AzTehsil.com
RU


Xəbərlər / Valideyn
24 noyabr 2017
40 056


Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu



Uşaq şəxsiyyətinin formalaşmasında ailənin rolu əvəzedilməzdir. Gənc nəslin tərbiyəsi ailənin başlıca funksiyalarından, valideynlərin isə ən mühüm vəzifələrindən biridi. Biz yaxşı və pis uşaqlar haqqında danışırıq. Onların hər ikisinin atası da var, anası da. Lakin valideynlərin öz - özlüyündə xeyirxah, arzularından asılı olmayaraq, biz evdə yaxşı, digərində isə pis uşaq böyüdüb.

 

Bunu necə izah etmək olar? Sualı bir qədər də konkretləşdirsək, ailədə hansı şəraitdə yaxşı, hansı şəraitdə pis uşaq formalaşır? Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər? Amma əvvəlcə tərbiyə anlayışı ilə tanış olaq.

 

Tərbiyə sözü adətən iki – dar və geniş mənada işlənilir. Dar mənada tərbiyə - tərbiyə edənin tərbiyə olunana məqsədyönlü təsiri prosesidir.

 

Tərbiyə edən həmişə müəyyən məqsəddən çıxış edir; o, tərbiyə olunan ictimai təcrübəni aşılamaq, onda yaxşı və pis haqqında təsəvvür yaradırıq, bu və ya digər hadisəyə münasibət formalaşdırmaq, davranış və rəftar norması ilə tanış etmək, mənəvi keyfiyyətlər aşılamaq və s. məqsədilə müxtəlif üsulların köməyilə təsir göstərir. 


Heç bir ailədə uşaq kortəbii şəkildə tərbiyə edilmir. Hansı valideyn olur olsun, o, uşaqların tərbiyəsində mütləq müəyyən pedaqoji məqsədi rəhbər tutur. Burda sual həmin məqsədin nə dərəcədə doğru və ya səhv olmasıdır. Valideyn öz məqsədini necə həyata keçirir?


Valideynlərin bir qisminin pedaqoji məqsədləri çox vaxt aydın xarakter daşımır, dəqiq olmur. Bu da uşaqların tərbiyəsi işinə böyük ziyan vurur. Lakin bununla yanaşı, qeyd etmək lazımdır ki, ata-ananın böyük əksəriyyətinin öz qarşısına qoyduqları pedaqoji məqsədlər dəqiqliyi ilə seçilir. Pedaqoqlar valideynlərlə "siz öz uşaqlarınızda, hər şeydən əvvəl, şəxsiyyətin hansı keyfiyyətlərini tərbiyə etmək istərdiniz?” sualı əsasında anket sorğusu keçirilib.

 

Əksər valideynlər belə cavab veriblər: düzlük, xeyirxahlıq, kollektivdə yaşamaq və işləmək bacarığı, böyüklərə hörmət, əməyə məhəbbət, vətəndaşlıq.

 

Uşağın yaxşı adam olmasını istəmək ülvi hissdir, lakin qənaət bəxş deyil. Bu "yaxşı adam” anlayışına hansı xarakter əlamətlərinin, hansı vərdiş, bacarıq, adət, hiss və s. daxil olduğunu bu və ya digər dərəcədə dəqiq aydınlaşdırmaq, uşağı "yaxşı adam” kimi böyütməyin üsul və vasitələrini bilmək lazımdır.


Şəxsiyyətin formalaşması ictimai münasibətlər sistemi ilə bilavasitə bağlıdır. Tərbiyədən geniş mənada danışanda məhz bu cəhəti – ictimai münasibətlər, o cümlədən, ailə münasibətləri sisteminin insana təsirini nəzərdə tuturlar. Ailədə uşaqların sosial inkişaf şəraiti müxtəlif amillərlə şərtlənir, onlardan ikisini ayrıca qeyd etmək gərəkdir. Birinci tip amillərə ailə münasibətləri – ata ilə ana valideynlərlə uşaqlar, bacı ilə qardaş, və s. arasındakı münasibətlər daxildir. Ailənin maddi vəziyyəti, mənzil şəraiti, quruluş ikinci tip amillər sırasına daxil edilir.


İkinci tip amillər uşaqların tərbiyəsinə bu və ya digər dərəcədə təsir göstərir. Lakin psixoloji tədqiqatlardan görünür ki, onları gənc nəslin tərbiyəsində həlledici hesab etmək olmaz.


