AzTehsil.com


Psixoloq / Sinif rəhbəri / Valideyn
20 oktyabr 2016
4 169


UŞAQLIQ İLLƏRİ VƏ VƏRDİŞLƏRİN GÜCÜ



UŞAQLIQ İLLƏRİ VƏ VƏRDİŞLƏRİN GÜCÜ

 


Yetkinlik çağından sonra bir insanı tərbiyələndirmək və xarakterini formalaşdırmaq çox çətindir. Təcrübə göstərmişdir ki, bu dövrdən sonra onun bəzi nöqsanlarını düzəltməyə yönəldilmiş bütün səylərin heç bir nəticəsi olmayacaqdır. Bəlkə bu gün bir az düzəlsin; fəqət bir neçə gündən sonra bunlar da unudulacaqdır, yenə də əvvəlki vəziyyətinə və vərdişlərinə qayıdacaqdır. Demək, sağlam bir təməl uşaqlıq illərində qoyulmalıdır. Budaq təzə və yaşıl ikən asanlıqla əyilib düzəldilə bilər.
İnsanın uşaqlıq dövrü çox uzundur. Bəzi uşaq psixoloqları uşağın yetkinlik çağına iyirmi, başqaları isə on dörd yaşında çatdığını söyləyirlər. Şair Nizami Gəncəvi yazmışdır:
Bir gün hənuz yeddi yaşındaydın,
Çiçək kimi çayıra əmanət edilmişdin,
İndi dörd və on oldun,
Göyə doğru şam kimi uzandın,
Fikir eləmə, oyun zamanı deyil,
Hünər, öyrənmə günüdür,
Özünü yüksəltmə günüdür.
İnsan övladı heyvandan fərqli olaraq dünyaya tamamilə köməksiz və zəif doğulur. Onun daim böyüklərin qayğısına ehtiyacı var və uzun vaxt ərzində onlardan asılıdır. Uşaqlıq dövrünün uzun sürməsində böyük hikmət vardır və hər bir tərbiyəçi bunu bilməlidir. Əgər valideynlər biliklərinin azlığı səbəbindən uşaqlığın dəyərli illərinə lazımınca əhəmiyyət verməsələr, uşaqların zərif ürəyinə kədər və ümidsizlik gətirə bilərlər. Bu cür valideynlər öz sərvətini bədxərcliklə sərf edən və axırda başqalarına əl açmağa məcbur olan adamlara bənzəyirlər.
Uşaqlıq illəri – insan həyatının ən əhəmiyyətli illəridir. Bu dövrdə valideynlərin, müəllimlərin, tərbiyəçilərin rəhbərliyi altında uşaqların fiziki, ruhani və intelektual qabiliyyətlərinin təşəkkül tapması və inkişafı baş verir. Onlar təhsil alır, çox vaxt acı və ədalətsiz olan həyatın gözünə dik baxmaqdan ötrü zəruri olan tərifəlayiq keyfiyyətlər qazanırlar. Uşaqlar tədricən sonrakı yaşlı həyata hazırlanır, çətinliklərin öhdəsindən gəlməyi, həmçinin öz ehtiyacları ilə cəmiyyətin tələbini əlaqaləndirməyi öyrənirlər. Digər tərəfdən, onlar fiziki keyfiyyətlərinin (25 yaşında) və ruhani qabiliyyətlərinin (35 yaşında) tam inkişafına nail olmaqdan ötrü kifayət qədər resursa malik olmalıdırlar.
Təcrübə göstərir ki, yetkinlik yaşına kimi uşaqlar asanlıqla öyrənirlər, lakin böyüdükcə onları tərbiyələndirmək getdikcə çətinləşir. Ona görə də həm müəllimlər, həm də valideynlər bu illərdən səmərəli istifadə etməlidirlər.Onlar bu illərin hər saatının, hətta hər dəqiqəsinin müəyyən məqsədə xidmət etdiyini və uşaqlıq illərinə laqeydliyin gələcəkdə ağır nəticələr verə biləcəyini bilməlidirlər.
Dənizçi təhlükəli su məkanını üzüb keçmək qərarına gəlibsə, o vaxtı hədər yerə itirmir və öz gəmisini əsaslı surətdə təchiz edir. Təyinat yerinə sağ-salamat çatmaqdan və şiddətli fırtına zamanı gəminin nəhəng dalğalardan ziyan çəkməməsindən ötrü o, bütün ehtiyat tədbirlərini görməlidir. Eynilə valideynlər də uşağın tale gəmisinin təlatümlü həyat dənizində sakit üzməsi, qurtuluş sahilinə sağ-salamat yan alması üçün ilk növbədə lazımı tədbirlər görməli, uzun və təhlükəli səfər üçün onu lazım olan şeylərlə təmin etməlidirlər.
