AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn
02 dekabr 2017
8 295


Uşağın tərbiyəsində ailə mühitinin rolu nə qədərdir?



Uşağın tərbiyəsində ailə mühitinin rolu nə qədərdir?

Platonun zamanından bizim günlərə kimi yüksək savadlı müdrik insanlar, alimlər və müəllimlər iddia edir ki, ailə uşaqların psixoloji təşəkkülünə böyük təsir göstərir və onların əqli imkanlarının formalaşmasına, mənəvi və fiziki qabiliyyətlərinin harmonik inkişafına, sağlam mənəvi prinsiplər ruhunda tərbiyəsinə görə böyük məsuliyyət daşıyır.


Tərbiyə haqqında kitablar daim valideynlərə xatırladır ki, əgər onlar uşağın sağlamlığı qayğısına qalırlarsa və onun fiziki inkişafından ötrü canla-başla çalışırlarsa, uşaq ətraf mühitin zərərli təsirindən qorunacaqdır. Bunu intelektual qabiliyyətlərin inkişafı və mənəviyyat haqqında da demək olar. Mənəvi inkişafdan qalmış insan, rahatlıq və zənginlik içində böyüsə də, fiziki cəhətdən sağlam, elm və sənət sahəsində möhkəm olsa da, harmonik şəxsiyyətə məxsus kamilliklər onda başlanğıc halından qabağa getməyəcək və o, bizim insan dünyasına, bəşəriyyətin buna görə ona minnətdar olduğu yaxşı heç bir şey verməyəcək. 


Ailə tərbiyəsinin uşağın psixoloji inkişafına təsirini göstərməkdən ötrü bu sahədə mütəxəssis kimi dünyada ad çıxarmış Raul Bertin müşahidələrinin nəticələrini nümunə gətirək.

 

O, aşağıda göstərilən səbəbləri uşağın əqli inkişafına və onun gələcəyinə mənfi təsir göstərdiyini, onu diqqət, qayğı və tərbiyə payından məhrum etdiyini düşünür:


1. Ata və ya ananın ölümü.

 

2. Valideynlərin boşanması və ailənin dağılması.

 

3. Atanın tez-tez harasa (səyahət, xidməti ezamiyyət və s.) müvəqqəti getməsi.

 

4. Ananın uzun müddət olmaması və uşağın yad adamların yanında qalması.

 

5. Valideynlərin uşağın mənəvi tərbiyəsinə kifayət qədər diqqət yetirməməsi, həmçinin uşaqlara pis nümunə kimi valideynlərin mənfi davranışı – yadlaşma, mübahisə, qəzəb, söyüş və s.

 

6. Ailədə alkoqollu içkilərə aludəçilik.

 

7. Ata və ya ananın siqaret çəkməsi.

 

8. Ata və ya ananın və ya hər ikisinin səviyyəsi aşağı olan dostları.


Evdə hətta kitabların sayı, onların mövzusu, ananın təhsil səviyyəsi, valideynlərin bir-biri ilə danışıq tərzi və s. uşaqların psixoloji inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir.


Rus pedaqoqu, həkim, uşaq xarakterinin tədqiqi sahəsində mütəxəssis P.F.Lesqaft uşaqlara münasibətdə valideynlərin ailədə uşağın davranışına təsir göstərən altı mövqeyini ayırmışdır.


1. Əgər valideynlər uşaqlara diqqət yetirmir, onları alçaldır, onların ehtiyaclarına etinasız yanaşır, onlarla hesablaşmır, onların təlim-tərbiyəsinə cüzi də olsa, əhəmiyyət vermirlərsə, bu cür ailələrdə uşaqlar ikiüzlü və yalançı böyüyürlər, onlarda çox vaxt yüksək olmayan intelektual səviyyə və ya əqlin inkişafdan qalması müşahidə olunur.

 

2. Əgər valideynlər daim uşaqlarını tərifləyir, əzizləyir, onları kamillik nümunəsi hesab edirlərsə, uşaqlar eqoist və səthi böyüyürlər. Həddsiz heyranlıq mövqeyi uşaqda son dərəcə güclü özünəəminlik, öz şəxsiyyəti haqqında yüksək fikir yaradır.

 

3. Sakitlik, xoşbəxtlik və harmoniyanın hökm sürdüyü, valideynlər arasında münasibətlərin həqiqi məhəbbət və ehtiram əsasında qurulduğu ailələrdə, yetkinlik yaşına çatmış uşaqlar yumşaqürəkliliyi və dərin təfəkkürü ilə seçilirlər. Onlar daim öyrənməyə, biliklərə yiyələnməyə can atırlar. 

 

4. Valideynlər daim uşaqdan narazı qalanda, onu məzəmmət və töhmətləndirəndə, hər məsələdə təqsirkar biləndə, uşaq bu cür münasibətə cavab olaraq qaba hərəkət etməyə, itaətsizlik göstərməyə başlayır, qəlbinin dərinliyində həmişə qəzəb və inciklik yaşayır, o, əsəbi və emosional baxımdan səbatsız böyüyür.

 

5. Valideynlər uşağı hədsiz əzizləyir və qoruyur, hər istəyini yerinə yetirir, yaşını nəzərə almadan onunla körpə kimi rəftar edir, sərbəstliyinə əngəl törədirsə (məsələn, hətta çəkməsini sərbəst geyməyə imkan vermirlərsə), bununla da onlar onun əqli və fiziki fəallığını məhdudlaşdırırlar. Uşaqlar tənbəl, sosial baxımdan yetişməmiş, real həyatın üzünə baxmaq qabiliyyəti olmayan şəxs kimi böyüyürlər.

 

6. Maliyyə çətinlikləri uşaqlara münasibətdə valideynlərin mövqeyinə, məhəbbətlərinin ifadəsinə təsir göstərmirsə, uşaqlar zəhmətkeş, emosional baxımdan sakit, təvazökar böyüyürlər. Lakin aşağı həyat səviyyəsi ailə münasibətlərinə təsir göstərirsə, məhəbbət, valideyn qayğısı həmin evi tərk edirsə, uşaqlar özlərini bədbəxt, atılmış hiss edir, gələcəyə bədbin, ümidsiz və kədərlə baxırlar.


Uşaqların psixoloji inkişafı, mənəvi təşəkkül tapması, davranış nümunələri, sosial qaydalar, əlaqələr, prinsiplər – bütün bunlar ailə münasibətlərinin strukturuna əsaslanır. Cəmiyyətin firavanlığı, onun tərəqqisi və ya durğunluğu ata və anaların tutduqları mövqesindən, onların sözündən, əməlindən, qayğı və diqqətindən asılıdır.

 

Görünür, valideynlərdən, xüsusən də analardan öz müqəddəs vəzifələrini reallaşdırmaq və üzərilərinə qoyulmuş həmin məsuliyyəti tam dərk etmələri tələb olunur. Törətdiyi əməldən, işlətdiyi sözdən, ünsiyyət etdiyi insandan, həll etdiyi problemdən asılı olmayaraq, öz müqəddəs vəzifələrini yadda saxlamaq onlar üçün vacibdir. Bu yola düşmüş insan səbr, mərhəmət, yenilməzliyi özünə yol tədarükü etməli, öz gücünü və biliyini durmadan artırmalıdır.




Загрузка...