AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
12 dekabr 2017
5 554


Ailənin pedaqoji mühitə təsiri - Uşaqlar valideynlərini model olaraq görürlər



Hansı cəmiyyətdə olursa-olsun, heç kimə mütləq, sonsuz azadlıq verilmir. Böyük alman mütəfəkkiri Hegel qeyd edirdi ki, azadlıq dərk olunmuş zərurətdir. Əsas amil bu zərurətin hüdudlarını optimal şəkildə müəyyənləşdirməkdir.


Dünyada tarixən müxtəlif tərbiyə sistemləri formalaşaraq ayrı-ayrı yerlərdə uyğunluq nöqteyi-nəzərdən tətbiq olunmağa başlanılmış və davam etməkdədir. Lakin məqsəddən asılı olaraq öncədən qərara gəlinməlidir: biz icraçı, yoxsa yaradıcı insan ərsəyə gətirmək istəyirik? Yuxarıda qeyd olunan mahiyyətdə insan yetişdirmək üçün müvafiq üsul və vasitələr vardır. 


Məktəb həyatına müraciət etsək, görərik ki, böyüklərin tapşırıqlarına qeyd-şərtsiz əməl edən, sözə qulaq asan, nizam-intizam qaydalarına həssas yanaşan, təyin olunmuş yolla gedən və bunu özünün həyat tərzinə çevirən tərbiyəli şəxs obrazı bizə yaxşı məlumdur. Özündən razı, böyüklərin yanında fikir söyləməkdən çəkinməyən, müəllimlərlə mübahisə edən, qaydaları pozmaqda maraqlı olan, "ipə-sapa yatmayan”, çətin tərbiyə olunan uşaq obrazı da tez-tez rast gəlinən real faktlardandır. Bu iki zidd mövqedə duran tərəflər zaman-zaman diqqət mərkəzində olmuş və müzakirə predmetlərinə çevrilmişlər. 


Ailə mühiti sağlam cəmiyyətin təşəkkül tapmasının təminatçısıdır. Qloballaşma dəyişiklikləri sürətli getdiyindən baş verən yeniliklər insanların həyata qarşı baxışlarına, sosial mühitə uyğunlaşmaları və subyektlərlə münasibətlərinə də öz təsirini göstərir. Uşaq məktəbdə şagird olduğu kimi, evdə də ailənin bir üzvü - övladıdır. Bu baxımdan, onun öz hüquq və vəzifələrini dərindən bilən, çətinliklərdən qoxmayan bir şəxsiyyət kimi yetişməsində ailə əsasdır. Aparılan müşahidələr onu deməyə əsas verir ki, şagirdlərin qorxduğu tərəf, əsasən, ailə olur.

 

Bu baxımdan da, onlar qarşılaşdıqları problemləri əksər hallarda valideynlərdən gizlətməyə çalışırlar. Statistika göstərir ki, həmin vəziyyətdə övlad tərəfindən münasibətin bu cür təqdim edilməsi ailədə qarşılıqlı əlaqələrin düzgün qurulmamasından, tərəflər (ata, ana və övlad) arasında hökm sürən inamsızlıqdan baş verir. Bu, həm də uşağa qarşı daxili tələbatdan doğan qayğı və diqqətin olmamasından qaynaqlanır. Xeyirxah və mərhəmətli bir övlada sahib olmaq üçün sevgi ilə dolu bir ailə həyatı təşəkkül tapmalıdır. Bu, əslində, çox çətin bir məsuliyyətdir. Valideynlər, eyni zamanda öz övladlarına dəstək olmağın vacibliyini dərk etməlidirlər. Burada ana və atanın xarakterik xüsusiyyətləri çox əhəmiyyətlidir. Uşaqlar valideynlərin yaxşı cəhətlərindən qidalanaraq müxtəlif faydalı keyfiyyətlər və qabiliyyətlər qazana bilərlər. Ümumiyyətlə, övladlar valideynlərini model olaraq görürlər. Uşaqlar üçün onlar bir örnəyə çevrilirlər.