Bəzi valideynlər səhlənkardırlar və uşaqlıq dövrünə o qədər də əhəmiyyət vermirlər və hesab edirlər ki, uşaq ehtiyaclarına və meyllərinə uyğun olaraq inkişaf edəcəkdir. Onların nəzərincə, vaxt gələndə, o böyüdükcə həyatı dərk etməkdən ötrü zəruri vərdişləri və cəmiyyətdə necə hərəkət etmək və özünü aparmaq anlayışını öz-özünə əldə edəcəkdir. Belə valideynlər körpə ağacın qayğısına qalmayan, ona qulluq etməyən, qurumuş budaqlarını kəsməyən, ətrafındakı torpağı yumşaltmayan, ağacın öz-özünə düz və qəşəng böyüyəcəyinə ümid edən bağbana bənzəyirlər. Sədi demişkən:
Kiçik ikən hər uşaq edilməzsə tərbiyət,
Böyüyəndə görünməz onda ədəb, nəzakət.
Yaş çubuğu, istəsən hər şəkilə salarsan
Od qurudub düzəldər o çubuğu nəhayət.
Uşaqlığın o ən böyük faydanı gətirməsindən ötrü, - bu faydanı o həqiqətən də gətirməlidir. - uşaqların həm evdə, həm məktəbdə, həm də cəmiyyətdə daim tərbiyəsi qayğısına qalmaq, onların vaxtını düzgün təşkil etmək, hər dəqiqəsindən səmərəli istifadə etmək lazımdır. Bəzi uşaq psixoloqları uşaqların hətta istirahət və oyunlarını belə elmi tövsiyələrə uyğun olaraq planlaşdırmağı məsləhət görürlər. Tərbiyəçi uşaqların oyuna intuitiv göstərdikləri təbii idraki marağından maksimum istifadə etməlidir. Oyun prosesində uşağın fiziki və ruhani qabiliyyətləri inkişaf edir, bu vaxt hədər getmir və onun həyatı isə bundan bəhrəsiz olmur.
Valideynlərin və tərbiyəçilərin çox vaxt saya salmadığı əhəmiyyətli amil vərdişlərin gücüdür. Əgər diqqət yetirsək görərik ki, "vərdiş ikinci xasiyyətdir” məsəli gerçəkliyi çox dəqiqliklə əks etdirir, belə ki, insanın vərdiş etdikləri onun davranışına, şəxsiyyətinin formalaşmasına təsir göstərir, hətta bəzən onun özünə və ətrafdakılara narahatçılıq yaradır.
Nə üçün uzun illər cib saatından istifadə etməyə alışmış insan vaxtı bilməkdən ötrü əlini cibinə salır, halbuki çox yaxşı bilir ki, saat qolundadır? O bu hərəkəti qeyri-iradi olaraq, vərdişin təsiri ilə edir. Başqa bir nümunə: siz məktub yazmalısınız, mürəkkəbqabı masanın sağ tərəfindədir. Bir neçə cümlə yazdıqdan sonra, mürəkkəbqabını sol tərəfə keçirirsiniz və yazmaqda davam edirsiniz. Siz qələmi yenə mürəkkəbə batırmaq istəyəndə, qeyri-iradi olaraq onu sağ tərəfə yönəldirsiniz. Vərdişiniz dəyişənə kimi, səhv hərəkətləri bir neçə dəfə təkrar edirsiniz.
Bu sadə hadisənin nümunəsində vərdişin dəyişməsindən ötrü bir neçə dəqiqə tələb olunursa, uzun uşaqlıq dövründə həyatın qalan hissəsində gərəkli olacaq faydalı vərdişlərin və yaxşı davranışların öyrənilməsindən ötrü daha çox imkan vardır. Tanınmış ingilis filosofu Con Lokkun nəzərincə, müəllim təlim-tərbiyədən alət kimi istifadə edib uşağın "daxili lövhəsində” xasiyyətin irsi xüsusiyyətlərindən asılı olmayaraq, istədiyini yaza bilər. Bu fikri bu cür də ifadə etmək olar: "Uşaqlıqda öyrənilmiş bilik daş üzərinə həkk olunmuş yazıya bənzəyir”
Uşaqlar, onları tərbiyə edən kəslərin qayğı və diqqətini hiss edəndə həqiqətən xoşbəxtdirlər. Onlar tərifəlayiq davranışa öyrədiləndə və pis hərəkətlərdən çəkindiriləndə, biliklər əldə edəndə, kamilləşəndə bağda qulluq edilən ağaclar kimi sevinc gətirir, bəhrə verir, bir sözlə cəmiyyətin səmərə verən üzvlərinə çevrilirlər.
İlqar Məmmədov



Загрузка...