AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn
25 noyabr 2017
4 601


Uşaqları qorxutmaq olmaz - Bunları etməyin!



Uşaqları qorxutmaq olmaz - Bunları etməyin!

Valideynlərin tərbiyə ilə bağlı başqa geniş yayılmış səhvi onların uşaqları qorxutmaq cəhdidir. Əgər uşaqlar qorxmağa başlayıblarsa – bu ağır nəticələrə gətirib çıxaracaq çox ciddi bəladır.

 

Məsələn, balaca uşaq (ola bilsin ki, onun qarnı ağrıyır və yaxud diş çıxarır) şıltaqlıq edir, qışqırır, özünü pis aparır. Ana onu satikləşdirmək istəyir. Bu ona müyəssər olmayanda, anasının və ya dayəsinin oxşar hallarda nə cür hərəkət etməsi yadına düşür və "düşüncəsiz” uşağı qorxutmağa cəhd edərək, ona deyir: "indi canavar gəlib səni yeyəcək”. Ana bu cür hərəkət etməklə ümid edir ki, "düşüncəsiz” uşaq qorxacaq və şıltaqlıq etməkdən əl çəkəcək.

 

Bəzi valideynlər uşağı bu və ya digər hərəkətə sövq edən səbəbləri araşdırmaq əvəzinə, onun diqqətini cinlər, divlər, əcinələr, küp qarıları, qulyabanilərin qorxulu hadisələri ilə yayındırmağa üstünlük verirlər. Bu mifik obrazlar balaca mələkdə qorxu və dəhşət törədir ki, bu da onlarda emosional pozğunluğa gətirib çıxarır. Bu cür tərbiyə taktikasının əsas səbəbi – uşaq psixologiyası haqqında biliyin azlığı, valideynlərin pedaqoji savadsızlığıdır.


Ailə pedaqogikasının əsas qaydalarının birində bildirilir: uşaq səbəbsiz nə ağlayır, nə də qışqırır. Əgər uşağın narahatçılığı davam edirsə və ana bunun səbəbini aydınlaşdıra bilmirsə, onda mütəxəssisə - həkim və ya psixoloqa müraciət etməlidir. Uşağı qorxutmaq praktikası onun fiziki və psixiki inkişafına ölçüyəgəlməz dərəcədə ziyan vurur və gözləndiyinə zidd olaraq əks səmərə verir. Həyəcan və qorxu hissi uşağın əsəb sistemini zəiflədir.

 

O həmçinin xəstə düşüncənin və qorxaqlığın əsas səbəbkarıdır. Uşaq müşayiətçisiz evdən çıxa bilmir, həyat təcrübəsinin olmaması səbəbindən o bir sıra təbiət hadisələrindən, məsələn, göy gurultusundan, ildırım çaxmasından, leysan yağışdan, küləkdən qorxur. Adət etmədiyi, tanımadığı hər bir şey onda qorxu yaradır. Hətta sürəkli yuxu əsəb sistemini bərpa edə bilmir, gecə qarabasmaları onu dəhşət içində yuxudan oyanmağa, ağlamağa və qışqırmağa məcbur edir. Uşaq özünə yer tapa bilmir, anasından onu tək qoymamağı, yuxuya gedənə kimi əlindən tutmağı xahiş edir.


Bəllidir ki, qorxudulmuş adam gənclik və yetkinlik çağlarında həyatda rastlaşacağı çətinlik və məşəqqətlərlə mərdlik və ləyaqətlə üzləşmək iqtidarında olmayacaqdır. Bunu bir daha yada salmaq vacibdir: uşaqlıq çağlarında yaşanmış mənəvi sarsıntılar öz təbiətinə görə dayanıqlıdır. Bu sarsıntılar uşağın fiziki və əqli inkişafına mənfi təsir göstərir və ona görə də valideynlər öz ailə praktikalarında uşaqları qorxutmaq kimi "tərbiyə vasitələrindən” tamamilə imtina etməlidirlər.




Загрузка...