi fəaliyyətin planlaşdırılması;
 
psixoloji problemlərinin yaranma riski yüksək olan təhsilalanların ailə və sosial vəziyyəti ilə tanış olmaq, valideynlərlə və ya digər qanuni nümayəndələrlə, aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələri ilə mütəmadi görüşlər, maarifləndirmə tədbirləri keçirmək, sosial-məişət çətinlikləri olan təhsilalanların təhsilini və inkişafını dəstəkləmək məqsədilə məktəbəsaslı inkişaf planlarının hazırlanması və ailələrlə birlikdə icra edilməsinə dəstək verilməsi;

təhsilalanların peşəyönümü işinin planlaşdırılması ilə bağlı onlara, valideynlərinə və ya digər qanuni nümayəndələrinə, eləcə də təhsilverənlərə tövsiyələrin verilməsi və təhsil müəssisəsinin kollektivi ilə birlikdə icra edilməsi;

təhsilalanlarda müxtəlif bacarıqların (özünüidarə, düzgün ünsiyyətin qurulması, kiçikyaşlılara qarşı davranışın formalaşdırılması, münaqişələrin düzgün həlli, həvəsləndirmə, məqsədyönlülük, modelləşdirmə, rollu oyunlar və s. üzrə müsbət davranışın tərbiyə edilməsi) formalaşdırılması mövzularında təhsil müəssisəsinin kollektivi üçün görüşlərin təşkili və məsləhətləşmələrin aparılması;

pedaqoji işçilərə uşaq psixologiyası, müxtəlif pedaqoji- psixoloji tədqiqat nəticələri, elmi-metodik məlumatlar və onların tətbiqi barədə təqdimatların edilməsi və müzakirələrin təşkili.

5.Təhsil müəssisələrində psixoloji xidmətin təşkili

Təhsil müəssisələrində psixoloji xidmət müəssisə rəhbərliyinin, pedaqoji işçilərin, valideynlərin və ya digər qanuni nümayəndələrin psixoloqla qarşılıqlı əməkdaşlığı təmin edilməklə təşkil olunur.

Psixoloqun işinin təşkili məqsədilə təhsil müəssisəsində təhsilalanlarla, təhsilverənlərlə, valideynlərlə və ya digər qanuni nümayəndələrlə görüşlər keçirmək, konsultasiya və korreksiyaedici tədbirlər aparmaq üçün avadanlıq və didaktik materiallarla təchiz edilmiş psixoloji xidmət kabineti yaradılır.

Təhsil müəssisəsinin rəhbəri müəssisədə psixoloji xidmət üzrə koordinasiyanı və bu işə ümumi rəhbərliyi həyata keçirir, psixoloji xidmətin təşkili məqsədilə psixoloqun əsaslandırılmış müraciəti əsasında maddi-texniki təchizatı təmin edir.

Psixoloqun illik fəaliyyət planı hər il yanvarın 5-dən gec olmayaraq, təhsil müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilir. İllik fəaliyyət planında psixoloji maarifləndirmə, psixoloji profilaktika,
 
psixoloji konsultasiya istiqamətləri üzrə tədbirlər, həmçinin il ərzində keçiriləcək seminarlar, dəyirmi masalar, müzakirələr öz əksini tapır. İllik fəaliyyət planında dəyişikliklər psixoloqun əsaslandırılmış təklifləri əsasında təhsil müəssisəsinin rəhbəri tərəfindən həyata keçirilir.

Psixoloq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş iş vaxtı çərçivəsində təhsilalanlara fərdi və ya qrup şəklində psixoloji yardım göstərir. Təhsilalanlara qrup şəklində psixoloji yardımın göstərilməsinin vaxtı və yeri təhsil müəssisəsinin rəhbərliyi ilə razılaşdırılır.

İllik fəaliyyət planına uyğun olaraq, psixoloq rübdə bir dəfə təhsil müəssisəsinin rəhbərinə hesabat verir.

Psixoloji xidmətin işi aşağıdakı 2 (iki) formada təşkil olunur:

ümumi xidmətlər - təhsil müəssisəsi üzrə dəyərləndirmələr, potensial risklərin müəyyənləşdirilməsi, qabaqlayıcı profilaktik xidmətlər və ailə-təhsil müəssisəsi əməkdaşlığının dəstəklənməsi;

xüsusi xidmətlər - hər bir təhsilalana münasibətdə inkişaf planlarının hazırlanması, təhsilalanlarda sosial, emosional davranışın formalaşdırılması və dəstəklənməsi.

