Tərbiyə məqsədyönlü prosesdir. Tərbiyənin məqsədi tərbiyə olunana yaxın və aydın olanda prosesin təşkili ən yüksək səmərəni təmin edir.
Tərbiyə çoxamilli prosesdir. Bu prosesdə çoxlu obyektiv və subyektiv amillər özünü göstərir. Şəxsiyyətin daxili tələbatını ifadə edən subyektiv amillərin şəxsiyyətin yaşadığı obyektiv şəraitə uyğun gəlməsi tərbiyə vəzifələrini uğurla həll etməyə kömək edir.
Tərbiyə dialektik prosesdir. Bu onun fasiləsiz inkişafında dinamikliyində, dəyişkənlyində özünü göstərir.
Tərbiyə kompleks prosesidir. Bu o deməkdir ki, tərbiyə prosesinin məqsədləri, vəzifələri, məzmunu, forma və metodları vəhdətdədir. Bunların hamısı şəxsiyyətin tam formalaşması ideyasına tabedir. Şəxsiyyətin əxlaqi keyfiyyətlərinin formalaşması kompleks halda, vəhdətdə baş verir.
Tərbiyə mürəkkəb dinamik prosesdir. Bu sistemin hər bir komponenti öz növbəsində bir sistem hesab edilə bilər, çünki onun da öz komponentləri vardır.
Tərbiyə dəyişkən, qeyri-müəyyən prosesdir. Bu proses subyektiv amillərin təsirindən asılıdır: tərbiyə olunanların fərdi fərqlərindən, onların sosial təcrübəsindən, tərbiyəyə münasibətindən asılıdır.
Tərbiyə ikitərəfli prosesdir. Bu proses iki istiqamətdə gedir: tərbiyəçidən tərbiyə olunana (birbaşa əlaqə) və tərbiyə olunandan tərbiyəçiyə (əks əlaqə). Prosesin idarə olunması başlıca olaraq əks əlaqələr üzərində qurulur.
Tərbiyə mürəkkəb və ziddiyyətli prosesdir. Bu o deməkdir ki, onun hadisələri tez nəzərə çarpmır. Tərbiyə prosesinin mürəkkəbliyi onun dinamik və dəyişkən olmasındadır.
Tərbiyə şəxsiyyətin inkişafı və formalaşması prosesidir. Bu prosesə həm şəxsiyyətə edilən xarici təsir, həm də özünütərbiyə və özünütəkmilləşdirmə daxildir.
Tərbiyə fasiləsiz, uzun sürən prosesdir. Tərbiyə proseesi tərbiyəçilərin tərbiyə olunanlara fasiləsiz, sistematik ardıcıl təsiri prosesidir. Burada məqsədli iş sistemi qurulur. Tərbiyə işi insanın bütün həyatı boyu davam edir, nəticəsi gec görünən və insanın əməllərində özünü göstərən bir prosesdir.
Göründüyü kimi, tərbiyə prosesində iki fəal tərəf iştirak edir. Onlardan biri tərbiyəçi, digəri isə tərbiyə olunandır. Hər ikisi fəaldır. Ancaq daha fəal olanı tərbiyəçidir. Məhz o, uşağı bəsləyib yetişdirir, ona təsir göstərir, onda yeni keyfiyyətlər, nəcib əxlaqi sifətlər yaradır, zehni və fiziki qabiliyyətləri təşəkkül etdirib möhkəmləndirir, uşağın fəal şəxsi mövqeyini təmin edir. Bu prosesdə tərbiyəçinin özünün də şəxsiyyəti inkişaf edir, formalaşır.
Beləliklə, tərbiyə prosesi tərbiyəçi ilə tərbiyə olunan arasında yaradıcılıq əməkdaşlığı şəraitində həyata keçirilən ikitərəfli qarşılıqlı fəaliyyət prosesidir. Bu elə bir prosesdir ki, həmin prosesdə bir tərəfdən uşaq tarix boyu qazanılmış təcrübə və bilik sərvətləri ilə silahlanır, inkişaf edir, tərbiyəçinin bilavasitə göstərdiyi pedaqoji rəhbərliklə özünün fəallığı zəminində həyata düzgün münasibət bəsləyir, öz həyat yolunu təyin etmək mədəniyyətinə, zehni, əxlaqı, iqtisadi, siyasi, hüquqi, ekoloji, bədii və fiziki mədəniyyətə, faydalı adətlərə və davranış qaydalarına yiyələnir, digər tərəfdən tərbiyəçi özü kamilləşir, inkişaf edir.
