AzTehsil.com


Psixoloq / Sinif rəhbəri / Valideyn / Müəllim
19 oktyabr 2016
5 854


6 PEDAQOJİ MƏSLƏHƏT- İNTİZAM VƏ QAYDA



     6 PEDAQOJİ MƏSLƏHƏT-  İNTİZAM VƏ QAYDA

 


İstənilən intizam, istər fiziki, əxlaqi və ya əqli olsun, həqiqətən zəruridir. Əgər bu tələblər gözlənilməsə təlim-tərbiyə tam olmayacaq və fayda gətirməyəcək.
İntizam və qayda uşaqlarda əqli qabiliyyətlərin düzgün inkişafından ötrü vacibdir, ona görə də ailədə qoyulmuş norma və qaydalar mənimsənilməli və gözlənilməlidir. Uşaqların hər bir hərəkəti və davranışı bu qaydalara uyğun olmalıdır. Dərrakəli ana kiçik yaşlarından uşağı ailədəki qayda və mütəşəkilliyə öyrədə bilsə pis davranışın əsas səbəbini aradan götürər və böyük yaşlarında sosial əmin-amanlığa ziyan gətirən hər bir şeyin qarşısını almış olar.
Uşaq intizamsızdırsa və qaydalara hörmət göstərmirsə, yuxu və gəzinti, istirahət və oyun, iş və qüvvənin bərpası vaxtını gözləmirsə, onun dəyərli həyatı plansız şəkildə keçirsə, əgər o, əşyalarını öz yerinə qoymağa öyrədilməyibsə və dəyərli vaxtının bir hissəsi çəkmələrinin, papağının, qələminin axtarışına sərf olunursa (onlar otağın bir küncündə bir qalaq əşyanın içindədirsə), onu necə cəmiyyətin qəbul etdiyi qaydaları gözləyən son dərəcə dəqiq və tərbiyəli vətəndaş kimi böyütmək olar? İnsan təbiəti dəyişikliyə qarşı həssasdır və insanın özü tərbiyənin məhsuludur. Bizim vərdişlər, xasiyyətimizdəki xüsusiyyətlər, biliklərimiz, hətta bizim arzularımız və maraqlarımız aldığımız tərbiyənin nəticəsidir.
Əgər analar və müəllimlər uşağın necə olmasını, hansı ideyalarla, hansı inamla onun cəmiyyət qarşısında durmasını istəyirlərsə, onda lazımi vərdişləri formalaşdıra, xarakterində lazımi cəhətləri və keyfiyyətləri tərbiyə edə bilərlər. Analar öz uşaqlarını intizam və qaydaya erkən yaşlarından öyrətməlidirlər, yalnız bu halda onlar böyük uğurlar qazana bilərlər. Bu məqsədə çatmaqdan ötrü aşağıdakılara diqqət yetirmək lazımdır.
1. İlk öncə tövsiyə olunur ki, uşaqları gündəlik rejimə alışdırasınız. Yuxu və gəzinti, qida qəbulu, istirahət və oyun, mütaliə və dərslərin hazırlanması vaxtı ciddi şəkildə müəyyən edilməlidir. Uşaqların bütün fəaliyyəti müəyyən qrafikə uyğun qurulmalı, ondan kənara çıxılmamalıdır. Uşağınızdan hər səhər saat altıda durmağı tələb edin. O, hər gün həmin vaxtda durmalıdır. Əgər o, bu tələbə tabe olmamağa cəhd edərsə, ana həlimliklə və dostcasına onunla danışmalı, ona bağlılığını bildirməli, hər halda sözünün üstündə durmalı və dediyindən geriyə çəkilməməlidir. Əvvəlcə uşaq güclü müqavimət göstərə bilər, lakin əvvəl-axır səhər saat 6-da durmaq vərdişə çevriləcəkdir və o, ananın müdaxiləsi olmadan lazımı vaxtda durmağa adət edəcəkdir. Bu onu göstərir ki, vərdiş təkrarlamaq vasitəsilə insanın ikinci təbiətinə çevrilir.
Ananın gündəlik qaydaları unutmaması da vacibdir. Uşaq axşam vaxtında yatağına girməli, gündüz saatlarında yuxu və gəzinti vaxtını gözləməlidir.
Analar bilməlidirlər ki, uşaqlara axşamlar qorxulu nağıllar danışmaq olmaz. Uşaqlar tez təsirlənən olduğundan bu cür nağıllar onların sinir sistemini pozur. Uşaqların kədərli və ya həyəcanlı halda yatağa girməsi onların sağlamlığına mənfi təsir göstərir. Uşaqlara axşam saatlarında onların təxəyyülünü həyəcanlandıran hadisələr danışmaq, xüsusən də məhəbbətə dair hekayə və kitabların oxunması tövsiyə olunmur. Yuxu zamanı bədən istirahət etdiyi kimi, sinir sistemi də istirahət etməlidir. Beyin fikirlərdən azad olanda insan sakit və xoşbəxtdir.