6. Psixoloqun hüquq və vəzifələri

Psixoloqun hüquqları aşağıdakılardır:

psixoloji xidmətin təşkili ilə bağlı aktual problemlərə həsr olunmuş konfrans, seminar və dəyirmi masalar təşkil etmək, həmçinin belə tədbirlərdə iştirak etmək;

ölkə miqyasında psixoloq və sosial pedaqoqların şəbəkədaxili qarşılıqlı əlaqələrinin yaradılmasında və bu sahədə vahid informasiya məkanının formalaşdırılmasında iştirak etmək;

təhsil proqramlarına və tədris-metodik vəsaitlərə rəy bildirmək;

psixoloji-pedaqoji biliklərin təbliği sahəsində iş aparmaq;

psixoloji-tibbi-pedaqoji komissiyaların və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların işində iştirak etmək;

təhsil müəssisəsinin rəhbəri vasitəsilə təhsilalanlara psixoloji yardımın göstərilməsi ilə əlaqədar dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

psixoloji xidmətin təşkili üzrə ölkə və beynəlxalq səviyyəli təşkilatlara üzv olmaq;

pedaqoji tədbirlərin hazırlanmasında və keçirilməsində, tədris, təlim və tərbiyə prosesinin tənzimlənməsində, tərbiyəvi tədbirlərin planlaşdırılmasında iştirak etmək;

peşə fəaliyyəti üçün zəruri olan sənədləri və məlumatları təhsil müəssisəsinin rəhbərliyindən, müəllimlərdən, valideynlərdən və ya digər qanuni nümayəndələrdən əldə etmək;

psixoloji biliklərin təbliği sahəsində iş aparmaq, elmi və elmi-kütləvi jurnallarda, qəzetlərdə və internet resurslarında iş təcrübəsini ümumiləşdirən məqalələrlə çıxış etmək;

korreksiya-inkişafetdirici resurslarla təmin olunmaq;

təhsil qanunvericiliyində və "Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

Psixoloqun vəzifələri aşağıdakılardır:

psixoloji yardım alan təhsilalana peşəkar və keyfiyyətli psixoloji yardım göstərmək;

müəssisənin illik və cari fəaliyyət planlarının hazırlanmasında, təlim-tərbiyə prosesinin təşkilində və həyata keçirilməsində iştirak etmək;

müstəqil surətdə təhsilalanlarla, pedaqoji işçilərlə, valideynlərlə və ya digər qanuni nümayəndələrlə aparılan işlərin konkret istiqamətlərini müəyyən etmək, bu işlərin forma və metodlarını seçmək, onların yerinə yetirilməsi ardıcıllığını müəyyən etmək;

pedaqoji işçilərin iştirakı ilə təhsilalanlarla aparılan psixoloji müayinənin nəticələri əsasında ümumiləşdirmələr və təhlillər aparmaq, aşkar edilmiş psixoloji problemlərin aradan qaldırılması istiqamətində tövsiyələr hazırlamaq, zəruri hallarda təhsilalanları peşəkar xidmətə yönəltmək;

təhsilalanlar arasında hüquq pozuntularının və zərərli vərdişlərə aludəçilik meyillərinin qarşısını almaq məqsədilə qabaqlayıcı profilaktik tədbirlər görmək, sağlam həyat tərzini təbliğ edən layihələr hazırlayıb həyata keçirmək;

təhsil müəssisəsində istedadlı təhsilalanların aşkar edilməsi, onların inkişafı üçün səmərəli təhsil şəraitinin yaradılması istiqamətində sistemli iş aparmaq, müəllimlər və valideynlərlə və ya
 
digər qanuni nümayəndələrlə birlikdə təhsilalanların potensial imkanlarına uyğun peşə seçiminə və gələcək karyera inkişafına kömək etmək;

uşaq psixologiyasının xarakterik xüsusiyyətlərinə, yaş xüsusiyyətlərinə görə onların xarakterində baş verən dəyişikliklərin mahiyyəti barədə müəllimlərin və valideynlərin və ya digər qanuni nümayəndələrin məlumatlandırılmasını təmin etmək;

təlimdə çətinlikləri olan təhsilalanların problemlərinin aradan qaldırılması üçün müəllimlər tərəfindən fərdi təlim və inkişaf proqramlarının hazırlanmasını tələb etmək və bu proqramların həyata keçirilməsini nəzarətdə saxlamaq;

sosial təhlükəli vəziyyətdə olan, zərərli vərdişlərə meyilli təhsilalanlarla bağlı qərarların qəbul edilməsi məqsədilə təhsil müəssisəsinin rəhbərliyi qarşısında vəsatətlə çıxış etmək;
 
yardım göstərdikləri təhsilalanların hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

bütün mübahisəli və münaqişəli hallarda təhsilalanın mənafeyindən çıxış etmək;

psixoloqun peşə etikasına riayət etmək;

psixoloji yardım alan təhsilalan haqqında məlumatın qanunla müəyyən edilmiş konfidensiallığını təmin etmək;

psixoloji müayinənin nəticələrinə uyğun olaraq, sosial xidmət və tibb müəssisələri, o cümlədən ixtisaslaşmış psixiatriya müəssisələri ilə əməkdaşlıq etmək;

təhsil qanunvericiliyində və "Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