Təcrübə göstərir ki, müəyyən tip ailələrdə valideyn-övlad münasibətləri üzrə yaranan bir çox maneələr nəticədə onlar arasında sədd kimi dayanır. Atanın öz məsuliyyətindən irəli gələn məsələlərə biganə yanaşması ailələrdə rast gəlinən xarakterik hallardan biridir. Ailə başçısının bəzən üzərinə düşən öhdəlikdən boyun qaçırması ikitirəliyə, inamsızlığa, qarşıdurmaya gətirib çıxarır. Bu zaman yük ailədə, əsasən, qadının üzərinə düşür.

 

Nəticədə, qadının kişiyə qarşı münasibətində dəyişiklik baş verə bilir. O, ailəsində meydana gələn təbii və real problemlərin həllini çox zaman özü həyata keçirdiyindən həyat yoldaşına (kişiyə) vermiş olduğu dəyər aşağı düşür. Yaranmış bu neqativ hal isə evdə balansın pozulmasına, ziddiyyətə və sonda ailənin dağılmasına gətirib çıxara da bilir. Digər tərəfdən, uşaq da yaşadığı ailədə atanın tutduğu mövqeyi görür, təhlil edir və yaranmış vəziyyətə görə məyus olur. Çünki hər bir övlad öz ailəsinin möhkəm və ona hər zaman dayaq olmasını istəyir və bunu gözləyir. Praktikadan görmək olur ki, ailədə laqeydliklə üzləşən uşağın məktəbdəki davranışı, müəllimlərlə münasibəti çox zaman arzuolunan səviyyədə nəzərə çarpmır.

 

Eyni zamanda, bu çatışmazlıqlar uşağın normal inkişafı üçün real təhlükə mənbəyi rolunu oynayır. Övlad ailədaxili gərginliyin onun psixikasına vurduğu zərbənin "qisas”ını bir çox hallarda məktəb yoldaşlarından, müəllimlərdən, ümumiyyətlə, pedaqoji prosesin iştirakçılarından çıxmağa çalışır. Yaranmış gərginlik həm müəllim-şagird, şagird-şagird münasibətlərinə, həm də uşağın tədrisdəki nailiyyətlərinə mənfi təsir göstərir. A.S.Makarenko deyirdi: "Tərbiyə işinin əsl mahiyyəti heç də sizin uşaqla təklikdə söhbət etməyinizdən, uşağa müstəqim təsir göstərməyinizdən ibarət deyil, bu, ailənizin, şəxsi və ictimai fəaliyyətinizin düzgün qurulmasını, övladınızın həyatının təşkilini əhatə edir”.


Valideynlərin bir-birlərinə qarşı münasibətlərindən meydana gələn anlaşılmazlıqdan yaranan gərginliyin uşaq psixologiyasına mənfi təsiri və bunun fəsadları pedaqoji fəaliyyətimizdə qarşılaşdığımız həlli vacib olan məsələlərdəndir. Şagirdlərin fərdi inkişaf dinamikasını müxtəlif üsul və vasitələrlə izlədikdə görürük ki, onlarda bu tip uyğunsuzluqların baş verməsində, qeyd etdiyimiz kimi, ailə mühitinin rolu danılmazdır. Aparılan araşdırma onu deməyə əsas verir ki, əsasən, xarakter uyğunsuzluğu və sosial statusun fərqli olması ailənin mövcudluğuna təhlükə yaradan güclü amil rolunu oynayır. 


Ailə mühitində ziddiyyət yaradan məqamlardan biri də böyüklərin diktator mövqeyinin hesabına yeniyetmələrin azad şəkildə yaşama, qərar qəbuletmə imkanlarının məhdudlaşmasıdır. Ənənə halını alan bu yanaşma çox zaman inkişafın, müstəqilliyin, sərbəst fəaliyyətin və bütövlüyün qarşısını alır. Lakin ailə dəyərləri, soykökə bağlılıq, nizamlanmış böyük-kiçik münasibətləri fonunda belə ciddi maneənin törətdiyi fəsadlar bir çox hallarda göz önünə gətirilmir. 