Ailə münasibətlərinin uşaqların tərbiyəsində roluna xüsusi diqqət yetirilməlidir. Ailədə böyüməkdə olan nəslin tərbiyəsi prosesində valideynlərin istifadə etdikləri ən mükəmməl tərbiyə üsulları belə, uşaqların min bir tellə bağlı olduğunu ailə münasibətlərinin tərbiyəvi səmərəliliyini əvəz etmir və edə də bilməz.


Ailə münasibətləri hər şeydən əvvəl, uşaqların emosiya və hisslərinə təsir göstərir. Onların yaşı artdıqca həmin münasibətləri mənimsəyirlər, bu zəmində də oğlan və qızların xarakter əlamətləri və s. formalaşır.


Valideynlər uşaqlardan söhbət düşəndə bir səslə deyir: "Əzizim əziz, tərbiyəsi ondan əziz”. Atalar sözünün hikməti aydındır. Uşaqların tərbiyəsinə xüsusi diqqət yetirilməlidir. Bunu hansı valideyn bilmir?


Gəlin, əvvəlcə ata – anaların nəyi bildiyini aydınlaşdıraq. Əhalinin təhsil – mədəni səviyyəsinin köklü surətdə yüksəlməsi valideynlərin pedaqoji mədəniyyətinə də mühüm təsir göstərib. İxtisasından asılı olmayaraq onların böyük əksəriyyəti ailə tərbiyəsi problemləri üzrə qəzet və jurnallarda ardıcıl surətdə dərc olunan məqalələri maraqla oxuyur, televiziya və radioda ölkəmizin, o cümlədən, respublikamızın tanınmış psixoloq, pedaqoq və həkimlərin söhbətlərinə diqqətlə qulaq asırlar.

 

Son zamanlar ailə tərbiyəsi problemlərinə dair kitab və kitabçalara da maraq artmışdır. Lakin bir çox ailələrdə, xüsusilə gənc ailələrdə uşaqların tərbiyəsi sahəsində biz ciddi nöqsanlara rast gəlirik. Onlar, əlbəttə, təsadüfi xarakter daşıyır və müəyyən səbəblərlə bağlıdır. Bu haqda aydın təsəvvür əldə etmək üçün bəzi məsələləri xüsusilə göstərmək gərəkdir.


Son illər valideynlərin pedaqoji mədəniyyəti məsələlərini öyrənmək məqsədilə müxtəlif tədqiqatlar aparılmışdır. Alimlər müəyyən etmişlər ki, ata - anaların bir çoxunun ailə tərbiyəsi haqqındakı bilikləri çox ümumi, hətta bəzən səthi xarakter daşıyır. Belə valideynlər ailə tərbiyəsinin ən sadə məsələlərini belə yoluna qoymaqda çətinlik çəkirlər, buna görə də uşaqla "ağlı necə kəsirsə, elə də rəftar edir”.

 

Bu zaman o, öz "tərbiyə üsullarının” nəticələrini əslində görmür, özünün atalıq və analıq borcunu pedaqoji baxımdan düzgün qiymətləndirə bilmir. Buna isə təəccüb etməyin. Bizə ailə pedaqogikasını kim öyrədir?

 

Demək olar ki, heç kim ailə tərbiyəsi məsələlərini biz özümüz başqalarına – uşaq vaxtı ata və anamıza, sonralar isə qonum - qonşuya baxa - baxa çox vaxt onların səhvlərini təkrar edə - edə öyrənirik. 


Ailə münasibətlərinin gənc nəslin tərbiyəsindəki rolunun nəzərə alınmaması ailə tərbiyəsində yol verilən nöqsanlar içərisində xüsusi yer tutur. Bir sıra ailələrdə uşağa verilən mənəvi tələblərlə valideynlərin öz əməlləri uyğun gəlmir. Evin məişət qayğılarında ata - ananın eyni dərəcədə iştirak etməməsi, hətta bu əsasda əmələ gələn söz - söhbət və münaqişələr uşaqlarda kişilik və qadınlıq haqqında təsəvvürlərin formalaşmasına mənfi təsir göstərir. Bəzən ata uşağa bir, ana başqa cür, nənə isə tamamilə fərqli yanaşır. Tərbiyəvi təsirlərin vəhdətdə olmaması uşaqların münasibətlər sisteminin və qiymət meyarlarının formalaşması prosesini çətinləşdirir.