7. Psixoloji yardım alan təhsilalanların hüquqları və vəzifələri

Psixoloji yardım alan təhsilalanların hüquqları aşağıdakılardır:
peşəkar və ixtisaslı psixoloji yardım almaq;

hüquqları, psixoloji problemin xarakteri, tətbiq edilən psixoloji yardım metodları haqqında məlumat almaq;

öz hüquqlarının və qanuni maraqlarının qorunmasını tələb etmək;

təhsil qanunvericiliyində və "Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
 
Psixoloji yardım alan təhsilalanların vəzifələri aşağıdakılardır:

psixoloji yardım göstərən şəxslə əməkdaşlıq etmək;

özünün və ya başqalarının həyatı və sağlamlığı üçün
 
təhlükə yaradan halların mövcudluğu haqqında dərhal xəbər vermək;

təhsil qanunvericiliyində və "Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

8. Təhsil prosesinin iştirakçıları ilə əməkdaşlıq

"Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq, təhsil müəssisələrində psixoloq aşağıdakıları həyata keçirir:

təhsil müəssisələrində psixoloji yardım göstərilməsi ilə bağlı bilavasitə tədrisi həyata keçirən müəllim (müəllimlər), təhsil müəssisəsinin rəhbəri, valideynlər və digər qanuni nümayəndələr ilə əməkdaşlıq edir, ehtiyac olduqda onlara peşəkar məsləhətlər verir;

təhsilalanın psixoloji ehtiyacları və problemləri haqqında onun valideynlərini və ya digər qanuni nümayəndələrini məlumatlandırır və onlara məsləhət verir, ehtiyac olduqda onlar üçün profilaktik psixoloji tədbirlər təşkil edir.

9. Psixoloqun peşəkar inkişafı

Psixoloqların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə həyata keçirilən tədbirlər ali və əlavə təhsil müəssisələrində, elmi tədqiqat institutlarında, elmi-metodiki mərkəzlərdə təşkil edilir.

Psixoloqların peşəkar inkişafı "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, onların əlavə təhsilə cəlb edilməsi yolu ilə təmin olunur.

Psixoloqların psixoloji xidmət sahəsində fəaliyyətlərinin səmərəliliyinin artırılması məqsədilə Nazirlik və onun tabe qurumları, həmçinin təhsil müəssisələri tərəfindən beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər və onların peşəkar inkişafına yönəlmiş digər tədbirlər təşkil edilir.




Загрузка...
Həmçinin oxuyun:
Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Məktəblərdə psixoloji müayinələr aparılacaq - YENİ QAYDA

Məktəblərdə psixoloji müayinələr aparılacaq - YENİ QAYDA

Məktəbdə psixoloji xidmətin vəzifələri.

Məktəbdə psixoloji xidmətin vəzifələri.

Məktəb psixoloqları üçün seminar

Məktəb psixoloqları üçün seminar

Məktəbəqədər təhsil müəssisələrində uşaqların sosial müdafiəsinə dair tədbirlər müəyyənləşib

Məktəbəqədər təhsil müəssisələrində uşaqların sosial müdafiəsinə dair tədbirlər müəyyənləşib

Əli Əsədovdan universitetlərlə bağlı MÜHÜM QƏRAR

Əli Əsədovdan universitetlərlə bağlı MÜHÜM QƏRAR

Psixoloji-tibbi pedaqoji komissiya barədə  Əsasnamə

Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə

Məktəbdə psixoloji xidmətin əsas istiqamətləri

Məktəbdə psixoloji xidmətin əsas istiqamətləri

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri

Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri

Təhsil Nazirliyi tərəfindən məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı yeni qaydalar təqdim edilib

Təhsil Nazirliyi tərəfindən məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı yeni qaydalar təqdim edilib

Məktəb psixoloqu qarşıya çıxan problemləri necə həll etməlidir ?

Məktəb psixoloqu qarşıya çıxan problemləri necə həll etməlidir ?

Psixoloqa gedənlərin NƏZƏRİNƏ: bu sənədləri tələb edin!

Psixoloqa gedənlərin NƏZƏRİNƏ: bu sənədləri tələb edin!

Məktəblərdə Psixoloq ştatı ləğv olunur ...əvəzində ?

Məktəblərdə Psixoloq ştatı ləğv olunur ...əvəzində ?

Məktəblərdə psixoloji xidmət təkmilləşdiriləcək

Məktəblərdə psixoloji xidmət təkmilləşdiriləcək

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Məktəb psixoloqu tərəfindən ailələrlə aparılan iş.

Məktəb psixoloqu tərəfindən ailələrlə aparılan iş.

“Mənimlə danış” kampaniyası çərçivəsində görüş

“Mənimlə danış” kampaniyası çərçivəsində görüş

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

Təhsil naziri press brifinq keçirib

Təhsil naziri press brifinq keçirib

Təhsildə Psixoloji Xidmət Bölməsi

Təhsildə Psixoloji Xidmət Bölməsi