Deməli, tərbiyə şəxsiyyətin məqsədyönlü formalaşması və inkişafı prosesidir. Məqsədyönlü formalaşma və inkişaf tərbiyənin əsas mahiyyətini təşkil edir. Tərbiyənin mahiyyəti - şəxsiyyəti yüksək insani keyfiyyətlərlə tərbiyələndirmək, onda nəcib əxlaqi, mənəvi keyfiyyətlər aşılamaq, əməyə, həyata hazırlamaq, estetik və fiziki mədəniyyət, ailə münasibətləri mədəniyyəti formalaşdırmaq, cəmiyyətdə düzgün davranış normalarına istiqamətləndirmək, milli və bəşəri dəyərləri mənimsətmək və bütün bunların tərbiyə olunanın intellektual, emosional, daxili aləmindən keçirib onun xarakter əlamətlərinə çevirməkdir.
Tərbiyə prosesi çoxçalarlı, dinamik və dəyişkən prosesdir. Bu prosesdə bir tərəfdən sosial-psixoloji, digər tərəfdən pedaqoji əlaqə və asılılıqlar özünü göstərir. Bu əlaqə və asılılıqlar bir-biri ilə sıx surətdə bağlıdır. Onları nəzərə almadan tərbiyə prosesini düzgün təşkil etmək olmaz. Sosial əlaqə və asılılıqlar dedikdə, tərbiyə prosesinin gedişində şagirdlərin ictimai sərvətləri mənimsəməsi zamanı özünü göstərən əlaqələr və asılılıqlar nəzərdə tutulur.
Pedaqoji əlaqə və asılılıqlar uşağı əhatə edən mühit və tərbiyə qüvvələri tərəfindən göstərilən təsirlərlə bağlı olan əlaqə və asılılıqlardır. Uşaq həmişə müəyyən mikro və ya makro mühitdə yaşayır, həmyaşıdları, valideynləri, bacı-qardaşları ilə ünsiyyətdə olur, məktəbin, müəllimlərin təsirinə məruz qalır, səhnə və ekran əsərlərinə, televizor verilişlərinə baxır, kitab və qəzet oxuyur, radionu dinləyir və s.
Tərbiyənin bir sıra nisbi mənada tərkib hissələri müəyyənləşdirilmişdir ki, tərbiyə olunanda həmin keyfiyyətlərin aşılanması məqsədəmüvafiqdir. Onları aşağıdakı kimi ayırmaq olar: əxlaq tərbiyəsi, mənəvi tərbiyə, intellekt tərbiyəsi (zehin tərbiyəsi), əmək tərbiyəsi, estetik tərbiyə, fiziki tərbiyə. Bütün bunlarla bərabər tərbiyə prosesində uşaqların hüquq, ekoloji, iqtisadi, ruhi tərbiyəsi ilə də məşğul olunur. Bütün bunlar tərbiyənin məzmununu təşkil edir. Amma, nəzərə almaq lazımdır ki, tərbiyənin bütün tərkib hissələri bir birilə sıx bağlıdır. Hər hansı bir tərbiyənin tərkib hissəsində digər keyfiyyətlər də tərbiyə olunur və ya olunmalıdır. Bu cəhətdən tərbiyənin tərkib hissələri bir növ şərti xarakter daşıyır, insanın tərbiyə prosesində bütün bu tərbiyəvi keyfiyyətlər kompleks şəkildə həyata keçirilir.
Tərbiyə fəaliyyətində xüsusi, təşkilati cəhətindən söhbət getdikdə, adətən, burada müəyyən şəxsiyyətin formalaşmasına olan təsir assosiasiyası nəzərdə tutulur. Tərbiyə ənənəvi olaraq xüsusi inkişaf edən şəxsiyyətə, onun formalaşması məqsədi ilə cəmiyyət tərəfindən müəyyənləşdirilmiş sosial xassə və keyfiyyətinə pedaqoji təsiridir.
Tərbiyə dedikdə, biz pedaqoji prosesdə həyata keçirilən müxtəlif növlü fəaliyyətin stimullaşdırılmasını və təşkilini nəzərdə tuturuq ki, onlar ictimai təcrübə əldə etmək üçün şəxsiyyətə imkanlar verir. O, bilik, bacarıq, sosial və mənəvi münasibətləri ilə formalaşır.
Tərbiyə cəmiyyətimizin demək olar ki, bütün sahələrində həyata keçirilir. Ailənin, uşaq bağçasının, ümumtəhsil məktəblərinin, texniki peşə məktəblərinin, orta, ali ixtisas məktəblərinin, kolleclərin, idarə, müəssisə və təşkilatların tərbiyə imkanları genişdir. Başqa sözlə, sadalanan ictimai qurumlar tərbiyənin həyata keçirildiyi yerlərdir.
Ümumiləşdirilmiş formada desək, tərbiyəçilər və tərbiyə olunanlar tərbiyənin iştirakçılarıdır. Valideynlər, müəllimlər, ustalar, idarə, müəssisə və təşkilatların rəhbərləri və s. şəxslər tərbiyəçilər kimi fəaliyyət göstərirlər.
azrefs.org