Ailənin tərbiyə vəzifələri və imkanları haqqında da yanlış təsəvvürlərə də az təsadüf olunmur. Bir çox ailələrdə əmək tərbiyəsinin əhəmiyyətsiz yer tutması, oyunlardan və birgə inkişaf etdirici məşğələlərin digər formalarından az istifadə edilməsi məhz bununla bağlıdır.


Gənc nəslin yaş, fərdi və cins xüsusiyyətlərinin, tələbat və imkanlarının hesaba alınması sahəsində də ciddi nöqsanlar var. Məsələn, psixoloqlar müəyyənləşdirmişlər ki, 5 – 6 yaşında uşaqlar dil öyrənməyə çox həssas olurlar, onlar ana dili ilə yanaşı, rus dilini, hətta üçüncü bir dili öyrənə bilərlər. Lakin təəssüflə, bildirməliyik ki, ailələr çox zaman bu böyük imkandan səmərəli istifadə etmirlər.


Valideynlər uşaqların təbii imkan və qabiliyyətlərinin vaxtında üzə çıxarılması sahəsində də ciddi nöqsanlara yol verilir. Onlar çox zaman uşağı heç bir əsas olmadan incəsənət sahələrinə təhrik edir, texnika sahəsinə isə maraq yaratmırlar.


Bəzi ailələrdə özünü göstərən əşya xəstəliyi uşaqların mənəvi tərbiyəsinə xüsusilə mənfi təsir edir. Bəzi ata – analar, hətta uşaqlar üçün "peşə seçəndə” belə onun "maddi cəhətdən sərfəli” olmasına diqqət yetirirlər. Valideynlərin özlərinin maraqlarının məhdud olması, mənəvi kasadlığı istər - istəməz uşaqların dünya, ailə, insan haqqında təsəvvürlərində əks olunur. Ailə tərbiyəsinə quru nəsihətçilik halları da az ziyan vurmur. Uşaqlarda ünsiyyətin az və yeksnəsək olması da diqqəti cəlb edir. Bir çox hallarda isə valideynlərin uşaqlarla ünsiyyəti sadəcə olaraq adi güzəran söhbətinə çevrilir, səthi və məhdud xarakter daşıyır. 


Asudə vaxtın, ailədə gün rejiminin düzgün təşkilindən çox şey asılıdır. Bu, bəzi hallarda valideynin iradəsindən asılı olmur. Həmin işdə məktəb, ictimai təşkilatlar ailənin köməyinə yetməyə borcludu.


Müşahidələr göstərir ki, uşaqlar ən çox sərbəst olduqları - məktəbdən və ailədən gəzib - dolandıqları vaxt pozulurlar. Yaşadığı məhəllənin, küçənin yerləşdiyi ərazinin yaxınlığı, dostluq, yoldaşlıq etdiyi uşaqların əxlaqı həddi - buluğa çatmamışlara güclü təsir edir. Məhəllə uşaqları arasında daha nüfuzluları olur. Digər uşaqlar onun ətrafında cəmlənir, məsləhəti ilə oturub dururlar. Həmin yeniyetmənin şəxsiyyətini müəyyənləşdirmək, sonra əməli tədbir görmək valideyn üçün zəruridir.


Yeniyetmələrin hədsiz əzizlənməsi, hər cür tələblərinə güzəştə gedilməsi bəzi hərəkətlər və davranışlarında onlara sərbəstik verilməsi də pis nəticələnir. O, məktəbdən yayınır, siqaret çəkməyə, içki içməyə, yaşlılara məxsus oyunlara oynamağa, evə gec gəlməyə başlayır. 


Ailə tərbiyəsinin çox mühüm bir xüsusiyyəti var: valideynlərlə uşaqlar arasında münasibətlər şəxsi – emosional xarakter daşıyır. Ana uşaqla hisslərin dili ilə danışır. Ata məhəbbəti də şirindi. Övladların qəlbini riqqətə gətirir. Ailə tərbiyəsinin üstünlüyü də, zərifliyi də məhz buradadı. Fiziki və psixoloji cəhətdən yaxşı inkişaf etmək üçün uşağa, hər şeydən əvvəl, valideyn məhəbbəti gərəkdir. Ancaq bir şərtlə: ata - ananın məhəbbəti uşağı inkişaf etdirməlidir. Onun nəinki bugünkü, həm də sabahkı xoşbəxtliyinin rəhni olmalıdır. 


