VALİDEYNLƏRİN MÖVQEYİ - ƏMR VERMƏK YOXSA SƏRBƏST BURAXMAQ
Uşaqlara münasibətdə valideynlərin mövqeyini şərti olaraq 2 qrupa bölmək mümkündür.
1. Birinci qrupu əmr edən valideynlər, "avtoritar tərbiyə” tərəfdarları təşkil edir. Belələrinin qarşısında uşaqlar sanki cansız, "divardan asılmış şəkil” kimidirlər. Hökm taktikasını əldə tutaraq onlar hətta uşaqların əsaslı tələblərini də rədd edirlər. Onlar uşaqlarını "sərt rəftar məngənəsi” arasında sıxır, onların sərbəstlik hüququnu tanımırlar. Valideynlərin sarsılmazlığı, məhdudlaşdırmağa və sərtliyə meyli özünü onda göstərir ki, onlar uşaqlarını ciddi nəzarət altında saxlayırlar.
Məsələn, qonaqların yanında uşağa fəallıq göstərməyə, sərbəst hərəkət etməyə, gülməyə, zarafat etməyə icazə vermirlər, çünki bu cür hərəkətlər, valideynlərin nəzərincə, onu qonaqların gözündə alçalda bilər. O, masa arxasında heykəl kimi oturmalı və ona aydın olmayan "nəzakətli”, "ləyaqətli” davranış qaydalarına əməl etməlidir.
2. İkinci qrupa "sərbəst tərbiyə” prinsipini əlində tutan valideynlər daxildir. Onların nəzərincə, uşaq yetkinlik yaşına çatana və əqlin işığı ona pisi yaxşıdan ayırmağa imkan verənə kimi, "əngəlsiz”, qeyri-məhdud və üzərinə heç bir öhdəlik götürmədən inkişaf etməlidir. Valideynlərin qeyri-məhdud uşaq "azadlığı” haqda direktivi ona gətirib çıxarır ki, bu cür ailələrdə uşaqlar çox vaxt ərköyün və tərs böyüyürlər. Onlara davranış mədəniyyətinə sahib olmaqdan və tədqirəlayiq vərdişlər əldə etməkdən ötrü hədiyyə olunmuş uşaqlığın dəyərli illəri səmərəsiz keçir və yetkinlik yaşına çatmış bu cür insanlar saysız-hesabsız çətinliklərlə üzləşirlər.
Məsələn, məhəbbət və məftunluqla əhatə olunmuş beş yaşlı uşağı təsəvvürümüzə gətirək. O, otaqda bir an dayanmadan ora-bura qaçır, hərdən əlini uzadıb böyüklərin gözü qarşısında stolun üstündən meyvə və ya konfet götürür və yaxud yer fındığını yeyib, qabığını yerə atır. Sonra babanın əl ağacını ələ keçirib, onu otaqdakıların üstünə yelləməyə başlayır. Nəhayət, ağlına böyük bacısının başına bu ağacla vurub, onu diksindirmək fikri gəlir...
Böyüklər onun qarşısını almaq əvəzinə gülür, uşağın çevikliyini və fərasətini alqışlayırlar. Ana uşağı yerinə oturtmaq istəsə də, ona bunu etməyə imkan vermirlər. Baba işə qarışaraq anaya deyir: "narahat olmağa dəyməz, axı o hələ uşaqdır”. "Biz də uşaq olmuşuq. Uşaq belə olur. Onu öz ixtiyarına burax”. Sonra üzünü uşağa çevirib əlavə edir: "Get oyna, biz anadan xahiş edərik ki, sənə mane olmasın”, "get qaç, amma ehtiyatlı ol ki, yıxılmayasan”. Bu cür ərköyün böyüdülmüş uşağın böyüyəndə özünü cəmiyyətdə necə aparacağını təsəvvür etmək çətin deyildir.
Uşaqlar məhdudiyyət qoyulmadan böyüyəndə, onlar özlərini ədəbsiz və dikbaş aparırlar. Çox vaxt arzuolunmaz hərəkətlərə yol verirlər.
Məsələn, anasının ən adi – gedib əl-üzünü yumaq göstərişinə uşaq imtina ilə cavab verə bilər. Ana bunu ona təzyiqlə etdirmək istəyəndə isə cavabında elə qəzəb və hay-həşirlə üzləşir ki, "gündüzü gecəyə dönür” və təslim olub və onu sakit buraxmaq məcburiyyətində qalır.
Hər iki taktika, qadağalar və məhdudiyyətlər, yol vermələr və hər şeyi bağışlamalar, öz mahiyyətlərinə görə səhvdir və labüd olaraq uşağın şəxsiyyətinin inkişafında əyilmələrə və eybəcərliklərin yaranmasına gətirib çıxarır. Valideynlər orta mövqe tutmalıdırlar, çünki artıq sərtlik və kobudluq, avtoritarizm və uşağın bütün hüquqlarına qarşı etinasızlıq da intizamsızlıq və hədsiz azadlıq kimi təhlükəlidir.
Uşaqlıqda valideynləri tərəfindən güclü təzyiqlərə və ciddi nəzarətə məruz qalmış adamlar təşəbbüssüz və tez təsirlənən olurlar. Onlar öz güclərinə inanmır, özünəqiymət onlarda aşağı səviyyədə olur. Digər tərəfdən, uşaqlıqda ərköyün böyüdülmüş və məhdudiyyət bilməyən adamlar isə məncil olub, mövcud qaydalardan yan keçməyə və məsuliyyətdən qaçmağa çalışırlar. Onlar tez-tez öz baxışlarını başqalarına qəbul etdirir və onları əhatə edən insanların düzgün məsləhətlərini qulaq ardına vururlar, çünki özlərinə hədsiz inamlıdırlar və hər bir şeyə öz nöqteyi-nəzərləri vardır.
Göründüyü kimi, bu cür tamamilə zidd valideyn mövqeləri arzuolunmaz istiqamətlərdir. Müəllimlər və valideynlər uşaqların təlim-tərbiyəsində emosial baxımdan təmkinli orta xətti tutmalıdırlar. Bu uşağa müsbət təsir göstərir, ona xoşbəxt olmağa və həyatda uğur qazanmağa imkan verir, cəmiyyətdə təcavüzkarlıq və ekstremizmi azaldır.