2. Uşaq kitabları, dəftərlər, məhrəba, fırça, geyim – uşağın bütün əşyaları bundan ötrü xüsusi ayrılmış yerdə, bir-birindən ayrı qoyulmalıdır. Bu uşaqda məsuliyyət hissini artırır və onları nizam-intizama alışdırır. Əşyalarını yerləşdirməkdən ötrü iki və üç qutu qoymaqla hətta balaca otaqda belə uşağa künc ayırmaq olar.
3. Analar və atalar özləri də gündəlik rejimi gözləməli, mütəşəkkil olmalı və qoyulmuş qaydaları pozmamalıdırlar. Onların əməlləri uşaqlara nümunə olanda, onda uşaqlar da özlərini valideynləri kimi aparmağa səy göstərəcəklər. Evin xanımı həmçinin hər bir əşyanın öz yerini müəyyən etməli və evi səliqə-sahmanda saxlamalıdır. Məsələn, mətbəx əyşaları otaq boyunca səpələnməməli, tualet üçün nəzərdə tutulmuş şeylər stola, sobanın və ya pəncərənin qırağına qoyulmamalıdır.
Analara evin interyerinə laqeyd yanaşmamağı tövsiyə edirik. Divardan mənasız və yöndəmsiz şəkillər asılmamalıdır, çünki bu uşaqlarda qaydalara qarşı hörmətsizlik tərbiyə edir, onlarda qeyri-sağlam maraq və pis zövq formalaşdırır.
4. Analar çox böyük təmkin və səbrlə, lakin eyni zamanda qətiyyətlə uşaqlarını intizama öyrətməli, əşyalarını öz yerinə qoymağı onlardan tələb etməlidirlər. Uşağın pis davranışına və ya səliqəsizliyinə biganə yanaşmaq olmaz. Lakin bunu sakit qətiyyətlə etməli və uşaqlara ətrafdakıların onları mədəni insan saymalarından ötrü özlərini necə aparmalarını onlara xatırlatmalıdırlar.
Uşaq məktəbdən evə qayıdır, çantasını evin bir küncünə, papağını başqa bir küncünə atır. Evdə tam səliqəsizlik yaradır. Ana həmin dəqiqə nəzakətli və intizamlı insanın bu cür etmədiyini ona xatırlatmalı və sonra da töküşdürülmüş əşyaları öz yerinə qoymağı ondan xahiş etməlidir. Uğur tamamilə ananın səbr və qətiyyətindən asılıdır. O, niyyətindən çox tez imtina etməməli, uşaqda nadanlığın ilk əlamətlərinin görünməsindən dilxor olmamalıdır. Səbrini toplamalı, xeyirxah olmalı, əsəbləşməməli, uşaqla kobud danışmamalıdır. Ana səbrlə, təmkinlə və qətiyyətlə uşağa davranış mədəniyyətini öyrətməlidir. Təcrübə göstərir ki, valideynlər onlara verilən tövsiyələri praktikada reallaşdıranda, onların uşaqları tez bir zamanda intizam və mütəşəkilliyə öyrənir və ömürlərinin sonuna kimi qayda-qanuna ehtiram nümayiş etdirirlər.
Müxtəlif pedaqoji konsepsiyaların bir çox nümayəndələri irəli sürdükləri tərbiyə metodlarını ideal sayaraq, valideynləri onların tətbiqinə həvəsləndirməyə çalışırlar. Onlar ümid edir və bundan ötrü səy qoyaraq, onları həyata keçirməyə, erkən yaşlarından uşaqlarda gözəlliyə can atmaq həvəsini yaratmağa, onları harmoniya və nizama qarşı duran xaosun yaratdığı eybəcərliklərdən uzaqlaşdırmağa və uşaqları onların təbii qabiliyyətlərinə uyğun olaraq tərbiyə etməyə cəhd edirlər.
Bu qısa fəsildə, əlbəttə, nə antik dövrün Platon və Aristotel kimi filisoflarının baxışıları üzərində dayanmaq, nə Kant və onun ardıcıllarının fikirlərini müzakirə etmək, nə də müasir dövrün tanınmış alimlərinin təlim-tərbiyə ilə bağlı nəzəriyyələrini nəzərdən keçirmək mümkün deyildir. Lakin əsas məsələ aydındır: əgər valideynlər, xüsusən də analar öz uşaqlarını kiçik yaşlarından nizam-intizama alışdırsalar və özləri də intizam və qaydalardan zərrə qədər də uzaqlaşmasalar, bu halda onların uşaqları gözəllik idealını yetərincə mənimsəyəcəklər.
İlqar Məmmədov.



Загрузка...