Müasir ailələrdə uşaqların əzizlənməsi müxtəlif formalarda özünü göstərir: uşağı əmək qayğılarından azad edirlər, hamı onun canına and içir, adi sözünə əməl edir, istəkləri həmin an yerinə yetirilir, bərkə-boşa salinmır, adi çətinlikləri belə onun üçün ata və ya ana aradan qaldırır... Bir də xəbər tuturlar ki, uşağın iddiası yerə-görə sığmır. Artıq böyük oğlandı, lakin ailənin dərdi-səri ilə maraqlanmır, yalnız özü haqda fikirləşir.


Tutduğu xoşagəlməz hərəkətlərə görə evdə heç bir cəza almayan, hətta valideynlərdən biri tərəfindən müdafiə edilən övladlar da var. Onlarda belə bir fikir yaranır :

 

”Madam ki, ona hər şeyə icazə verilir, mane olan, xətrinə dəyən yoxdur, o, nə istəsə edə, hətta qanunu da poza bilərəm”. Nəvaziş və qayğının həddi gözlənilməlidir. Çox zaman uşaq həddindən artıq əzizləndiyi zaman "çətin” olur. Uşağı tez-tez, özü də yersiz tərifləmək, onun pis əməllərini alqışlamaq lazım deyil. Təəccüblü odur ki, bəzi valideynlər bu mətləbi başa düşsələr də, yenə də uşağı həddindən artıq qayğı ilə bürüyürlər, çünki bu çox asan yoldur. Uşağı əzizləməyə nə var ki, lakin onunla hər hansı bir əsəri müzakirə etmək, ona dil öyrətmək və s. isə çox çətindir. Çünki bu valideyndən təkcə vaxt yox, həm də bilik, bacarıq, pedaqoji səriştə tələb edilir. Biz hər hansı bir qayğıdan uşağı azad etməklə onu həyata hazırlamırıq, bahalı şey almaqla onun sadəcə başını qatırıq. Əslində isə onu başımızdan etmiş, öz ümidinə buraxırıq, yəni tərbiyəsi qayğısına qalmırıq. 


Bir çox ailələrdə isə uşaqlara qarşı həddindən ziyadə tələbkarlıq göstərir, cəzanın ədalətli olmasını gözləmirlər. Bir çox hallarda cəza müstəsna dərəcədə sərt xarakter daşıyır, uşağı qorxudur, onda inamsızlıq hissi yaradır. Bəzi ailələrdə isə uşaq nadinclik etdikdə, sözə baxmadıqda, dərslərini öyrənmədikdə, xoşagəlməz iş tutduqda valideyn yerli-yersiz onu döyür. Bu isə uşağın düzgün tərbiyəsinə son dərəcə mənfi təsir göstərir, eyni zamanda valideyn uşağın gözündə nüfuzdan düşür. Fiziki cəzaya əl atan valideyn uşağa təkcə fiziki zədə deyil, həm də psixi zədə yetirir.

 

Psixoloji tədqiqatlar göstərir ki, artıq yeniyetməlik dövründə uşaqların mənlik şüuru inkişaf edir, onlar özlərini bir şəxsiyyət kimi yüksək qiymətləndirir, öz ləyaqət və şərəflərini bütün aydınlığı ilə başa düşürlər. Buna görə də uşaqları qətiyyən döymək olmaz. Uşağı döymək, onu təhqir etmək, ləyaqətini alçaltmaq, şəxsiyyətini tapdalamaq deməkdir. Lakin bu o demək deyil ki, uşağı cəzalandırmaq olmaz. Cəzanın müxtəlif növləri var. Onların bir çoxu ailə tərbiyəsində də bu və ya digər dərəcədə istifadə olunur. Lakin cəza məqsəd deyil, vasitə olmalıdı. Həm də uşağı addımbaşı danlamaq, utandırmaq və ya hədələmək yaramaz. Düzgün əzalandırma valideyndən xüsusi məharət tələb edir. 


F. E. Dzerjinski vaxtilə yazırdı ki, çubuq onların bədənini ağrıda bilər. Əgər onların qəlbləri inciyirsə, əgər bu kötək uşaqları öz arzularına zidd olan tərzdə hərəkət etməyə vadar edirsə, o zaman müəyyən bir müddətdən sonra çubuq uşaqları öz zəifliyinin əsirinə çevirəcək, onların üzərinə əbədi əziyyət verən ağır bir daş kimi çökəcək və hər cür əzab-əziyyətə dözməyə qadir olmayan ruhsuz, satqın, "vicdanlı” adamlara çevriləcək. 