Şagirdlərin ailədəki yaşam tərzi ilə maraqlandıqda baba və nənənin himayəsində olan uşaqların az olmadığını görürük. Bu tip ailələrdə atanın öz övladını tərbiyə etməsinə mane olan onun övladının əksər hallarda ərköyün olmasıdır. Müşahidələrimiz göstərir ki, bu cür vəziyyətlər, əsasən, baba və nənənin tətbiq etdiyi tərbiyə üsullarından, nəvələrinə yanaşmalarından irəli gəlmiş olur. Xüsusi diqqət və qayğı ilə əhatələnən uşaq, nəinki öz məsuliyyətindən irəli gələn məsələləri yerinə yetirməyə çalışır, həm də özü istədiyi kimi yaşamağa üstünlük verir. Bu cür hallar onda tənbəllik hissini formalaşdırır.

 

Ümumilikdə, uşaq-şagirdin tədrisdəki nəticələri də onda meydana gələn xarakterik cəhətlər hesabına dəyişə bilir. Uşaqda yaranan arxayınlıq məhz baba və nənənin hədsiz qayğısından, nəvazişindən qaynaqlanaraq onu süstləşdirir. Bu da onda öyrənməyə, mənimsəməyə olan həvəsi azaldır, əvəzində digər fəaliyyətlərə meyili artırmış olur. Statistik nəticələrdən aydın olur ki, uşaqda ailə ənənələrindən bəhrələnməklə təşəkkül tapan cəhətlər təlim-tədris prosesində gözlənilən nəticələri aşağı səviyyəyə endirir.

 

Pedaqoji prosesdə apardığımız izləmələr göstərir ki, evdə babanın (və ya nənənin) real dəstəyinə sahib çıxmış uşaq çox vaxt məktəb həyatında da bu imtiyazdan sui- istifadə etməyə cəhd göstərir. Yaranan problem sinifdə - dərs prosesində müəllimlə şagird arasında olan münasibətlərə də təsirsiz ötüşmür. Belə vəziyyətlərdə şagird öz məsuliyyətindən yaxa qurtarmağa çalışır, fənn müəllimlərinin təlim proqramı üzrə verdikləri tapşırıqlara dırnaqarası baxır. Tədrisdə baş verən ciddi geriləmələrin qarşısını almaq üçün fənn müəllimləri və məktəb rəhbərliyi tərəfindən çalınan həyəcan təbilinə cavab reaksiyası kimi valideynlərin (ata və ya ananın) gördüyü tədbirlər onların ailədə "səlahiyyətlərinin məhdudlaşdırılması” səbəbindən əsaslı effektiv təsirini göstərə bilmir. Prosesin belə davam etməsi şagirdin inkişafca digərlərindən çox geridə qalması, məktəbdə tədris olunan fənlər üzrə mənimsəmə səviyyəsinin qabarıq formada dəyişməsi ilə nəticələnir. 


Lakin statistika göstərir ki, baba və nənənin ailədəki fəaliyyətlərinin müsbət tərəfləri də çoxdur. Bunları qeyd etmədən böyüklərin ailə mühitindəki əhəmiyyətini hərtərəfli olaraq müəyyən etmək mümkün deyil. Böyüklər (baba və nənə) öz nəvəsinə xeyirxahlığı öyrədir, mehribancasına davranmanı mənimsədir. Uşaq baba ilə küçədə gəzişərkən belə ondan gərəkli tövsiyələr alır və bu da onun gələcək həyatında yardımçı rolunu oynamış olur.

 

Digər tərəfdən, baba və nənə ailədə nəvənin mənəvi dayağı obrazında çıxış edərək ona dəstək verirlər. Elə hallar olur ki, uşaq ailədə ata və anadan çəkindiyindən öz istək və təşəbbüslərini açıq formada nümayiş etdirə bilmir. Belə vəziyyətlərdə baba ailədəki nüfuzu hesabına nəvəsində yaranan mənəvi boşluğu aradan qaldırmaq gücünə malik ola bilir. Nəvələri ilə birlikdə çox zaman keçirən və bunu özünə təkcə bir borc kimi deyil, həm də rahatlıq gətirən anlar kimi dəyərləndirən bir baba ilə söhbət aparıldı.

 

O qeyd etdi ki, nəvələri ilə birlikdə gəzintiyə çıxarkən çalışır ki, nəqliyyatdan istifadə etməsin. Məqsəd nəvələrinə hələ uşaq yaşlarından yol hərəkəti qaydalarına riayət etməyi öyrətməkdir. Söhbət aparılan baba onu da qeyd etdi ki, o, nəvələrinə qənaət etməyi vərdiş kimi aşılamağa çalışır. 


Məktəb mühitində müəllim-şagird münasibətlərini tənzimləyən əsas faktorlardan biri kimi uşağın ailədəki davranışı, digərləri ilə qarşılıqlı münasibətləri əvəzsiz əhəmiyyət kəsb edir. Bu mənada, evdəki münasibətlərdə "böyüklər” dən gələn hegemon mövqeyin nümayişi şagirdə öz mənfi təsirini qaçılmaz edir. 


Bizə elə insanlar lazımdır ki, onlar müstəqil, sərbəst öyrənməyi bacarsınlar. Bu cür insanlar yetişdirmək üçün uşaqlar həm fiziki, həm mənəvi, həm də psixoloji tərəflərdən tam problemsiz olmalıdırlar. Burada da ailə əvəzsiz əhəmiyyətə malik olur və böyük məsuliyyət daşıyır.




Загрузка...
Həmçinin oxuyun:
Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Uşağın tərbiyəsində ailə mühitinin rolu nə qədərdir?

Uşağın tərbiyəsində ailə mühitinin rolu nə qədərdir?

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Ailə tərbiyəsində əsas vəzifələr  -

Ailə tərbiyəsində əsas vəzifələr -

Çalışın fikir birliyinə çatasınız - VALİDEYNLƏRƏ MƏSLƏHƏT

Çalışın fikir birliyinə çatasınız - VALİDEYNLƏRƏ MƏSLƏHƏT

Tərbiyədə ailə  yoxsa məktəb? - Mehriban  Məmmədova

Tərbiyədə ailə yoxsa məktəb? - Mehriban Məmmədova

Valideyinlərə Pedaqoji məsləhət -1 ÇALIŞIN FİKİR BİRLİYİNƏ ÇATASIZ

Valideyinlərə Pedaqoji məsləhət -1 ÇALIŞIN FİKİR BİRLİYİNƏ ÇATASIZ

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Valideyn-övlad münasibətlərinin  pedaqoji əsasları - Piralı Əliyev

Valideyn-övlad münasibətlərinin pedaqoji əsasları - Piralı Əliyev

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

VALİDEYNLƏRİN MÖVQEYİ - ƏMR VERMƏK YOXSA SƏRBƏST BURAXMAQ

VALİDEYNLƏRİN MÖVQEYİ - ƏMR VERMƏK YOXSA SƏRBƏST BURAXMAQ

“Sosial şəbəkələrdə “ağ atlı oğlan” axtarırlar”

“Sosial şəbəkələrdə “ağ atlı oğlan” axtarırlar”

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Uşaqlar valideynlərini necə idarə edir?

Uşaqlar valideynlərini necə idarə edir?

Uşaq tərbiyəsində 7 məqam - Valideynlərin Nəzərinə

Uşaq tərbiyəsində 7 məqam - Valideynlərin Nəzərinə

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?