Ailədə tez-tez bədən cəzasına məruz qalan uşaq özgələşir, sırtıq, kobud və qəzəbli olur. Fiziki cəza uşağın qəlbində zəriflik və həssaslığı məhv edir. Düzgün tərbiyə isə xoş rəftar və tələbkarlıqla yanaşı gedir.

 

Tələbkarlıq – uşağın şəxsiyyətinə və ləyaqətinə təzyiq kimi deyil, ona etibar və hörmət zəminində olmalıdı. Valideyn ilk gündən öz uşağında düzgün adət və vərdişlər formalaşdıra bilibsə, uşaq bircə sərt baxışdan səhvini anlayacaq, yaxşı işi ilə "günahını” yumağa çalışacaqdır. Tutduğu əməllərə görə uşaqda elə söhbətlər aparılmalı, elə təsir göstərilməlidir ki, o həmin pis hərəkətin onun üzvü olduğu, kollektivə, valideynlərə, ailənin şərəfinə, nüfuzuna, ümumiyyətlə, cəmiyyətə nə kimi zərər vurduğunu şüurlu surətdə dərk etsin, öz hərəkət və davranışına düşüncəli nəzarət etsin, yaşlıların xeyirxah məsləhətlərinə qulaq assın. Bunun üçün isə valideynlər, ilk növbədə, tərbiyənin məqsədini aydın təsəvvür etməlidir.

 

A.S. Makarenko göstərir ki, bəzi ailələrdə bu məsələyə daim etinasızlıqla yanaşırlar:

 

"Valideynlər və uşaqlar sadəcə bir yerdə yaşayırlar və valideynlər ümid edirlər ki, hər şey öz-özünə qaydaya düşəcək. Belə valideynlərin nə aydın məqsədi, nə də müəyyən proqramı var. Əlbəttə belə hallarda tərbiyənin nəticəsi də həmişə təsadüfi olur və çox vaxt valideynlər sonra təəccüb edirlər ki, nə üçün onların maraqları korlanıb? Nəyə nail olmaq istədiyini bilmədən heç bir işi yaxşı görə bilməzsən.


Evdəki mebellərə qayğı göstərən uşaq avtobusdakı oturacaqları kəsir, məktəbdə pəncərə şüşəsini sındırır, ictimai yerdə tum çırtlayıb yeri zibilləyir və s. Ana isə üstəlik, irad tutan vətəndaşların, ictimaiyyətin "acığına” oğluna tapşırır ki, onlara fikir verməsin, dediklərini qulaq ardına vursun.


Avtobusda yaşlı adamın ayaq üstündə durduğu halda uşağın özünü görməməzliyə vurması bizi narahat edir. Lakin valideyn özü buna şərait yaratdıqda vəziyyət dözülməz olur. Valideyn, əvvəla, pedaqoji cəhətdən düzgün hərəkət etmir. İkincisi, öz övladına etinasızlıq, saymazlıq və laqeydlik kimi məni keyfiyyətlər aşılayır.


İnsan anadan olduğu gündən ömrünün sonuna kimi tərbiyəvi təsirlərin əhatəsində yaşayır. Bunun üçün valideynlər uşağı ilk gündən elə tərbiyə etməlidir ki, onun hansı yaşındasa yenidən tərbiyəsinə ehtiyac qalmasın. O, cəmiyyət üçün faydalı adam kimi böyüsün, ailə, kollektiv, ümumiyyətlə xalq üçün ağır yük çevrilməsin. 


Böyüməkdə olan nəslin tələbat – motivasiya sahəsinin, əxlaqi şüurunun və s. formalaşmasına xüsusi diqqət yetirilməlidi. Uşaq da özü haqqında aydın təsəvvür yaradılmalıdı. O, özünün müsbət və mənfi keyfiyyətlərini düzgün qiymətləndirməyi öyrənməli və vaxtında özünütərbiyə ilə məşğul olmalıdı. Bundan ötrü bir tərəfdən, uşağı ictimai münasibətlər sisteminə daha geniş cəlb etmək, ətrafdakı adamlarla onun ünsiyyətini dolğunlaşdırmaq, digər tərəfdən isə onun fəaliyyət sahəsini genişləndirmək zəruridir.


A.S. Makarenko deyirdi:

 

"Tərbiyə işinin əsl mahiyyəti... heç də sizin uşaqla təklikdə söhbət etmənizdən, uşağa müstəqim təsir göstərməyinizdən ibarət deyil, ailənizin, şəxsi və ictimai həyatınızın təşkilindən, aşağın həyatını təşkil etməkdən ibarətdir”.




Загрузка...
Həmçinin oxuyun: